Qadin.NET / Qadin.Net dilə gəldi...

Qadin.Net dilə gəldi...

Qadin.Net dilə gəldi...
Günlərdən şənbə idi. Hava sakit, səma isə aydın idi. Təmiz hava almaq məqsədilə həyətə çıxdım. Özümlə də bir kitab götürdüm. Dedim hava alarkən vaxtımı boş yerə itirməyim. Kitabı yenicə vərəqləmişdim ki, arxamdan biri səsləndi və yanımda əyləşmək istədi. Üzərində baş aça bilmədiyim tərzdə bir geyim var idi. Geyiminin bir hissəsi təzə, təmiz idi. Digər hissəsi isə bir qədər yaprıxmış və əldən düşmüşdü. Bu adam diqqətimi özünə maqnit kimi çəkmişdi, amma tərbiyəsizlik kimi çıxmasın deyə kitabımı vərəqləyirdim.
- Deyəsən, məni tanımadın.
Onu ilk dəfə gördüyümə əmin idim. Amma buna baxmayaraq siması tanış gəlirdi.
- Bağışlayın, üzünüz tanış gəlsə də, sizi tanımıram.
- Hə, nə olar ki, bu saat tanış olarıq. Mənim adım Sistemdir.
Çaşmışdım. Belə də ad olar? Yəni hələ də uşaqlarına bu tip adlar qoyan valideynlər var?
- Mənim isə
- Bilirəm. Hamınızı tanıyıram, Səni də, Ceylan xanımı da, Afət xanımı da, Xəyalə xanımı da, hamınızı. Axı mən Qadın.Netin Sistemiyəm. İndi oturub hər kəsin adını saysaq, mənim bura gəlişimin məqsədindən yan keçmiş olacayıq.
Bunun bir zarafat olduğunu düşünürdüm. Uzun söhbətdən sonra aydın oldu ki, Sistem deyə özünü təqdim edən bu şəxs heç də adam deyilmiş. Yəqin bu bir sehrdir. Bizim saytın sistemi dilə gəlib, adam cildinə girib. Qətiyyən inanılmaz bir haldır. 
- Hə, bax belə. Gəlişimin bir məqsədi var. Qarşıma ilk sən çıxdın deyə sənə danışacam dərdimi. Sən də imkan daxilində bunu hər kəsə danış. Paltarımı görürsən də, bir tərəfi artıq köhnəlir. Paltarlarım əslində müəyyən qədər Qadın.Neti təmsil edir. Mən elə bir sisteməm ki, çoxları mənim yerimdə olmaq istəyir. Amma hər kəsin buna gücü çatmır. Çoxları belə baxanda məndən ibrət alır, yeni məlumatlar öyrənir, yeni bacarıqlar əldə edir, yeni insanlar tanıyır, dərdini bölüşür və dünyasını gözəlləşdirir. Hamının rəqibləri olduğu kimi mənim də rəqiblərim var. Hərçənd ki, mən heç kimlə rəqabət aparmıram. Düşünürəm ki, bu dünya hamımıza çatar və əl-ələ tutub sadəcə onu gözəlləşdirməliyik. Bax, bütün bu gözəllikləri paltarımın səliqəli hissəsinə diqqətlə baxsan, görəcəksən. Digər hissə isə ən yaralı yerimdir və səndən, eləcə də məndən istifadə edən hər kəsdən onu düzəltməkçün kömək istəmək qərarına gəlmişəm.
Qadin.Net dilə gəldi...

- B... biz.. 
- Səbr elə hələ, bilirəm ki, baş verənlərə alışa bilmirsən. Amma dünyada hərdən belə şeylər də olur. Deməyim odur ki, mənə kömək edin ki, daha da çiçəklənim, fərəhlənim.
- Necə?
- Çox sadə. Mənə məlumat yükləyən, xəbər göndərən hər kəsə müraciət edərək de ki, səliqəli olsunlar. Qoyduqları hər xəbəri adıma layiq qoysunlar. Axı Qadın.Net kimi təkrarlanmayan ikinci bir portal demək olar ki, yoxdur. Mənim sistemimdə Azərbaycan əlifbası ilə yazmaq və tərcümələri gözəl etmək gərəkdir. Şəkillər seçərkən mütləq onun keyfiyyətinə fikir vermək və mövzuya uyğun, loqosuz şəkillər seçmək lazımdır. Bir neçə redaktorun bu qüsurları düzəltməyi gördüyün kimi həm məni, həm də onları heyfsləndirir. Axı mən hər bir istifadəçimi çox gözəl tanıyıram. Bilirəm ki, hər biri istəsə, qoyduğu xəbərləri yüksək dərəcədə keyfiyyətli edə bilər, amma çoxu etmir. Bax, bu da mənim xətrimə dəyir. Söz ver ki, bunu istifadəçilərimə deyəcəksən. Qoy, mənim qədrimi bilsinlər ki, mən də onların rəngarəng həyatlarını daha da gözəlləşdirə bilim.
Bir xeyli danışdıqdan sonra birdən gəldiyi kimi də, birdən yox oldu. Ətrafa çox baxdım, amma ondan qəti bir iz görmədim.
Bax belə. Bu da mənim başıma gələnlər. Söz verdim və sizə çatdırdım. Siz isə oxuyun və mənimlə birgə nəticə çıxarın.
7 avqust 2014
GO BACK