Somerset Moem "Ay və qara qəpik" “O yazıçı doğulmamışdı, o yazıçı oldu...”
Çoxdandı ay işığını görmürəm. O işığa baxa-baxa yuxuya getdiyim gecələr kəndimizdə yaşadığım illərdə olub. Ay işığı mənim üçün müqqədəsdir, uşaqlığımın işığıdır... Altı, ya yeddi yaşım olardı, anam mənə corab almışdı. Hər zolağı göy qurşağının rənglərilə imitasiya olunmuşdu. Və hər zolağın arasında zər toxumaları vardı. Ay işığında o toxumalar xüsusi bərq vururdu, əgər ay işığı olmasaydı corablarımın toxumaları elə işıldamayacaqdı. Corablarıma baxıb “ana, ay işığında daha qəşəng görünür” – dedim. Elə o vaxtdan da evdə mənə yeni nə alsaydılar, “ay işığında daha qəşəng görünür” – deyib əzizləyərdilər. “Ay və qara qəpik” əsərində yaradıcılıq eşqinin ay kimi əlçatmaz, dahilik işığı kimi təsvirini qısqandım.
Dünya şöhrətli rəssamlar, Vinsent Van Qoq və Pol Qogenin həyatlarına aid romanlar yazılıb. Van Qoqun bioqrafiyası olan İrvinq Stounun “Yaşamaq yanğısı” əsərini lap çoxdan oxumuşam. Pol Qogenin həyatının ipmrovizasiyası – Somerset Moemin “Ay və qara qəpik” əsərini isə bugünlərdə bitirdim…
“Yaşamaq yanğısı” Van Qoqun həyatı haqqında sırf bioqrafik janrda yazılmış əsərdir, lakin “Ay və qara qəpik” bioqrafik səciyyə daşımaqla yanaşı, həm poetik, həm psixologiyanın dərin qatlarına enilmiş, həm də daha bədiidir. “Yaşamaq yanğısı” əsərini bəyənmişdim, amma “Ay və qara qəpik” əsərini daha çox bəyəndim. Moemin dili axıcıdır, lakin bu axıcılığın arxasında çox dərin, yüksək peşəkarlıq və ali anlayış durur. Özü dediyi kimi – “Yazıçı mühakimə etməkdən çox, bilməyə, anlamağa məhkumdur”. Moem sənətkarın şəxsiyyətini üstün tutur. Qeyd edir ki, sənətkar özü də bilmədən adi insanlar onun istedadından hava, su kimi bəhrələnirlər, buna görə sənətkarın şəxsiyyəti daha əsasdı, lakin əsərlərində həmişə Moem sənətkarı üstün tutur. Bəlkə də, Moem bilirdi ki, əsərlərində sənətkarı şəxsiyyətdən daha üstün təsvir edəcək, ona görə də bu fikri deməklə bir növ özünü sığortlayıb.
Fikrimcə, insanın şəxsiyyəti formalaşmayıbsa, sənətinin dəyəri o yaşadığı müddətcə qiymətləndirilməz. Yalnız o zaman qiymətləndirilə bilər ki, sənətkarın ölümündən yüz illər keçər. Bəlkə Striklənd də bellələrindən idi? Xainlik, əfəndilik, rəzillik, şəxsiyyətsizlik – bütün bu xüsusiyyətlər eyni insanda cəm ola bilərmi? Striklənd sənətinin aşiqi kimi obrazlaşdırılsa da, Məncə o sənətinin də karı deyildi. Bəlkə də yaratdığı əsərləri görsəydim fikrim daha mülayimləşə bilərdi. Əsərin hər cümləsində həm yazıçıya “afərin” dedim, həm də Stirkləndi tutsaydım əməlli-başlı döyəcəyimi düşündüm.
Yazıçı yaratdığı obrazın bütün xüsusiyyətlərini oxucuya çox aydın şəkildə çatdırıb. Strikləndə nə qədər əsəbiləşsəm də qadınlar haqda dediyi bütün fikirlərlə razılaşmaya bilməzdim.
Əsərdə iki kişinin qadınlar haqqındakı fikirləri qarşı-qarşıya qoyulur. Oxuduqca elə hiss edirsən ki, Stryovun qadınlar haqqındakı fikirləri Strikləndin gözlərindəki istehzaya toxunub çiliklənir.
Əgər kişilər qadınların düşüncələri haqqında güzgüdə özlərini gördükləri kimi real məlumata sahib olmaq istəyirlərsə, “Ay və qara qəpik” romanını mütləq oxusunlar.
“Sənətkarın abidəsi onun əsərləridir” deyən Moem öz abidəsini əsərləri ilə bəlkə də elə sağlığında qurmuşdur.
Ay işığına əlimiz yetməsə də işığından bəhrələnə bilərik...
Sonda isə müəllifdə iqtisadçı sezimi: Moem deyir ki, pul altıncı hissdir, onsuz qalan beş hiss natamamdır. Düz deyir.
Qeyd: Yaxın günlərdə “Kitabsevərlər” İctimai Birliyinin yenidən nəfəs verdiyi, rəssam Bəhruz Kəngərlinin həyatından bəhs edən “Uzaqda ucalan dağlar” əsərinə başlayacam. İnanıram ki, “Uzaqda ucalan dağlar” da bu əsərlərdən geri qalmayacaq.
İlahə ELDARQIZI