Xəyalə Murad
Hələ orta məktəbdə oxuyanda deyirdim ki, ilk makiyajımı ailə quran günü, yəni toy günümdə çəkəcəyəm. Düzünü desəm, güləcəksiniz, ancaq həqiqətən kirşanın və ənliyin nə olduğunu, hansının nəyə istifadə edildiyini bilmirdim. Çünki maraqlanmırdım. Makiyaj mənim üçün maraqlı deyildi. Gündəlik halım mənim üçün təbii olmaqla yanaşı, həm də rahat idi. Tezdən oyanıb işə tələsdiyim halda makiyaj çəkməmişəm deyə qızıl dəqiqələrimi sərf etmək mənim üçün axmaq fikir kimi görünürdü. İlk dəfə 22 yaşımda nişan günümdə iki rəfiqəmin təkidi və qaynanamın israrı ilə razılaşdım. Nişan günümdə ilk dəfə üzümə makiyaj çəkilib. Dediyim kimi, heç bir makiyaj vasitəsini tanımırdım deyə nələrdən və xüsusilə də hansı markadan istifadə edildiyini bilmirəm. Hal-hazırda makiyajdan hər hansı bir tədbirə gedərkən istifadə edirəm. Gündəlik makiyaj çəkmirəm. Qeyd edim ki, artıq hər bir makiyaj vasitəsini tanıyıram və çəkdiyim makiyaj hər kəs tərəfindən bəyənilir. Rəngli qələmlərə çox üstünlük verirəm. Mavi, bənövşəyi rəng qələmlər qara rəngli qələmdən üstündür mənim üçün. Toy və ziyafət məclislərinə qələm yox, layner çəkirəm.
Ibrahimova Gulya♥S♥
Mən ilk makyajımı 2009-cu ildə etmişəm, məktəb həyatımla vidalaşıb gənclik çağıma addımlarımı atdığım zaman. Ziyafət makiyajı, əsasən tünd tonlarda idi. Göz qapaqlarımı gümüşü və qara rəngli kölgə ilə bəzəmişdim, gümüşü rəngi əsasən paltarıma uyğun seçmişdim. Tuş, açıq çəhrayı rəngli dodaq boyası və ənlik ilə tamamlamışdım. Amma gündəlik həyatımda ümumiyyətlə makiyajdan istifadə etmirəm, vacib yerlərə gedəndə solğun rənglərdən istifadə edirəm.
Agat_♥
Mən makiyaja o qədər də önəm vermirəm. Çünki mənim üçün ən gözəli təbii olandır. İlk makiyajımı isə buraxılış gecəsi etmişdim. Ondan sonra bir də Allah bilir neçə ildən sonra makiyaj etməyə başladım. Makiyaj deyəndə ki, istifadə etdiyim göz qələmi və dodaq boyasıdır. Çox nadir hallarda da ənlik istifadə edirəm. Sadə göz makiyajını daha çox sevirəm. Əsas isə odur ki, insan daim ona yaraşan bir makiyaja müraciət etsin və bayağılıqdan uzaq dursun.
Ellada Babayeva
İlk makiyajımı anamın istəyi ilə 24 yaşımda məcburən etmişəm. Toya hazırlaşırdım. Əsas dodaq boyasından, tonal kremdən, göz kölgəsindən istifadə edirəm. Göz qələmindən istifadə etməyi xoşlamasam da aradabir həvəsim olanda istifadə edirəm.
AYSUN MEMMEDOVA
İlk makyajımı 16 yaşımda, məktəbə gedərkən etmişdim. Anamı razı salmaq vaxtımı aldı, amma nəhayət ki, razı oldu. Hansı marka olduğunu tam yadımda saxlamamışam. Çünki anamın makyaj vasitələri idi. İndi isə heç makiyaja həvəsim yoxdur, evdə çəkməcə doludur makiyaj vasitələri ilə, amma ən son nə vaxt istifadə etdiyimi xatırlamıram.
Su perisi
İndiyədək yadımdadır, ilk makiyajım 13 yaşımda olmuşdu. İlk dəfə dodaq boyası və tuş çəkmişdim. Onu da qorxa-qorxa, atamdan gizlin. Sonradan 11-ci sinifdə oxuyanda göz qələmi və bəzi kremlər çəkməyə başladım. Əsasən sadəliyi sevirəm. Ən çox işlətdiyim tuş və göz qələmidir.
♥Aynişka Gülüm♥
Mən ilk makiyajımı 8-ci sinifdə oxuyanda etmişəm. O vaxt biz məktəbdən şəkil çəkdirməyə getmişdik və müəllimlərdən gizlin qızlarla çox sadə bir makyaj etmişdik ki, hiss olunmasın. Həmin şəklimiz indi də məndədir. Bəzi qızlarda hiss olunsa da, məndə o qədər də gözə çarpmır. Sonra da təbii ki, son zəngin qonaqlığında makiyajdan istifadə etmişdim. Amma makiyaj etməyə tələsmək lazım deyil, hər şeyin öz vaxtı var.
PƏRVANƏ ƏLİYEVA......
Allah bütün analara can sağlığı versin, mənim anam da içlərində. Mənim bir anam var ki, indinin indisində də at oynadır. Mənim 20 yaşım artıq tamam olmuşdu. O yaşıma kimi də kosmetikanın nə olduğunu bilmirdim. Bilirdim nədir, amma istifadə etmək nədir? Olmazdı. Tələbə idim artıq. Nişan günümdə ilk dəfə kosmetikadan istifadə etdim. Təsəvvür edin ki, bir göz qələminə icazə verdi, bir də tamamilə rəngi olmayan dodaq boyasına. Belə deyim ki, istifadə etməsəydim ondan yaxşı idi. Ailə quracağım günü gözləyirdim ki, bircə bolluca kosmetika edib gəlim atamgilə, anam görsün. Onun reaksiyasının necə olacağı mənə maraqlı idi. Gəldim, reaksiyası çox normal oldu. Dedi indi özün, bir də yoldaşın bilərsiniz. Mən artıq qarışmıram.
Rəvanə
İlk makiyajımı 2010-cu ildə, 15 yaşımda etmişəm. Texnikuma girəndən sonra, ilk dərs günümdə istifadə etmişəm. Xatırladığım qədərilə ənlik, göz qələmi, tuş və dodaq boyasından istifadə etmişəm. Valideynlərim makiyaja qarşı çıxmayıblar, əksinə, yaxşı baxıblar. Həmin vaxt makiyajdan az istifadə edirdim, amma indi çox istifadə edirəm.
Mən...
Mən yaşıma görə makiyajdan istifadə etməsəm belə bəzi dodaq nəmləndiricilərindən istifadə edirəm. Dodaqlarım quruduğu üçün onları nəmləndirmək və quruluqdan xilas etməliyəm. Bunu üçün də ən yaxşı yol elə nəmləndiricilərdir. Mənim ilk dodaq nəmləndiricimi əziz anam bu il alıb. Özüm makiyaj etmirəm, elə bir fikrim də yoxdur.