Qadin.NET / Qadın.netlilərin ləhcəsi (1)

Qadın.netlilərin ləhcəsi (1)

Qadın.netlilərin ləhcəsi (1)

 Fatma xanım (Ekspert)

Mən Göyçə mahalının Ağkilsə kəndindənəm. Qadan alım, boy qadan alım, ömrüm-günüm, yazajam niyə yazmıram? Sən de mən yazım dana.  Gejə yatanda qapıyı daldan qayır, yat. Yaxşımı? Hancarı yazım? Nejə yazım bilmirəm. Bu aynada əncamadan çıxıfdı, qayıraja bilmirəm ki. Ayrı iş də qayrım, nağayrım, ayrı ləhçəm yoxdu dana. Hələ biz də yemək bişirim sözünü az adam işlədir. Hamı deyir ki, yemək qayrıram. 

Qadın.netlilərin ləhcəsi (1)

Louis Vuitton (Ekspert)

Hər bölgənin özünəxas şirin ləhcəsi var. Qarabağ ləhcəsi də özünün özəlliyi ilə fərqlənir. Qarabağ dialekti ədəbi dilə yaxın olmaqla yanaşı, tarixi qədimiliyi də qoruyub saxlamışdır. Hətta Türkiyə türkcəsinin ədəbi dilində də Qarabağ dialektindən sözlər işlədilir. Bizlərdə [ə] çox vaxt [a] ilə, [c] isə [j] səsi ilə əvəz olunur. "Mənə ver" -- "maa ver", "gələcəm" - "gələjəm" kimi işlədilir. Bəzi sözlər var ki, ancaq Qarabağ bölgəsinə xasdır. Məsələn bizlərdə atanın bacısına "bibi" yox, "mama" deyirlər. "Hündür" əvəzinə "qəlbi" işlədilər. "Gedəcəksən" əvəzinə - "gedəssən" və s. Ümumiyyətlə, Qarabağ bölgəsinin dialekti çox şirindir. Bir dəfə müsahibələrin birində dəyərli yazıçımız olan Seyran Səxavətin belə bir fikrini oxudum, yazırdı: " İnsanların üzlərindən qarabağlı olduqlarını bilirəm. Ağzını açan kimi deyirəm, harasındansan? Deyir, nəyin? Ləhcə bir yana qalsın. Qarabağ Azərbaycanın səsi, nəfəsi, ədəbiyyatıdır. " Ləhcə nə qədər şirin, əziz də olsa ictimai yerdə, yazı dilində ədəbi dili üstün tuturam və hər zaman da əməl etməyə çalışıram. Danışarkən buna bir o qədər də əməl edə bilmirəm, çünki istər istəməz ədəbi dildə danışmaq çox çətindir. Hətta filoloqlar belə bunu tam dəqiqliyi ilə bacara bilmirlər, amma "yazı nümunələrində bütünlüklə qorumağı bacarıram" deyə bilərəm

Gülşən29(Redaktor)

 Hər bir bölgənin özünəməxsus şivəsi var. Azərbaycanın şirin ləhcəli bölgəsi olan Şəki şəhəri baməzə sözləri, frazaları, ləqəbləri, lətifələri ilə məşhurdur. Şəkidə elə bir adam yoxdur ki, onun ləqəbi olmasın. İstərdim gündəlik həyatımda işlətdiyim bir-iki sözü sizinlə bölüşüm. Dambaduz - Küsəyən, Löyünsüz - Eybəcər, Ana bülbül- Tamamən islanmış adama deyilir, Ayraz- Başqa, Barı- Divar.Bambılı- Sözünün və hərəkətinin yerini bilməyən adam.Beyqafıl- Qəflətən, Beyşüyür- Tufeyli, Bihoor- Bir azdan, Qaşqa- Alın, Qıdın-qıdın -  Az-az, Daqqış- Kəllə atmaq, Dıqqılı- Kiçik, Dəvə daraq- Ləvazimat, Dəbbəlamaq- Sözündən dönmək ,Dəvəllayı- Özbaşına, Dəmşalaq- Səliqəsiz adam, Yaraf- Görəsən.Hələlik bu qədər. )))) 

Xəyalə Murad (Redaktor)

 Hər bir bölgəmizin ləhcəsi çox gözəldir, üstəlik çox şirindir. Mən də sizə bəzi bölgələrimizin gündəlik sözlərindən yazacam. Ümid edirəm hamınıza maraqlı olacaq.  Qarabağ bölgəmizi Sevinc xanım artıq sadaladığı üçün ona toxunmadan digər bölgələrə keçirəm. Naxçıvanda: Vəzəriyə -qodem, reyhana-qaragöz, qarğıdalıya-maka, badımcana-qara, alçaya-göyça, çəngələ-cırıq qaşıq, dona-oyma, xlora(CL)-javel, fantaya-sarı kola, pepsiyə-qara kola və s. deyirlər.  

Qazax: çörək-əppəy,pedir-peynir,sakit(rahat)-ustufca,dərdin alım (bəzən də Dərdiş),həncəri(əksər bölgədə var), ölüm canına, anırı otur, xamralı (çörək növü), fəsəli (qat-qat çörək) və s.

Gəncə:Ay Lalə(filankəs),başına dönüm. Gələjəm dana. Qadan alım, hamısını danışajam! Gülşən, qurvan olum yaxşısanmı?. 

Corat: Həri, nöşün, yaxçı, gidət, qərdeşim.

Beyləqan: pıışıız (peç, ocaq) işləmir? çayyıın iç. və s. Hələ o qədər zona var ki, onlardan sadalmadım. Şirin ləhcəsi olan Şəki, Quba, Lənkəran və s. Bütün bölgələrimizin ləhcələrini sevirəm, çünki  Vətənimin hər qarışını sevirəm.  

Yağmur damlası (Zümrüd)

Mənim atam Bakılı idi,anam isə rayon qızı idi.Uşaq vaxtı həmişə düşünərdim ki, niyə biz hamımız bir ailədə eyni ləhcəylə danışırıq təkcə anamdan başqa. Anam da öz ləhcəsiylə danışardı. İllər keçdi, o da bizim ləhcəmizi götürdü. Əsasən sevdiyim sözlərimiz bunlardır nöç, əğəz, həri, anamcanı, ərkey, birdə [e] səsini daima [i ]səsiylə əvəz etməyimiz. Bəzən də [e] səsini [ə] səsiylə  əvəz etməyimiz. İllər keçdi özüm rayonlu oğlanla ailə qurdum. İndi artıq onların ləhcəsiylə danışıram, baxıram ki, necə o vaxtı mən anam haqqında düşünürdüm, indi uşaqlar mənə evdə deyir ki,  niyə belə danışıram. Canım,yadıma düşən bunlar oldu hələlik. Şərhlərdə qeyd edərəm yadıma düşdükcə. Sonunda demək istəyirəm ki, Bakılı olduğum üçün heç vaxt özümü artıq tutmamışam. Çünki azərbaycanlı olduğum üçün fəxr etmişəm. Fərqi yoxdur- şəhərli, rayonlu, kəndli. Əsas odur ki, azərbaycanlıyıq!

Mira-Amar (Zümrüd)

Mən Naxçıvanın Culfa rayonundanam. Azərbaycanımızın hər bölgəsinin özünəməxsus şivəsi olduğu kimi Naxçıvanın da ləhcəsi seçilən və şirindir (mənə görə).  Bizdə ən çox seçilən sözlər bunlardır: Nəlbəki-zir, Çörək-dəstana, Göyərti-pencər, Niyə-əbə niyə, Balaca-dınqılı, Ata-dədə. "Deyil" sözünü bizdə "dəyir" kimi deyirik. Ən çox seçilən sözlərimizdən biri isə hə daaaa bəəə..., dedaaaa bə və donqıli. Ağlıma bunlar gəldi...

Qadın.netlilərin ləhcəsi (1)

Sumeyya Musevi (Yaqut)

Mənim əslim İrandandır, amma Bakıda doğulub böyümüşəm. Ona görə də şivəm Bakı şivəsidir. Sözün düzü,  bir o qədər də ləhçə ilə danışmıram. Lakin, bəzi sözlər yadıma düşdü yazım sizə də. Bizdə stola-miz, stol örtüsünə-mişənbə, nənəyə-ninə, niye-nöyçün, hamam dəsmalına-qətfə deyirik. Təbii ki, çoxdur Bakı şivəsi, amma mənim yadima düşən bunlar oldu. Bu qədər..

SWEET GIRL (İstifadəçi)

 Şəhərimiz Xaçmazdır. Çox gözəl şəhərdir. İnsanları çox mehribandır. Şəhərimiz axşamlar daha da gözəl olur. Burada 10 dənə məktəb, xəstəxanalar, gözəllik salonları ,muzeylər, kitabxanalar, parklar, şahmat məktəbi, dövlət bankları, restoranlar və kafelər var. Yaxın gələcəkdə çox gözəl və böyük idman kompleksi istifadəyə veriləcək. Çoxda böyük şəhər deyil, küçələri çoxdur. Ərzaq və geyim dükanları çoxdur. Nə istəsəz, tapa bilərsiz. Xaçmazın çoxlu istirahət mərkəzləri var, həmçinin kəndləri. Bizim kəndimiz Nərəcan kəndidir. Balaca olmasına baxmayaraq gözəl kənddir. İnsanları da yaxşıdır. Əhalinin əksəriyyəti yerlidir, amma tat, söbülü və s. millətlər də var. Kəndimizdə kifayət qədər un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana, cayxanalar və əhalinin şəxsi bağları var. Nərəcan əsasən şaftalı ilə məşhurdur. Hər bir bağda şaftalı ağacı var. Kəndimiz Nabran yolunda olduğundan yayda ora çoxlu adamlar gəlir. Kəndimizin ləhçəsi də ayrıdır. Nənəmgil danışanda gülməyim gəlir. Kənddə yaşamadığım üçün onların ləhçəsində danışa bilmirəm. Məsələn:  Gəlirəm deyəndə -onlar gəlevaram deyirlər və ya gidavaram.Süfrə-sürfə, ayaqqabı- çüvək, ətək -tuman, "neynirsən" deyə soruşanda - "canina dua eliyirəm" deyə cavab verirlər. Hamilə -boylu, qaça-qaça gəl - yügürə-yügürə gəl, 20 qəpik pul-1abbası, eyvan -şöbəntoranin. İnsanları Canım sözündən çox istifadə edirlər. Məsələn: canım, xoş gəlmisən və s.

Yeganə (İstifadəçi)

 Deməli, mən Qax rayonunun Zəyəm kəndindənəm. Hər dəfə ora gedəndə də 1 ay ləhçəmizi unuda bilmirəm. Burda da təsadüfən ləhçəmizlə danışan insan görəndə həmən Qaxlı olduğunu bilirəm. Çox doğmadır şivrəmiz mənə. Sizlər də tanış olun əziz Qadın.net xanımları. Məsələn: Bura gəl-Habura gal, Xoş gəlmisən-Xoş gəlipsən, İndi-Hayindi, Bax da-baxsana, Yeyirsən?-Yiyisənmii?, Anamın bibisinə-Kiçi mama,Yaxşı da-Yaxşııısana, Stəkana-istəkan, Ev əşyalarına-attac, Dəsmala-məhraba, Sırğaya-tana, Üzüm çardağı-talvar-altaçıx, çərşənbə axşamları-qorqud, evin bünövrəsi-qaçar, göyərti-pencər, stol-isqam, nəlbəki-bölmə. Yadıma düşən bulardır. Onu da qeyd edim ki, bu şivələri keçmişdə nənələrimiz-babalarımız daha çox işlədib.

Qadın.netlilərin ləhcəsi (1)

Xəlilova Münəvvər (İstifadəçi)

 Bizim kənd Maştağa kəndidir. Kəndimizin çox maraqlı adət-ənənələri var. İndiyə kimi də davam etdirirlər. Ləhçəmiz şirin və maraqlıdır. Mənim qohumlarım indi ordadılar. Seyid məhləsindən orda çoxu biri-birini məhlələrdən tanıyıb, salam göndərib hörmət edirlər. Bizlərin qutabı, düşbərəsi, fisincan, şirin dolma və s. Qonaqlarımız olduqda isə çox vaxt bunlardan ikram edirik. Maştağa kəndinin sözdəri də maraqlıdır. Məsələn: Nənəyə -nenə, Babaya-boba, Baciya -boci, Qardaşa-qardeş, Başmağa -boşmağ, Barmağa- bormağ, Ay qız-ağeee, Ana-ayma. "Başım ağrıyır" sözünə "boşum ağrıyır" deyirlər. Uşaga ad qoyulmaqa -sapaxeyir deyirlər. Əncirə-encir, Göyərtiyə-göğərti. Bizim kəndin özünə məxsus yerləri də var. Çoxu şəhərdən ora çıldağa gəlir. Məhşur meyxana ustadı Ağasəlim Çıldağ nənəmgilin qonşusudur. Ağa Mirzə də orda yaşayır. Orda qadınların çoxsu indiyə qədər çarşabda gəzir. Hər kəs kimi mənimdə kəndim mənə əziz və sevimlidir. Yazımı oxuyub həvəsə düşənləri öz gözəl və mehriban kəndimizə dəvət edirəm.

 GunelYusifzade (İstifadəçi)

Mən Salyanlıyam. Bizim Səylanmızın balığı kimi söhbəti və ləhçəsi də seçilib seviləndir. O saat deyirlər ki, Salyandansan? Biz baci belə danışırığ. Salamlaşanda ə qardaş nəvar nə yox ecahannığdi? Bizlərdə aş süzənə-qorapalan ,mıxa-qadağ, Başmağa-şappıltı, rezindən olan çəkməyə -botu, tavana-padaloğ deyirik. Bildiyiniz kimi Salyanın da bir çox yalığları bulaqları gölləri vardır.Yayda hər ev, həyət- baca cənnət kimi olur.

15 aprel 2013
GO BACK