Qadin.NET / Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

PERVANE ELIYEVA .......

Bəs siz 16 yaşlı özünüzə nə yazardınız? Bu xəbərin adını eşidəndə mənə çox çətin gəldi. Çünki 16 yaşımdan neçə illər keçib. Bu xəbərə görə özümü 16 yaşlı bir yeniyetmə kimi hiss edib belə yazardım. "Salam Pərvanə... Sənin bəzi xasiyyətlərin heç xoşuma gəlmir. Sən çox küsəyən, çox qısqancsan. Məncə bu xasiyyətini dəyişsən yaxşı olar. Sən atanın adi bir sözündən küsürsən, evə gələn yaxın qohum qızları atana qısqanırsan, fikirləşirsən ki, atan onları səndən çox istəyə bilər. Amma düz fikirləşmirsən. Mən səni anlayıram, başa düşürəm ki, atanı cox istəyirsən. Düşünürəm ki, hələ çox gəncsən, gələcəyin qabaqdadır. Ola bilsin ki, illər keçdikcə bu xasiyyətin də keçəcək. Amma keçməsə, bir vaxtlar gənc bir qız olub ailə həyatı quranda bu xasiyyətini həyat yoldaşın qəbul etməyəcək, bu da səni çox incidəcək. Əgər bacarmasan sadəcə özün kimi ol. Səni çox istəyirəm. Xoşbəxt ol!

Dəniz84

Salam Aysel, ilk öncə necəsən? 16 yaşın olsa da fikir və düşüncələrinə görə həmyaşıdlarından daha böyük görünürsən. Ətrafındakı qızlar sevib-sevilməyi düşündüyü halda sən daha çox "Oxuyum, gələcəkdə diplomat olum" deyirsən. "Sevgi boş şeydir" - deyib inanmırsan belə şeylərə. Müəllimlərin sevimlisisən. Ancaq xətrinə dəyənlər, zaman-zaman səni incitmək istəyənlərə onların qəlbinə dəyməyəsən deyə cavab vermirsən. Özünə inamını heç vaxt itirmə. Düz yoldasan. Bir səhv edəcəksən. Sən hüquqşünas olmaq istəsən də atan bu sənətin sənin üçün uyğun olmadığını, ən yaxşısı ingilis dili müəlliməsi olmağını söyləyəndə günlərlə ağlayacaqsan. Və sırf atana inad heç birini seçməyəcəksən. Bu sənin ən böyük səhvin idi. Arzularının arxasınca getməli idin. Qızlara xas olan xüsusiyyətlərdən yalnız utancaqlıq var səndə. Hərəkətlərin, yerişin, danışığın, oğlan xasiyyətlisən - bəlkə də iki qardaşın bir bacısı olduğun üçündür. Onların arasında sən də kişi xasiyyətli olmusan. Deyim ki, bu xasiyyətin hələ də dəyişməyib. Bir neçə ildən sonra işləyəcəksən. İş yoldaşların sənə "Bir az yerişini düzəlt, əsgər kimi gedirsən, başını aşağı salıb elə tez-tez gedirsən ki, sanki kiminləsə davaya gedirsən" deyə istehza edəcəklər. Ancaq sən busan - ərköyünlüyü, süniliyi bacarmırsan. Ancaq bunu bil ki, elə ən böyük qazancın da budur. Necə varsan, elə də qal. Artıq 19-20 yaşlarında çoxlu kitab oxuduğundan xəyallarında həmişə Leyli və Məcnun, Əsli və Kərəm sevgisi yaşamaq istəyirsən. Ancaq heç kimə inanmadığın üçün sevgi etirafı edənlərin heç birinə inanmır, heç kimi yaxın buraxmırsan. Hey fikirləşirsən ki, mən heç sevməyəcəm. Valideynlərim məni kimə istəsələr ona verəcəklər və bu səni çox kədərləndirəcək. Lakin qorxma, Tanrı sənin qarşına elə bir insan çıxaracaq ki, özün də zaman-zaman şoka düşəcəksən. Çünki, bu insan sənin xəyallarında rəsmini çəkdiyin insan olacaq. Elə bil sən bir-bir demisən tanrı da bu xüsusiyyətləri həmin adamda cəmləşdirib. Çox xoşbəxtsən,  gül kimi 3 övladın var. Demək olar ki, bu yaş üçün çox arzularına çatmısan. Bundan sonra nə olacaq bilmirəm. Bəzən səndən ötrü darıxıram. Ancaq bəzən, çünki həyatım indi daha maraqlıdır. Hələlik bu qədər.

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

YEGiŞ

Yazarkən, düşünərkən özümü lap nağıllar aləminə düşmüş kimi hiss etdim. 15 il əvvələ qaytardın mənı. Necə də olsa böyük kimi düşüncələrim ola bilməzdi axı. Körpə idim...! Ərköyün, nazımı cəkən, kaprizlərimə yorulmadan, usanmadan dözən valideynlərim hər zamanmı mənim yanımda mənəvi, maddi dəstək olacaq, yenəmi onlar ücün böyüməmiş balaca qızcığaz olacağam. Çünki daha böyümüsən, böyük qızsan sözünü heç zaman qəbul etməzdim. Niyə qəbul etdin bəs? Necə qala bilirsən ayla, həftəylə üzünü görmədiklərindən, necə? Çünki böyümüşəm indi. Heç nə istəmədin, heç nə arzulamadınmı böyüyərkən? Yox, sadəcə balaca qalım, hər nazımla oynasınlar. Bu mənim ücün bir dünyadır. Doğurdan da uşaqsan ki, uşaq, ay Yegiş. Gəldi həyatımızın ən gözəl cağları - gənclk..! Hələ uşaqdır, hələ gələcəyi qabaqdadır. Nə uşaq mənə həmişə uşaq gözündəmi baxacaqsınız, mən artıq böyümüşəm. Öz fikirlərim, öz düşüncələrim, öz arzularımla baş-başa qalmaq istəyirəm. Daha yanımda işlətməyin bu ifadələri. Məni keçmişə yox, gələcəyə ruhlandırın. Əziz atam, əziz anam. Deməli ki, bu da bir yaş dövrünün simptomları imiş. Mən yenə də o sözləri eşitmək istərdim... Yenə kecmişə qayıtmaq istərdim. Kaş yenidən doğulaydım mən bu geniş dünyada...

Bir də, bir də qayıdaydı o uşaqlıq illərim...

Bir uşaq tək həyatımı şən qayğısız görəydim...

Happiness lady

Salam Aysel... Mən sənə 2013-cü ildən yazıram. İndi sənin 16 yaşın var və ən böyük arzun təhsil almaqdır və Allah səni bu arzuna çatdıracaq. Təhsildən sonra bilirəm ki, işləmək fikrindəsən, amma bilməlisən ki, qarşına çox sevdiyin birisi çıxacaq və səni qoymayacaq işləməyə, amma üzülmə, bunda da bir xeyir vardır. 23 yaşına kimi bəlkə də çox çətinliklərlə üzləşəcəksən, amma səbr et, Allaha sığın, O istəsə olmazlar da olar, əl aç Allaha, hər gün dua et və inşaAllah hər şey çox gözəl olacaq, arzularnda qurduğun xoşbəxtliyə çatacaqsan.

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

Roza A-ova

Adım Rozadır, 16 yaşım var. Bu yaşıma qədər bəzən peşmanlıq hissi, bəzən də qürur hissi keçirdim. Həyatda bir çox uğurlar qazandım, arzularımın bəzilərini həyata keçirdim, istəklərimin bəzilərinə nail oldum, lakin ən böyük peşmanlığım həyatda sevdiklərimə özümdən çox dəyər verməyim və onlara həddən artıq güvənməyim oldu. Sevdiklərimin bəzisi bunun dəyərini bildilər, lakin bəziləri isə bunun əksini, yəni mənim güvənimi doğrultmadılar. Buna görə də bundan sonra heç kəsə özümdən çox dəyər verməyəcəyəm və hər qabağıma cıxana da güvənməyəcəyəm. Özumə ən böyük məsləhətim universitetə daxil olub, karyeramı qurmaq və həyatda doğru addımlar atmaqdır!

R.G.AL-SU

Salam gülüm, necəsən? Sənə 27 yaşdan bir məktub yazıram. Yaxşı-yaxşı oxu. Hələ 16 yaşındasan, dərk etmirsən, anlamırsan səni qabaqda nələr gözləyir. Həyatının dadını çıxart, ətrafında sevdiklərinlə isti münasibət qur. İbadət et, Tanrının buyurduğu yol ilə get, indidən başla ki, sonradan ''kaş bu yolu illər əvvəl gedəydim'' deməyəsən. Gün gələcək, həyat səni çox uzaqlara aparacaq - qəribliklərə düşəcəksən. Heç nə olmamış kimi, həyat sənə bir kəlmə - ''artıq burdan davam et" deyəcək. 16 yaş nədir ki?!. Amma gələcəkdə ''kaş ki...'' deməmək üçün gözəl yaşdır. İndidən qur planlarını, arzularını. Doya-doya yaşa məktəb illərini. Qəlbin göynəyər o illər üçün. Düzdür, tələbə olacaqsan, həm də nümunəvi tələbə. Amma, tələbəlik yalnız səylərinlə yadda qalacaq. Halal qiymətini müəllimələrindən almaq üçün apardığın bir mübarizədən başqa bir şey olmayacaq o illər sənin üçün. Lakin öyrəndiklərinlə çətinliklərə sinə gərəcək, ağlınla, düşüncənlə söz altda qalmayacaq birisi olacaqsan. İşləməsən də, əlində bir sənətin olacaq, amma yenə məktəb illərin bir başqa iz qoyacaq xəyallarında... Yaşa bacardığın qədər 16 yaşını. Çox gözəl ailən, 2 gül balan olacaq. Ancaq, qərib olacaqsan. Elindən, obandan, sevdiklərindən ayrı bir xoşbəxtliyin olacaq. Gözün yollarda, qulağın daim səsdə, qəlbinin dərinliyində bir qəribliyin olacaq. Günün nə qədər gözəl olsa da, o qərib duyğu səninlə olacaq. Odur ki, yaşa, bu gününü yaşa, bir zamanlar həsrət qaldığın doğmalarınla gün keçir. Zaman gələcək, onları səndən keçdiyin günlər, dolduğun yaşlar alacaq. Çox xahiş edirəm, bu gününün qədrini bil, çünki 22 yaşından sonra hər şey arxada qalacaq və sən ailən, övladların üçün yaşayacaq bir dünya quracaqsan. Vaxt var ikən indiki dünyanı, öz dünyanı yaşa...

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)

Cute angel

Salam, mən sənə 2013-cü ildən yazıram. Gələcəkdən illərin sənə nələr gətirəcəyindən qorxma. Hər üzünə güləni dostun bilmə dost dediyin dönər düşmənin olar. Hər dost dediyinə güvənmə, sirini vermə, tək sirdaşın var - o da bizi yaradan Allah, bir də ailən. Həyatda Allahından, Peyğəmbərlərindən və ailəndən başqa heç kimi sevmə, heç kimə "canım" demə, gün gələr "canım" dediklərin canını elə  yandırar ki, həyatınsənə şirini acı gələr. Heç kimə dəyərindən artıq qiymət vermə. Sənə pislik edənə daim yaxşılıq et, gələcəyini, axirətini əsla unutma, pisliyə pisliklə deyil, yaxşılıqla cavab ver. Unutma, Allah hər şeyi görəndir, biləndir, hər şeyə qadirdir. Qəlbindən Onun sevgisini, qorxusunu əksik etmə . Çalış daim Allahına və ailənə layiq bir qul olasan. Ən böyük sevgi Allaha olan sevgidir, bunu unutma. Daim Allahına sığın və Ona şükür et. Hələlik, Allaha əmanət ol!

APENAS

Salam əziz Yeqiş... Sən hələ çox gənc və həyatsevərsən. Yaxşı günlərin olduğu kimi, əlbəttə ki pis günlərin də olacaq. Bu pis günlər səni qorxutmasın, hər şeyə çox üzülmə, tez inciyib küsmə. Çalış daima gülümsə. Hər zaman sadə, səmimi, mehriban insan ol. Ən pis anlarda belə möhkəm dayan, səbr, dua və şükür et. Allaha sığın hər zaman. Heç kim üçün yox, Allahın əmri olduğu üçün Namaza başla, çünki gələcəkdə tək əskiyin Namaz olacaq. Arzularından yan keçmə, dərslərini yaxşı oxu, gözəl tələbəlik illərin olacaq və qarşıda səni çox gözəlliklər gözləyir. Hər kəsin dediyi kimi sən bütün gözəlliklərə layiqsən...

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)
leman
Salam 16 yaşımdakı mən, necəsən? Bilirəm ki, yaxşı deyilsən... Amma sənə məsləhətim var, diqqətlə oxu və əməl et. Ətrafdakılardan uzaqlaşma, yoldaşlarınla ünsiyyət qur, dost ol. Bilirəm, sənə çətindir, amma özünə inamın olsun, dostluğu bacaran birisən. Canın qədər sevdiyin biri ilə ailə qurub çox xoşbəxt olacaqsan. Bu xoşbəxlik səni qaraqabaq qızdan şən, deyib-gülən, hazırcavab və özünə inamlı bir qadına çevirəcək. Həyatda sevdiklərini çox tez itirəcəksən canım, ona görə də sevdiklərinə zaman ayır. Hələ qabaqda çox illər var deyə düşünmə, onları sevdiyini bildir, əzizim, sonra peşman olmayasan, əzab çəkməyəsən mənim kimi... Düzgün yol seçib namaza, dinə bağlandığın üçün səni alqışlayıram . Özünə yaxşı bax, ailənlə bir yerdə olmağının dadını çıxar əzizim.
♥ Fatimə Cəfəri ♥
Salam Toma. Salam 16 yaşlı mən. Sən indi uşaqsan. Çox çılğınsan, səni incidirlər. Bunlar sənə pis təsir edir və o dəqiqə başlayırsan ağlamağa. Amma 20 yaşında bunlara o qədər öyrəşəcəksən ki, artıq bəzi şeylər səni ağlatmayacaq. Sənin indi komplekslərin var. Hamıdan pis olduğunu, ünsiyyətdə olduqlarının səndən xoşları gəlmədiyini düşünürsən. Amma vaxt keçdikcə bunların mənasız olduğunu özün də görəcəksən. İnsanlara güvənmə. Güvəniləcək biri varsa, bil ki, O, yalnız Allahdır. Əgər bacarsan 16 yaşındakı imanını qoru. Çünki gələcəkdə etmədiyin tövbələrə görə çox peşman olacaqsan. Qarşıda çox peşmançılığın olacağ bəlkə də. Amma heç vaxt həyatdan küsmə və heç vaxt unutma: hər qaranlıq gecənin bir işıqlı səhəri var..
SELENA
Salam, Aliyə.  Necəsən? İndi 4 il əvvələ qayıdacağıq, 16 yaşındakı "mənə" səyahət edəcəyik. Ölümün nə demək olduğunu anlamısan artıq, canından çox sevdiyin  atanı vaxtsız itirmisən və həyatdan küsmüsən. Lakin zaman keçdikcə hər şey düzələcək, çünki zaman bütün dərdlərin dərmanıdır. Sadəcə buna inan və həyatını qiymətini bilərək yaşa. Böyük olan Allah sənə güc verəcək, yardım edəcək və Onun köməyi sayəsində sən yavaş-yavaş özünə gələcəksən. Zamala güləcəksən yenidən, zarafatlar edəcəksən əvvəlki tək. Düzdür, qəlbindəki yara tam sağalmayacaq, hərdən uşaqlıq illərinə qayıdıb atanla keçirdiyin günləri xəyalında canlandıracaqsan.
Çalış hər şeyə səbr edəsən, səbr hər qapının açarıdır. Ətrafındakılara görə deyil, özünə görə yaşa. Aciz olma, indiki dövrdə bu xasiyyətlə yaşamaq olmur. Həmişə ədalətli ol və düzgün insanların tərəfində ol. Heç kimin haqqını yemə. Həmişə Allaha şükür və təvəkkül et.
İnşAllah kollecə qəbul olacaqsan gələcəkdə, orda çox çətinliklərlə qarşılaşacaqsan, amma dözməlisən və səbrlə təhsilini bitirməlisən. Bəzi müəllimələrin insafsız, rəhmsiz olsalar da, sən unutma, Allah çox mərhəmətlidir. Sən sadəcə Ona sığın və hər şey öz yoluna düşəcək zamanla.
Bir neçə il sonra biricik qardaşın əsgər gedəcək, onun üçün çox darıxacaqsan, həm də çox. Bəzən gecələri ağlayacaqsan, amma dözməlisən və dua etməlisən, onun və bütün əsgərlərin sağ-salamat qayıtması üçün dua etməlisən. Allah bütün əsgərləri qorusun. Amin.
Son
23 dekabr 2013
GO BACK