Qadin.NET / Bizim fəlsəfə dünyamız (1)

Bizim fəlsəfə dünyamız (1)

Bizim fəlsəfə dünyamız (1)

Bu dəfə sizlərə fərqli xəbər hazırlamağı düşündüm, əziz Qadin.netlilər. Əlimdən gələn qədər daha maraqlı və rəngarəng alınmasına çalışdım. Güman edirəm xanımların bizlərlə paylaşdığı maraqlı fəlsəfə dünyaları hər birinizin zövqünü oxşayacaqdır. Fəlsəfə elə bir elmdir ki, istənilən insanın fikirlərindən, düşüncələrindən xəbər verə bilər. Olduqca dərin və bir o qədər düşündürücü. Fəlsəfəyə aid gözəl bir söz demək üçün dahi olmağa ehtiyac yoxdur, gözəl düşünsəniz yetər... smile 

Louis Vuitton (Ekspert)

Bu saytda olduğum müddətdə çox mövzularda və müzakirələrdə iştirak etmişəm, xəbər hazırlamaq üçün fikirlərimi almaq məqsədiylə çox təkliflər olub, amma dünyaya və hadisələrə fəlsifi tərəfdən yanaşılacaq mövzu olmamışdı. Aliyə bir yenilik gətirdi bu baxımdan. Təşəkkür edirəm.  winked Bir qədər uzun alınacaq yazdıqlarım, kimsə oxumadan keçəcək, kimsə yarımçıq saxlayacaq, amma inanıram ki, sonadək oxuyanlar da olacaq. Azərbaycan xanımları üçün neçə illərdi xidmətdə olan bir saytın, qadın saytının üzvü olduğum üçün bu gün qadınlardan danışacam. Öz fəlsəfi dünyamdan qadın həyatına baxış edəcəm.

İzahlı lüğətlərdə “qadın” sözünün lüğəti mənası cins etibarı ilə kişinin əksi kimi verilib. Sinonim olaraq “Arvad”, “zənən”, “övrət”, sözləri də işlədilməkdədir…Müəyyən məqamlarda “uşaqların anası”, “baş yoldaşım” “külfət”, “ailəm” kimi də xitab edilib. “Kül tullayan”  kimi etiketlərdə bir zarafat ahəngi olsa da, bir kəniz, qaravaş yanaşması da var.
Elə hesab edirəm ki, izahlı lüğətlərdə nəinki bu sözə, əksər sözlərə onların yalnız qrafik təsvirinə görə məna verilib. Amma əsl mahiyyət, məzmun arxa planda qalıb. Həmin lüğətdən, lap istəsən də hər hansı sözün əhatə etdiyi mənanı tapa bilməyəcəksən. 
Qadın kimdir? Bu sual min illər boyu insanları düşündürmüşdür. Amma müəmmalar, suallar hələ də davam etməkdədir. Yaşadığımız dünyada uca Allahımızın nizamına baxın: insan, bitki, heyvanat aləmində hər şeyi qoşa yaradıb: erkək-dişi. Bu qoşalıqdan, çatpazlaşmadan, ünsiyyətdən insan cəmiyyəti yaranışdan üzü bəri yol gəlməkdədir..Bu insan qafilələri kim bilir hansı əsrlərə gedib çıxacaqdır…
Qadınlığın, qadının keçib gəldiyi yol heç də hamar və düz olmamışdır… Qədim filosoflardan biri bəşəriyyəti quşa, qadınları isə onun qanadlarına bənzətmişlər, yəni qadınlar olmadan cəmiyyət inkişaf edə bilməz. Məhəmməd Peyğəmbər buyururdu ki, qadın cəmiyyətin əsasıdır, ölkənin tərəqqisi deməkdir. Amma təəssüflə deməliyik ki, bu, heç də belə olmamışdır: fərqli yanaşmalar və mühakimələr çox olmuşdur. Məşhur isveç alimi İ.Baxoven öz tədqiqatlarında göstərmişdir ki, mağara həyatında “mənim, sənin arvadın” söhbəti olmamışdı. Olsa-olsa, müvəqqəti ər-arvad münasibətləri olmuşdur.
Sonralar əsrlər keçdikcə, həyat tərzi, insan əxlaqı dəyişilməyə doğru meyillənmişdir. Kişilər səhərdən axşama kimi ovda, işdə-gücdə, qadın isə evdə, ailədə işləyər, uşaq doğar və bu qayğıları da onun qayğılarını qatardı, gecə-gündüzü olmazdı. Qadın bəşər cəmiyyətinin özülünü məhz belə şəraitdə qoyurdu. 
Nəsil törəyirdi və ehtiyac yaranırdı ki, insan mağaradan çıxıb daha rahat yerdə – daldanacaqda, koma və ya evdə ailəsini yaşatsın, uşaqlarını böyütsün. Qadın bunu özü istəyirdi. Daldanacaq, koma qurmaq üçün istifadə edilən vasitə və vasitələr bəşər mədəniyyəti və incəsənətinin ilk nümunələri , özülü idi. Alman ideoloqu K.Kautskinin yazdığı kimi insani sivilizasiyasının ilk yaradıcısı qadın olmuşdur. Sonrakı dövrlərdə qadının cəmiyyətdə artan rolu madərşahlığa (ana qəbilə icması dövrü) keçidlə nəıticələndi. Sonrakı dövrlərdə xüsusi mülkiyyətin yaranması, başqa torpaqlara yürüşlər yenidən cəmiyyətdə kişinin üstün roluna ehtiyac olduğunu ortaya qoydu və matriarxlıqdan patriarxlığa (ata qəbilə içması ) keçidlə nəticələndi.

Qadın qəbilə icması dövrünün bir sıra digər mənfi təzahürləri də olmuşdu. Məsələn, Babilistanda gənc qız ərə getmək ərəfəsində əvvəlcə məbədə getməli, bir neçə kişi ilə əlaqədə olmalı idi. Bir çox digər yerlərdə də belə idi. Qədim Spartada bir neçə qardaşın bir arvadla yaşaması haqqında məlumatlar var. Engels özünün “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində yazırdı ki, ana hüququnun devrilməsi qadın cinsinin ümumdünya tarixi məğlubiyyəti idi. Şərq dünyasında da müəyyən əsarətlər olsa da, namus, izzət məsələsi istər-istəməz kişiyə öz qadınını qorumağa məcbur edirdi.
Qadın hərəkatı liderlərindən biri olan Hanrietta Roland Hols yazırdı ki, o dövrlərdə qadının ürəyi iki yerə parçalanmışdı: bir parçası ailəsi haqqında düşünməli, digər parçası isə ehtiyac içərisində yaşayan ailəsini səfalətdən qurtarmaq haqqında düşünməli idi. Hər bir problem ailələri çirkaba sürüklədiyi kimi, bu ailələrin dağılması da qaçılmaz olurdu. Ayrı-ayrı dövlətlərdə müxtəlif yollarla bunun qarşısını almağa səylər edilirdi. Məsələn, XX əsrdə ingilis kodeksinə görə boşanmaq işi o qədər çətinləşdirilmişdi ki, bunu ancaq pulunun sayını bilməyən bir qrup bacara bilərdi.
Ayrı-ayrı filosoflar, ictimai hərakat liderləri qadın haqları uğrunda davamlı maarifləndirmə aparırdılar. Alman filosofu A.Bebel qadının cəmiyyət həyatındakı roluna böyük qiymət verərək yazırdı ki, qadın öz şərəfli vəzifəsi naminə bütün həyatını təkcə uşaq doğmağa həsr etsə belə, o, döyüş meydanında şəhid olan kişidən çox iş görmüş olur...

Amma nə bəşəriyyətin problemləri bitmir, nə də qadın problemləri tükənmir. Fərqli ölkələrdə fərqlidir bu münasibətlər. İctimai fikir sahibləri, məşhur liderlər, dünyaşöhrətli siyasətçilər və sosioloqlar yekdil fikirdədirlər ki, cəmiyyətin sağlamlığı bu cəmiyyətin qadın və kişilərinin münasibətlərindən xeyli dərəcədə asılıdır. Əgər qadın - kişi münasibətləri qarşılıqlı etimada, hörmətə əsaslanırsa, bu cəmiyyətin sağlamlığı deməkdir. Napoleon yazırdı ki, mənə sağlam qadın verin, mən sizə sağlam cəmiyyət verim.
Fransı maarifçisi Yonvonun da məşhur fikirləri yerinə düşər: o ölkədə ki, qadın alçaldılmışdır, orada sivilizasiya puç olur. O dövlətdə ki, qadın maariflənmişdir, həmin ölkədə xalq öz parlaq gələcəyinə əmin ola bilər...

Mənə elə gəlir bu qədər kifayət edər.  winked

Xəyalə Murad (Redaktor)

Hər kəs fəlsəfi fikirləri çox bəyənir. Onların kim tərəfindən deyildiyinin də önəmi çoxdur. Həyat təcrübəsinə əsaslanan bu deyimlərlə əksəriyyətimiz razı olsaq da, razı olmadığımız fikirlər də vardır mütləq. Mən də ifa etdiyi mənası ilə razılaşdığım fəlsəfi fikirləri qeyd edirəm :

1. Öz planlarımızı qururuq, amma həyatın da planları olduğunu unutmuşuq.

2. Görmək və hiss etmək, mövcud olmaqdır, fikirləşmək isə yaşamaqdır. (V. Şekspir).

3. Şübhələrin hamısına qapı bağlasan, həqiqət də çöldə qalar...

4. Bir düşməninizlə davamlı döyüşsəniz, ona bildiyiniz bütün taktikaları öyrətmiş olarsınız.

5. İndi biz səmada quş kimi süzməyi, suda balıq kimi üzməyi bacarırıq, bizə yerdə insan kimi yaşamağı öyrənmək qalır. (Pikte)

6. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz bundan ibarətdir... 

Bu qədər bəs edər məncə. Çünki bu kimi fəlsəfi fikirlərin sayı sonsuzlaşmaq üzrədir... winked

Bizim fəlsəfə dünyamız (1)

lovable_madam (Redaktor)

Hər birimizin öz xəyal və fəlsəfə dünyamız var. Bəzən öz fikir və düşüncələrimizi heç kimə izah edə bilmirik, bəzən də bizi istədiyimiz kimi başa düşmürlər. Bir ifadə var: “Nə qədər deyirsən de, qarşındakı səni anlayacaq qədər başa düşür.”

Aforizmləri, hikmətli sözləri sevirəm, hərdən yadımda qalan ifadələrdən yeri gələndə misal da çəkirəm. Hətta uşaq vaxtı dəftər də ayırmışdım, qabağıma çıxan aforizmləri ora yazıb tez-tez oxuyurdum. Saatlarla kimsə yanımda fəlsəfi cümlələr desin, heç yorulmaram.

Özüm də bir-ikisini yazım:

"Xoşbəxtliyin mümkün olduğuna inan ki, xoşbəxt ola biləsən."  (Tolstoy)

"Həyat ön sınağı edilməmiş bir teatr nümayişidir. Bu alqışı olmayan teatrın pərdəsi bağlanmadan gülün, mahnı oxuyun, rəqs edin, aşiq olun... Həyatınızın hər anını qiymətləndirin..."

Bir gün bir alimdən soruşurlar:

- Kimdən nümunə götürək? Alimlərdən, yoxsa tacirlərdən?

- Heç birindən, deyə alim cavab verir və davam edir:

- Ən gözəl nümunə uşaqlardır.

- Axı, uşaqlar heç nə bilmirlər.

- Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar. Üçüncüsü həmişə istədiklərini necə əldə edəcəklərini bilirlər. 

Ümumiyyətlə həyat özü fəlsəfədir. Bu “fəlsəfə”ni gəlin gözəl yaşayaq...love

Ləman (Sapfir)

Aliyə, ilk öncə bu xəbərində mənə yer ayırdığına çox sevindim. Mən fəlsəfə ilə əlaqədar yalnız bir neçə söz yazacam, uzun-uzadı fəlsəfi fikirlər paylaşa bilməyəcəm. Çox sevdiyim aforizmləri...

Güman edirəm sizin də ürəyinizdən xəbər verər...

“Gələcəksə gözlənilən, gözləmək gözəldir. Özlənəcəksə darıxılan, darıxmaq gözəldir. Və sevəceksə sevilən - O həyat hər şeyə əvəzdir.”

“Əslində insanı ən çox ağrıdan şey xəyal qırıqları deyil. Yaşanması mümkün, amma yaşamadığı xoşbəxtliklərdir.”

“Göz yaşının belə vəzifəsi varmış - ardından gələcəyə gülümsəmə üçün təmizlik edərmiş.”

“Itirəcəyini bilə-bilə niyə mübarizə edirsən?” dedilər. Öləcəyini bilə-bilə yaşadığını unutmuşdular.

“Ən vəfalı dostumuz kölgəmizdir, bilirsiniz. Amma unutmayın ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyər.»

“Suallar yalnız cavab almaq istəyiylə var olarlar.” 

Sizlərlə yalnız sevdiyim fəlsəfi fikirləri paylaşa bildim....girl_ten

Bizim fəlsəfə dünyamız (1)

Günel Əsədova (Yaqut)

Sizin bu sualınız bilirsinizmi məni neçə yaşımdan düşündürüb? Deyim, amma gülməyin. Bu həqiqətən belədir. Mənim 6-8 yaşlarımda. Düşünürdüm və məni həyəcan bürüyüdü. Mən kiməm? Sanki içərimdə bir başqa adam da vardı, onunla danışırdım. Əgər mən olmasaydım nə olardı? Görəsən bu sözləri bizə kim öyrədib? Uzun-uzadı göylərə baxardım, düşünərdim. Sözləri kim bizə - insanlara öyrədib? Yəqin Allah. Hə, bəs başqa nə cür ola bilər ki? Yəqin Allah sözləri vərəqə yazıb, yerə töküb göydən. İnsanlar da götürüb, oxuyub öyrəniblər.Düşünürdüm ki,görəsən göyə necə çıxmaq olar? Bir uzun pilləkənimiz vardı. Düşünürdüm ki,görəsən onun ucuna da o boyda bir dənə də pilləkən calasalar, çıxmaq olarmı? Və bir də həmişə almanı suyun (vedrədəki suyun) dibinə aparıb, əlimlə orada saxlamağa çalışırdım ki, üzə qalxmasın. Amma həmişə də qalxırdı və mən də düşünməkdən ölürdüm ki, axı bax bu daş suyun dibində durur, bəs alma niyə qalxır? scratch_ Ay canım, sən demə bunu artıq Arximed düşünüb tapıbmış.smile Göylərə baxardım, uzun-uzadı. Ulduzlara baxardım. Ulduzlar sayrışardı, elə bilirdim ki, kimsə oradan göz vurur mənə. Hə, bu mənim uşaqlıq fikirlərim idi... 

Böyüdükcə həyata baxışım dəyişdi. Və bu dəyişmə hər il davam edir. İndi fikirlərim o vaxta nəzərən çox bəsitdir. O vaxtlar bir başqa idi dünya gözümdə. İndi axıb gedən zamanın əlində insanların nə qədər aciz olduğunu düşünürəm. Və bu zamanla ayaqlaşmaq çox çətindir. Dünyanı və insanları pul, qızıl idarə edir. Haqq-ədalətə çox inanıram. Bilirəm ki, necə deyərlər, ədalətin ayağı axsaqdır, bir az gec gəlib çatır. Amma çatır. Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmır. İnsanlara inamım çoxdur. İnsanları sevirəm, onlara həmişə xoş şeylər arzulayıram, kimliyindən aslı olmayaraq. Və bu zaman o  içimdəki “mən” mənə bəzən sual verir. ”Buna da yazığın gəlir? Axı bu layiq deyil, sənin keçirdiyin həyəcana, ürək ağrısına. Və mən ona cavab verirəm ki, ”bu məndən asılı deyil. Mən hər kəsi bu həyatda xoşbəxt, problemsiz görmək istəyirəm. O isə mənə deyir: “Əyər sən bu vəziyyətə düşsəydin, o sənə belə acıyardımı?” Deyirəm ki, ”yox, bilirəm, acımazdı, amma hər kəs ayrıca bir dünyadır. Və bu dünyaların öz qayda-qanunları var. Mənim dünyamın qanunları belədir, onunku isə bir başqa. Və mən öz dünyamın qanunlarına uyğun yaşayıram.”

Aliyə_Rəna (Istifadəçi)

Fəlsəfə insanları həyatda yaşamağa, insanlığa istiqamətləndirən bir düşüncədir desəm, yanılmaram. İnsanlıq demişkən sizlərlə bir əhvalat paylaşmaq istərdim:

Bir gün tələbələrin ilk fəlsəfə dərsi idi. Fəlsəfə müəllimləri içəri girdi və onlarla salamlaşıb yerinə əyləşdi. Uşaqlar onu ilk dəfə gördüklərindən diqqətlə süzməyə başladılar. Sonra müəllim uşaqlarla tanış olmadan yazı taxtasına çıxır və “1” yazır. Deyir “Baxın dostlar, bu insanlıqdır”. Sonra 1-in arxasıycan ”0” yazır, sonra daha bir “0”, sonra daha biri və beləcə 6 “0” yazır. Sonra yenidən üzünü tələbələrə tutub sondan 1 “0”ı silir və deyir “Bu elm idi. Onu sildim.” Sonra daha bir sıfrı silir və deyir “Bu mədəniyyət idi. Onu da sildim” və beləcə sıfırların hamısın silir-silir - “Bu düşüncə, bu xoşbəxtlik, bu mehribanlıq, bu qayğı, bu sevgi” və 1-ə çatanda onu da silir və belə deyir “Bu insanlıq idi. Bunu sildim. Əgər insanlığınız yoxdursa, insanlığın arxasından nə elm gələcək, nə xoşbəxtlik, nə mehribanlıq, nə qayğı! Məqsədiniz insan olmaq olmalıdır. Hər kəs adam olaraq dünyaya gəlir, amma hər kəs insan olaraq yaşaya bilmir!”

Bu yaşadığımız həyatın bizə yalnız bir şans olduğunu nəzərə alaraq bu aforizmi olduqca çox sevirəm: “İnsan ömrü imkanı qədərdir. İmkanı bacardığı qədər, bacardığı fərasəti qədər, fərasəti ağlı qədər, ağlı adamlığı qədər, adamlığı insanlığı qədər, insanlığı Allaha bağlılığı qədərdir!” love

Bizim fəlsəfə dünyamız (1)

Fidan (İstifadəçi)

Ümumiyyətlə hər bir elmin öz fəlsəfəsi var. Bütün bu fəlsəfə Allahın elmindən qaynaqlanır. Allahın yaratdığı hər bir varlığın özünün fəlsəfəsi var, çünki Allahın elmi sonsuzdur. Bəzi zahirpərəst alimlər hətta əşyaların haqqında da fəlsəfi fikirlər irəli sürüblər. Biz bunlardan yan keçib Allahın yaratdığı nar meyvəsinin hikmətinə nəzər salaq. Narın yaranmasından ibrət al. Bu meyvənin yaranmasında bağışlayan və qüdrətli Allahın əzəməti aydıncasına görünür. Narın içini piy kimi pərdələrlə balaca zirvələrə çevirib və o zirvələrin o yan-bu yanında nar dənələrini gözəlliklə yapışdırıb. Elə bil onları əl ilə və dənə-dənə bir-birinin yanına düzmüşlər. Dənələri neçə yerə bölünüb və hər bir hissəni bir pərdə ilə örtübdür. Pərdə elə lətifdir ki, əql ona məftun olur. Nəhayət  bunların hamısını möhkəm qabıqla birləşdirmişdir. Möhkəm qabıq isə onların hamısını isti-soyuqdan  hifz edir. Dediklərimizin hamısı narın yaranmasında işlədilən hikmətlərdən bir nümunədir.

Ellada (İstifadəçi)

Fəlsəfəni universitet dövrümdən çox sevmişəm, Aliyə. Dolğun fikirlər, dərin düşüncələr insanı lap uzaqlara aparır. Yaşama həvəsini artırır. Məsələn, mən elə bir tip insanam ki, hansısa pozitiv bir kəlam, ya da aforizm düşüncələrimi “A”-dan “Z”-ə qədər dəyişə bilər....

Məsələn, mən həmişə hardasa, dünyanın hansısa yerində “insanlıq” deyilən bir şeyin həqiqətən var olduğun düşünmüşəm. Buna o qədər az rast gəlmişəm ki... Artıq var olduğuna belə şübhəm var. Ya da olduğu yeri tapmaq istəyirəm. ”İnsanlıqla” birlikdə yaşlanmaq istəyirəm. Əgər yorucu deyilsə, sizinlə bir həyatda baş vermiş hadisəni paylaşmaq istərdim....

Bir dəfə Amerikada bir kişi lotereyadan 1000.000$ pul udur. Pulu əldə etmək üçün getdiyi yerdən məbləği götürür və geri qayıdarkan yolda bir qadının (dilənçinin) qucağında balaca qız uşağı ilə birlikdə için-için ağladığını görür və dərhal onun yanına gedərək “Nə olub?Niyə ağlayırsız?” deyə soruşur. Qadın “Yardım edin! Sabaha qədər mənə 50.000$ pul lazımdır. Əks halda qızımı itirəcəm. Ağır xəstədir” və buna yoldan keçən hər kəs sadəcə bir tamaşaymış kimi baxır, heç bir reaksiya yoxdur. Kişi dərhal pulundan qadının ehtiyacı olan məbləği çıxarır və verir. ”Dur get! Qızını əməliyyat elətdir!” deyir. Qadın tez pulu alır və qaçır. Bu zaman 1-2 nəfər insan qaça-qaça gəlirlər və “Sən neylədin?! O fırıldaqçıdır! Pulunu aldı və qaçdı. Qızı xəstə deyildi!” deyir. Kişi sadəcə gülümsəyir. İnsanlar ona “Niyə gülürsən?! Dəli olub deyəsən... Səninləyik, aldadıldın. Pulu aldı və qaçdı deyirik” deyirlər. Bu zaman kişi “Mən aldadıldım deyə sevinmirəm. Sabah öləcək bir qız uşağı yoxdur deyə sevinirəm!” deyir...: empathy

Bizim fəlsəfə dünyamız (1)

Gulenay (İstifadəçi)

Fəlsəfə sözünün mənası “sevmək, elm, müdriklik” deməkdir, yunan mənşəli sozdür. Fəlsəfənin ilk filosofu, babası Adəmdir. Hər kəsin öz dünyasında fəlsəfi fikirləri, düşüncələri var. Mən hərdən bəzi dahilərin, aristokratların ,filosofların fəlsəfi sözlərində, aforizmlərində bir rahatlıq, yalanla dolu olan bu dünyada bir həqiqət tapıram. İnsan fəlsəfəsi genişdir. Fəlsəfi sözlərlə bağlı xoşuma gələn sitatlar çoxdur. Məsələn, İsmayil Habip Sevüke aid - Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür. Mənim də öz fəlsəfələrim var, məncə fəlsəfi sözlər demək üçün filosof və ya dahi olmaq lazım deyil. Fəlsəfəm də Qadının aça bilməyəcəyi tək qapı Allahın  qapısıdır deyə düşünürəm və digər həyat fəsəfəm də hər bir işdə xeyir vardır, heç nə Allahın iradəsindən kənarda baş vermir deyə fikirləşirəm. Fəlsəfi dünyamda:

1. Etdiyin yaxşılıq gizli qalmalıdır.

2. Sahibsiz heyvanlar sahiblənməlidir.

3. Görüntü xatirinə yox, Allah  xatirinə ibadət edilməlidir.

4. Ekologiya qorunmalıdır.

5. Kişi-qadın hüquqları bərabər şəkildə qorunmalıdır.

6. İnsan özü olmağı bacarmalıdır.

7. Hər kəs ali təhsil almalıdır.

8. Allah birdir, təkdir! Mənim üçün insan bəşərdir, insan hər şeyin başlanğıcı və sonudur, yəni hər şey insanda başlayır, insanda bitir. Dediyim kimi fəlsəfə dünyam genişdir, yazsam gərək xəbər tək mənim yazımdan ibarət olsun. lolHər kəsə fəlsəfə dünyasının həqiqətləri dərk etmələrini arzulayıram.

Aytən (İstifadəçi)

Fəlsəfi düşüncələri və fəlsəfi fikirləri həmişə diqqətlə dinləməyi sevirəm. Başqa cür elm və dünyadır fəlsəfə... Məsələn xüsusən sevdiyim aforizimləri sizlərlə paylaşmaq mənə xoş olardı:

1. Uşaqlarin tərbiyəsi və təhsili işini üzərinə götürmək istəməyənlər onlari dünyaya gətirməməlidirlər. (Platon)

2. Uşaqları qorxu ilə deyil hörmət və nəvaziş bağları ilə özünə bağlamaq daha yaxşıdır.

3. Həyatdakı ən böyük olaylar kiçik təsadüflərdən əmələ gəlir.

4. Ananın boynunu bəzəyə biləcək ən gözəl boyunbağı onu qucaqlayan övladının əlləridir.

5. Bütün səhvlərin altında qürur yatar.

6. Böyük insanların məqsədləri vardır, digərlərinin isə yalnız istəkləri.

7. Kədər öz özünü aradan qaldırar, amma xoşbəxtliyin tam zövqünü çıxarmaq üçün onu paylaşacağınız birinin olması lazımdır. 

 

Ellada Babayeva (İstifadəçi)

Mənim fəlsəfə haqqında elə də çox anlayışım yoxdur. İnsanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfinin zamanca inkişaf səviyyəsinə görə dəyişiyir. Bu qədər... smile 

alisa_1971 (İstifadəçi)

Kiçik ox küçələri gəzməkdən bezmişdi. Sahibi isə ondan əl çəkmirdi ki, çəkmirdi. Əlindən tutub onu gah o küçəyə, gah da bu küçəyə aparırdı. Burda küçələr müxtəlif idi. Mərkəzi küçələr çox qəşəng idi, onlara söz ola bilməzdi.Çünki ,bu küçədəki binalarda ancaq rəsmi insanlar yaşayırdı. Bir işi, bir sualı olanda sahibi bu kiçik oxu həmin küçələrdəki binaların üstündəki sərlövhəyə qoyar, binaların qapıları açılar və sualını yazar, tez də cavabı gələrdi. Bu küçələrdə müəllimlər, tələbələr, mühəndislər, rəislər, uşaqlar, böyüklər, atalar, analar , bir sözlə, ağlı kəsən hər kəs yaşayır. Amma burda sahibi bu kiçik oxu hərdən elə küçələri gəzdirirdi ki, vallah onun utanmağı gəlirdi. Kiçik oxu bu gün sahibi heç də yaxşı olmayan bir küçəyə gətirmişdi. Burda sanki, bir mübahisə gedirdi, kimsə kimi isə öldürmüşdü, hamısı bir-birinə nə isə yazırdı, bəziləri lap ağzına gələni yazırdı. Yəqin öldürəni söyürdülər. Bir az o tərəfdəki küçədə isə deyəsən çoxlu mahnı oxuyurdular. Burda da mahnılar, rəqslər kimin xoşuna gəlmirdisə, ən çox sevdiyi söyüşləri yazırdı bir-birinin ardınca. Kiçik ox bu söyüşlərdən lap çox utanırdı. Çünki sahibi ağıl-kamal sahibi idi. Belə yerləri ikili gəzib tez də sevdikləri məkana qayıdırdılar. Kiçik ox öz məkanını çox sevirdi. Çünki onun burda hamısı sevdikləri idi. Onlar Allahı sevən, ona iman gətirən kəslər idilər. Əziz oxucu, kiçik oxun gəzdiyi küçələr internet adlı bir dünyanın küçələri idi.fellow

18 iyun 2013
GO BACK