Dino Bussati “Tatar çölü”
“Həyatımı dəyişən” kitablar sırasında mən hər zaman Ronda Bernin “Sirr” kitabını qeyd edirdimsə bundan sonra artıq o sıraya görkəmli İtaliya yazıçısı Dino Bussatinin “Tatar çölü” romanı da daxil oldu. Əgər “Sirr” məni hər qərarımın arxasınca sonuna qədər getmək üçün ruhlandırırdısa, “Tatar çölü” tam əksinə verdiyim hər qərar haqqında düşünməyə vadar etdi. Maraqlı burasıdı ki, “Tatar çölü” məni pessimizmə sürükləmədi, əksinə.
1906-cı ildə Belluno kommunasının San Pelleqrino məhəlləsində dünyaya gəlmiş Dino Bussati 22 yaşında Milanın ən nüfuzlu “Corriere della Sera” qəzetində redaktor kimi fəaliyyət göstərməyə başlayır və artıq 1930-cu illərdə Bussatinin “kafkasayağı” tərzdə yazdığı ilk romanları dərc olunur. “Altmış hekayə” kitabına görə Streqa mükafatçısı olan yazarın “Tatar çölü” romanını Borxes öz şəxsi kitabxanasında saxlamışdır.
Dünya ədəbiyyatının şedevrləri sırasında olan “Tatar çölü” romanı, yaşadığımız illər ərzində fərqində olmadığımız çox məqamlar var ki, onları oxucusunun üzünə çırpır. Əsəri oxumağa başlayanda ilk səhifələrində mənə elə gəlirdi ki, əsər sanki ağ-qara rənglərdən ibarət bir rəsm tablosudu. Lakin sonradan sanki hər şey canlandı. Əgər əsərin əvvəllərində mən “bu əsər sadəcə söz yığınından ibraətdir” – deyə düşünürdümsə, sonda artıq bu fikirdə olduğum üçün bir utanc hissi keçirdim.
Əsər gənc leytenant Covanni Droqonun yaşantılarından, onun bir ömür boyu tatarlarla döyüşəcəyi günü gözləməyindən, o günləri gözləyərkən nələri itirdiyinin belə fərqində olmamasından bəhs edir. Hərbi akademiyanın yenicə məzunu olmuş Droqo ideal hərbiçi xəyalları qurur və ölkənin sərhədlərində yerləşən Bastianı qalasına təyin edilir. Qalada cəmi dörd ay xidmət edəcəyini düşünən gənc leytenantın buradakı ayları illərə dönür.
Səhifələr çevrilir, aylar və illər keçir. Biz məqsədlərimiz uğrunda sönməz bir iradə ilə çalışırıq, amma birdən dönüb arxaya baxırsan ki, heç bir anı yaşamamışıq sadəcə sonu gözləmişik. Dino Bussatinin təsviri ilə Tatar çöllərindən keçən hər bir oxucu mütləq öz yaşantıları haqqında düşünür. Məncə hər yaşın öz “Tatar çölü” var və hər yaşda bir dəfə də olsa mütləq oxunmalı əsərdi. Əgər “Tatar çölü” iyirmi beş yaşlı oxucusunu hər cümləsi ilə silkələyirsə, indiyə qədər verdiyi qərararın doğru və ya yalnış olması haqqında düşündürürsə, demək italyan yazıçının bu əsəri bir güzgüdü. Məncə mən bu əsəri bundan sonrakı hər yaş dönəmimdə oxusam təkrarən fərqli hisslər keçirəcəm. İndi düşünürüəm ki, mən bu əsəri on yeddi və ya on səkkiz yaşlarımda oxuyan zaman görəsən hansı hissləri keçirərdim? Onda da mənə bu qədər təsirli ola bilərdimi?
Həmişə düşünmüşəm ki, insan taleyini özü yazır, amma bəzən elə də olur ki, artıq sən yazılmış o taleyə boyun əyməyə məcbursan. Bəs Droqo necə etdi? O, öz taleyinə boyun əydimi? Xidməti vəzifəsini yerinə yetirərkən o tatarlarla döyüşə bildimi? Niyə onun xidmət etmək istəmədiyi bir yerdə ayları illərə dönür?
Zaman bizim heç bir dərdimizə qalmadan öz axarında keçib gedir, nə vaxtsa bizim üçün çox gözəl olan hər şey bir gün bizə mənasız görünür, bu gün bizə çox gözəl görünən nələrinsə sabah bizə mənasız gələcəyi isə labüddü.