Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi”
Markeslə ilk tanışlığım roman və hekayələr toplusu olan “Sənin qar üzərindəki izinlə” kitabı ilə olub. Elə o kitabdan sonra Markes yazıçılarımın qara siyahısına düşdü. Amma günlərin birində maraqlı bir təsadüfdən sonra 1982-ci ildə Nobel mükafatına layiq görülmüş “Gözlənilən bir qətlin tarixçəsi” povesti ilə Markeslə barışdıq.
Kütlə psixologiyasını hədəf alan Markes bu povestində çox mətləblərin üstünü açmağı oxucuların üzərinə qoyub. Povestdə eyni zaman içərisində bir neçə zaman var. Povestdə obrazların hər birinin psixoloji yaşantıları tam açıq şəkildə təsvir olunub. Oxuyarkən elə hiss etdim ki, məndə o qəsəbədəyəm və o günahkar kütlə içərisindəki yerli əhalidən biri də mənəm. Qəsəbədəki hər kəs Santyaqo Nasarın öldürüləcəyini bilir, amma heç kəs bu haqda ona məlumat vemir. Yerli əhali şən, xeyirxah, ürəyi açıq Santyaqo Nasarı kiminsə öldürəcəyinə inanmır? Yoxsa elə hamı onun ölümünü istəyir? Axı niyə Santyaqo Nasar öldürüləcəkdi?
Santyaqo öldürüldüyü gündən öncəki gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Vikarionun toyunda sərxoş olur. O gecə Santyaqo yuxu görür. Yuxuda Santyaqo əncirlikdə gəzişir... Yuxuda ağacları görmək pis əlamətdir...
Santyaqo qəsəbə əhalisi ilə birlikdə yepiskopu qarşılamaq üçün limana sarı yol alır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun əkiz qardaşları, Pedro və Paolo Vikariolar da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir. Bundan sonra povestdə ötən gecəki toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela demək olar ki, Bayyardonun, sahibindən zorla aldığı evə gedirlər. Bakirə olmayan Anxelanı Bayyardo valideyinlərinin evinə qaytarır. Anxelanın ekiz qardaşları Pablo və Pedro Vikariolar ondan ismətinin kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu təmizləmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər.
Santyaqonun öldürüldükdən sonra Anxela anası ilə ayrı şəhərə köçür. Həmin ərəfələr Anxela Bayyardonu sevdiyini aşkar edir. Bayyardodan heç bir cavab almadan uzun illər boyu ona sevgi məktubları yazır. Nəhayət Anxelanın heç vaxt açılmamış iki minə yaxın məktubları ilə birgə Bayyardo onun yanına qayıdır.
Povestdə Anxelanın bakirəliyinin kim tərəfindən pozulduğu açıqlanmır. Povesti təhlil edən bir çox ədəbiyyatçılar iddia edir ki, Anxela öz gizli məşuqunu xilas etmək üçün Santyaqo Nasarın adını çəkir. Və Anxela o an eyni zamanda elə düşünür ki, qəsəbədə böyük gücə sahib olan Nasarı, qardaşları və ya kimsə öldürməyə cəhd etməz. Digər bir qrup təhlilçilər isə Anxelanın bakirəliyinin öz atası Ponsio Vikario ilə insest əlaqəsində olması səbəbindən pozulduğunu bildirir. Buna sübut olaraq Santyaqonun ölümündən sonra Ponsionun "tez bir zamanda dərddən dünyasını dəyişməsi" göstərilir. (Povestdə bu cümlə məhz bu cür qeyd olunubdu)
Öz qənaətimə gəldikdə isə məncə anasının dəmir rejimində yaşayan Anxelanın hansısa gizli sevgilisi yox idi və əgər olsaydı belə elə Anxela ömür boyu qoruduğu sevgilisini sevərdi, daha iyirmi üç il dayamadan Bayyardoya məktub yazmazdı.
Povestdə sual doğuran məqamlardan biri də odur ki, Anxelanın Bayardoya yazdığı məktubların heç birini Bayyardo oxumur, məktublar açılmamış vəziyyətdə olur. Bəs Bayyardo hardan bilirki Anxela onu gözləyir?
Hadisələr çox qarışıq təsvir olunur. Bir azca da dedektiv qoxusu gələn bu povestdə maraqlıdı ki, qatillər elə əvvəlldən məlum idi. Çox maraqlı yazılan bu povesti oxuyarkən əmin oldum ki, əslində Markes əla bir illuziyaçıdı.
Povest iyirmi yeddi il sonra qəsəbəyə gələn yazıçının öz dilindən nəql olunur. Hər zaman əsərlərinə maraqlı adlar seçən Markesin bu romanının da adı məni cəlb etmişdi. Suallarla dolu olan və oxucunu istər istəməz düşünməyə vadar edən bu povesti mütləq oxuyun. Bəlkə əsl günahkarı siz taparsınız. Kim bilir bəlkə elə günahkar Bayyardonun özü idi? Bəlkə elə Nasarı öldürmək Anxelayla onun sövdələməsi idi? ;)
Povestin diqqət çəkən frazaları
- sevməyi də öyrənmək mümkündür.
- hərşeyin əzəli namusdur.
- sevgini nifrətdən, nifrəti sevgidən ayırmaq mümkün deyil.
- elə məhəbbət də namus deməkdir.
- lazım olduqda, tale bizi görünməz də edə bilər.