Doğmalarım qədər yaxın, elə o yaxınlıq qədər də uzaq olan dağlarım...
İllər keçir... İnsan yaşlandıqca torpağına olan bağlılığı illərin özü kimi artır. Uzun ayrılıqdan sonra bu il hər tərəfdən dağlarla əhatə olunan alınmaz qalamın, torpağımın ziyarətinə getdim. Naxçıvan hər tərəfdən dağlarla əhatə olunub, hardan baxırsan bax mütləq dağları görəcəksən. Dağları, ziyalıları və zəngin mədəniyyət abidələrilə dolu diyarda doğulduğum üçün qürur duyuram. Torpağımın qürur duyulası şəxsiyyətlərindən biri də Bəhruz Kəngərlidir.
Tofiq Mahmudun Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən “Uzaqda ucalan dağlar” əsərini oxumursan, o əsərlə yaşayırsan. Yazıçı məkanları və situasiyaları o qədər gözəl təsvir edir ki, yenidən Xan dikinə dırmanırsan, Mömünə xatunun “xatunluğuna” tamaşa edirsən, Xan sarayına boylanıb xan qızı Narıncın gözəlliyindən gözəllik oğurlamaq istəyirsən, Qızlar bulağının suyundan içib gözəlləşirsən, Haça dağa ay işığında tamaşa edirsən. Bəlkə də bu bir xoşbəxtlikdir ki, Mən Haça dağın əzəmətinə ay işığında tamaşa etmişəm. Bəhruz Şıxmahmud kövşənindən keçib dağlara doğru irəliləyərkən Mən də o kövşəndən keçib öz kəndimizə doğru yol alırdım. Bəlkə əsəri əvvəllər oxusaydım Mən bu cür hisslər burulğanına salınmazdım.
İrvinq Stounun “Yaşamaq yanğısı” əsərininin ön sözündə belə bir ifadə var: “Stoun əsəri yazmamışdan öncə Van Qoqun yatdığı çarpayıda yatıb, içdiyi fincandan çay içib, Qoq olan məkanların çoxun gəzib və uzun araşdırmalardan sonra “Yaşamaq yanğısı” əsərini yazıb”. O vaxt Stounun səbrinə və yaratmaq eşqinə heyran qalmışdım. Əcnəbi yazıçılarda gördüyüm gözəl yaradıcılıq nümunəsin öz ölkəmizin də yazıçılarında görmək kimi qısqanc bir istək oyanmışdı. Hətta bizdə niyə olmasın deyə düşünürəm? Tofiq Mahmudun Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən “Uzaqda ucalan dağlar” romanı üçün 5 il araşdırma apardığını biləndə, sevincimi ifadə edəcək kəlmələrim qalmadı. Tofiq Mahmud qələminin özü də rənglidir, əgər o rəngli olmasaydı Bəhruz Kəngərli fırçasının rənglərini bu cür gözəl ifadə edə bilməzdi. Eşitmə məhdudiyyəti olan Bəhruzun daxili dünyası onun 2000-dən çox olan əsərlərinə çöküb. Bəhruz seyircisinə doğma gəlir, bunun səbəbi isə xalqının yanında olması, sənətinə vətəndaşlıq prizmasından yanaşmasıdır. “Qaçqınlar” silsiləsindən olan əsərləri bu fikrimin bariz nümunəsidir.
Sujet xətti və obrazlar haqqında danışmaq istəmirəm. Lakin qəlbimi titrədən xarakteri, sevgisinin mütisi, lakin müdrik qadın Hürnisə haqqında bircə kəlmə demək istəyirəm – FƏDAKAR.
Əsər boyu bir sual çox düşündürdü: “görəsən Bəhruz öz fırçasıyla özünü necə təsvir edərdi? Hansı rənglərdən daha çox istifadə edərdi?” Sona yaxın rəssamın özünün portiretini aynadan baxıb təsvir etməsi qeyd olunub, lakin Mənim sualım yenə cavabsız qalıb, çünki rəngləri duya bilmədim...
Bəhruz dünyasının rənglərini görmək istəyi məndə bu il yenidən Naxçıvana, nuh yurduma getmək həvəsi yaratdı. İndi görüləcək bir iş qaldı, torpağımdakı Bəhruz Kəngərli muzeyinə getmək Bəhruz fırçasının orjinallığına birbaşa tamaşa etmək.
Sonda isə geriyə bir sual qaldı: illər keçməsinə baxmayaraq Gürcüstan və Azərbaycan cəmiyyətləri arasında dəyişən nədir?
Stefan Sveyqə görə elə anlar var ki, zamandan üstündü. Mən də əsərdən zövq aldığım o anları qurumuş çiçək ləçəklərinə hopdurub əsərin səhifələri arasında saxlamaq istəyirəm. Çünki o anlar, o hisslər zamandan üstündü!
İlahə ELDARQIZI