Qadin.NET / 3 il sizlərlə - Yeniliklər...

3 il sizlərlə - Yeniliklər...

 

 

Nəhayət!...
Uzun zamandır hər kəsin səbirsizliklə gözlədiyi məqam gəlib çatdı. Administrasiya hər birinizi maraqlandıran bütün suallara aydınlıq gətirir )

İlk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində istifadəyə verilib.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb. Bir il sonra, yəni 4 fevral 2011-ci il tarixinə olan statistika belə olmuşdu: 4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
Təbii ki, günlər keçdikcə kollektivimiz böyüməkdə, öz qarşısına qoyduğu məqsədlərə çatmaq uğrunda fasiləsiz inkşafda idi. İndi sizlərə bu il yəni, 04 fevral 2012-ci il üçün olan statistik göstəriciləri açıqlamaq istərdik: 18000 qeydiyyatlı istifadəçi,(aktiv olmayan istifadəçilər silinmişdir) 6000 xəbər sayı, 125 fərqli bölmə! İnanırıq ki, bu statistik göstəriciləri görən, bizləri hər zaman dəstəkləyən insanların üzündə təbəssüm yaratdı. Qeyd etdiyimiz rəqəmlər real olaraq qeyd olunub. Bəzi insanlar rəqəmlərə baxıb "biz də daha çoxdur deyirsə" - unutmayın ki, biz yalnız bir mövzu ətrafında, yalnız ilklərlə, ilk gündən seçdiyimiz yoldan dönmədən, prioritet seçdiyimiz mövzu və nüansları unutmadan, milli-mənəvi dəyərlərimizi qoruyaraq, hər zaman dünyanın harasında olursa olsun, Azərbaycanlı xanım adını daşıyan, məhz Azərbaycan xanımları üçün çalışırıq! Biz başqaları kimi yalançı statistika və yalnız özümüzü aldadacaq informasiyalar ilə çalışmırıq! Səhifəmizi ziyarət edən hər bir istifadəçi bizim üçün dəyərli olduğundan, onları da doğru informasiya ilə məlumatlandırmağı özümüzə borc bilirik!
Və... Əgər bu gün qeyd olunan uğurları qazanmağa nail olmuşuqsa, bu bizlərin doğru yolda olmasının ən real göstəricisidir!

Yeniliklər haqda
Təxminən 2011-ci ilin iyul ayından başlanan yenilənmə işləri, nəhayət ki, 03.02.2012-ci il tarixində yekunlaşdı. Texniki heyətin böyük səyləri nəticəsində, vizuallığı və funksional baxımdan yeniliyi ilə seçilən, göz oxşayan saytımız sizlərin istifadəsinə verildi. İlk olaraq sisteme giriş, istifadəçi hesabının aktivləşdirilməsi dəyişdirildi. Əvvəlki sistemdə istifadəçilər qeydiyyat zamanı özləri üçün "istifadəçi adı - login" seçirdilərsə, yeni sistemdə artıq bu seçimə ehtiyac yoxdur. Hər bir kəs, özünün daimi istifadə etdiyi elektron poçt ünvanını (e-mail)  qeyd edərək, rahatlıqla qeydiyyatdan keçə bilər. Uzun müddətdir bizimlə birlikdə olan istifadəçilərimiz - sizlər ilk qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz e-mail ünvanlarını müvafiq xanaya daxil edib sistemə giriş edə bilərsiniz.
Qeydiyyatdan keçmiş hər bir istifadəçi, Mənim səhifəm, Şəxsi ismarıclar, Dostlarım, Qonaqlarım, Xəbər göndər, Seçilmişlər və s. bu kimi onlarla köhnə-yeni imkanlardan istifadə etmək hüququ qazanırlar.

Sistemə giriş etdikdən sonra, saytın ən üst, yuxarı hissəsində  sizin seçdiyiniz avatar-rəsim, onun sağ tərəfində qeyd etmiş olduğunuz ad (sizin adınız), daha sonra “Balans” haqda məlumat, ondan sağda Redaktorlar tərəfindən yoxlanma gözləyən yazı-xəbərlərinizin sayı və ən nəhayət sonda gördüyünüz işarə altında, sistem məlumatları haqqında informasiyaları özündə əks etdirən hissəni görmüş olacaqsınız.
Avatar-rəsim, adınız – şəxsi məlumatlar haqqında daha sonra məlumat veriləcək.
Balans sözünün qarşısında görmüş olduğunuz rəqəmlər, sizin virtual balansınızın göstəricisidir. Beləki, keçirilən müsabiqələrdən asılı olaraq iştirakçı və qaliblərin virtual balansı hədiyyə olaraq artırılır. Yaxın gələcəkdə hər bir istifadəçi öz virtual balansını plastik kartlar vasitəsi ilə ödəniş etməklə də artırma imkanına sahib olacaq. Balansda göstərilən pullarla siz istifadəçi dostlarınıza hədiyyələr göndərmək, ekranın sağ hissəsində görmüş olduğunuz “Qadin Direct” reklam tablosunda öz reklamlarınızı yerləşdirmək, eyni zamanda yenə də gələcək üçün nəzərdə tutulmuş ödənişli əsaslarla mövcud olacaq, xüsusi imtiyazlara sahib olan istifadəçi statuslarını almaq imkanına sahibsiniz.
Sistem məlumatlarını özündə əks etdirən hissədə, hal-hazırda "Şərhlər", "Balans", "Dostlarım", "Qonaq kitabçası""Hədiyyələr" sistemi ilə bağlı bütün məlumatları bildiriş olaraq əldə edəcəksiniz. İstənilən xəbərə yazmış olduğunuz şərhdən sonra, hər hansı bir istifadəçi həmin xəbərə şərh yazdıqda, sistem bu haqda sizi məlumatlandıracaq. Eləcə də balans sistemində yerinə yetirilmiş əməliyyatlar barədə məlumatları məhz Sistem məlumatları bölümündən əldə edə bilərsiniz. Dostlarım bölümündə, göndərmiş olduğunuz dostluğu qarşı tərəf qəbul və ya imtina etdiyi halda, sistem bu haqda sizə məlumat, bildiriş göndərəcək. Eyni zamanda sizi öz dostlar siyahısından silənlər və o istifadəçinin kimliyi haqqında da məlumat almış olacaqsınız. Hədiyyələr bölməsində də sizə göndərilmiş hər bir hədiyyə haqqında ətraflı məlumat  Sistem məlumatlarında qeydə alınacaq.

Saytda bütün imkanlardan istifadə hüququnun tam olması üçün ilk öncə, ekranın sağ tərəfində nümayiş olunan avatar-rəsminizin aşağı hissəsində gördüyünüz faiz göstəricisinə diqqət yetirməyiniz mütləqdir! Məhz həmin faiz göstəricisindən asılı olaraq, sizin saytdakı imkanlarınız, funksionaldan istifadə hüququnuz müəyyənləşdirilir. Faiz göstəricisi sizin "Mənim səhifəm" adı altında yerləşən, öz şəxsi məlumatlarınızdan ibarət səhifəni neçə faiz tam olaraq yazmağınızın göstəricisidir. Faiz göstəriciləri və o haqda məlumatlar üçün məhz həmin faiz göstəricisinin üstünə klik edərək göstəricilər haqda məlumatlar səhifəsinə keçid etmək lazımdır. Minimal olaraq faiz göstərciləri 50%-dən aşağı olan istifadəçilər, demək olar ki, əksəriyyət imkanlardan məhrum olurlar. "Mənim səhifəm" - şəxsi məlumatlarınızı redaktə edərkən bu nüansı unutmamağınızı tövsiyyə edirik.

Mənim səhifəm – şəxsi məlumatlar bölməsi, keçmiş saytda Mənim məlumatlarım adı altında yaradılmış bölümdür. Keçmiş bölümdən fərqli olaraq avatar-rəsimlərin daha orjinal formada görünməsi üçün görüntü ölçülərində dəyişiklik edilmişdir. Sizin seçdiyiniz rəsmin keyfiyyətindən asılı olaraq avatarınızın görüntüsü dəyişəcəkdir. Məsləhət görülür ki, ölçüləri daha böyük, keyfiyyəti daha yüksək və bunlara baxmayaraq həcmi kiçik rəsimlərdən istifadə edəsiniz. Növbəti yenilik Fotoalbom adı altında sizin əlavə edəcəyiniz digər seçmiş olduğunuz rəsimlərdən ibarət kiçik foto albomudur. Etik qaydalara uyğun, üzərində başqa saytların imzası olmayan rəsimlərdən istifadə etməyinizi tövsiyyə edirik. Əks halda rəsimlər albomdan silinə bilər. Digər yeni bir funksiya isə  "Qonaq kitabçası" adlanır. Burada sizin seçiminizdən asılı olaraq, yalnız dostlarınız və ya bütün istifadəçilər sizin qonaq kitabçasında, sizing haqda öz fikirlərini, ürək sözlərini və ya hər hansı mühüm sayılacaq məlumatı qeyd edə bilərlər. Hər bir istifadəçi istədiyi zaman, öz qonaq kitabçasında qeyd olunan istənilən yazını silmə imkanına sahibdir. Funksiyanın chat formasında istifadə olunması qəti qadağandır!

Tam olaraq yenilənmiş olan "Şəxsi ismarıclar" bölməsi, daha əvvəlki saytda yalnız daxili məktublaşma sistemi kimi fəaliyyət göstərirdi. İstifadə olunmuş son texnoloji nailiyyətlər və Texniki dəstək kollektivinin səyləri nəticəsində, sistem eyni zamanda "online chat" və "səhifəni tərk etmədən məktublaşma" funksiyalarını da yerinə yetirir. Beləki, əgər sizin məktub yazdığınız istifadəçi, siz məktubu yazdığınız anda "online" olaraq xətdə görünürsə, məktub yazdığınız səhifəni yeniləmədən, həmin istifadəçi ilə sürətli məktublaşma xidmətindən istifadə edə bilərsiniz. Bunlarla yanaşı saytda olduğunuz və olmadığınız vaxtlarda sizə yeni ismarıc-məktublar gəlmişsə, "Şəxsi ismarıclar" sözünü qarşısında, qırmızı fonda yeni, oxunulmamış məktubların sayı göstərilir. Həmçinin məktub gözlədiyiniz zaman səhifə yeniləməyə ehtiyac yoxdur. İsmarıc qəbul edildiyi anda sistem tərəfindən səsli(musiqili) xəbərdarlıq alırsınız.

"Qonaqlarım" funksiyası ilə artıq köhnə saytdan tanışsınız. Gün ərzində sizin səhifəni ("Mənim səhifəm") ziyarət edən bütün istifadəçilər həmin bölümdə qeydə alınır. Eynilə "Şəxsi ismarıclar"da olduğu kimi, "Qonaqlarım" sözünün qarşısında da qırmızı fon altında sizin səhifəni ziyarət etmiş son istifadəçilərin sayı göstərilir.

"Seçilmişlər" funksiyası da eynilə köhnə saytda mövcud idi. Oxuyub, bəyəndiyiniz xəbərlərin başlığının(adının) qarşısında "+" işarəsinə klik edərək həmin xəbəri seçilmiş xəbər kimi bu bölmədə saxlaya bilərsiniz. Əgər hər hansı xəbəri "Seçilmişlər" olaraq seçmisinizsə, müəyyən müddət sonra sizə lazım olduqda həmin xəbəri axtarmağa ehtiyac yoxdur. "Seçilmişlər" bölməsinə daxil olaraq əlavə etdiyiniz xəbəri siyahısında görə bilərsiniz. "Seçilmişlər" funksiyası üçün heç bir məhdudiyyət yoxdur. İstədiyiniz qədər, bəyəndiyiniz xəbərləri "Seçilmişlər" olaraq seçə bilərsiniz. Seçmiş olduğunuz hər hansı xəbəri artıq "Seçilmişlər" olaraq həmin siyahıda görmək istəmirsinizsə xəbər başlığının(adının) qarşısında "-" işarəsinə klik edərək həmin xəbəri siyahıdan silə bilərsiniz.

"Dostlarım" bölməsində, istədiyiniz istifadəçiyə dostluq təklifi göndərməklə öz dostlar siyahınıza əlavə edə bilərsiniz. Təbii ki, bunun üçün qarşı tərəfin göndərmiş olduğunuz təklifi təsdiqləməsi mütləqdir. Seçdiyiniz istifadəçi ilə dost olmaqla siz, həmin istifadəçinin dostlar siyahısını görmə, eyni zamanda istifadəçinin səhifəsində mövcud olan "Qonaq kitabçası" hissəsində qeydlərinizi aparmaq imkanlarına sahib olursunuz. İstədiyiniz vaxt Dostlar siyahınızda mövcud olan istənilən istifadəçini bu siyahıdan çıxara bilərsiniz.

İstifadəçi imkanları ilə tanış olduqdan sonra, sizə təkmilləşdirilmiş və yeni əlavə olunmuş bir sıra yeniliklər haqqında da məlumat vermək istərdik.
Ümumilikdə ötən saytımızda olan 45 rubrika(bölmə) yenidən hazırlandı. Əlavələr olunaraq bölmələrin ümumi sayı 125-ə çatdırıldı və mövzusundan asılı olaraq 10 əsas + 1 əlavə rubrika adı altında paylaşdırıldı. Bölmələrlə bağlı sizlərdən xahişimiz, əgər hər hansı mövzuda yazı-xəbər hazırlamısınızsa, bölmə seçərkən diqqətli olun. Rubrika adlarını deyil, rubrikaya aid alt bölmələrdən (misal üçün: Qadın və cəmiyyət deyil, ona aid olan alt bölmələrdən birini: Azərbaycan qadını və s.) birini seçmək lazımdır.

Portalın loqotipi yenidən, yeni rəng çalarları ilə tərtib olunmuşdur. "Milli rəng"lər uğurla tətbiq olunaraq, modern stildə hazırlanmış loqotiplə yanaşı, saytın hazırlanmasında da milli ornamentlərdən istifadə olunmuşdur.

Səhifənin sağ yuxarı hissəsində gündəlik yenilənən hava və valyuta məzənnələri haqqında məlumatlar təqdim edilir.

Səhifənin mərkəzində dinamik olaraq dəyişən məlumat hissəsi yerləşir.
Diqqət bölümündə - gün ərzində əlavə olunan, ən çox izlənilmiş xəbər və onun müəllifi haqqında eləcədə günün ən çox şərh yazan istifadəçi üçlüyü haqqında məlumat almış olacaqsınız. Günün müəllifi avtomatik olaraq, sistem tərəfinsən baxış sayına əsasən müəyyənləşdirilir. Xəbərlər günün müxtəlif vaxtlarında əlavə olunduğundan, Günün müəllifinin də vaxt aşırı dəyişməsi normaldır.  

Namaz vaxtı bölümündə - mövcud gün daxil olmaqla növbəti 9 gün, ümumilikdə 10 gün üçün gündəlik namaz vaxtları ilə tanış ola bilərsiniz.

Ulduz falı bölümündə - Hər bir bürc üçün gündəlik ulduz falı təqdim olunur.

Online 10 bölümündə - hal-hazırda saytda olan istifadəçilərdən onu nümayiş olunur. Əgər saytda olan istifadəçilərin sayı ondan artıqdırsa o zaman, bütövlükdə saytda olan istifadəçilərin siyahısı üçün yuxarı hissədəki, keçid linki vasitəsilə siyahı nümayiş olunan səhifəyə keçid etmək lazımdır.

İdeal göstəricilər və Ad günü bölümləri - hazırlıq mərhələsindədir və ən qısa zamanda istifadəyə veriləcəkdir.

 Saytın ana səhifəsində mövcud 10+1 rubrikanın (bütün alt bölmələri daxil olmaqla) hər birindən son əlavə olunmuş 3 xəbər müvafiq başlıq altında dərc olunur.
Qeyd olunanlarla yanaşı Son şərhlər başlığı altında ən son qeydə alınan 15 istifadəçi şərhinidə görmək mümkündür.

Bütövlükdə xəbər və şərh sistemi üçün yeni müvafiq olaraq, Səhv haqda bildirŞikayət et imkanları da əlavə edilmişdir. Səhv haqda bildir imkanı, efirə getmiş xəbərlər üçün nəzərdə tutulmuşdur. Əgər hər hansı xəbərdə istənilən bir səhvə və ya qayda pozuntularına rast gəlmisinizsə, bu haqda məhz bu funksiyanın köməkliyi ilə rəhbərliyi xəbərdar edə bilərsiniz. Məlumatı rəhbərliyə ünvanlayarkən səbəbi aydın şəkildə qeyd etmək lazımdır. Eynilə şərh sistemində də Şikayət et funksiyası vasitəsilə, mövzuya uyğun olmayan, qeyri etik, reklam xarakterli şərhlər olduğu halda yenədə rəhbərliyi və bu işlərə nəzarət üçün ayrılmış ekspertləri xəbərdar edə bilərsiniz. Bildiriş göndərən hər bi istifadəçinin məxfiliyinə tam təminat verilir.

Daha bir yenilik, əvvəlcədən saytda fəaliyyət göstərən yazarlarımız sırasına iki yeni yazar əlavə edilmişdir. Bunlar hər birinizi tanıdığı Baş redaktor, Ceylan MUMOĞLU və hər zaman fikir və yazıları böyük maraqla qarşılanan “iceberg” adlı istifadəçimiz olan Şəfa xanımdır.
Və... bir çox istifadəçilərin xahişini nəzərə alaraq, artıq siz dəyərli xanımlarımız üçün Kosmetoloq məsləhəti bölməsi də öz fəaliyyətinə başlayır. Həkim məsləhəti bölməmizdə olduğu burada da, suallarınızı həkim-kosmetoloqa ünvanlaya bilərsiniz.
Hər iki həkim xanıma, həm Natəvan xanım Kərəmovaya, eyni zamanda Günel xanım Məlikovaya, Azərbaycan xanımlarına dəyər verib, bizimlə əməkdaşlıq etdikləri üçün təşəkkür edirik!

İstifadəçi statusları və digər növbədə olan yeniliklər yerinə yetirildiyi zaman yenədə ətraflı məlumat veriləcək.
Sonda uzun müddətdir yenilənmə işlərində böyük əmək sərf edən, admistrasiyanın digər üzvlərinin istəklərinin və bir çox istifadəçilər tərəfindən istək almış funksionalın hazırlanmasında bütün işləri yerinə yetirən administratorumuz Ənvər bəyə, eyni zamanda dəyərli məsləhətləri və ideyaları ilə bizlərə böyük köməklik göstərmiş Baş redaktorumuz Ceylan xanıma dərin təşəkkürlər!

 

P.S. - Bu günlərə qədər bütün xəbər və şərh sistemi işlərinə nəzarət və idarəetmədə böyük pay sahibləri olan, dəyərli redaktor (hal-hazırda bizimlə çalışan və daha əvvəl bu vəzifədə çalışmış şəsxlərə şamil edilir) və ekspertlərimizə də dərin təşəkkürlərimizi bildiririk.  

 

Mövzu ilə bağlı sualı olan istifadəçilər: buyurub suallarınızı ünvanlaya bilərsiniz...

12 fevral 2012
GO BACK