Qadin.NET / Qadın.netlilərin ləhcəsi (2)

Qadın.netlilərin ləhcəsi (2)

♥A.Ravana♥(Zümrüd) 

 Mən Azərbaycanımızın gözəl bölgəsi olan Şəkidənəm. Hərçənd Azərbaycanımızın hər bölgəsi çox gözəldir. Amma mən şəkili olduğum üçün Şəkim haqqında danışmalıyam. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşsaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.Burada çox gözəl tarixi abidələr yerləşir.Şəki Xan Sarayı- Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir.Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Bundan başqa Şəki Qalası-Narınqala, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Giləhli məscidi, Xan məscidi, Ömər Əfəndi məscidi, Cümə məscidi, Kiş Alban məbədi, "Gələrsən-görərsən" qalası və başqaları. Bunların hamısı haqqında ətraflı məlumat yazsaq , böyük bir məqalə alınar. Şəkinin adı gələndə əvvəlcə onun şirin ləhcəsi yada düşür. Çox gözəl, özünəməxsus danışıq tərzi var. Sa quzu kəsərəm, Gözo yiyim, Hara geysoz ? (hara gedirsiz) nağarsoz (neynəyirsiz), Çox sözlərinin sonu  "soz" ilə bitir ,görsoz (görürsüz), əppək (çörək). Şəki çox gözəl yerdir, gələrsoz -görərsoz, İnşAllah .

Qadın.netlilərin ləhcəsi (2)

Sabrina melodi (Yaqut)

 Mən Azərbaycanımın gözəl səfalı guşəsi olan Qarabağda göz açmışam.Bir çox bölgələrin özünəməxsus ləhcəsi olduğu kimi Qarabağın da özünə xas ləhcəsi, sözləri, ləqəbləri, lətifələri var. Bunların bir çoxu ilə sizi tanış edim. Cınqılı-balaca, pəncərə-abışka, incəvara-yaxşı ki, qaj-qaj--lay-lay, səki-guya, nüfus-eybəcər.

Cute angel (İstifadəçi)

Mən Şəkidənəm. Şəki çox gözəl şəhərdir. Şəkililərin şirin ləhçəsi var. Bizim ən gözəl sözümüz "Ha sən gozo yiyim haydi gesoz".

Medine nesirova(İstifadəçi)

Mən Bakıda boya-başa çatsam da, əslən Göyçaylıyam. Göyçay dünyaya səs salan narı və əzəmətli çinar ağacları, insanlarının qonaqpərvərliyi, mehribançılığı ilə məşhurdur. Bu rayonun şivəsi də insanları kimi şirindir. Məndə şivə yoxdur, amma yadımda qalanlardan yazacam. Ən əsası sözləri uzadırlar məs; Gələcəksiniz-gələsuz, Gədəcəksiniz-gedəsüz. Çörək-əppək, Balkon-eyvan-şüşəbənd-aynabənd, Vişnə-behli, Şüyüd-cüyüd, Xəmir-xamır, Yaxşı-babat, Necəsən?-nətərsən?. Oxlov-oxle, Lavaş-yuxa. Keçmişdə qoca nənələr alt paltarına işdən deyirmiş. Bəzi kəndlərində keçmişdə Ataya lələ, Anaya- ciji, Duzqabıya-nəməkdan deyirlərmiş. Bir də ən çox "hələ" sözündən istifadə olunur. Qarşıdakı insan birşey deyəndə ona doğurdan? deməkdənsə "hələ?" deyilir. Yadımda qalanlar bu qədər.

 

Qadın.netlilərin ləhcəsi (2)

 

Rum (İstifadəçi)

 Mən Azərbaycanın cənubu zonasından, Talış zonası kimi tanınan Astarada anadan olmuşam. Astara iki yerə bölünüb. Bir hissəsi İranda, bir hissəsi Azərbaycanda qalıb. Dənizin sahili, dağın ətəyi, çox gözəl isti suyumuz, Xanbulağımız var. Gözəl meşəmiz yamyaşıldır. 11 iqlimin 9-u bizim rayonda var. Subtropik rayondur. Mandalin, portağal, limon, çay  düyü yetişdirilir. Gözəl, gəzməli yerlərimiz var. Qonaqpərvər insanları var Astaranın. Bizlər yeməklərimizlə hər yerdə məşhuruq. Ləvəngimiz, turşu kabab, plov altı fisincan və s. Azerbaycanın ən gözəl və gəzməli yerlərinin bəziləri Astaradadır. Dənizin təmiz havası, dağın  ətəklərində ruhu sakitləşdirən yaşıllıq insana zövq verir. Digər rayonlardan fərqli olaraq Novruz bayramını, Qurban bayramını,  Ramazan bayramını, ilaxır çərşənbələri qeyri-adi keçiririk. Öz dillimiz var- talış dili. Talış dilindən 1-2 söz yazıram. Kinə -qiz, çukuş-necəsiz, yoboy-bura gəl, ımçhiçe-bu nədir və.s.

PERVANE ELIYEVA (İstifadəçi)

Mən Azərbaycanın gözəl guşələrindən bir olan cənub bölgəsindən, Lerik rayonundanam. Əslim Leriklidir, amma Lerikdə yaşamamışıq. Lerik çox gözəldir, gündən-günə inkişaf edir. Torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş 200-ə yaxın şəhidimiz var. Bizlərdə də ləhçə nə olur olsun hiss olunur. Əsas orda yaşıyanlarda daha çox hiss olunur. Amma biz burda böyüdüyümüzdən bizdə heç hiss olunmur ləhcə. Dilimiz talış dilidir. Məsələn: qiz-kinə, oqlan-zoa, ana-moa, ata-pa, bura gəl-yu boy, gözəlsən-reçin, mən səni çox istəyirəm- mi tini ve pidəm. Bildiklərim budur. Öz millətimi, öz dilimi, öz vətənimi çox sevirəm. Biz hamımız Azərbaycanlıyıq.

 

Qadın.netlilərin ləhcəsi (2)

 

RLS_SONSUZ SEVGI (İstifadəçi)

Mən Masallıdanam. Burda danışıq tərzi tamamən seçilir. Məsələn: şəkər tozuna-pesoğ, düyüyə-dügü, peçə-piç, dona-kafot, koftaya-köynək, stəkana-istəkan, stula-usdul, stola-miz, tavana- ban, hinə-nin, əminin, dayının həyat yoldaşı - əmdostu, daydostu , necəsən-nətərsən, dəsmala-telis. Bir də biz hər sözümüzün axırında ''dənə'' şəkilçisi deyirik. ''Gəldim dənə'',''Getdim dənə". Nənəmə deyirəm: "Darıxıram". Cavab verir: "Nöşün darıxırsan?"  Asqırıram, ''Sağlam ol'' sözünün yerinə "Ya haqq  Əli , öle, lüt gəzərsən xəstələnərsən də" sözünü eşidirəm. Anamdan pul istəyirəm. Cavab verir: "Voyne qıza, pulum var?'' Deyirəm: "Bu gün beş aldım dərsimdən". Atam cavab verir: "Bekara".

 Vefa Akbarova (İstifadəçi)

Mən Bakının Nardaran kəndindənəm. Bizim kənd dinə çox bağlıdır. Bizim kənddən məhşurların adını çəkə bilərəm. Məsələn, xalq artisti, rəhmətlik Məmmədbağır Bağırzadə. Bizim də maraqlı yeməklərimiz var. Yeməklərmizdən küftə bozbaş; şirniyyətlarımızdan isə sübhan halvası məşhurdur. Gözəl, məzəli danışıqlarımız var. Məsələn; Nöşün-niyə, Gedirsüz-gedirsiz, Gəlirsüz-gəlirsiz, Həri-bəli, Qərdeşimsən-qardaşımsan və s. O ki qaldı ləhçələrə hər yerin ləhçəsi özünə şirindir. Mən Azərbaycanımızın bütün bölgələrinin ləhçələrini sevirəm. Ən çox da Şəkinin "Ay sənin gözoo yeyim".

Qadın.netlilərin ləhcəsi (2)

Yagmur (İstifadəçi)

Hər bir şəhərin, rayonların, kəndlərin özünə məxsus dialektik sözləri, ləhçələri vardır ki, bunlar umumişlək, hər kəs tərəfindən anlaşılan sözlər və danışıq tərzi deyil. Mənim bağlılığım olan Ucar rayonunun da özünəməxsus danışıq tərzi vardır. Daha çox bəzi kəndlərində belədir, amma onuda qeyd edim ki,ədəbi dilə ən yaxın olan rayonlardan biri də elə məhz Ucardır. Məsələn: Doqqaz-çöl, qapının qarşısı; parç-dəmir metaldan hazırlanmış su üçün qab; həqqi-həqiqətən və həqiqi sözlərinin qısacası; nağayrım-neyləyim; ayna-o yana; elə-eləmi; suz-geləsuz,gedesuz ve s. j gələjəm - gedəjəm- yiyəjəm- eliyəjəm və s. Başa dönüm-əzizləmə mənasında işlənən məşhur simvolik sözümüzdür.

Ruhengiz (İstifadəçi) 

Ata-babam Novxanıdan, nənəm isə Maştağadandır. Bakılıların da düşbərə, qutab, gürzə, şirniyyatları, fisincan plovu və başqa yeməkləri var. Bəlkə də yeganə yerdir ki, dəvə ətindən Corat qutabı bişirilir. Mən də Bakının 32 kəndi adından şirin ləhçədən, işlətdiyimiz sözlərdən hansıları yadımdadırsa yazacam. Nənəmdən ən çox eşitdiyim sözlər: namxuda(MAŞALLAH), becid (tez), qorağ (gümrah,sağlam), gavar ki (deyəsən), üzüm yarpağı (meynə), hə, bəli (həri). Nəyisə düz etməyəndə deyirdi ki, ağız hələ nüşün ələdün? Na ğərtə diyim sənə? Evdə anam məni iş görməyə qoymurdu, əzizləyirdi. Nənəm yenə başlayırdı ki, saba-bürgün öylərə gediceysən diyceylər ki, qız hələ bil qonağdu. İş görmür.

20 aprel 2013
GO BACK