“Adəm əlinə keçən ilk fürsətdə günahı Həvvanın boynuna atdı”
(Nancy Astor)
Sənət tarixinə nəzər salsaq, görərik ki, Adəm və Həvvanın Cənnətdən qovulması səhnəsini bir çox rəssamlar öz əsərlərində təsvir ediblər. Məsələn, İtalyan rəssamlarından biri olan Massacio tablosunda Cənnətdən qovulmuş Adəmi başını aşağı salmış və əlləri ilə üzünü tutmuş, Həvvanı isə qəmgin amma başı yuxarıda bir şəkildə göstərmişdir. Bəs, Massacio nə demək istəyirdi?
Din tarixinə nəzər yetirək... İslam, Xristianlıq və İudaizm dinlərinə görə Həvva şeytana, yəni ilana aldanmış və bilgi ağacından qadağan olunmuş almanı dərmişdir. Həvva heç bir günahı olmayan Adəmin Cənnətdən qovulmasına səbəb olmuşdur.
Bundan sonra sanki Adəmin oğulları qadınları bunun üçün cəzalandıracaqlarına and içirlər. Beləliklə, Həvva anamız biz qızlarına “ikinci cins”olmaq mirasını qoyur. “Birinci cins” nümayəndələri Yaradana qadın doğulmadıqları üçün təşəkkür edir, qadınlar isə “hikmət səndədir” deyə baş əyirlər. Bəs kişilərin şükran duymaqlarında səbəb nə idi?
Çünki qadın olmaq:
-yüksək dağlardan yerə atılmaq;
-diri-diri basdırılmaq;
-Ortaəsrlərdə kürən,yaşıl gözlü olduqları,atasız uşaq doğduqları üçün inkvizisiya qurbanı olmaq;
-şairə ikən qəzətlərdə şair kimi qələmə vermək;
-ərinə itəatsizlik etdiyi üçün yataqdan uzaqlaşdırılmaq və sonra evə həbs edilərək döyülmək;
-kişinin nəfsinə çevrilmək, saçının hər teli ilə şəhvət toxumları səpələmək, gözüylə yoldan çıxartmaq idi.
Hislərini cilovlaya bilməyən kişilər çıxış yolunu qadının örtünməsində gördü.
O zaman qadının var oluşunun mənası nə idi və kim üçün yaşamalı idi qadın? Cavab çox sadədir: “Belindən geldiyi atası, bakirəliyini müqəddəs saydığı əri, onların ölümündən sonra təhvil veriləcək oğlanları üçün var idi qadın”. Xeyr! Bu var olmaq deyil! Bilirsiz nə vaxt var olar qadın?
Bütün bədəniylə, əqliylə “mən varam” deyə hayqırmadıqda;fikirlərinə cəmiyyətin yox, öz sərhədlərini qoyduqda; dilindən “arvad almaq” sözü yığışdırıldıqda;maddi sıxıntılar çəkmədiyi üçün sevmədiyi ərindən boşandıqda; adına 8 mart bayramı keçirilmədikdə; sevgilisindən 101 qızılgül ya da tək qaş üzük yox, bir neçə kitab hədiyyə gözlədikdə.
Simone de Beauvoir : “Qadın doğulmaz,qadın olunar” – deyib. Çünki biz doğulanda cəmiyyət, təhsil sistemi, media bizə öz cinsiyyət anlayışını aşılayır. Məsələn; qızlara çəhrayı, oğlanlara isə mavi geyindirirlər. Qızların əlinə gəlincik, oğların isə oyuncaq silah verirlər. Böyüdükdə bizə qadın zərif olar, astadan və az danışar deyə yazılmamış qanunlar tərtib edirlər. Bu fikir sistemini yıxmaq lazımdır. Çünki bir insan həyatı bir düşüncə sisteminə sığdırılacaq qədər sıxıcı və eyni olmamalıdır. Düşüncə qəliblərindən çıxdığımız, “mən varam” demək məcburiyyətində qalmadığımız günlərə! Sevgilərlə...
Nazilə Hejari