Əziz Qadın.Netlilər... Bu dünyada təbii ki hamımız üçün dəyərli olan insanlar var. Adi günlərdə, yaxud bizim hansısa bir xoş günümüzdə dəyər verdiyimiz insanlar tərəfindən əşyalar təqdim edilir. İllər keçsə də o əşyalar öz dəyərini itirmir. Mənim məqsədim də Qadın.Net istifadəçilərinin ən dəyərli əşyalarını bizimlə bölüşməsidir. Onun üçün də belə bir xəbər hazırladım. Güman edirəm ki, hamımız bəyənəcəyik.
Xəyalə Murad
Hər bir insanın çox dəyərli əşyası olur. Mən də bir neçə dəyərli əşya sahibəsi olduğum üçün bu xəbərə dəvət alanda məhz hansını təqdim edəcəyim barədə düşünməyə başladım. Nəticədə qərara gəldim ki, dəyərli əşyalarımdan yalnız birini sizə təqdim edim. Yəni kitablarımı. Elə düşünməyin ki, mənim kitablarım məhz bu qədərdir. Sadəcə olaraq onları bir şəklə sığdıra bilmədiyim üçün əl altında olan, tez-tez vərəqlədiyim kitablarımı sizə təqdim edirəm. Bir cərgədə Gülşən yazarımızın mənə hədiyyəsi olan “Gözəllik reseptləri” adlı kitab, digər tərəfdə isə müəllifi olduğum ilk dedektiv-povestimdir. Gördüyünüz digər kitabların hamsı mənim “dostlarımdır”. Hər birini xüsusi zövqlə oxuyub onlardan bəhrələnirəm. Onların sayı hər ay artmağa davam edir.
Ayten
Əlimdəki üzük anamın hədiyyəsidir. Məşhəddən gətirmişdi, artıq 8 ildən çoxdu ki barmağımdan çıxarmıram, bircə xəmir işi görəndə çıxardıram. Bu kiçik boyundan asılan Quran isə canım qardaşımın toy hədiyyəsidir. Mən ailə həyatı quranda balaca idi, özü pul yığıb bunu mənə almışdı, o gündən saxlayıram.
Narın Əliyeva
Oturdum çox fikirləşdim ki, ən sevdiyim əşya hansıdır? Ağlıma heç nə gəlmədi, amma birdən yadıma düşdü ki, notbukumu hər şeydən çox sevirəm... Canım "Toshiba"m, sənsiz bir günüm olmasın.
YeqiŞ
Hədiyyələri qəbul etməyi bacar. Əgər hədiyyə edirlərsə, deməli layiqsən! Düzdür, insan üçün əziz olan çox şey ola bilər, mənim də demək olar ki, sevimli, canım qədər qoruduğum bir hədiyyəm daha əzizdir. Məktəb illərimdən - ibtidai sinifdən həmin qızla dostluq edirdik. 1999-cu ildə Yessentukiyə getmişdi, ordan mənə hədiyyə olaraq bu suveniri gətirdi. Elə ondan mənə qalan bir bu, bir də 100 məktubu oldu. Məktəbi bitirdik, onlar başqa şəhərə köçdülər, köçənə qədər gediş-gəlişimiz oldu, sonra heç bir xəbər bilmədik bir-birimizdən. Hələdə gözüm yolda, qulağım səsdədir. Maraqlısı isə odur ki, mətbəx mebelim divardan gecə saatlarında qırılıb düşdü, hər bir əşyam sındı, bu suvenirə heç nə olmadı. Ondan sonra daha əziz oldu bu əşya mənə. Kaş bu xəbər vasitəsilə, bu əşya vasitəsilə Elişimi tapardım. Çox darıxıram onun üçün.
APENAS
Həyatda tək can dostumun ad günümdə mənə olan ilk hədiyyəsi - hər an, hər dəqiqə mənimlə olan ən çox sevdiyim tək əşyam.
BİBİXANİM
Bu boyunbağı mənim yoldaşımın mənə hədiyyə etdiyi ən dəyərli əşyadır. Zövqlə seçilən bir hədiyyədir. Həm boyunbağısı, həm də sırğası var. Çox vaxt boynumda olur. Allahdan hamıya sevgi dolu həyat arzu edirəm. Sevib-sevilmək doğurdan da gözəldir. Bu da mənim sizə göndərdiyim ən dəyərli hədiyyəmdir. Buyurun, canım mənim!
Happiness lady
Mənim ən dəyərli əşyam həyatda mənim üçün ən dəyərli olan nişanlımın - ömrümün mənim üçün aldığı bu üzükdür. Nişanlımı ömrümün axırına kimi ürəyimdə daşıyacağım kimi bu üzüyü də ömrümün axırına kimi barmağımda daşıyacam.
Miss lady-89
Ən çox sevdiyim müəlliməmin mənə hədiyyəsidir. 10 ildir ki, bu məndədir. Çox sevirəm və qoruyuram bu hədiyyəni. Hər gün gözümü açanda onu görürəm və çox sevdiyim müəlliməm yadıma düşür.
PERVANE ELIYEVA......
Əslində belə götürəndə evimin hər guşəsində olan əşyalarımın mənim üçün çox böyük dəyəri və xatirəsi var. Amma illərdir ən dəyərlisi bu qızıl dəstimdir. Biz illər öncə yoldaşımla ailə qurduqdan sonra onun mənə ilk hədiyyəsi o dəst olmuşdu. O dəsti ailə qurduqdan bir il sonra ilk ildönümümüzə almışdı. Ondan sonra nə qədər qızıl alsam da bunun yerini, dəyərini heç biri vermir. Keçmişə qaytardın yenə məni...
creativka
Həyatımda dəyərli əşyalarım çoxdur. Ən çox da ailəmin mənə bağışladığı hədiyyələr mənim üçün əvəz olunmazdır. Qızım dünyaya gələndən hər dəfə ona bağışlanan hədiyyələri çox sevirəm. Bu oyuncaqların bəzilərini ailəm, çoxunu isə yoldaşım alıb. Hər iki gündən bir oyuncaqla gəlir. Şəklə ancaq bunları yerləşdirə bildim. Uşaqlıqda heç mənim bu qədər oyuncağım yox idi. Davamlı olsun xəbərin.
Ardı var...