Qadin.NET / Qadin.Net - 5 YAŞ

Qadin.Net - 5 YAŞ

İlk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb.

4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə.

Bu gün, bu il ötən illərdən daha da fərqlidir. Səbəblər çoxdur. Lakin ənənəyə sadiq qalaraq kiçik hesabat və məlumatlardan sonra, bizim üçün ötən ilin 5 ən əlamətdar hadisəsini qeyd edəcəyik.

İlk növbədə qeyd etmək istərdik ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb.
İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də  artıq bilirsiniz ))

Lakin qeyd etdiyimiz kimi ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik.

04 fevral 2014-cü il -  82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı.


Beləliklə ötən ilin 5 ən mühüm hadisəsi:

1.  Bildiyiniz kimi təxminən bir il öncə saytın ümumi görünüşü və funksionaldan istifadə hal-hazırda gördüyünüz təqdimatda deyildi. Texniki şöbənin səyləri nəticəsində müxtəlif zamanlarda görülmüş işlər, layihəni hal-hazırki görünüşünə gətirdi. Nəticədə bu gün, dizayn və proqramlaşdırma baxımından göstəricilər qəbul edilmiş beynəlxalq standartlara cavab verir və ən əsasi bütün ziyarətçilərin rahat istifadəsi üçün şərait yaradılmış oldu.

2.  Geridə qalan ilin növbəti əlamətdar hadisəsi televiziya layihələri, verilişlərlə etdiyimiz əməkdaşlıqda növbəti uğurumuz idi. Uzun müddət ölkənin ən baxımlı kanalının, Azad Azərbaycan (ATV) televiziyasının ən reytinqli səhər, mətbəx verilişi olan "Süfrəmiz" verilişi ilə əməkdaşlığımız ilin son rübündə başa çatdı və televiziya layihəsi öz fəaliyyətini dayandırmış oldu.

Bu hadisədən qısa bir müddət əvvəl isə, regiondan – vətənimizin gözəl guşələrindən biri Şəki şəhərindən gələn təklif bizləri çox qürurlandırdı. Regional kanallar şəbəkəsinin üzvü, Şəkinin "Kanal S" televiziyası ümumi regional blokda, Respublikamızın əməkdar artisti Sənubər xanım İsgəndərlinin təqdimatında yayımlanacaq “Gəlin danışaq” televiziya layihəsi ilə birgə əməkdaşlıq təklif edildi. Bu təklif eyni zamanda bir daha sübut etdi ki, bizləri tək paytaxtda və ölkə xaricində deyil, həmçinin vətənimizin hər bir bölgəsində izləyib, tanıyırlar. İsti münasibət, bizə olan etibar və inam, yaradılan iş şəraiti -  bütün bunlardan dolayı başda "Kanal S" televiziyasının direktoru Rəşad bəy Məmmədov cənabları olmaqla bütün şirkət əməkdaşlarına dərin təşəkkürlərimizi bildiririk.
Vətənimizin hər bir bölgəsində, guşəsində görülən işlər haqqında məlumat vermək, ən son informasiyalara cəmiyyətin ilk olaraq məhz bizim vasitəmizlə sahib olmaları – bu bizlər üçün fəxrdir! Bu gün üçün də sözügedən əməkdaşlıq davam etməkdədir. Ölkənin demək olar ki, bütün ərazisinə yayımlanan verilişin video yazılarını hər gün sevimli saytınızdan izləyə bilərsiniz.

3.  Belə demək mümkünsə, bu qeyd ediləcək mühüm məqam nəinki ötən ilin, geridə qalan 5 ildə görülmüş işlərin ilk imtahani idi. Şükürlər olsun ki, bütün komandamızla bu imtahandan uğurla keçdik. Azərbaycan İnternet Forumun təşkilatçılığı, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hər il keçirilən MilliNet – Milli İnternet Mükafatının Ailə, uşaq və sağlamlıq nominasiyası üzrə qalib adına layiq görüldük. Layihəyə verdikləri dəyərə görə Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz cənablarına, bütövlükdə bütün təşkilat komitəsi və münsiflər heyəti üzvlərinə dərin minnətdarlığımızı bildiririk.
Bu qalibiyyət, yeni görəcəyimiz işlərdə bizlər üçün böyük stimuldur.
P.S. – Mükafatlandırma mərasiminin sonunda bir xanım yaxınlaşıb bütün komandamızı təbrik etdi və təbəssümlə, türk dilində  “Siz zaten gönüllerin şampiyonusunuz!” ifadəsini işlətdi. Bu sözləri eşitmək uzun illərin bütün çətinliklərinin, yorğunluqlarının bir anda itməsi demək idi. Bizi qürurlandıran, gündən günə daha da irəliyə aparan məhz bu nüanslardır.

4. Uzun zamandır düşündüyümüz və üzərində çalışdığımız bir layihəni də nəhayət ki, ötən il ərzində yekunlaşdırdıq. Bizlər üçün hər zaman ən mühüm məqamlardan biri, birincisi ziyarətçilərin maariflənməsidir. Bu da təbii ki, sizlərə təqdim edilən məlumatların, məqalələrin, xəbərlərin köməkliyi ilə edilir. Xəbər müəllifləri yayımlanan xəbərlərin qarşılığında öz hesablarına “QN” xalları yazdırırlar və bu xallardan layihə daxilində onlarla funksionaldan yararlanmaq üçün istifadə etmək olar.
Bir çoxlarının bildiyi kimi, təxminən yüzlərlə xəbər müəllifi mövcuddur. Rəhbərlik olaraq müzakirələrimizin birində düşündük ki, növbəti bir ilkə imza ataq və xanımları maarifləndirməklə kifayətlənməyib, onların əziyyətlərinin qarşılığında müvafiq, real pullarla ödənişlər edək. Bəli, bəli düzgün oxuyursunuz ) İlk dəfə məhz biz, bütün xəbər müəlliflərimizə, öz xəbərlərinin reytinqinə uyğun olaraq (baxış sayı, şərh sayı, səs sayı) toplanmış məbləği real olaraq, Azərbaycan Manatı ilə təqdim edəcəyik.
Bunun üçün uzun müddət, bir neçə ölkədə bənzər təcrübəni araşdırdıq və sonda qeyd edilən reytinqə uyğun olaraq ödənişlərin hesablanması sistemi yaradıldı. İşlər haqqında ətraflı məlumat yaxın günlərdə sizlərə təqdim ediləcək. Bütün hesablamalar qeyd edilən sistem vasitəsi ilə həyata keçiriləcək və müəlliflər davamlı olaraq bütün gedişatı izləyə biləcəklər. Qısa test yoxlanışları, sistem sıfırlanmasından sonra QN xalları ödənişlər zamanı real pullarla əvəz ediləcək. Bu isə öz növbəsində o deməkdir ki, ilk dəfə olaraq yalnız bizim bütün xəbər müəlliflərimiz hazırladığı məzmunun reytinqinə uyğun olaraq real pullar qazanacaqlar.

5. Və təbii ki, son günlərdə istifadənizə təqdim edilən Qadin.TV layihəsi. Bu haqda çox izahata ehtiyac olmadığını düşünürük. Artıq hər bir kəs məlumatlıdır ki, ilk dəfə olaraq Qadin.Net – İlk Milli Qadın Portalının video, tv layihəsi sırf öz məlumat bazası ilə fəaliyyət göstərən, ölkəmizin və bir çox digər ölkələrin televiziya verilişlərini, serialları, filmləri, konsertləri, cizgi filmlərini, müxtəlif mövzulu ən baxımlı videoları, məşhurların həyat hekayələrini kəsintisiz, reklamsız sizlərə təqdim edən Qadin.TV layihəsi var. Zamanı, izləmə məkanını siz seçin! – bu sözlər görülən bütün işlərin sizlər üçün edildiyinin ən bariz nümunəsidir. Bütün işlər, layihələr sırf sizlərin rahat istirahəti üçündür.

Bütün qeyd edilən uğurları təbii ki, tək əldə etmədik. Bu uğurları əldə etmək üçün hər zaman bütün komanda üzvlərimizin maksimum dərəcədə öz imkanlarından istifadə etməsinə heç bir şübhəmiz yoxdur! Ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri – hörmətli Redaktorlarımız, eynilə çox dəyərli Ekspertlərimiz və təbii ki, Ekspertlərimizin ən yaxın silahdaşları - Nəzarətçilərimiz, neçə-neçə insanları doğru yöndə məlumatlandırıb, xəstəliyin bir addımlığından geri qaytaran hörmətli Həkimimiz, üzləşdiyiniz bütün problemli məsəslələrin hüquqi yollarla həllini izah edən, sizlərə öz hüquqlarınızı tanıtdıran çox hörmətli Hüquqşünasımız – Sizlərin hər birinə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!  

Üzv sayı 115.000 nəfərdən artıq olan Facebook səhifəmizin yeni rəhbərliyi və idarəçiləri! Biz sizlərə də çox sağolun deyirik! Qazandığımız bütün uğurlarda sizlərin əməyini yüksək qiymətləndiririk.

Nəhayət, Ceylan xanım və Ənvər bəy...

Ceylan xanımla ilk tanışlığımız düz 5 il əvvəl, bu layihəmizi reallaşdırarkən oldu.

Ənvər bəylə isə dostluğumuzun tarixi çox daha əvvəllərə gedir.

Hər iki dəyərli dostum, həmkarım öz sahəsində olduqca peşəkar şəxslərdir. Görülən bütün işlərdə hər ikisinin əməyi əvəzolunmazdır.
Sizləri bəzən sevindirmək, bəzən əyləndirmək, bəzən sadəcə vaxtınızın maraqlı olması üçün görülən işlərdə günlərlə yuxusuz gecələr, stressli saatlar, maddi çətinliklər və s. – sayılası bir çox nüanslar oldu. Lakin heç bir çətinlik bizləri ayıra bilmədi! Heç bir halda biz inancımızı itirmədik və o inanc elə bu inancdır ki, fəxrlə, şərəflə yolumuza davam edirik...

Təbii olaraq Siz dəyərli ziyarətçilərimiz!  

Hər biriniz ayrı-ayrılıqda bizlər üçün çox dəyərlisiniz. Bizləri bu yerlərə gətirən – təbii ki, sizlərsiniz! Bütün layihələrimiz, düşüncələrimiz – hər biri sizlər üçündür!

Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Növbəti yaş günlərində sizlərlə eyni məkani, tədbiri paylaşmaq arzusu ilə...

Sizli bizli, sevimli saytımızın 5-ci yaş günü mübarək olsun!

Hörmətlə,
Ramil Hüseynov
Layihə rəhbəri

4 fevral 2014
GO BACK