Qadin.NET / Təsi Babayeva ilə müsahibə

Təsi Babayeva ilə müsahibə

Sizə növbəti müsahibimi təqdim edirəm. Fikirləri şəxsən mənim üçün o qədər maraqlı oldu ki, söhbəti uzatmadan birbaşa müsahibəyə keçmək istəyirəm. Buyurun, siz də tanış olun.

- Salam, Təsi Babayeva.

Aleykum salam.

- Necəsiniz? Bir etirazınız yoxdursa, adınızın əsl versiyasını bilmək olarmı? 

Yaxşıyam, təşəkkür. Təsmirə.

- Nə gözəl adınız var, maşallah! Mənasını bilirsinizmi?

Gözəl gününüz olsun! Xeyr, tutarlı informasiyam yoxdur bu barədə, ancaq axtarışların birində adım "Əjdahaların şahzadəsi" kimi verilmişdi ki, bu nəticədən çox razı qalmışdım)) Ancaq əslində, atam Tesmire şəklində Türkiyədə eşitmişdi bu adı və Təsmirə şəklində mənə qoymağa qərar vermişdi. Maraqlısı budur ki, tanıdığım bir türk xanım da adımı heç eşitməmişdi həyatıboyu.

- Əjdahaların şahzadəsi daha amiranə çıxdı ha. biggrin

Bəli. crazy

- Şahzadə xanım, saytımız sizin üçün nə dərəcədə faydalı olub bu günəcən? girl_smi

Boynuma alım ki, bacılarım qədər aktiv birisi deyiləm. Elə sayt barədə də bacılarımdan bilmişəm. Böyük bacım Ellada Babayevanın dilində Ceylan xanımın adı sözün yaxşı mənasında yalan olmasın, hər saat çəkilirdi. Daha sonra mən də qeydiyyatdan keçdim. Bir sıra yemək reseptləri, fotoşop dərsləri ilə tanış oldum. Öz hekayələrimi paylaşaraq oxucular, dostlar qazanmış oldum. Nəinki ilk qadın portalı kimi, ümumiyyətlə, bir sayt kimi Qadın.Netin mən və bacılarım daxil olmaqla, bir sıra xanımların həyatında bir az uca səslənsə də, çevriliş etdiyinə hardasa əminəm. 

- Aha demək, hekayə də yazırsınız. İlk hekayəniz yadınızdadırmı nə barədə idi?

Çoxdandır yazmıram, ilham pərim məni tərk edib. Barmaqla sayılası qədər hekayəciyim var)) İlk hekayəmin adı "Həyatdan bir hekayə" olub. Həyat adlı bir xanımdan bəhs edir.

- İnşəallah o pərilər tezliklə sizi gəlib birdəfəlik tapar. Yazarkən nə hisslər keçirirsiniz? İnsan var ki, yazanda özünü rahatlamış kimi hiss edir, insan da var ki, əksinə. Bəs sizdə necədir?

Yazdıqlarımdan asılıdır. Düşünürəm ki, sözün əsl mənasında yazarlar istisna olmaqla mənim kimi həvəskar birisinin yazdığı sırf təxəyyül mənbəyi ola bilməz. Ona görə də yazan anda üzümə təbəssüm də qona bilər, gözlərim də dola bilər. Ancaq yazını bitirdikdən sonra ona artıq bir işim kimi yanaşıram və müsbət oxucu rəyi məqsədi güdməyə başlayıram. Bir də psixoloqlar düz qeyd edib, içindəkini kağıza tökmək insanı rahat edir.

- Bəs oxucu rəyi müsbət olmayanda necə?

Əslində oxucudan öncə özüm də özümü obyektiv qiymətləndirməyi bacarıram. Çox vaxt da öz dəyərləndirməmlə oxucu rəyi üst-üstə düşür. Lakin mənfi rəyin deyilmə tərzindən asılı olaraq sözün təsiri altına düşüb həvəsdən düşdüyüm də olur. Bu nəinki yazımda, işimdə də belədir. Bəzən bildiyimi düzgün ifadə etməməyim, ya da heç ifadə edə bilməməyim məni bu illər ərzində qazanmış olduğum dəyərdən hardasa aşağı endirəndə çox məyus olur və günlərlə özümə gələ bilmirəm. Həvəsdən düşüb o işdən yan qaçıram hətta.

- İnşəallah belə hallarla heç zaman üzləşməli olmaz və daim inamla irəli addımlayarsınız. Təsmirə xanım, həqiqətən etmək istəyib, amma edə bilmədiyiniz nəsə varmı?

İnşəallah, təşəkkür. İndi dəqiq nəsə ağlıma gəlmir. Belə cavab verim, əgər bir şeyi etməyimə dinim, əqidəm və elə bu iki nüansdan doğan prinsiplərim mənə qadağa qoymursa, mən onu etmək istəyirəmsə və edə bilərəmsə, edirəm.

- Prinsiplərinizə sadiq birisiniz demək, eləmi?

Bəli və bu xüsusiyyətim məndə bir zamanlar irad kimi də tutulmuşdu. Mən də məhz o iradlara görə cəmi bir kərə bəzi prinsilərimdən keçdim və hadisələr elə gətirdi ki, bunun peşimançılığını keçirdim. Ona görə əgər bir şeyin düzlüyünə əminiksə, qətiyyən ondan dönməməliyik deyə düşünürəm, axına qarşı gedən tək adam olsaq belə.

- Bunlardan hansı daha pisdir və niyə: rəfiqənizin çox uzaq bir yerə köçməsi və ya çox yaxınınızda yaşayan rəfiqənizlə münasibətinizin kəsilməsi?

Yaxınımda yaşayan birisi ilə münasibətin kəsilməsi. Qəlbinizə yaxın birisini heç bir məsafə sizdən ayıra bilməz. Əksinə, necə deyərlər, həsrətdən sevginiz də artar. Ancaq evinin içində və ya səninlə eyni küçədə yaşayan bir rəfiqənin soyuq baxışı, səninlə küsülü qalması səni ən uzaq məsafəyə atar hər dəfəsində. Mənsə belə nüansdan depresiyaya qapılıb, yeməkdən-içməkdən kəsilən birisiyəm. Eybi yox dünyanın o başında olsun, ancaq salamat olsun, mehriban olsun mənimlə.

- Axı bir deyim var, gözdən uzaq olan könüldən də iraq olar. Buna əsasən uzaqda olan unudulmağa məhkum deyilmi?

Baxır münasibətin möhkəmliyinə. Mən Gürcüstanda, indi isə Moskvada yaşayan rəfiqəmlə bu illər ərzində daha çox ünsiyyətdəyəm. Hər halımızdan da xəbərdarıq. Hər Bakıya gəlişində də məni görməmiş getmir. Ancaq iki məhəllə aralıda qalan rəfiqəmi isə 5 il olar görmürəm, aylardı da danışmırıq.

Təsi Babayeva ilə müsahibə

- Həyatda olmaqla həqiqətən yaşamaq arasındakı fərq nədədir?

Çətin sual oldu)) Məncə biz sadəcə həyatdayıq, ancaq yaşamırıq. Ya da yaşayırıqsa da düzgün yaşamırıq. Çünki bu dünyanın sınaq meydanı olduğunu nəzərə alsaq, əslində bu dünyaya bağlanmamalı, o dünya üçün tədarükümüzü görməliyik ki, təəssüf ki, mən bunu etmirəm. Ancaq bu dünyaya daimi yaşayış məskəni kimi baxsaq, yenə də tam yaşamış sayılmıram. Hər addımda narazı olduğum bir nüansla qarşılaşıramsa, bu artıq yaşayış deyil. Bir cümlə ilə belə deyim sonda Allahın buyurduğu şəkildə həyat sürüb xoşbəxt olan kəs yaşayır. Qalanları isə sadəcə həyatdadır.

- Təsmirə üçün tərbiyə nədir?

Düzgün olanını dərk edib ona əməl etməyim nəticəsində illər boyu qazanmış olduğum mənəvi dəyər.

- Bəs düzgünü dərk etmək dediyiniz bu proses hər kəsdə fərqli formadadırsa, necə? Sizin düzgününüz digəri üçün səhvdirsə, necə?

Söhbət mənə görə düzgün olandan yox, həqiqətdə düzgün olan nədənsə gedirdi. Məsələn, mən uşaqlıqda xəbərçiliyin nə olduğunu bilmirdim. Və məsələn, əslində bir şeyi deməyim xəbərçilik sayılırsa, mən bunu bilmədiyim üçün deyirdim həmin şeyi soruşana. Sonra bibim mənə bunun xəbərçilik sayıldığını və pis bir şey olduğunu başa saldı. Və mən bunu dərk edib bir də bunu etmədim. Zamanla xəbərçiliklə yanaşı həqiqəti söyləmək kimi bir hərəkətdən də xəbərdar oldum. Onda da anladım ki, elə bir şey ola bilər ki, onu deməyin xəbərçilik deyil, həqiqətdir və s. Böyüdükcə düzgün olan istənilən şeyi düzgün dərk edib ona əməl edirsənsə, sonda düzgün tərbiyələndirilmiş olursan. Əks təqdirdə isə yalnış.

- Gözəl izahatdır. Hansısa bir tarixi ana şahid olmalı olsaydınız, hansını seçərdiniz?

Sırf bu sualı verdiyiniz an ağlıma gələn ilk cavab bu oldu. Şah İsmayıl Xətainin 1501-ci ildə taxta çıxmasının şahidi olmaq istərdim.

- Gözəl həmsöhbət dediyiniz hansı xüsusuiyyətlərə sahib olmalıdır?

Sözün özündən də göründüyü kimi mənimlə həm söhbət ola biləcək nüanslara malik olmalıdır. Bir də mən bir şeyi oxumaqdansa dinləməyə üstünlük verirəm. Belə daha yaxşı qavrayıram nəyisə. Həmsöhbətim mənə maraqlı olan mövzularda biliklərə malik olduqda, söhbətimizin sonunda dəyərli informasıyalar aldığımda, və ya kefsiz olduğum zaman öz şən danışığı ilə məni problemlərimdən uzaqlaşdıraraq sonda gülümsəməyimə səbəb olduqda o kəs mənim üçün gözəl həmsöhbət olur.

- Belə başa düşdüm ki, siz öyrənməyə daim həvəsli birisiniz. Bax misal üçün, sonuncu dəfə nə zaman yeni və maraqlı bir məlumat öyrənibsiniz? Hansı sahə üzrə olursa-olsun, fərq etməz,

Bəli həvəsliyəm, hər sahədən də xəbərdar olmaq, hər işdən az da olsa, nə isə bacarmaq istəyirəm. Ancaq çox təəssüf ki, yaddaşım zəifdir. Bu əldə etdiyimi tez bir zamanda unutmağıma səbəb olur. Müsahibə vaxtı beynimi qurdalamaq çətin olur. Ona görə ağlıma ilk gələni deməli oluram. Məsələn sodalı su ağcaqanad dişdəmlərinin üstünə yaxıldıqda zəhərin çıxmasına kömək olur ki, bu da qaşınmanın qarşısını alır.

- Aha, demək, ağcaqanad əlindən təngə gələnlərimizin diqqətini bura cəmləməsini xahiş edirəm. crazy

Bəli. biggrin

- Dünya üçün dəyişdirmək istədiyiniz nəsə varmı? Belə bir imkanınız olsaydı, nəyi dəyişdirərdiniz?

O qədər şeyi dəyişmək istərdim ki, axırda bir də baxardım ki, mən elə dünyanın özünü dəyişmək istəyirəm. Ancaq bu da mümkün deyil. Çünki hər şey zəncirvaridi. Ancaq əlimdə olsa, ən azından bütün müharibələrə son qoyardım. Eybi yox kimsə kasıb yaşayardı, əziyyət çəkərdi normal yaşayışdan ötrü, ancaq ən azından bilərdi ki, heç kim onun evinə raket, özünə, əzizlərinə güllə tuşlamayacaq. Qaçqın düşüb çöllərdə qalmayacaq.

Təsi Babayeva ilə müsahibə

- Poeziya ilə aranız necədir? Bilirəm, suallarda kəskin dönüş elədim, amma verdiyiniz cavablarDan mənə belə gəldi ki, siz şeirlərə xüsusi rəğbət bəsləyirsiniz.

 

4-cü sinifdə oxuyanda şeirlər yazmışam, təbiətə, qurda, quşa dair. Ailəm, qohumlar içərisində oxuyanda elə güclü tərifləyirdilər ki, nəsə şedevr yaratdığımı sanırdım uzun illər boyu)) İndi şeir dəftərimi gözdən iraq bir yerə qoymuşam ki, heç kimin əlinə düşməsin. Belə sırf Oxumuş olduğum şeirləri əzbərləyən deyiləm. Amma Nəriman Həsənzadədən, Nüsrət Kəsəmənlidən oxumuşam şeirlər. Bir də gənc yazar və yaxın dostum Şəbnəm Xeyrullanın yazılarını bəyənirəm. Bəlkə də, yaşıdım olduğu üçün onun yazdıqları mənim qəlbimə daha yaxındı.

- Hal-hazırda ən çox sevdiyim dediyiniz bir şeir varmı?

Əzbərə təəssüf ki, xeyr. Şeirləri, mahnı sözləri bir iki dəfə dinləməklə əzbərləyə bilən insanlara hər zaman həsəd aparmışam. Mənim belə qabiliyyətim heç zaman olmayıb. Ancaq Şəbnəm Xeyrullanın "Yanğından sonra" şeirini son zamanlar oxuduqlarım içərisində ən çox sevdiyimdir.

- İndi kədəri də, sevinci də başqa cür duyuram eləmi? Bəs sizin indi başqa cür duyduğunuz şeylər varmı?

Bəli. biggrin Var, əlbəttə ki.

- Ümid edək ki, onlar daha da gözəl duyduğunuz şeylərdir və daim də elə olsun.

Təşəkkür, İnşəAllah, sizin üçün də.

- Təsmirə xanım, digər istifadəçilər maraqlı bir cavab verib bu sualıma. Görək hələ siz necə düşünürsünüz. Saytımızın idarəsini bütünlükdə sizə versələr, ilk olaraq nə kimi dəyişikliklər edərdiniz?

Mən bu idarəetməni yenidən Ceylan xanıma təhvil verib, "Bu işi ən yaxşı siz bacarırsınız, özünüz də edin" deyərdim.))))

- Bəs istifadəçilərimizə buradan müraciət edərək demək istədiyiniz nəsə varmı?

Sizi görüm daim Qadın.Net istifadəçisi olaraq qalasınız! P.S: Sona kimi ciddi qalmağı bacarmadım.))))

- Əsas odur ki, səmimisiniz. Zaman ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

Əsl təşəkkür zamanınızı mənə ayırıb müsahibəyə layiq gördüyünüz üçün sizə düşür. Mən təşəkkür edirəm.

- Əksinə, çox maraqlı bir dünya ilə tanış oldum və istifadəçilərimizə də bu tanışlıq imkanını vermiş oldunuz

Buna şad oldum.

İndi isə buyurun Şəbnəm Xeyrullanın yazdığı və Təsi Babayevanın secdiyi şeiri siz də oxuyun. İnanıram ki, sizin də xoşunuza gələcəkdir.

Yanğından sonra

Kədər də olub həyatımda,

Sevinc də yəqin ki…

Amma qalmayıb yadımda,

Duymamışam heç birini ürəkdən.

Elə ürəyimin özünü də.

…Ehtiyat qapılar olur ha,

Sahibinin belə unutduğu,

Qəfil yanğın vaxtı yada düşən,

Təpiklə açılan paslı qapılar…

Bax, ürəyim də elə imiş…

Yanğına – Səni tanıyana qədər,

Bilmirdim ki, o var…

İndi…

İndi kədəri də, sevinci də

Başqa cür duyuram,

Adi tozdan qıcıqlanan

Allergik xəstə kimi,

Ürəyimin səsini də eşidirəm,

Eşqdən dəm vuran həzin bəstə kimi.

Bəlkə bu yanğın sönsə, yaxşıdır?

O qapı bağlansa,

Hər şey əski halına dönsə, yaxşıdır?

Axı bir ürəyi belə yükləməzlər,

Onsuz da tək olanı,

Bu qədər həsrətlə, qəzəblə,

Dərdlə, əsəblə təkləməzlər.

Qərarın nədir, əzizim -

Getmək, ya qalmaq?

Yanğını söndürmək,

Yoxsa yeni alov qalamaq? 

2 Yanvar, 2013

 

 

 

7 noyabr 2015
GO BACK