Süd vəzi xərçəngi, xərçəngin müəyyən bir növüdür. Qadınlarda daha çox yayılmışdır. Xüsusən də 40-45 yaşındakı qadınlar arasında ölüm səbəbinə görə ilk yeri tutur. Bu xəstəlik maliqnizasiyaya uğramış, yəni yararsız bir hüceyrənin kontroldan çıxmış şəkildə artıb çoxalması nəticəsində yaranır. Bu hüceyrənin çoxalması və xərçəng yaranması üçün uzun müddət tələb olunur. Yəni süd vəzi xərçəngi qəfləti xəstəlik deyil. İllərlə gizli şəkildə inkişaf edir və mütəmadi müayinə ilə erkən səviyyədə aşkar olunarsa sağalma ehtimalı 90-95% təşkil edir.
Aşağıdakı risk qruplarına aid olan qadınlarda süd vəzi xərçənginin yaranma ehtimalı daha çoxdur.
1. Genetik faktorlar.
Əgər birinci dərəcəli qohumlarda süd vəzi xərçəngi diaqnozu varsa, həmin şəxs risk qrupuna daxil olur və mütləq mütəmadi müayinədən keçməlidir.
2. Zərərli vərdişlər.
Siqaret, alkoqol və narkotik vasitələrdən istifadə kimi zərərli vərdişlərə sahib qadınlarda süd vəzi xərçənginin yaranma ehtimalı daha çoxdur.
3. Qidalanma.
Əsasən qızartma və heyvan mənşəli qidalar qəbul edən, rasionunda tərəvəz və meyvələr çox az olan qadınlarda süd vəzi xərçəngi olma ehtimalı daha çox olur.
4. Artıq çəki
Süd vəzi xərçənginə təsir edən faktorlardan biri də estradiol adlı qadın hormonudur. Artıq çəkili qadınlarda piy təbəqəsi daha qalın olur, estradiol hormonunun aktivləşmə dərəcəsi isə qalın piy qatında daha çox olur. Bu hormonun çox olması süd vəzi xərçəngi riskini artırır. Bu səbəblə də artıq çəkili qadınlarda süd vəzi xərçəngi riski daha çox ola bilir.
5. Amputasiya
Amputasiya olunmuş qadınlarda, xüsusilə, uşaqlığın amputasiyasından sonra süd vəzi xərçəngi riski artır. Buna səbəb estradiol hormonunun amputasiya olunmuş orqanlar əvəzinə daha çox süd vəzilərinə yönəlməsi nəticəsində baş verir.
6. Kontraseptiv preparatlardan istifadə
Uzun müddət kontraseptiv preparatlardan istifadə etmək süd vəzi xərçəngi riskini artırır. Burada xüsusilə, 2 ildən daha artıq, nizamsız və ya düzgün yazılmamış preparatı istifadə edən şəxslər nəzərdə tutulur. Oral kontraseptivlər birbaşa hormonal balansa təsir etdiyi üçün seçimi belə vasitələrin zamanı pasiyentin yaşı, çəkisi, sahib olduğu risk faktorları və təbii ki, hormonal sistemindəki dəyişikliklər nəzərə alınmalıdır.
7. Süni mayalanma
Hormonal preparatlarla stimulyasiya almış xəstələr də risk qrupuna daxildir. Normal halda bir qadında bir sikl (dövr) ərzində bir və ya maksimum 2 follikul yetişir. Süni mayalanma zamanı isə qəbul edilən preparatlar sayəsində follikul sayı 20-yə yüksəlir. Belə qadınlara həm süni mayalanma zamanı, həm hamiləlik, həm də hamiləlikdən sonrakı dövrdə nəzarət və mütəmadi müayinə lazımdır. Süni mayalanma və sonrasında həm süd vəzi xərçəngi, həm yumurtalıq xərçəngi, həm də beyin şişi riski yarana bilər.
8. Dəfələrlə düşük (açılış, uşaqsalma) və abort halları
Hər iki halda bədən özünü hamiləliyə hazırlayır və hormonal sistem hamiləlik dövrünə uyğunlaşır. Düşük və ya abort zamanı hamiləlik davam etmədiyi üçün hamiləliyə uyğunlaşmış hormonlar arasında xaos baş verir. Bu da öz növbəsində hormonal disbalans yaradaraq, süd vəzi xərçəngi riskini artırır.
Süd vəzi xərçənginə nə qədər erkən diaqnoz qoyularsa, onu müalicə etmək də bir o qədər rahat, büdcəyə uyğun və digər orqanlara daha az zərərli olur. Süd vəzi xərçənginin diaqnostikası 2 cür aparılır: Fiziki və Kliniki müayinə.
Süd vəzi xərçənginin ilkin diaqnozunu xanımlar özləri də müəyyən edə bilər. Buna fiziki müayinə deyilir. Qadın özü süd vəzilərini pollipasiya etməyi bilməlidir, yəni əl ilə toxunaraq süd vəzilərindəki dəyişiliklikləri hiss etmək olur. Süd vəzi xərçənginin fiziki müşahidə oluna bilən simptomları:
1. Şişlik və ya assimetriya
2. Ağrı
3. Döş giləsinin rənglərində fərqlilik (hər ikisinin də rənginin eyni olmaması)
4. Axıntı olması
5. Gilənin içəriyə doğru dartılması
İlkin fiziki müayinə süd vəzində baş verən bütün dəyişiklikləri aydınlaşdırmır. Baş verən bəzi dəyişikliklər, şiş və s. əl ilə müəyyən edilməyə bilir. Bu halda ultrasəs, mammoqrafik müayinə, MR və ya kontrastlı MR və bunlarla yanaşı biopsiya müayinə metodları ilə yoxlanılır.
Bildiyiniz kimi xərçəng həm fiziki, həm də psixoloji olaraq insanı sarsıdan bir xəstəlikdir. Bundan heç kim sığortalanmayıb. Ona görə də hər bir xanım mütəmadi olaraq müayinədən keçərək, Süd vəzi xərçənginin qarşısını ala bilər. Beləliklə həm sağlamlığınızı qoruya, həm də böyük xərcli və ağır müalicədən qurtula bilərsiniz. Həmçinin erkən aşkarlanma ilə süd vəzini amputasiya olunmaqdan da qorumaq mümkündür.
HAYAT Clinic | Mama-Ginekoloq – Vüsalə Eyvazova
HAYAT Clinic – Koç Üniversitesi Hastanesi və Amerikan Hastanesinin Azərbaycanda rəsmi təmsilçisidir.
HAYAT CLINIC
Tel: (+994) 12 404-14-04
WhatsApp: (+994) 55 261 14 04
Ünvan: Mətbuat prospekti 35A