Qadin.NET / Varis Dirie "Səhra çiçəyi"

Varis Dirie "Səhra çiçəyi"

 

Arzuların gerçək olduğu əsər

Varis Dirie "Səhra çiçəyi"

Məncə, insanın arzusu daha tez yerinə yetir, nəinki məqsədi. Məqsədin içində hiyləgərlik, başqasına özünü göstərmək, başqasına “mən buyam” demək var. Məqsəd hiyləgər, arzularsa daha saf, ülvi, səmimi məfhumdur. Əlindəki vasitələrlə məqsədə çatırsan, ya da çatmırsan. Bəzən insan bilir ki, arzusuna çatması üçün real imkan yoxdur. Amma yenə də arzulamaqdan vaz keçmir. Bəlkə elə saflığındandır, sonda gerçəkləşməyəcəyini düşündüyün arzu həyata keçir. Dönüb geriyə baxanda fikirləşirəm, arzularım həyata keçdi, yoxsa məqsədlərimə çatdım? Baxıram ki, daha çox arzularım həyata keçib. Düzdür, demək olmaz, məqsədlərimə çatmamışam. Amma elə əlçatmaz arzularım olub, gözləmədiyim məqamlarda həyata keçib. Məncə, model olmaq Varisin istəyi yox, arzusuydu. Model olmağı arzulayanda ağlına gəlməzdi ki, modellikdən səfirliyə qədər gəlib çıxacaq. Onun keçdiyi həyat yolu coğrafi mühitimizdə suyun, yağışın, qədrini bilmədiyimiz ən adi saydığımız nəsnələrin dəyərini bilmək üçün güzgüdür. Onun həyat hekayəsi qadının güc simvolu olmasını göstərir. Afrika qadınlarının çətinliklərindən, qadın sünnətinin ağlagəlməz dəhşətlərindən bəhs edən “Səhra çiçəyi” romanında Varis öz həyat hekayəsini utanmadan, bəzənsə qürurla danışır. Hətta “sünnət olunmaqdan başqa yaşadığım heç bir əziyyətdən peşman deyiləm” – deyir. O, vətəni Afrikanı sevir, orda keçirdiyi gözəl günlərini unutmur.

Varis Dirie "Səhra çiçəyi"

Əminəm ki, Varis yaşadığı əzablı yaşantılarının çoxunu yazmayıb, yaza bilməyib. Bəzi hisslər var ki, neçə il keçsə də xatırlayanda eyni şeyləri təkrar yaşayırsan. Varis bu əsəri yazmaqla həyatını kimlərəsə nümayiş etdirmək yox, qadın sünnətinin ləğv olunmasına qarşı hansısa tədbirlərin görülməsini istəyib. Tanrının yaratdığını şikəst buraxmağa bəndənin haqqı yoxdur. Görəsən, Afrika “ənənə”lərində qadınlara olan münasibət kişilərə göstərilsəydi dözərdilərmi? Niyə hər dəfə qurban qadın olur, niyə hər dəfə qadın aşağılanır? Bu qədərmi güclü görülür qadınlar? Bu qədərmi qorxulu hesab olunur? Varis “qurban” sözündə zəiflik gördüyündən özünü qurban hesab etmir. Amma milyonlarla sünnət olunmuş qurban qadınlardan biri olması reallığı dəyişmir. Buna rəğmən baş əyməyib, hər zaman dik dayanıb. Afrikalı düşüncəsində olan kişilərə bir şeyi demək istəyirəm, qadınlar aşağılanmaq üçün yox, sizin siz olmağınız üçün yaranıb. Sizi ata, həyat yoldaşı edən, özünüzü güclü hiss etdirən bu dəyərin qiymətini bilməmək kimi aşağılayır, qərar verin! Razılaşmaq lazımdır ki, bu gün də qadınlar aşağılanır, qadınlar qurban edilir. Tanrı bizi xoşbəxtliyiniz üçün yaradıb. Qadınlarınızın qiymətini bilmək ümidi ilə... Roman haqqında hiss etdiklərimin yanında yazdıqlarım çox sönük qaldı... Təəssüratlarımı bu əsərin motivləri əsasında çəkilmiş filmin sonunda səslənən fikirlə yekunlaşdırmaq istədim: “Gəlin, qadın olmağın anlamını dəyişək!”

 

İlahə ELDARQIZI

 

10 noyabr 2017
GO BACK