Qadin.NET / Qadın.netin "xarici" xanımları (II hissə)

Qadın.netin "xarici" xanımları (II hissə)

DENİSA -  Almaniya, Frankfurt  

Qadın.netin "xarici" xanımları (II hissə) 

Ailəlidir, iki uşağı var. Almaniyanın Frankfurt şəhərində yaşayır. Saytda ən çox cavan nəsil olduğunu nəzərə alsaq, qadın.netin ağbirçəklərindən sayıla bilər. Oğlunun 18, qızının isə 16 yaşı var. Qadın.neti axtarış sistemləri vasitəsi ilə tapıb. Almanlar haqqında belə deyir – “ qayda-qanun həmişə onlar üçün alidir. Heç vaxt qanunu pozmağa cəhd eləmirlər. Uşaqdan böyüyə kimi hamı öz haqqını bilir və tələb edir. Bəyənmədiyim xüsusiyyətləri odur ki, çox soyuqqanlı millətdir, özlərini sevəndirlər. Özləri dura-dura heç vaxt başqa millətlərdən olanlara şans verməzlər. Buranın təbiəti çox gözəldir, təmizliyi sevirlər. Havanın temperaturu qışda -15, yayda isə 30-32 dərəcə olur. İl boyu yağıntılar olur. Bazarlarında isə meyvə-tərəvəzi 80% hallarda xaricdən gətirirlər, amma heç vaxt Azərbaycanda yediklərimizin dadını vermir. Feyxoa və əzgil heç yoxdur burada. Göyərtilərdən isə cəfəri və soğandan başqa heç nə tapa bilməzsən. Qara reyhana həsrət qalmışıq. Bunların heç bir yeməklərini bəyənmirəm.Əsasən, fast-food yeməklərinə üstünlük verirlər, mağazalarda konservləşdirilmiş yeməklər yeyirlər. Ən məşhur yeməklərindən biri “şinitsel” dedikləri langetdir. Əti nazik halda döyəcləyirlər, duz-istiot vurub əvvəl yumurtaya, sonra isə una və yenə yumurtaya, daha sonra çörək ovuntusuna batırıb qızardırlar. Biz burada çalışırıq ki, Azərbaycanı yaxşı mənada tanıdaq. Eşidəndə ki, biz azəriyik, deyirlər “ooo, Azərbaycan gözəldir, həm də neft ölkəsidir. Siz bəxtəvərsiniz ki, milyonları olan neft ölkəsində yaşayırsınız”. Buranın sakitçiliyinə öyrəşə bilmirəm. Şənbə-bazar günləri küçəyə çıxsan elə bilərsən heç kim yaşamır burada. Vətənimin insanlarının istiqanlığını, yeməklərinin dadını, adət-ənənələrini buranın heç nəyinə dəyişmərəm. Darıxdığım zaman Röyanın həzin mahnılarına qulaq asıram, bu sayta girəndə özümü Azərbaycanda hiss edirəm. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı!”

 

SAMA0924 -  Rusiya, Vidnoe

Qadın.netin "xarici" xanımları (II hissə)

Adı Səmadır, ailəlidir, bir qızı var. Vidnoe şəhərində yaşayır. Qadın.net saytını 2 il bundan öncə tapıb, ancaq bu il qeydiyyatdan keçib. Rusiya haqqında fikirləri belədir: " burada insanlar xoş güzaran keçirmək üçün yaşayırlar. Bizdən fərqli olaraq, onlar dəbdəbəyə çox da fikir vermirlər. Düzgün istirahətə, normal qidalanmağa, sağlamlıqlarının qayğısına qalmağa ciddi yanaşırlar. Onları heç kim və heç nə maraqlandırmır. Çox açıq-saçıqdırlar, onlarda “ayıb” deyilən söz yoxdur. Necə istəyirlər, o cür də hərəkət edirlər, bizdəki kimi böyüyə hörmət anlayışı onlarda yoxdur. İçkiyə çox meyillidirlər. Bazarlarda hər şey tapmaq mümkündür, xaricdən bura hər şey gətirirlər, lakin bahadır və bizdəki kimi dadlı deyil. Mən onların milli yeməklərini sevmirəm, öz yeməklərimizi hazırlayıram." Səma deyir Vidnoeda bu il havanın hərarəti + 42 dərəcəyə çatdı, meşə yanğınları oldu. Qışda isə -28 dərəcə soyuq olur.Bundan başqa burada qeyri-millətlərə qarşı elə də isti münasibət yoxdur, onlarda milli mentalitetdən irəli gələn şovinistlik və eqoistlik var.Müsəlmanlara rəğbət bəsləmirlər. Azərbaycanı tanıyırlar,neft öllkəsi olduğunu, ermənilərlə Qarabağ problemi yaşadığını bilirlər.Burada yaşamağıma baxmayaraq, ölkəmizin başqa şeylərini demirəm, elə bircə qonaqpərvərliyini buranın heç nəyinə dəyişmərəm.Rusların adət-ənənələrinə heç öyrəşə bilmirəm.  

 

  SAMIQ592 - Hollandiya, Maastricht

 Qadın.netin "xarici" xanımları (II hissə)

Qadın.net saytının xanımlarından başqa xaricdə yaşayan bir bəyi də var-Samiq. Bu yaxınlarda onun saytda çıxan “Qürbət” adlı şeiri vətən həsrəti ilə yaşayan Samiq bəyi dilə gətirib. Düzünə qalsa mənim bu xəbəri hazirlamaq fikrim elə onun şeirini oxuyandan  sonra yaranıb. Çünki özüm də qürbətdə yaşayıram deyə şeir mənə təsir eləmişdir. Adı Samiqdir, evil deyil, Hollandiyanın Maastricht şəhərində yaşayır və orada magistraturada təhsil alır. Qadın.neti dostunun məsləhəti ilə tapdığını deyir. Hollandiyanın qanunlarının aliliyi xoşuna gəlir, elə oranın yaşıllığını da xoşlayır. Əxlaq normalarının pisliyindən şikayətlənir, bəyənmir onları. Bazarlarından isə elə bir şikayəti yoxdur, deyir istədiyin hər şeyi tapa bilərsən, bəzi regional şeylərdən başqa. Amma bu məhsulların təbii olmasına şübhə ilə baxır. Bəyəndiyi yemək yoxdur. Havanın hərarəti maksimum +17 olub, minimum isə -14 dərəcədir deyir. “Sizi oranın adamları biləndə ki, xaricisiniz, necə qarşılayırlar?” sualını öz yazdığı kimi verirəm: “ Yaxşı qarşılayan da var, pis qarşılayan da. Amma əsasən üçüncü dünya ölkələrindən gələn insanlara yaxşı baxmırlar Hollandlar. Azərbaycanı çox oxuyub gəzən tanıyır, tanımayanlar da az deyil. Burada ailəm başda olmaqla Azərbaycana xas olan hər şeyə həsrətəm, öz insanlarımızı buranın heç kiminə dəyişmərəm. Maastrichtin nəşə iyinə hələ də öyrəşə bilmirəm!(boooy, winkelə şey olar,necə yəni?)Darıxanda mahnılara qulaq asıram, ümumiyyətlə, musiqi sevən adamam. Əsas xalq mahnıları, muğamlara qulaq asıram. Könül Xasıyevnı  isə daha çox dinləyirəm.”


 AYTEN18 - Rusiya, Sankt Peterburq  

Qadın.netin "xarici" xanımları (II hissə)

Adı Aytəndir, ailəlidir. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Qadın.net saytını yemək reseptləri axtararkən tapıb və çox xoşuna gəlib. Deyir yaxşı ki, tapmışam buranı. Rusiyada xoşuna gələn şey camaatın heç nəyə fikir verməməsi, hər kəsin öz şəxsi işi ilə məşğul olmasıdır. Xoşlamadığı isə gündə bir şey eşitməyidir. Deyir burada kimin pulu çoxdursa, onu öldürürlər. wassat  Bazarlarında vəziyyət yaxşıdır. Azərbaycandan bura meyvə-tərəvəz gətirilir, hər şey tapa bilir. Yeməklərini özü bişirir, heç rus yeməyi yeməyib. Ən çox xoşuna gələn kremsiz tortdur. Aytən ora gedəndən isti hava görməyib, -20-30 dərəcə soyuqlara düşüb."Azərbaycanı niyə tanımırlar ki? Tanıyırlar, amma başlarına nə iş gəlibsə xoşlarına gəlmir. Bizə baxan kimi bilirlər “qara”larıq. AZƏRBAYCAN MƏNİM DOĞMA VƏTƏNİMDİR! Heç bir şeyini dəyişmərəm vətənimin! Buranın heç nəyinə öyrəşmək istəmirəm! Darıxanda ailəmlə internet vasitəsi ilə danışıram, görürəm onları, Röyaya, Şeron qrupuna, türk mahnılarına qulaq asıram, qadın.netdə oluram.


 ANIMASHKA - Latviya, Riqa

Qadın.netin "xarici" xanımları (II hissə)

Ailəlidir, 23 yaşı var. Latviyanın Riqa şəhərində yaşayır. Qadın.net saytını Bakıda yaşayan rəfiqəsinin köməkliyi ilə tapıb. Onun dediklərinə görə, Latviyalılar çox səbirli və təmkinli, mədəni insanlardırlar. Amma ünsiyyətə girməyi xoşlamırlar və kiminləsə dost olmaq üçün həvəs göstərmirlər. Söhbət bazarlarına gəldikdə isə hər şey tapıb, bizim bütün yeməklərimizi bişirib, amma bircə şəkərbura bəzəmək üçün maqqaş tapa bilməyib. fellow Deyir latviyalıların elə bir güclü menyuları yoxdur. Oranın iqlimindən şikayətçidir. Hava onun ən yaralı yeridir. Riqada qış çox soyuq olur, -30 dərəcəyədək soyuq ola bilir, yayda isə isti +35 dərəcəyə qalxır. “Bizim xarici olmağımız çox vaxt hiss olunmur, yəni, dil baryeri yoxdur. Biləndə isə normal münasibət bəsləyirlər, bəziləri gülümsəyir. Burada çoxlu sayda Azərbaycanlı məskunlaşıb, odur ki, bu ad hamıya tanışdır. Buranın hər şeyinə öyrəşmişəm, amma yenə də doğmalarımdan örtü darıxıram. Bakını, insanlarını Latviyanın heç bir şeyinə dəyişmərəm. Darıxanda Bakıdakı yaxınlarımla danışıram, azəri kanallarına baxıram, Brilliant Dadaşovanın ifasında “Bayatılar” mahnısına qulaq asıram.

 

NURLANA0915-Rusiya, Moskva  

Qadın.netin "xarici" xanımları (II hissə)

Adım Nurlanadır, ailəliyəm, iki oğlum var, 8 ildir Rusiyanın Moskva şəhərində yaşayıram.Məni ilk dəfə “qadın.net” lə eltim sama0924 tanış edib,sag olsun.Rusların heç bir adətini xoşlamıram,içki həvəskarıdırlar, burda hər avtobus dayanacağında bir sərxoşun yatması adət halını alıb.Bazarlarında isə kəklikotu, şabalıd tapa bilməzsən.Burda nəyəsə həsrət qalmışam deməzdim, amma anamın yeməkləri üçün darıxmışam, ildə bir-iki dəfə gedirəm,amma yenə də darıxıram.Rusların yeməklərinin heç birini bəyənmirəm, burda xiyar turşusu ilə sup bişirirlər,özüm rus borşu bişirirəm.Havanın hərarəti qışda -30,- 35, yayda isə + 20-30 olur. "Orada sizin azəri olduğunuzu biləndə necə qarşılayırlar?" sualına belə cavab verir - “fərqlidir,yaxşı qarşılayan da var, amma ''РјРѕСЃРєРІР° для москвичей'' deyənlərə də rast gəlmək olur.Azərbaycanı tanıyırlar, əsasən yaşlı nəslin Bakı deyəndə cavanlıqları yadlarına düşür.Burada küçədə hərəsinin əlində bir pivə butulkası atılıb-düşürlər, bu da oldu bayram. Azərbaycanın iqlimini, bayram adət-ənənələrimizi burdakı heç nəyə dəyişmərəm.Amma dəyişmək istədiyim şeylər də var- milli istehsalın keyfiyyətini, həkimlərin savadını… Nəyə öyrəşə bilmədiyimi deyə bilmərəm.Darıxanda anama-atama,bacılarıma zəng vururam,danışandan sonra isə lap çox darıxıram… Gəzməyə qərib ölkə, yaşamaga Azərbaycan .”

 

MERRI - Çin, Pekin

Qadın.netin "xarici" xanımları (II hissə)

Ailəlidir, 19 yaşı var. Çinin paytaxti Pekin şəhərində yaşayır. Qadın.net saytını “google” da tərxun haqqında məlumat axtaran zaman tapıb. Deyir Pekin çox gözəl şəhərdir, insanların mehriban yanaşmaları, sadə, səmimi və ən çox da həyatsevər olmaları xoşuma gəlir. Burada hər yaşayış yerinin yaxınlığında parklar salınıb və hər axşam cavanlar, yaşlılar bura yığılaraq musiqi qoyub rəqs edirlər. Yaşlı nəsil sağlamlıqlarına diqqət yetirir, hər səhər-axşam küçələrdə aerobik hərəkətlər edirlər. Ay işığı altında isə insanların tans oynamağı çox romatnikdir. Xoşuma gəlməyən cəhətləri isə pinti olmalarıdır. Burada ağartı məhsullarına həsrət qaımışam, süd satılır, ancaq qatıqları şirin olur, heç bəyənmirəm. Uyğurların təndir çörəkləri olur, ancaq onları alıb yeyirik, ləzzət edir adama. Sevdiyim yeməkləri ördəkdən hazırlanır. Hazırlanması çox uzun olsa da dadlı olur. Pekində qışda hava -16, yayda isə +41 olur. Onlar bizə çox yaxşı münasibət bəsləyirlər. Yolla gedəndə çalışırlar söhbət etsinlər bizimlə, onlara maraqlı gəlir haradanıq. Kişilərin qadınları sevməsi, nazı ilə oynamaları mənə çox xoş gəlir. Azərbaycanı tanımırlar, Türkiyə deyəndə tanıyırlar. Bura çox öyrəşmişəm, ona görə də darıxmıram. Burada bir metroya öyrəşə bilmirəm, çox çətin gəlir mənə. Darıxanda isə Röyanı dinləyirəm.

 

VESNA -   Rusiya, Moskva  

Qadın.netin "xarici" xanımları (II hissə)

Ailəlidir, iki uşağı var. Moskvada yaşayır. Qadın.neti musi123 adlı istifadəçinin köməyilə tapıb. Evdar xanımdır. Yaşadığı ölkənin xoşladığı adət-ənənəsi yoxdur, xoşuna gəlməyən isə qızların siqaret çəkməyi, içki içməyidir. Deyir Rusiya bazarlarında nə desən tapmaq olur, maşallah, dükanlar doludur. Amma tapa bilmədiyimiz “bismillah” la kəsilən ətdir ki, onu da bizə Bakıdan yollayırlar. Buranın yeməklərini yemədiyim üçün bu haqda heç nə deyə bilmərəm, təkcə qızıl balıqdan xoşum gəlir. Hava isə indi mülayim keçir, hərdən gün çıxır, bəzən də yağış yağır. “Ruslar biləndə ki, biz xariciyik, normal qarşılayırlar. Azərbaycanı isə əlbəttə ki, tanıyırlar. Burada çoxlu azəri işləyir. Azərbaycanın dönərini, kababını buranın heç nəyinə dəyişmərəm. Suyuna isə hələ də öyrəşə bilmirəm, çünki xlorludur, içə bilmirəm. Burada qohumlarıma həsrətəm. Darıxanda onlarla danışıram, aradabir xarici mahnılara qulaq asıram. Qızımın Şakiranın “Vaka-Vaka” mahnısından xoşu gəlir, deyir ana, mənim üçün “Maka-Maka” nı qoy”

 

KONUL-1988 - BƏƏ, Dubay

Qadın.netin "xarici" xanımları (II hissə)

Adı Könüldür, 22 yaşı var. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yaşayır.Qadın.net saytını snikers tortu axtarışına çıxarkən tapıb. Könül ərəblər haqqında belə deyir:- “ Ümumiyyətlə, ərəblərdən heç xoşum gəlmir. Amma bəyəndiyim bir şey var ki, burada insan heç darıxmır, baş qatmağa nə isə tapa bilirsən, çoxlu əyləncə mərkəzləri var burada. Bazarlarında isə maşallah dadsız da olsa hər şey var. Bakının qanlı-canlı ətinə həsrət qalmışıq, buranın ətləri çox dadsız olur. Bəyəndiyim yeməyi “xumuş” adlanan badımcan salatıdır. Badımcanı kabab edirlər, süzmə ilə sarımsağı qarışdırılar, qaba yayıb zeytun yağı qatırlar. Sonra acı bibər tozu tökürlər, yuxa ilə çox dadlı olur. Havanın hərarətinə gəldikdə isə, ən aşağı temperatur +32, ən yuxarısı isə +50 dərəcəyə çatır. Çölə çıxanda eynəyimiz istidən buxar olur. Ərəblər bizi burada yaxşı qarşılayırlar.Azərbaycanı az-çox tanıyırlar. O qədər Bakıdan danışıram ki, çox gözəl mənzərəli yerlərimiz var, hamısı deyir gedib görmək istəyərdik. Amma gəlib çıxmırlar. Uşaqlıqdan Dubayda böyümüşəm deyə, bura öyrəşmişəm. Amma  Azərbaycanın heç nəyini, ən əsas da havasını buralara dəyişmərəm. Darıxanda azəri kanallarından muğama qulaq asıram. Bir də ki, bütün günümü qadın.net saytında keçirirəm.

 

 GULSEN333- Rusiya, Arxanqelsk     

Qadın.netin "xarici" xanımları (II hissə)

Ailəlidir, Rusiyanın Arxanqelski şəhərində yaşayır. Bu yaxınlarda ana olmağa hazırlaşır, evdar xanımdır. Qadın.neti təsadüfən tapıb. Deyir bu şəhərin heç nəyi mənim xoşuma gəlmir. Heç bir adətlərini bəyənmirəm buranın. Amma bazarlarında düzünü deyim hər şey var. Yeməklərindən isə iyrənirəm, xoşuma gələn yemək yoxdur. Havası da soyuq olur həmişə, indi -5 dərəcə soyuq var, amma fevral ayında ən azı -25 dərəcə şaxta var idi. Ruslar bizi tanıyanda çox yaxşı qarşılayırlar, amma Azərbaycanın heç bir şeyini buranın hər hansı bir şeyinə dəyişmərəm. Buranın heç nəyinə öyrəşə bilmirəm. Azərbaycanın havasına həsrətəm. Darıxanda internet vasitəsi ilə vətənimə baxıram.

 

LONDERER ME - İngiltərə, London

Qadın.netin "xarici" xanımları (II hissə)

 Adı Pərvanədir, ailəlidir. İngiltərənin London şəhərində yaşayır. Pərvanə orada Azərbaycanı layiqincə təmsil edir- vəkil işləyir. İngiltərənin bəyəndiyi xüsusiyyəti hər kəsin eyni hüquq azadlığına malik olması, ingilislərin səmimiliyi, üzlərindəki təbəssümdür. “Burada İslam dininə çox rəğbət var, müsəlmanlar çoxdur. Londonda, Croydon adlanan bir yerdə Home Office-Daxili İşlər Nazirliyi var. Orada hər cümə günü, günorta saat birdə AZAN verirlər ki, müsəlman işçilər gəlib namaz qılsın. Super bir hissdir! Bircə xoşuma gəlməyən şeyi yağışın yağmasıdır. Həddindən artıq çox yağışı olur. Saç yuyub qurutmaqdan bezmişəm. Havanın maksimum hərarəti +20-25, minimum isə -5-7 dərəcə olur. Düzünü desəm, heç bir ingilis yeməyi yemirəm. Ancaq öz yeməyimizi bişirirəm. Həsrət qaldığım şey əzgil, heyva, feyxoa,ağ tut,qara tut, boranıdır. Ən çox isə heyvadır. İngilislər Azərbaycanı “Eurovision” dan sonra tanıyıblar. Buranın hər şeyinə öyrəşmişəm. Amma mənim xalqımda olan qonaqpərvərlik, istiqanlılıq heç bir xalqda yoxdur! Azərbaycanı heç bir ölkəyə dəyişmərəm! Darıxdığım anlarda Aygün Kazımovanın “Vətən anadır” mahnısına qulaq asıram. O, qarda əsgər paltarında qaçdığı anlarda həmişə pis oluram, darıxıram Azərbaycan üçün. 

1 aprel 2011
GO BACK