Qadin.NET / Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!

Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!

Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!

Əziz Qadin.Netlilər! Düşündüm ki, bu gün hər biriniz üçün maraqlı olacaq gənc və uğurlu layihəyə ilk imza atan dəyərli xanım, kitabsevər, vlogger Nəzrini tanıdım.  Müsahibənin səmimiyyətindən hələ də doymamışam. Buyurun oxuyun və onu siz də yaxından tanıyın.

-Yeni gün yeni ümiddir. Ən xoş ümidlərlə sizi bütün Qadin.Net xanımları adından salamlayıram.

-Mən də bütün Qadın.net əməkdaşlarını və oxucularını salamlayıram. Ən xoş ümidlərinizin gerçəkləşməsi diləyilə...

-Özünə güvənən, dəyərini bilən, səmimi və ünsiyyətcil insansınız. Düşündüm ki, sizi bir insan olaraq da ətraflı tanıdaq. Məhz bu baxımdan müsahib olaraq sizi seçdim. Özünüz haqqınızda qısa da olsa məlumat verərdiniz.  

-Belə düşündüyünüz üçün təşəkkür edirəm və bu xoş sözləri iltifat olaraq qəbul edirəm. Özümü tanıtmağa gəldikdə isə, adım Nəzrindir. Qafqaz Universitetinin sonuncu kurs tələbəsiyəm. Kitabları, idmanı, heyvanları və təbiəti sevən sıradan bir xanım olduğumu deyə bilərəm.

-“Qadın-oxunmamış kitabdır. Hər səhifəsi möcüzə, hər başlığı həyəcan. Oxuduqca sehirli aləmin qonağısan, oxumazsan ömürlük qaranlıqda qalarsan.” bəs sizcə qadın kimdir?

-Qadın Tanrının Yer üzünə göndərdiyi ən mükəmməl varlıqdır. Qadın həm müharibələrin başlanğıcı, həm də sülh imzalarıdır. Qadın həm insanı məhv edəcək iblis, həm də cənnətə daşıya biləcək mələkdir. Və sevdiyim bir deyimdəki kimi: Qadın üzümdür. Ondan şərab da əldə edə bilərsən, sirkə də. Sənin hansını istəməyindən asılıdır. Odur ki, qadın ən güclü və ən zərif varlıqdır. Dəyərini bilmək lazımdır.

Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!

-Siz Azərbaycanda kitab sahəsində ilk vloggersiniz.  Bu ideya nədən yarandı?

-Azərbaycanda kitab sahəsində ilk vloggerəm. İlk fikrimi təbii ki, kitablarım yaratdı. Onlara olan sevgim məni başqalarında da kitab sevgisi yaratmağa təşviq edirdi. Belə layihələri xarici kitabsevərlərdə çox izləmişdim. Bizdə isə bu formatlı layihələrin olmaması əslində üzücü hal idi, xüsusən də kitab dünyası üçün. Əvvəl çox tərəddüd etdim, düzü, qarşılaşağım münasibətdən çəkindim. Amma bir neçə kitabsevər dostların dəstəyi ilə riskə gedib bu addımı atmaq qərarına gəldim. Təbii etiraf etməliyəm ki, nədəsə ilk olmaq həqiqətən gözəl duyğudur

-Əsasən hansı janrda kitablara üstünlük verirsiz və bu janrlara olan marağınızın səbəbi nələrdir?

-Düzü xüsusi üstünlük verdiyim bir janr yoxdur. Əsəri bəyənirəmsə, janrından asılı olmayaraq oxuyuram. Daha çox isə az müraciət etdiyim janrlardan kitablar seçməyə çalışıram ki, hamısı haqda kiçik də olsa fikrim olsun.

-Bildiyim qədəri ilə gənc yazarlara dəstək üçün onların kitablarını mütaliə edir və vloggunuzda  təhlil edərək məsləhət görürsünüz. Bəs gənc yazarlar arasından oxucuların qəlblərini və  kitab rəflərini  bəzəyəcək qələm sahiblərindən kimləriməsləhət görərdiniz?  

-Bəli, oxunmağa layiq olan, qələminin gücünə inandığım yazarlarla rastlaşdığımda dəstək olmağa çalışıram. Amma təəssüflə qeyd etməliyəm ki, heç də bütün gənc yazarlarımızla tanış deyiləm. Oxucularımızın zövqünü oxşaya biləcək bir neçə yerli gənc yazarlarımızın adlarını çəkməli olarsam, buraya Murad Ramazanlını, Kamran Təhməzbəylini, Fərid Hüseynlini, Aytən Vahidi, Cəmilə Məmmədlini, Səbuhi Şahmursoyu və ən nəhayət tam səmimi olaraq sizin özünüzü, yəni Xəyalə Muradı aid edə bilərəm.

-Hal-hazırda senzuraya yer verən bir çox gənc yazarlar vardır. Onların aşıladığı fikirlərlə necə, razılaşırsınızmı? Sizcə ədəbiyyatımıza senzuralı əsərlər gərəkdir?

-İstənilən dövrdə buna ehtiyacımızın olduğunu düşünürəm. Xüsusən də bizə. Çünki yatmışları ancaq bu şəkildə silkələməklə oyatmaq, cahilləri ancaq belə sillələrlə tərpətmək olar. Sadəcə bu əsərləri pillə-pillə həzm etdirmək lazımdır insanlara. Fərqlilik qəfil gəldiyində qəbul edilməsi daha çətin olur. Biz belə fərqliliklərin müsbət təsir etməsini istəyiriksə, insanların ruhi qidalarına hər gün daha artıq bir damcı əlavə etməliyik.

Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!

-Kitabsevərliyi aşılayırıq, lakin yenicə kitab oxumaq həvəsinə gələn gənclərimiz nədən və ya kimdən başlamalı olduqlarını bilmirlər. Bu zaman siz nə məsləhət görürsünüz?

-Burada konkret müəllif adları çəkə bilməyəcəm. Lakin çalışacam ümumi məsləhətlər verim. İnsanlar ilk növbədə onları kitablara qovuşduracaq janrı tapmalıdırlar. Bunun ən asan yolu isə izlədikləri, sevdikləri filmlərin janrında kitablarla başlasınlar. Hətta o film hansısa kitab əsasında çəkilibsə kitabını oxusunlar. O zaman kitabların filmlərdən daha yaxşı olduğunu anlayıb mütaliələrinə təkan vermiş ola bilərlər smile emoticon Kitab olaraq isə daha sadə, axıcı, asan dildə yazılmış, kiçik həcmli əsərlərlə başlanğıc etsinlər. Bu zaman məncə kitablar aləminə giriş daha uğurlu alınacağından irəliləyiş də daha sürətli və rəngarəng olacaq. 

-Gələcəkdə hər hansı bir fərqli layihələr üzərində işləmək kimi planlarınız varmı?

-Gələcəkdə özümü təhsil və kitab sahəsində işləyən bir xanım olaraq görürəm. Ona görə də imza atacağım bütün layihələr məhz bu yöndə olacaqdır. Yaxın gələcək üçün isə kitab sahəsində bir neçə kiçik addımlar atmağı düşünürəm. Çünki Booktube Azerbaijan kanalımı sosial şəbəkədən çıxarıb reallığa çevirmək istəyirəm. Vloglar yenə davam edəcək, sözsüz. Lakin yalnız vloglarla da kifayətlənmək istəmirəm. Necə deyərlər, bu iş artıq az gəlir kitablarla bağlı düşüncə və planlarıma. 

-Amerikalı yazıçı və jurnalist Ernest Heminqueyin fikrincə - "Bir kitab kimi sadiq heç bir yoldaşım yoxdur". Bəs Nəzrinin sadiq dostları təkcə kitablardır? 

-Kitablar sadiq dostlardır və düşünmürəm ki, onlarla tanış olan kimsə buna qarşı çıxar. Amma ən sadiq dostlarımın tək kitablar olduğunu deyə bilməyəcəm. Çünki hər addımımda mənə dəstək olan, büdrədiyimdə əlini uzadan, güvəndiyim və düşüncələrimi, planlarımı, arzularımı paylaşdığım bir neçə dostum var. Və belə dostlara sahib olduğum üçün də özümü çox şanslı hesab edirəm.

-Azərbaycanın İlk Milli qadın portalı olan Qadin.Net haqqında fikirləriniz? Bu saytın kitabsevərlərlə əməkdaşlığına necə baxırsınız?

-Qadınları düşünən, onları maarifləndirən, qadınların zamanlarının az da olsa səmərəli keçməsinə səbəb olan bir sayt olduğunuzu bilirəm. Bacardıqca özüm də yararlanmağa, vaxtaşırı saytınıza baş çəkməyə çalışıram. Amma nə yalan deyim, dərslərimə, layihələrə və s. səbəblərə görə az vaxt ayıra bilirəm buna təəssüf ki. Kitabsevərlərlə əməkdaşlıq isə mənim aləmimdə qadınlara bəxş edə biləcəyiniz ən dəyərli hədiyyələrdəndir. Çünki onlarda kitaba sevgi yaratmaq, sevənləri daha da həvəsləndirmək, uzaq düşənlərin sevgisini yenidən alovlandırmaq çox təqdirəlayiq işdir. Sağ olun ki, belə məsuliyyətli və önəmli işi öhdənizə götürüb biz qadınlar üçün çalışırsınız!

-Bu yolda sənə bol uğur və şans diləyirəm. Hal-hazırda kitab oxuyan yüzlərlə gənclərimiz var və ən azından gördüyün bu işlər biz kitabsevər Qadin.Netlilərin qəlbini fəth edir. İnanıram ki, kitaba olan maraq və sevgini daha yüksək səviyyədə bəyan edə biləcəksən. Artıq o zamanadək nəinki küçə və parklarda, hətta nəqliyyat vasitələrində kitab oxuyanların sayı artmış olacaq.

-Dəstəyiniz, dəvətiniz və hər zaman yanımda olduğunuz üçün mən sizə təşəkkür etməliyəm. Ümid edirəm tezliklə yalnız vloglarda deyil, realda kitablarla bağlı layihələrdə də görüşə biləcik sizinlə. Unutmayın, hər kitabda bir həyat var. Bəlkə də, sizin həyat sirdaşınız oxumadığınız bir kitabda gizlənib. Odur ki, kitab oxumağa davam edib öz həyatınızı tapmanız diləyilə...

Vlogları izləməyi unutmayın!

Xəyalə Murad

1 fevral 2016
GO BACK