Qadin.NET / Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)

Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)

KEMALE MEMMEDOVA

Canım mənim, mənə yer verdiyinə sevindim. Mənim də hamı kimi həyata keçən ve keçməyən arzularım var. Birincisi mən də işləmək istəyirdim, amma mərdimazar hansı tərəfdən çıxdısa məni ərə verdilər. İşləmək arzum ürəyimdə qaldı. Amma indi fikirləşirəm ki nə yaxşı ki işləmirəm. Evdar xanım olduğuma sevinirəm. Demək olar ki Allahımdan nə istəmişəmsə, həyata keçib. Meni başa düşən yoldaşım, sağlam övladlarım və mənə hörmət edən (əsas da yoldaşımın ailəsi) ətrafımdakı insanlar var. Həmişə Allahıma sonsuz şükürlər edirəm. Qaldı ki həyata keçməyən arzularıma, onları geri qaytarsalar da daha istəmərəm. Indi ən böyük arzum Məşhəd, Kərbala, Həcc ziyarətlərinə getməkdir, Allahın izni ilə hansı qismətimdə var, bu yaxında gedəcəyəm inşAllah, hamıya qismət olsun... Hər gün dua edirəm ki mənə də yol açılsın ilahi tərəfdən, mən də o müqəddəs yerlərə ziyarətə gedim. Allahın nəzəri heç bir bəndəsinin üzərindən çəkilməsin. Kimin nə arzusu varsa vaxt keçdikcə həyata keçsin. Allah yardımçısı olur bəndəsinin. Canım mənim, Allah sənin də dualarını qəbul edər inşAllah.

Günel Əsədova

Arzular, arzular. İnsanı quş kimi qanadlarına alıb uçan arzular! Quş qanadla uçar, insan diləklə - doğru demişlər. Hər kəs kimi mənim arzularım çox olub həmişə. Arzudan arzu doğub. Amma təəssüf ki bu arzuların bir qismi həyata keçməyib. Arzum həkim olmaq idi. Lakin qəbul ola bilmədim. Yəqin biliyim lazımınca olmadı. Tibb texnikumuna qəbul oldum. Düşündüm ki, sonra da tibb institutuna verərəm. Amma yox, belə olmadı, sən saydığını say, gör fələk nə sayır. Texnikumu qurtarar qurtarmaz, ailə qurdum. Övladlarım dünyaya gəldi. Onlar mənə hər şeyi unutdurdu. Lakin uşaqlar böyüdükcə o arzumun sızıltısı yenidən baş qaldırdı sinəmdə. Lakin artıq gecdir. Yəni deməyim odur ki, arzu var, o həyata keçər də, keçməz də. İnsan başqa bir uğurla özünü ovuda bilər. Amma bu arzumun həyata keçməməsinə görə mən çox üzüldüm. Nə isə Allahın bu gününə şükür ki başqa heç bir gileyim yoxdu. Allah hər birinizə arzularınıza çatmağı nəsib eləsin! Amin! 

Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)

 PERVANE ELIYEVA .......

İlk öncə, gözəl bacım, sənə öz dərin təşəkkürümü bildirirəm ki məni də öz gözəl xəbərinə dəvət etmisən. İnsan həyatı boyu nə qədər yaşayırsa arzularla yaşayır. Mənim də hamı kimi həyata keçən keçməyən arzularım olub. Bu günə kimi nə arzulamışamsa, həyata keçib. Arzuladığım ali məktəbə qəbul olmuşam. Sevdiyim insanla ailə qurmuşam. Çox arzularıma çatmışam. Bir arzuma çata bilmədim. Çox istəyirdim bir qızım olsun, olmadı. İndi ən böyuk arzum oğlumun ali məktəbə qəbul olmasıdı. Allahımdan çox razıyam. Hər zaman dualarımı, arzularımı eşidib. Bir də, bacım, ən böyük arzum can sağlığıdı. Yaxınlarıma, ailəmə, bütün isanlara can sağlığı arzulayıram. Sonda Allah hamımızın arzu istəklərini qəbul etsin.

Nuriyye 

Nə qədər düşünürəm baxıb köksümü ötürdüyüm arzum qalmayıb. Əlhəmdulilah, hamı kimi mən də demək olar ki, arzularıma çatmışam. Yəni əsas arzum ali təhsil almaq olub, almışam, işləmək olub, işləmişəm, ailə qurmaq, uşaqlarım və s. Arzudan arzu doğur. İndi tək bir arzum var: vaxtı çatanda oğlanlarıma gəlin gətirib, əsl mömin toyu etmək və nəvə görmək. Allah hamını arzusuna çatdırsın, məni də həmçinin.

Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)

Sonay Quluzade

Nə qədər fikirləşdimsə də həyata keçməyən arzularımı xatırlaya bilmədim, bəlkə real olmayan arzular arzulamamışdım, bəlkə də əhəmiyyətli deyildi bilmirəm. Onu bilirəm ki, arzulamaqla heç vaxt kifayətlənməmişəm, arzumun yerinə yetməsi üçün dua da etmişəm, özüm də arzularıma çatmaq üçün mübarizə aparmışam, əlbəttə, Allah istəməsəydi olmazdı. Uşaqlığımdan xatırladığım və həyata keçən arzularımı bölüşüm. 7-ci sinifdə olanda artıq hiss eləmişdim ki, riyaziyyatı bütün varlığımla sevirəm, yaxşı riyaziyyatçı oldum, amma nəyin bahasına oldum onu Allah bilir. 1-ci kursda oxuyanda bizə dərs deyən müəllimlərin yerində olmağı o qədər arzulamışdım ki, Allaha həmd olsun, arzum ürəyimdə qalmadı. Hazırkı işim ən arzuladığım iş idi. Bəlkə də mənimki sadəcə arzu yox, məqsəd idi, uğrunda çarpışdığım məqsəd. Bir sözlə, kənardan arzularına çatmış qadın hesab olunuram, özüm də əvvəl elə düşünürdüm. Amma ki... Həyata keçməyən arzularım - siz məni nəfəs almağa belə qoymursunuz, hər anımda xatırladırsınız ki, dünya həyatında yanında olanların varsa da, mənən təksən, yoldaşın sənə görə hər şeyə hazır olduğunu desə də, nəfsinə hakim ola bilmir. Ola bilsin ki, yetərincə təbliğ edə bilmirəm. Bu dəqiqəmdə ən arzuladığım şey yoldaşımın arxasında namaz qılmaqdı. Niyəsə də, inanıram ki, Allah məni arzuma çatdıracaq.

Lalə Hacət-i Vuslat

Xəbərdə iştirak etməyi mənə də təklif etdiyiniz üçün sizə təşəkkür edirəm... Nəhayət ki bu təklifə cavab vermək gücünü tapdım - buna görə cavabımın gecikməyini üzrlü hesab edin... Həyata keçən və keçməyən arzularım - bunu düşünməmişdim... Sizə minnətdaram ki, bu mövzu ilə geriyə baxıb həyatımın bəzi məqamlarını anlamağa yardım etdiniz. Allahın verdiyi ömrün bu günə kimi olan hissəsi bir- birindən kəskin fərqlənən iki mərhələyə ayrıldığından əvvəlki və bu günkü cavabımda da fərq gördüm. İki il öncəki Lalə deyərdi ki, həyata keçməyən arzum - qardaş və oğul istəyidir. Həyata keçən isə illlərlə əziyyətini çəkdiyim sevgimə qovuşmağımdır... İndi isə bu arzular mənə uçuruma aparan aldatmaca kimi gəlir. Arzuladıqlarım sən demə həyatın hiylələri imiş!
3/Ali İmran-14 : İnsanlara, "qadınlara, oğullara, tərəzi tərəzi yığılmış qızıl və gümüşə, salma atlara, heyvanlara və əkinlərə olan sevgidən ibarət olan" şəhvətləri (həddindən artıq düşkünlükləri) gözəl göstərildi. Bunlar dünya həyatının mənfəətləridir. Və Allah Onun qatındakı ən gözəl sığınacaqdır.
3/Ali İmran-185 : ...Və dünya həyatı, hiyləçi əmtəədən başqa bir şey deyil.
Buna bənzər ayələr silkələdi məni- Həmd olsun! Dəyərmi, sonumuz axirət olduğu halda dünya mənfəəti üçün zaman sərf etməyə? Anladım ki, o arzular, istəklər ən çox bir ana qədər mənimlə olacaq - qara torpaq gözlərimi qapayana qədər... Allahın bu qədər dəyər verdiyi varlıq - insan belə sevgiyə layiq deyil, daha Alisi, daha Ulusu olmalıdır... və tapdım- Allah Eşqi! Həyata keçən ən önəmli arzum budur - Sevgim, məni heç vaxt buraxmayacaq Sevgimi dərk etdim!... Həyata keçməyən arzum isə Onun Zatını görməkdir, buna layiq olmağı bacarmaqdır... Bilirəm zavallı, günahkar bəndəyəm, hələ heç "qul" adına belə layiq deyiləm... O qarşılıqsız Sevəndir, bu Eşqin oduna yansam da bu yoldayam...

GÜLÇİN

Biz insanların həyatda yaşadığı müddətdə arzuları da bitib tükənmək bilmir. Həyata keçən, reallaşan arzularımız da olur, olmayanları da olur. Mənim də belə arzularım var. Mən özüm xəyalpərəst, arzularla yaşayan biriyəm. Lakin şükürlər olsun ki, mən nə arzulamışamsa zaman-zaman gec də olsa həyata keçib. Bunun üçün hər zaman Allahıma şükür edirəm hər halımla. Arzularının gerçək olmasını istəyən hər kəs Allahına şükür etməli, hər zaman bizi yaradanı xatırlamalıdır. Mənim arzularımın biri həmişə istəmişəm bir qız, bir oğlan övladım olsun, şükürlər olsun belə də oldu. Həyat yoldaşımın mənim xasiyyətdə, mehriban olmasını, məni anlayan biri olmasını arzulamışam, o da reallaşıb. Həyatda yaxşı yaşamaq üçün özümüzə görə hər cür imkanımız var. İndi arzum dünya ölkələrini səyahətə getmək, gəzməkdir. Uşaqlıqdan bunu arzulayıram. Düzdür imkan var, sadəcə yoldaşımın işiylə bağlı heç yerə gedə bilmirik. Eləcə mən dinə bağlı biriyəm, çalışıram ki, hər zaman yaxşı insan olum, məni hər kəs sevsin, barəmdə pis danışmasınlar. Eləcə bir müsəlman kimi müqəddəs yerləri ziyarətə getmək mənim arzumdur. İnşAlllah bir gün o da qismət olar. İndi mənim arzularımdan biri də şükürlər olsun ki, övladlarım sağlamdır və mən onların ilk növbədə ağıllı, savadlı, mədəniyyətli olmalarını istəyirəm. Bu mənim arzularımın bir qismidir, yoxsa ki arzular sonsuzdur.

Fidan Məmmədova

SeRRaS, əvvəla bu xəbərində mənə yer ayırdığın üçün sənə öz təşəkkürümü bildirirəm. Mənim arzularım deməzdim ki, çox olub. Bir neçə arzularım var ki, həyata keçib, bir neçəsi isə hələ də həyata keçməyib. Həmişə orta məktəbdə oxuyandan arzum ali təhsil almaq idi. Çox şükür ki, istədiyim 2 sənət üzrə ali təhsil aldım. Həyatda mənim ürəyimcə olan yeganə həyata keçən arzumdur bunlar. Bir də hansısa xarici ölkədə olmağı çox arzulayırdım həmişə, o arzum da yerinə yetib qismən də olsa, yəni hələ gedib görmək istədiyim çox ölkə var. Onlar da həyata keçməyən arzularım sırasındadırlar. Arzularımın başında 1-ci sırada duran isə övlad sahibi olmaqdı, amma bu arzuma heç çata bilmirəm nədənsə. Əslində mən həmişə deyirəm ki, bu arzum yerinə yetsin, vallah başqa heç nə istəmərəm, bütün arzularımı təkcə övlad sahibi olmağa görə dəyişə bilərəm. Bircə övlad sahibi olsaydım dərdim olmazdı daha. Həyata keçməyən arzum bircə budur deyə bilərəm.

Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)

Deniz84

Canım bacım, məni həyata keçən və keçməyən adlı xəbərinə dəvət etdiyin zaman çox fikirləşdim. Axı mənim hansı arzum həyata keçməyib? Uşaqlıqdan saç ustalarına, vizajistlərə həsədlə baxardım. Atam mənə aldığı gəlinciklərin həmin dəqiqə saçlarını kəsirdim. Guya mən saç ustasıyam. Təhsildə güclü olsam da sevdiyim sənətlə məşğul oldum. Artıq 17-18 yaşda olanda hər bir qızın xəyalındakı ağ atlı oğlanı öz xəyallarımda canlandırmağa başladım. Xəyallarımda necə təsəvvür etmişdimsə eyni ilə çıxardı Allah qarşıma. Ona görə də ilk dəfə görəndə artıq onun mənim qismətim olduğuna əmin oldum. Sonra Allah mənə 3 gözəl pay verdi. Allah hamının balasını saxlasın. Hə, bir arzum qızım olsun istərdim, ancaq Allahım 3 oğul nəsib etdi. Ancaq bu arzuma da çatmamış deyiləm. İnşAllah oğlanlarıma 3 gəlin gətirərəm. Onlar da olar mənim qızım. lol Bundan sonrakı arzularım da balalarım və ailəmlə bağlıdır. Hər şeyə qadir Allah o arzularıma da çatdırar inşAllah. Bunu dəqiq bilirəm ki, Allahdan təmiz ürəklə nə istəsən yerinə yetirir. Buna özüm dəfələrlə şahid olmuşam. Allah hamının dualarını qəbul etsin, hamını öz arzusuna çatdırsın. Amin.

Lale

Həyatda ən böyük arzum o idi ki qızımın olmasını istəmişəm, özü də əkiz, amma qismət olmayıb.

S.S.90...S A M I R...

Uşaq olanda da çox şey istəyirik, böyüdükcə istəklərimiz də azalmır. Uşaqkən hər şeyin xəyalını qururduq, müəyyən yaşlarda arzularımız da günü-gündən də artmağa başlayır. Nədənsə arzularımız heç bitib-tükənmək bilmir. Biri reallaşan kimi başqa birisinin xəyalını qururuq. Mənim də arzularım çox olub, yəqin ki bundan sonra da hələ çox olacaq. Çox şükür ki, bu günə kimi reallaşan arzularım – ali məktəbə daxil oldum, artıq bir işim də var, ancaq istərdim ki, işimi daha da geniş sahədə davam elətdirim. Gələcəklə bağlı da planlarım çoxdur, İnşAllah, ümid edirəm ki, hər şey yaxşı olacaq.
Həyata keçməyən arzularım da var. Ailə qurmaq məsələsi (bu daha çox anamın arzusudur, yəqin ki nənə olmaq istəyir, mən isə onu belə tez qocaltmaq istəmirəm). Arzularımdan biri də qardaşımın təhsilini başa vurduqdan sonra özünə bir iş qurmasıdır (öz istədiyi kimi). Sonda isə hər birinizə arzularınızın həyata keçməyini arzulayıram, həyatda hər şey ürəyinizcə olsun.


Bir sevgidən xəbər verir, baxışların ürəyimə…
Mən yenidən o günləri yada salır, düşünürəm,
Sən bilmədən nələr görüb mənim qəlbim
Səndən ayrı...
İndi qalıb xatirələr, taleyimdən axıb gedən göz yaşları
Onlar bizim ömrümüzün bir əbədi, ayrılmayan sirdaşları.
Sənsiz baxıb o yolların iz yerinə
Indi yandım o sevginin kədərinə.
Yenə baxıb, duşünürəm,
Niyə həsrət düşüb mənə?
Bir arzu var ürəyimdə:
Ümid gəlsin sevənlərin qismətinə. 

Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)
26 may 2013
GO BACK