Qadin.NET / Qadın.netin xaricdəki xanımları (I hissə)

Qadın.netin xaricdəki xanımları (I hissə)

 Bilirsiniz ki,qadin.net saytinin xarici ölkələrdə yaşayan istifadəçi xanımları var. Onların həyatı, yaşayışları barədə məlumatımız olsun istədim. Bu məqsədlə də suallar hazırlayıb, onlara ünvanladım. Sağ olsunlar, hamı öz fikrini bizimlə bölüşdü. Əgər siz də Azərbaycandan kənarda yaşayırsınızsa və qadın.net saytının qeydiyyatlı istifadəçilərisinizsə, buyurub bizə yaza bilərsiniz.

 

1- Özünüz haqda yazın.
2-Yaşadığınız ölkəni və şəhəri qeyd edin.
3-Qadin.neti necə tapdiniz?
4- Yaşadığınız ölkənin ən xoşunuza gələn və gəlməyən bir-iki adəti haqda yazın.

5- Bazarlarda nə tapa bilmirsiniz?(söhbət meyvə,tərəvəz,yeyəcəklərdən gedir)
6- Nəyə həsrət qalmisiniz orada?
7-Yaşadığınız ölkənin ən çox hansı yeməyini bəyənirsiniz? Tərkibi nədir? Mümkünsə qısa şəkildə yazın.
8-Havanın il ərzində maksimum və minimum temperaturunu yazın (ən yuxarı və ən aşağı)
9-Sizi oranın adamları biləndə ki,xaricisiniz,necə qarşılayırlar?
10-Orada Azərbaycan adını eşidiblər heç,tanıyırlar Azərbaycanı?
11-Azərbaycanın nəyini yaşadığınız ölkənin hansısa bir şeyinə dəyişməzsiniz?
12-Oranın hələ də nəyinə öyrəşə bilmirsiniz?
13-Darıxanda hansı azəri müğənninin hansı mahnısına qulaq asırsınız,ümumiyyətlə,vətəndən ötrü darıxanda nə edirsiniz?

Selcan_Xatun-Türkiyə, İstanbul

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Selcan xanım Türkiyənin İstanbul şəhərində yaşayır.Ailəlidir,bir oğlu var.Qadin.Neti tapmayıb.Yaradıcılarından biridir.Türkiyədə xanımların "Gün"toplantısı adətini bəyənir.Bəyənmədiyi adətləri yoxdur.Selcan xanımın sözlərinə görə türk bazarlarında  Azərbaycanda olmayan meyvələrdən Malta əriyi,tərəvəzlərdən enginar,bamya,acur yoxdur.Və deyir ki,müqayisə edəndə türk mətbəxi çox zəngindir.Türklər zeytun istehsalına böyük əhəmiyyət verdikləri halda bizlərdə zeytun ağaclarının barı yerlərə tökülüb ziyan olur.Sarı əncir və feyxoa Türkəyədə yetişmir və ya az yerdə yetişir.Selcan xanim deyir ki,qəriblikdə insan nəyə həsrət qala bilər,əlbəttə ki,doğma torpağına.Yaşadığı ölkənin demək olar ki,bir çox yeməklərini bəyənir.İstanbulun Bakı havasından heç bir fərqi yoxdur.Sadəcə buranın günəşi sanki daha çox yandırır yay aylarında.Azərbaycanlılara burda təbii ki,türk millətindən olduğumuz üçün dost münasibəti var deyir.Burda Azərbaycan adı kifayət qədər tanınıb.Hətta onun təsəvvürünə gəlməyən Türkiyə-Azərbaycan quruluşları belə mövcuddur orda.Azərbaycanın qonaqpərvərliyini heç nəyə dəyişmərəm deyir.Darıxanda Müslüm Maqomayevin "Azərbaycan"mahnısına qulaq asır Selcan xanım. 

Gunesim-Rusiya,Moskva

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Ailəlidir, ali təhsillidir, bir oğlu var, Moskvada yaşayır. Qadin.net saytını "google" vasitəsi ilə tapıb. Yaşadığı ölkə haqqında belə deyir- “rusların yalnız xristian dini bayramları ilə əlaqədar adətlərini görmüşəm. Bəyənib-bəyənməmə haqqında heç nə deyə bilmərəm. Marketlərində isə ürəyim istəyən hər şeyi tapa bilsəm də Bakıdakının dadını vermir.” "Orda nəyə həsrət qalmısınız sualına?" valideynlərimə və doğmalarıma həsrətəm deyir. Rusların ən çox şirniyyatlarını bəyənir. Deyir burada qışda -25, yayda isə + 28-30 dərəcə temperatur olur. “Həmvətənlərimiz burada Azərbaycanı yetərincə tanıdıblar. Azərbaycanlı olduğumu biləndə çox normal qarşılayırlar. Mən artıq öyrəşmişəm, buranın insanları çox diqqətcildirlər. Amma Azərbaycanın heç nəyini dəyişmərəm buralara. Darıxanda Azərbaycanın ritmik xalq mahnılarına qulaq asıram, kanallarımıza baxıram. Qadın.net məni qürbətdə darıxmağa qoymur. 

ULKƏR007- İngiltərə, Surrey

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Adı elə Ülkərdir, 21 yasi var, ailəlidir, ali təhsillidir. Hal hazirda Birləşmis Krallıqlarda- İngiltərənin Surrey əyalətində yerləşən Guildford şəhərində yaşayır. Qadin.net saytini elektron kitab axtararkən forumdakı yazida görüb.Xarici ölkələrə səyahət etməyi çox sevir. Maraq dairəsi tibb ve psixologiyadır. “Bu ölkənin xoşuma gələn adəti yox, insanlarda olan mədəniyyət anlayışıdır. Xoşuma gəlməyən adətləri isə, hər hansı bir yerə getmək istəyəndə mütləq ən azı 1 ay qabaqcadan apointment etmək lazım olmasıdır.” Ülkər deyir orda şabalıd çox nadir tapıntıdır, qəndə hələ də rast gəlməyib, xamani isə ancaq yuxuda görür. Statistikaya görə ən pis mətbəx İngiltərədədir. İngilislərin xoşuna gələn yeməkləri yoxdur. Deyir, burada xaricilərə münasibət normaldır. Ülkər oranın NHS adlanan tibb sisteminə hələ də öyrəşə bilməyib. İqlimə gəldikdə isə havanın temperaturu maksimum +27, minimum -9 dərəcədir. Ülkərin Azərbaycandan kənarda həsrət qaldığı bir şey var-günəş. Ünsiyyətdə olduğu insanların az qisminin isə Azərbaycan haqqında məlumatı var. Azərbaycanımızın adət və ənənələrini, bayramlarini İngiltərənin heç bir şeyinə dəyişməz. Darıxanda isə internet vasitəsi ilə yerli kanallarımızı izləyir.

A.ANGEL-Rusiya, Moskva

Qadın.netin xaricdəki xanımları (I hissə)

 
 A.angel Rusiyanın Moskva şəhərində yaşayır .Ailəlidir, bir qızı, bir oğlu var. Qadın.neti internetdə axtarış edərkən tapıb.Rusiya haqqında belə deyir- “Rusların adətləri çoxdur,bəyənmədiyim adətləri bir adam öləndə içki içməkləridir.Onlarda bəyəndiyim şey isə yeni ili ailəlikcə keçirməkləridir.Bazarlarında hər şeyi tapmaq olur, amma bizim balaca badımcanı tapmaq bir az çətin olur." wink  Həsrətində oldugu çox şey var,amma “qardaşım əsgərlikdədir, onu uzaqdan da olsa belə bir dəfə görmək istərdim” deyir. Bəyəndiyi yemək sirnikdir.Tərkibi tvoroq,soda,şəkər,un,yumurtadan ibarət olan bu kütləni qarışdırıb kotlet halına salır,sonar yağda qızardır.Səhər yeməyində smetan və ya mürəbbə ilə yeyir,deyir onda dadlı olur.“Bu il yay çox isti və tüstü oldu.Buralarda havanın hərarəti +35,soyuq isə,əgər səhv etmirəmsə -35 dərəcədən yuxarı olur”.A.angel deyir ki, burda biləndə ki, azəriyəm,çox yaxşı qarşılayırlar.Amma Lənkəranı tanımırlar, Azərbaycan deyən kimi Bakını soruşurlar.Mən Azərbaycanın heç nəyini buranın ən yaxşı şeyinə belə dəyişmərəm. Onların hələ də açıq-saçıq geyinməklərinə,çöldə yanlarında uşaq olmalarına baxmayaraq siqaret çəkmələrinə və pivə içmələrinə öyrəşə bilməmişəm. Darıxanda isə nədənsə Könül Xasiyevanın “Gecələr” mahnısına qulaq asıram,anama zəng edirəm. 

 

Weyla-Rusiya, Sankt- Peterburq  

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Ailəlidir, üç övladı var. Sankt-Peterburq şəhərində yaşayır. Qızının ad günü olacaqmış, salat resepti axtaranda təsadüfən qadın.net açılıb və çox xoşuna gəlib. Rusların ən xoşuna gələn cəhəti ictimai yerlərdə insanların mədəni səkildə növbə ilə bir-birini gözləməsidir. Xoşuna gəlməyəni isə içkiyə aludə olmalarıdır! “Buranın bazarlarında ürəyim istəyən kimi göy-göyərti, xurma, feyxoa və s. tapa bilmirəm. Heç bir yeməyini xoşlamıram, hec yemirəm də. Soyuğuna isə hələ də öyrəşə bilmirəm. Burada qışda temperatur -35-40, yayda isə + 27-28 dərəcə olur. Azərbaycan adını burda da eşidiblər. Biləndə ki, azəriyik, çox gözəl qarşılayırlar, hətta uşaqlarımıza daha hörmət və diqqətlə yanaşırlar. Amma doğma Azərbaycanımın havasını, suyunu, torpağını heç nəyə dəyişmərəm. Burada doğmalarıma, doğulduğum şəhərimə həsrətəm. Yaxşı deyiblər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı! Darıxanda peyk antennası vasitəsi ilə kanallarımızı izləyirəm. 

Azerikizi-İndoneziya, Cakarta

Qadın.netin xaricdəki xanımları (I hissə) 

 

Ailəlidir, iki qızı var.İndoneziyanın Cakarta şəhərində yaşayır.Qadın.net saytını elə internetdən qadın axtarışına çıxanda tapıb. Yaşadığı ölkədə insanların həddən artıq mehribançılığı və gülərüzlüyü çox xoşuna gəlir. “Adətlərindən çox xəbərdar deyiləm. Bazarlarında isə çox şey tapılmır, əsasən də buğda. Bu il səmənisiz qalmışıq. Çörəyə həsrətəm burda. Çoxusunun tərkibində şəkər var, məcburiyyət qarşısında qalıb yeyirik. Yeməklərini də bəyənmirəm.” Deyir burada hava il boyu sabit olaraq qalır. Temperatur gündüzlər +30-35, gecələr isə +28-29 arası olur. Oktyardan aprelə qədər yağışlar yağır. Ümumiyyətlə burada il boyu yağış yağır.“Buranın insanları xaricilərə böyük hörmət bəsləyirlər, ona görə də bizi çox yüksək səviyyədə qəbul edirlər. Azərbaycanı çox az tanıyırlar, soruşanda ki, haralısan, deyirəm Azərbaycandanam. Görürəm üzümə baxırlar, deyirəm türkəm. O zaman anlayırlar. Mən ümumiyyətlə yaşadığım ölkəni dünyanın heç bir yerinə dəyişmərəm.Yaxşısı ilə də, pisi ilə də mənim vətənimdir. Darıxanda inanın səmimiyyətimə, məni bu sayt sakitləşdirir. Qadın.net sayəsində vətəndən ayrı yaşadığımı bir o qədər də hiss etmirəm.

Aysen- Rusiya, Vladivostok

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Adı Ayşəndir, ailəlidir, bir oğlu var. Qadın.neti yemək reseptləri axtararkən tapıb.Vladivostokda yaşayır. “Bura Azərbaycandakı kimi deyil, sərbəstlikdir. Qadın və kişi bərabərhüquqludurlar, bu da mənin ürəyimcədir. Bizdə qızlar valideyn nəzarəti altında olur, amma burda belə deyil. İstədikləri vaxt evə gəlirlər, sevgililəri ilə bərabər olurlar və s. Bu bizə görə heç də yaxşı iş deyil, çünki biz müsəlmanıq. Bazarlarına gəldikdə isə mən bazarlıq etmirəm, yoldaşım alır, mən də yeyirəm. Dünyada ən dadlı yemeklər Azərbaycan yeməkləridir. Buranın yeməklərindən heç xoşum gəlmir. İqlimi də xoşagələn deyil, demək olr ki, yay keçmir. Qışda dəhşətli soyuqlar olur. Çöldə buzun üstündə gəzirik. Azəriləri yaxşı qarşılayırlar, Vladivostokda çoxlu rəfiqələrim var, yayda istirahət etmək istəyirlər, məndən Azərbaycanı soruşurlar. Bir çoxu Bakını tanıyır. Azərbaycanın heç nəyini buranın hər hansı bir şeyinə dəyişmərəm. Azərbaycanda doğulmuşam, Azərbaycanda böyümüşəm, Azərbaycanda qalasıyam (…azəri balası). Rusiyaya öyrəşə bilmirəm, həyat yoldaşım həmişə yanımda olur, məni hər gün gəzdirir, bəzən yeməyə dəvət edir. Amma yenə də çox darıxıram, Röyanın mahnılarını dinləyirəm, çox bəyənirəm. Valideynlərimlə danışıram, gəzməyə çıxıram darıxanda. 

Nazuletta-Finlandiya, Espoo

Qadın.netin xaricdəki xanımları (I hissə) 

 

Ailəlidir, tələbədir. Finlandiyanın Espoo şəhərində yaşayır. Qadın.net saytını qəribə bir üsulla tapıb. “Bir dəfə “google” da maraq üçün qadın.com yazdım, alınmadı, qadın.az yazdım, yenə alınmadı. Sonuncu dəfə qadın.net yazdım alındı.” Həmsöhbətimiz deyir burada istər insanın, istərsə də bitki və heyvanın öz haqları var. Təbiət yüksək dərəcədə qorunur, ekologiya birinci yerdədir. Ən təmiz su və havası olan ölkələr sırasında ilk yerləri tutur. Buranın vətəndaşları və daimi yaşayış yeri olanlar küçədə heç vaxt ac qalmazlar. İnsanları gülərüzdürlər, stress yox dərəcəsindədir. Mənfi xüsusiyyətləri də var. Cavanların yarısının beynindən özünü öldürmək keçir, narkomanlar çoxdur, ruslar kimi bunlar da yaman içki içən millətdir. Krizisdən sonra cavanların iş tapması çətinləşib, ərzaqın qiyməti yenidən qalxıb.Bazarlarda təzə meyvə-tərəvəz yoxdur.Hamısı ya istixana malıdır, ya da İsraildən, İspaniyadan gətirilmə məhsullardır.Onlara yolda gələndə, uzun müddət anbarda qalıb xarab olmamaları üçün o qədər dərman vururlar ki, meyvənin nə dadı qalır, nə də vitamini. Bu yaxınlarda kəşf etdiyim ən dadlı kartof tapdım burada, fransız kartofları. Çaya kəklikotu qatırıq deyə, anam mənə Bakıdan göndərir, burada yoxdur. Şabalıdlı aş üçün ürəyim gedir, şabalıd da ki ancaq konservləşdirilmiş çin şabalıdlarıdır. Ən bəyəndiyim yemək – çuğundurlu küftələrdir.Tərkibi kök, çuğundur və mal ətindən ibarətdir. Finlandiyada həsrət qaldığım şey – ana dilimdir, anamın məndən uzaq olmasıdır, anamın yeməkləri və məhəllədə “Xlor!”, “Qatıq, süüüüd!”, “Nəziri olanlaaaaar…” – kimi eşitdiyim “folklor” nümunələridir. Isti və mülayim havaya həsrət qalmışam. Bu şaxtalar axırıma çıxacaq deyəsən.Bu il qışda temperatur -29 dərəcəyə kimi düşdü, keçən yayda isə  +34-ə kimi qalxdı, amma bu istilik qış üçün tikilmiş evlər üçün bir faciə idi, evdə hamı yanırdı, baxmayaraq ki, küçədə istiyə dözmək olurdu. Evlərin ventilyasiya sistemi elə qurulub ki, qış üçün əlverişli, yay üçün istidir. Yanırdıq. Finlandiyada Azərbaycanı “Eurovision”dan tanıyırlar, burada çoxları üzdən gülümsəyirlər, içdən nifrət edirlər, hamıya eyni gözlə baxmırlar.Azərbaycan yaxşı, ya pis – vətənimdir. Onu heç bir ölkə üstələməz.“Yaşamağa qərib ölkə, ölməyə vətən yaxşı”. Buranın bəzi qanunlarına, şaxtalı havasına öyrəşə bilmirəm.Vətəndən ötrü darıxanda açıram azəri kanalları, reklam roliklər kimi olur haa, musiqili kadrlar gedir, bulvarı, ”tarqovıyı”, təzə tikilmiş binaları, Bakı küçələrini göstərirlər, onlara baxıram və ürəyimi az da olsa boşalda bilirəm.”

İlahe1991-Rusiya, Moskva

Qadın.netin xaricdəki xanımları (I hissə)

 

Adı İlahədir, 19 yaşı var, nişanlı tələbədir. 1999-cu ildən vətəndən kənarda yaşayır, Moskvada. Amma gələn aydan Azərbaycana köçür və buna da çox sevinir. Günlərin gözəl bir günü oturub “google” da dinlə ilgili hədislər axtararkən qadin.net saytını görüb və çox bəyənib.O saat da qeydiyyatdan keçib, artıq 3-4 aydır ki, bizimlədir. Təkrarən buranı çox bəyəndiyini deyir. “Rusların xoşlamadığım adətləri yoxdur. Bura gələndən Pasxa bayramını çox bəyənirəm, bilirsiniz niyə, bizim novruz bayramındaki kimi burda da yumurta boyayırlar, amma şəkərbura və paxlava yox, blini bişirirlər. Bazarlarında isə çox şükür hər şey tapılır. Dükanlarda bizim “riçal su”, “ azəri çay” satılır. Bu da mənim üçün çox xoşdur.Bu məhsullari ruslar alırlar.” "Orada nəyə həsrət qalmısınız?" sualına – “baxın, qarşıdan novruz bayramı gəlir, ancaq biz uzaqdayıq vətəndən.Mən öz adət-ənələrimizə həsrət qalmışam, səməni istəyirəm, tonqal üstündən hoppanmaq istəyirəm, qapı pusmaq istəyirəm, gedim kimin qapısını pusum? Bayramlar maraqsiz keçir burda.” Yaşadığı ölkənin yeməklərindən ən çox bəyəndiyi blini, pelmenidir.Elə indiki havanı da bəyənir, deyir çöldə çox gözəl hava var, -2 dərəcə,əsl yaz- bayram havası wink . Havanın hərarəti maksimum -7 dərəcə olur buralarda. (P.S. –görəsən ora Moskvanın hansı gizli guşəsidir ki, orada maksimum temperatur -7 dərəcə olur? no ) İlahənin fikrincə, orda xarici cavanları əla qarşılayırlar, onun özünün də çoxlu rus dostu var, amma bəzi qoca “babuşkalar” da var ki, gözləri qara milləti götürmür. Amma yenə də buranın hər şeyinə öyrəşmişəm. Deyir bizi tanıyırlar burda əlbəttə, Azərbaycanı tanımamaq olar? Heyif deyil öz vətənim, onun torpağını, havasını, suyunu buranın heç nəyinə dəyişmərəm. Darixanda azəri kanallarını izləyirik, həm də internet vasitəsi il qohum-qardaşla danışırıq, başımız qarışır.

17 mart 2011
GO BACK