Hektor Malo “Ailəsiz”
Fransız yazıçısı Hektor Henri Malo 20 may 1830-cu ildə Fransanın La Buy vilayətində dünyaya gəlib. Rouen və Parisdə hüquq təhsili alan Malonun ədəbiyyata olan marağı onu hüqüqşünas olmağa qoymayıb. O, Lloyd Français üçün dramatik tənqidçi və L'Opinion Nationale üçün ədəbi tənqidçi kimi çalışıb. 1859-cu ildə nəşr olunan ilk kitabı “Les mesuqe” idi. Başqa məşhur əsərlərindən olan “Sevgi qurbanları” trilogiyasını 1859-1866-cı illərdə yazıb. Sonralar 1869-cu ildə yeniyetmələr arasında xüsusilə tanınan və bir çox dillərə tərcümə olunan “Romen Kalibri” romanı işıq üzü görüb. 1878-ci ildə yazdığı “Ailəsiz” və 1893-cü ildə “Ailədə” romanları isə Fransız Akademiyası tərəfindən mükafatlandırılıb. Yaratdığı əsərlərilə dünya uşaq ədəbiyyatında xüsusi yeri olan Hektor Henri Malo 1907-ci il 17 iyul tarixində Fransanın Fonten Su Buy vilayətində dünyasını dəyişib. 70 kitab müəllifi Maloya uşaq ədəbiyyatında öz möhürünü vurmağa vasitçi olan və ona dünya şöhrəti qazandıran əsəri isə “Sans Famile” (Ailəsiz) romanı oldu.
Malo ilə ilk tanışlığım “Ailəsiz” romanı ilə oldu. Əsər balaca Reminin həyatından bəhs edir. Düzü mən Remiyə “balaca” deyə bilmirəm, çünki onun yaşadıqları, əzmi, iradəsi, verdiyi qəraralar, hər stiuasiyadan bir çıxış yolu tapması onu oxucunun gözündə böyük bir obraz kimi canlandırır. Malo bu əsərində pafos dolu cümlələrlə oxucusunu yormur. Əksinə çox sadə təsvirlərlə öz mesajını ustalıqla oxucusuna çatdırır. Anladığım qədəri ilə yazıçı bədbəxtliyin nəyinsə olmamağında yox, məhz ailəsizlikdə olduğunu çatdırmaq istəyib. Yaratdığı obrazın simasında onu göstərir ki, həyatında ağır günlərinin sayı çox olsa da onun balaca Remisi heç ruhdan düşmədi. Həmişə əzmlə çalışdı... Əsər oxucusunu kifayət qədər hisslər burulğanına qərq edir. Kövrəldir, güldürür, valideyn dəyərini önə çəkir, uşaqlığı əzabla keçən oxucusunu uşaqlığına qaytarır. Bu gün Remi kimi məqsədlərinə yetən oxucusuna o xatirələr acı da olsa xoş gəlir. Əsərdə Reminin sadiq dostu Mattianın sədaqətinə və ağlına heyran qalmamaq mümkün deyil. İstər Espinassanın təklifinə “yox” deməyi, istər Remi həbsxanada olanda Bob ilə planları, istər Remi şaxtada qalanda etdiyi fədakarlıqlar əsl dostun edə biləcəkləri idi. Malo povestin tam hüquqlu iştirakçıları olan heyvanların – meymun Duşkanın, Kapi, Dolçe və Zerbino itlərin təsvirini də ustalıqla bacarıb. İnsanlar xoşbəxtliyin nə olduğunu bilmir, xoşbəxtliyi ancaq yad oğlunun və ya yad qızının sevgisində görən bu aciz bəndələr əslində bilmirlər ki, bədbəxtlik ailəsizlikdi, bədbəxtlik valideyinsizlikdi, bədbəxtlik hər qayğının qarşısında tək qalmaqdı. Remi ailəsiz idi, Remi valideyinsiz idi, Remi təkbaşına idi. Nə qədər rastına yaxşı insanlar çıxsa da, nə qədər özü iradəli olsa da, nə qədər onun Mattia kimi dostu olsa da, nə qədər optimist olsa da yenə də o tək idi. Lakin bütün bunlara rəğmən o cəsur idi, hər əziyyətə sinə gərən idi. Kövrələcəksiniz, düşünəcəksiniz, Mattianın kələyinə güləcəksiniz. Və sonda özünüzə sual edəcəksiniz “Mən bilirrəmi əsl xoşbəxtlik nədir?” Əgər bu əsəri oxumamısınızsa mütləq oxuyun və uşaqlarınıza mütləq oxutdurun.