Qadin.NET / Qadın.Netlilərin ləhcəsi (4)

Qadın.Netlilərin ləhcəsi (4)

Sabrina Melodi (Yaqut)

 Mən Azərbaycanımın gözəl, səfalı guşəsi olan Qarabağda göz açmışam. Artıq bir çox yerlilərimin yazdığı kimi, Qarabağın da özünə xas şirin ləhcəsi, sözləri var. Belə ki, biz pəncərəyə-abışka deyirik, cınqılı-balaca, incəvara-yaxşı ki, qajqaj-lay lay (qat-qat), səki-güya, hündür-qəlbi, nüfus-eybəcər, bibi-mama, başmaq-şəpit, nəmxuda-şükür ALLAHA, vəzəri-ajıqıjı.

Deniz84 (İstifadəçi)

Mən qazaxlı olmasam da artıq neçə ildir ki, burda yaşayıram. Azərbaycanın bütün bölgələrinin şirin ləhcəsi olduğu kimi, buranın da özünəməxsus ləhcəsi var. İndi sizə bir neçə cümlə ilə yazacam. Qonşular həyətdə belə danışırlar:

-Az-az, saa qurvan olum az. Nə gözəl balan var, az.

-Az, nəyi gözəldi. Yassardı yassar. Az dərdiş, axşam kinoya baxdınmı?

-Hansın deysən, az, "Pərvanələrin rəqsi"nimi deysən?

-Yox , ağrın alem, yox, baxa bilmədim.

Uşaqlar dəcəllik edir:

-Varıb gələjəm, sənin canını alajam.

-Ay qız, şannın (yəni nişanlın) nağarer. Yaxşıdımı, həəə, yaxşı olsun, yaxşı olsun. Gedim yeməyin altın qayrem gələjəm. Di sağ olun.

Qadın.Netlilərin ləhcəsi (4)

Sema (istifadəçi)

Mən Qobustan rayonundanam. Şamaxıya yaxın olduğu üçün mənə ilk öncə "Şorik" deyirlər, amma düzü, şor tapmırıq. Ən məhşur sözümüz qadoyalım, neyçünə-nöşün, gəlirsəən, gedirsəən, bildimdəə... Yoldaşım naxçıvanlıdır, onların da maraqlı ləhçələri var: yemiş- qira, qara badımcan, borani - kədo, vəzəri-pənir pencəri, çıqqılı, həyətə çıxıram - eşiyə çıxıram.

Nərmin Zərifova (İstifadəçi)

Mən bakılıyam, amma bir müddət öncə Şəkidə olmuşam. Oranın sözlərindən sizə deyə bilərəm: necəsiz-nətəsöz, ana - çiyi, barı- divar, gəlirsiniz-gəlirsoz, bu-habı, bu saat-habı saat, indi-hayindi, döyüb-döyütdü, sillə-şapalaq və s.

Aidə Məmmədova (İstifadəçi)

Biz əslən Qərbi Azərbaycanlıyıq. Mən özüm Bakıda böyümüşəm. Ona görə də danışıqda ləhcəm yoxdur. Amma ailə içində olanda ləhcə ilə danışıram. Doğrusu, evdə valideynlərim bizlə heç vaxt ləhcə ilə danışmaz, amma mən avtomatik ləhcə ilə danışıram. Heç özüm də başa düşmədən belə olur. Lakin evdən çıxan kimi, ya da başqa insanlarla təmas quranda ləhcəm olur kitab dili. Bizim, yəni Qərbi Azərbaycanlıların ləhcəsində ən çox "j" hərfindən istifadə edilir. "Ağrın alem", "başına dönöm" kimi ifadələrdən də istifadə edilir. Bunlardan başqa,  danışıqda "ev" sözü  "öy" sözü ilə əvəz olunur. Bir neçə aya Naxçıvana gəlin getməyə hazırlaşıram. Nişanlımgilin ailəsi ilə danışanda baxıram ki, onların ləhcəsi tam başqadır. Düşünürəm ki, Naxçıvan ləhcəsinə uyğunlaşmaq mənə çətin olmayacaq.

Günəş (İstifadəçi)

 Mənim atam şəkili, anam isə bakılıdır. Amma mən bəzən həm Şəki, həm Bakı ləhçəsiylə danışıram. Ən çox işlətdiyim cümlə budur: "Gəəm geem, gəəm göm ciiyiim bizdədir?" Yəni "Gedim gəlim görüm ciyim bizdədir?" Çimib hamamdan çıxanda "Saatlar olsun" deyirik şəki ləhçəsiylə. Bakı ləhçəsindən isə ən çox istifadə etdiyim sözlər nimçə-boşqab, nəmədan-duz qabı.

Qadın.Netlilərin ləhcəsi (4)

Semedova (Yaqut)

 Mən Bərdə şəhərindənəm. Bizim danışıq dilimiz o qədər də fərqli deyil. Qarabağlı ləhcəsi sayılır. Sadəcə sözlərdə "j" hərfindən çox istifadə edirik: gələjəm, gedəjəm, gələssən, gedəssən. Bir də mənə yerinə ma, sənə-sa, elə əvəzinə helə, deyil - döyül kimi sözlər işlənir. Birdə qardaşa qaqa deyirik. Cümlələrimizdə day, dana işlənir.

Qadın.Netlilərin ləhcəsi (4)

Sebine Muradova (İstifadəçi)

Mən Saatlı rayonundanam. Rayonumuz kiçikdir, elə də səfalı yerləri yoxdur, həm də yayı çox isti olur...Bizim rayonun elə də qeyri-adi ləhçəsi yoxdur. Amma sözlərin axırında həmişə sözə uyğun "məram-mərəm" işlədilir...Əsas da "dənə" sözü çox işlədirik...Məsələn, almeram, gəlmerəm, ver dənə, gəl dənə. Demək olar ki, hər sözdə "dənə" işlədirik. Bir də bizdə pul sözünə-pıl, həyətdə geyilən yüngül ayaqqabıya- şapşap, stəkana-isgan, siqaretə-paprız, yumurtaya-yimirtta deyilir.

Qadın.Netlilərin ləhcəsi (4)

Canım (İstifadəçi)

Azərbaycanın bütün bölgələri gözəldir. Mən də qubalıyam. Quba istihahət zonasıdır. Qubanın Afurca kəndində yayda çoxlu turistlər olur. Quba alması, paxlavası ilə çox tanınır. Bizim kəndin gözəl şəlaləsi var. Çox vaxt turistlər gəzməyə gələndə Afurca şəlaləsini axtarır. Bizim də öz dilimiz var-tat dili. Qubanın bəzi kəndlərində belə danışırlar: gəlirəm-gələdəm, gəl mənə yemək ver-gəl mənə yemax ver və s. Tat dilində qıza-duxtər, çörəyə -nun, yeyirsən-baxardani ,çuhis-xəbər ətər-nə var nə yox və s. deyirlər.

Qadın.Netlilərin ləhcəsi (4)

Nəzrin (İstifadəçi)

Mənim əslim İrandandır, anam isə gədəbəylidir. Hamımız Bakıda doğulub böyümüşük. Bizim evdə ləhcəylə heç kim danışmır, ya da mən fikir verməmişəm. Gədəbəy hər kəs bildiyi kimi kartofu ilə məşhurdur və oranın çoxlu buz kimi bulaqları, dərəli-təpəli meşələri var. Sadəcə, oranı gedib gəzmək lazımdır. Yadımda olan sözləri yazıram: anarı-o tərəf, sapılca -tava, bibi-mama, gələjəm-gələcəm, gedəjəm -gedəcəm, hancarı-necə, ciji-nənə. Əsas şey qaldı - orada bir qarğışlar var ki, vay -vay...

P.S. Əziz qadın.netlilər, xəbərimin digər hissələrində iştirak etmək istəsəniz mənə yaza bilərsiniz.

5 may 2013
GO BACK