Qadin.NET / Balalarımızın şirin sözləri (Son)

Balalarımızın şirin sözləri (Son)

Gülbəniz.
Mənim böyük qızım balaca olanda öz dilində o qədər danışırdı ki, heç kim başa düşmürdü onun dilini, hətta mən də. Xoruza quqqala mandalinə bi deyirdi. İkinci qızım isə məndən başqa heç kimlə ünsiyyət qurmurdu. Danışmaz danışmaz, danışanda da hamını şoka salırdı. Ona görə ki, sözləri tam tələffüz edirdi. Balacamın isə elə də məzəli, yadda qalan sözləri olmayıb. Çünki körpəliyindən ağır olub. Əmimin bir oğlan nəvəsi var idi ç hərfini deyə bilmirdi z deyirdi "semiçka çırtlamaq" deyəndə uşağa o qədər gülürdük ki. Axırda başa düşmüşdü niyə güldüyümüzü və o sözü işlətmirdi.
Elman Nurlan Balaşkalarım.
Allah bütün balaları saxlasın, mənim körpələrim də onların işində. Mənim birinci oğlum Elman ilk dəfə dil açan vaxtlarda qay qay, də də deyərək səslənirdi. Sonra isə "baba". Biz də fikirləşirdik ki, ən birinci babasının adını deyir və əlbəttə ki, bu hamımızın sevinci idi. Sevincimizin həddi-hüdudu yox idi. İndi Allaha şükür ki, danışır və 3 yaşı var. İkinci oğlum Nurlan 10 aylıqdır. Onun da "dido" ilk dediyi söz olub və yavaş yavaş Allahın köməkliyi ilə danışar. 
Aynişqa Gülüm.
Vallah bizim uşaqlar yeni dil açanda o qədər şirin sözlər işlədiblər ki, çoxunu unutmuşam. Məsələn, böyük qızım qarpıza qa deyirdi, ikinci qızım gözüm aydın demək yerinə bezim aydın deyirdi, oğlum da yeni-yeni danışır. Topa obidop deyir, bacılarına dızzar deyir. Hər gün yeni bir söz öyrənir və öyrəndiyi o sözləri öz şirin tələffüzü ilə dilə gətirir. Uşaqlar evin sevincidir, hər sözləri, hər hərəkətləri bizləri ruhlandırır.
Rühəngiz.
Allah balalarımızı qorusun, Amin. Mənim də uşaqlarımın ilk dedikləri sözlər yadımda qalmayıb. Amma oğlum bəzi sözlər var idi ki, onları özünəməxsus şəkildə deyirdi. Əl-üzünü gün ərzində o qədər yuyurdu ki, hər dəfə də deyirdi dəslam. Deyirdim, oğlum dəsmal de, yenə öz dediyini təkrar edirdi. Şkafa şfak, qlazoka qzalok deyirdi.
Balalarımızın şirin sözləri (Son)

Zəhra.
Mənim 2 qızım var. Böyük qızımın 2 yaşı var, adı Zəhradır. Balacanınsa, yəni Ruqeyyəmin 1 yaşı bu ay tamam olacaq. Allah hamınınkın qorusun, içində də mənimkilər. Allaha şükr ikisi də çox aktiv uşaqdılar. İkisi də bir yaşları tamam olmamış danışmağa başlayıblar. Düzdür, Ruqeyyə hələ təzə danışır. Zəhra da 1yaşı olmamış danışırdı artıq. İkisinin də ilk sözləri ana olubdu. Düzdü, uşağın ilk sözü nə olursa, olsun o ana üçün ən böyük sevincdi. Zəhranın bizi, yəni atasını və məni adlarımızla çağırması bizimçün, həm də eşidən hamı üçün çox gülməli olubdu. Hamının dilinə düşmüşdü. Ondan sonra hamı atasını Zəhranın diliylə çağırır. Elə indi də elə şirin danışır ki, hamı onun danışmağına gülür. Bax ,belə Ruqeyyədən yaza bilmirəm, çünki hələ təzə danışır. Məndən bu qədər.
S.N.
Menim oğlumun payızda artıq 8 yaşı olacaq, amma elə bilirəm ilk dəfə dünən almışam onu qucağıma. Dünən çəkmişəm onun çiçək kimi təmiz, saf qoxusunu ilk dəfə içimə. Bütün valideynlər kimi biz də onun hər qığıltısına, ağzından çıxan hər kəlməsinə və bu kəlmələrdən düzələn anlaşılmaz cümlələrə sevinib gülmüşük. Onun ilk sözlərindən 1-i "anni" olub ("ana" mənasında). Hamıya "anni" deyirdi. Su və ya çay istəyəndə "aydi istiyir" deyirdi. Bibisinə də "buvvə" deyirdi. Amma ən çox güldüyümüz, bilmirəm azərbaycanca da elədirmi, atvyortka deyilən alət var ona "akurut-makurutun" deyirdi. Bilmirəm bu sözü niyə belə qəlizləşdirirdi öz dilində, amma nə qədər düz dedirtməyə çalışsam da, həmin an düz tələffüz eləyir, sonra yenə bildiyi kimi deyirdi. Təbii ki, çox sözlər olub, amma yadımda qalan ilk sözlər təxminən bunlardır. Allah bütün balaları qorusun, hifz etsin, nəzərində saxlasın. Onların şirin dodaqlarından gülüşü əskik etməsin. Valideynlərin əməyi yerdə qalmasın. Anaların, bacıların gözləri yaşla dolmasın, yolda qalmasın. Amin! Sənə də canım, mələk bacım, bir daha təşəkkür edirəm və xəbərinin uğurlu alınmasını diləyirəm. Allah köməyin olsun.
Balalarımızın şirin sözləri (Son)
Zehra (Sapfir)
Mənim iki qızım var. Hər ikisi də çox şirindilər. Böyük qızım 7 yaşında, kiçik qızım 4 yaşındadır. Hər ikisi bizi gün ərzində yetəri qədər güldürürlər. Ancaq birinci qızım dil açmağa təzə başlayanda ma-ma-ma-am... deyə uzadırdı və bizi o ki var güldürürdü. Sonra tam danışmağa başlayanda elə söz dedi ki, heç bizim evdə o sözdən istifadə edilməyib, belə söz deyilməyib. Yoldaşımın dostu bizə gəlmişdi və nəsə danışıb möhkəm gülürdü. Qızım isə elə qəfil dedi ki, Adamsan, adam balasısan... bəsdid a ta.
Belə ki, bizi öz şirin sözləri ilə çox güldürüb.
Qızıl Gül.
Mənim bir oğlum var. Adı Poladdır. Aprelin 8-i anadan olub. Bütün analar kimi mən də bu sevinci yaşadım. Onun hər gülüşü, sevinci, ağlamağı, danışmağı məni daha da ruhlandırır. Allah arzusunda olan bütün valideynlərə qismet eləsin. Amin. Ona baxıb sevinirəm. İlk dəfə dediyi sözlər çətin sözlər olub. 
Balalarımızın şirin sözləri (Son)
Xatirə Həbibova.
Mən təzə evliyəm. Ona görə hələ balam yoxdur, İnşəallah olar. Amma bacımın 2 şirin balası var. Balaca qızının bir neçə bizim üzümüzdə gülüşlər yaradan sözləri var. Məsələn, hər kəlməsini mahnı ilə ifadə edir. Bibisi həmişə ona deyir ki, sən mənim atamsan, anamsan, qardaşımsan. O da deyir yo ata menimdi. Bibisi zəng vurur anasına o saat deyir ki, bibi dedi sən mənim atamsan,anamsan.
Aysun Məmmədova(yəni özüm)
Mənim 2 şirin balam var. Oğlumun bizi güldürən sözləri çox olub 3 dili qarışdırır bir-birinə və danışır. Anam 1 il idi Bakıda qalırdı. Ancaq skaypla danışırdıq. Anam qayıdanda oğlum baxdı üzünə dedi ki, nənə mən səni gözümlə görürəm. Bir dəfə də gördüm eyvandan sevincək gəldi. Dedim "Asi, nədi?", dedi "Gəldilər.", soruşdum "Kim gəldi?", deyir "Xatış (gəlinimiz)", dedim "Kimlə gəldi?", uşaq sevincdən day-day deməyi unutdu, dedi bir dənə kişiylə. Cıqqılımın da bir neçə sözü var, amma hələ ki, təmiz dil açmayıb deyə hər sözü gülməlidi. Ən çox da əmimdən qorxur deyə deyirəm "Bax, İsi gəldi, am elə". Əvvəllər aldada bilirdim, indi isə deyirəm İsi gəldi, hara gəldi başlayır vuraraq İsi çağırmağa. Artıq ondan da qorxmur.
10 sentyabr 2014
GO BACK