Qadin.NET / Harper Li “Bülbülü öldürmək”

Harper Li “Bülbülü öldürmək”

Harper Li “Bülbülü öldürmək”

Xanım Li 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında dünyaya gəlib. “Bülbülü öldürmək” əsərində baş verən hadisələr zamanı (1935-ci il) xanım Linin 8 yaşı olub. Avtobioqrafik xarakter daşıyan bu əsərdə məncə Cin Luiza xanım Linin özüdür. O zamanın və bu günümüzün aktual məsələsi – irqçilik əlehinə mübarizəyə həsr olunan bu romanda hər situasiya uşaqların baxış bucağından süzülüb gələn fikirlərin qələmə alınmasıdı.

Roman səkkiz yaşlı Cin Luizanın dilindən nəql olunsa da, əsərin sonlarına yaxın artıq biz əsərin Xanım Linin özünün nəql etdiyinin şahidi oluruq. Əsəri bizə sanki iki nəfər danışır – balaca qızcığaz, Cin uiza və xatirələrini nəql edən xanım Li.

Üç gün ərzində sanki Finçlər ailəsində qonaq oldum. Dialoqların canlılığı və bəzi uşaqlıq xatirələrinin eyniliyi mənim özümü də o ailənin içində hiss etdirdi. Vəkil Attikus Finç, oğlu Cim, qızı Cin Luiza və öz bibimdən fərqlənməyən Aleksandra bibi.

Ata vəkildir. Meykombda kimsənin cəsarət etmədiyi işi – bir qara dərilinin müdafiəsini öz üzərinə götürüb. Uşaqlar Cim və Luiza hansısa qeyri-adi istedada malik olmayan adi uşaqlardı. Aleksandra bibi isə ziyafətlər təşkil edib, “aristokrat” xanımları bir araya toplayıb hansısa həyat tərzi olan tayfaları müzakirə edən və Cimdən “centlmen”, Luizadan isə “ledi” düzəltmək istəyən bir qadındı.

Həyatın müəyyən yaş dönəmində düşünürsən ki, “mənim atam yaşlıdı, mənim atam hamının atası kimi güclü deyil, mənim atam heç kimin cavabını vermir, sanki kimlərinsə qarşısından qaçır ”. İllər keçir və biz görürük ki, əslində biz nə qədər yalnış düşünmüşük. Atamızın etdiklərini və dediklərini bir zaman qəbul etmək istəməsək də yetkinlik yaşında artıq atamızın doğru olanı bizə öyrətdiyini görürük. Necə ki, romanda Cim və Luiza da bu cür düşünürdülər. Romanda müəyyən məqamlar var ki, orda artıq uşaqlar atalarının düşündükləri kimi zəif olmadığının şahidi oldular.

Romanda gülümsədiyim və kövrəldiyim məqamlar çox oldu. Mənə ən çox təsir edən məqam isə əsərdə Attikus deyir: “İgidlik ona deyərəm ki, insan əvvəlcədən işi uduzduğunu bilsə də o işi boynuna götürür. Həyatda hər nə olur olsun öz yolu ilə axıracan addımlayır”.

Sonuna qədər getmək mənim də həyat devizimdi. Məncə ədalətli olmaq hər bir şəxsiyyətin vəzifə borcudu. Mərhəmətli olmaq qarşımızdakından asılıdı. Amma vicdanlı olmaq lazımdı ya lazım deyil mən bunu deyə bilmərəm, vicdan elə bir hissdi ki, fərdiyyətindən asılıdı.

 

Harper Li “Bülbülü öldürmək”

 

Vəkil Attikus müdafiəçisi olduğu Tom Robinsonu hansı təzyiqlər altında müdafiə etdi? Bu işi sonuna qədər necə getdi? Sonda qalib ya məğlub oldu? Bütün bu sualların cavabını bilmək istəyirsinizsə, vəkil Attikusun dediyi kimi, “özünüzü kiminsə yerinə qoyub, hansı qərarı verərdim – deyə düşünmək istəyiniz varsa, səmimiyyət dolu, xatirələrlə zəngin, amma eyni zamanda bədii əsər olan bu romanı mütləq oxuyun.

Nəşrindən iki il sonra 1962-ci ildə ekranlaşdırılan bu filmin büdcəsi iki milyon dollar təşkil etsə də gətirdiyi gəlir on beş milyon dolları keçdi və “Oskar” mükafatına layiq görüldü.

Öldürmək günahdı, nəyi və kimisə öldürməyə insan məcbur qala bilər, amma içimizdəki ədaləti öldürməyə heç kimin haqqı yoxdu. Vicdanı isə öldürməyə insanda böyük “güc” lazımdı. Səbəbi nə olur olsun dəyərli olanları və ən əsası ümidlərimizi öldürməmək diləyi ilə.

 

 

31 oktyabr 2017
GO BACK