Teodor Drayzer İndiana ştatının Terri-Hot şəhərində, kasıb alman mühaciri ailəsində, 1871-ci il avqust ayının 27-ci günündə dünyaya gəlib. Amerikanın müxtəlif şatatlarında müvəqqəti məskən salan bu alman ailəsinin maddi durumu çox aşağı olduğundan Drayzer uşaqlıq və gənclik illərini çox ağır keçirib. Yaşadığı ölkənin iqtisadi rejimini bəyənməyən və ağır həyat tərzi keçirən Drayzer sonralar öz yaşantılarını yaratdığı obrazlarda canlandırıb.
Realist yazıçının ilk əsəri “Kerri bacı” olsa da, mən ilk dəfə yazıçıyla “Cenni Herhardt” əsəri vasitəsi ilə tanış oldum. Yazıçı əsərlərində ictimai rəyləri, cəmiyyət qınaqlarını daha çox önə çəkir. O zamankı Amerikanın əsl ictimai simasını ifşa edərək öz fikirlərini əsərlərində açıq-aşkar qeyd edir. Drayzer Kapitalist rejimini bəyənmədiyini, bu rejimin yaradıcı insanları hansı duruma saldığını, təbəqələşməni kəskin şəkildə pisləyir və bu mövzu yazıçının demək olar ki, bütün əsərlərinin əsas qayəsini təşkil edir.
Ernest Heminqueyin “Əcəl Zəngi” əsərindən mənə belə aydın olmuşdu ki, Heminquey sosial-iqtisadi rejimi çox bəyənirdi və elə buna görə də “Əcəl Zəngi” əsərinin dərhal rus dilinə tərcümə olumasını istəyirdi. Drayzerdə də mən bu fikir ilə rastaşdım. “Drayzer Rusiyaya baxır” əsərində də yazıçı bu rejim haqqındakı obyektiv rəyini ictimaətə çatdırmışdır.
“Cenni Herhardt” əsəri ilə tanışlıqdan sonra Drayzerin üslubunda yazıçı soyuqqanlılığını sezmişdim, yazaıçı yaratdığı heç bir obrazı önə çəkmir, o sadəcə özünə məxsus təhkiyə ilə obrazları təsvir edir. Kimin müsbət, kimin mənfi olmasına oxucu özü qərar verir. Bu üslubuna görə yazıçın yazı üslubunu bəyənsəm də, bəyənmədiyim tərəfləri də çox olmuşdu, hansı ki, yazar hədindən artıq uzunçuluq edir, (mənim fikrimcə).
İkinci dəfə isə “Dahi” əsəri ilə tanış oldum. Əgər “Cenni Herhardt” əsərində burjua aləmində məhv olan ömürdə qadın taleyi idisə, “Dahi” əsərində isə bu yaradıcı insan Yucin Vitlanın taleyi idi.
Yucin Vitla rəssamdır, xüsusi istedada malik bir insandır. Yucin gözəllik axtarışındadı, gözəl olan hər şey Yucini maqnitin dəmiri cəzb etdiyi kimi cəzb edir. Gördüyü hər gözəl qadına vurulan, onlarla eşq macəraları yaşayan, çox zaman özüdə öz hisslərindən baş açmayan bir insandır. Və eyni zamanda cəmiyyətin qədrini bilməyən, sənətinə dəyər verilməyən bir rəssamdır. Bu günkü gündə bu nüans bizim də cəmiyyətdəki Yucinlərin əsas problemidi və mən deyərdim ki, həyati yüklü bir prablemləridi ki, onlar bir əsər yaradıb onun müqabilində müəyyən bir məvacib alıb yaşaya bilmirlər, niyə? Çünki biz sənətə, sənətkara dəyər vermirik.
Rubi, Ancela, Miriem, Norma, Kristina, Stella, Suzanna... Yucinin həyatında olan qadınlar. Miriemin təkəbbürünü, Normanın şən riyakarlığını, Kristinanın həyat imtahanlarındakı mətanətini, Stellanın din haqqındakı düşüncələrini, Suzannanın gözəlliyini və düşüncə tərzini bəyənən Yucin Ancelanın nəyini bəyəndi niyə onunla evləndi heç özü də bilmədi.
“Dahi” əsərində Yucinin şöhrətin zirvəsinə qalxmasından və o zirvədən yerə yuvarlanmasından bəhs olunan bu əsərdə Yucindən əlavə bir çox talelər silsilə şəkildə verilib. Əsərdə bir çox obrazlar var idi ki, onları daha çox bəyəndim. Hansı ki, bu Suzannanın anası Mis Deyl və nəşriyyatın sahibi Kolfaks oldu. Deyl bir ana kimi üzərinə düşəni layiqincə etdi və istədiyi nəticəyə vara bildi. Cenninin anasından fərqli olaraq Suzannanın anasının analıq hissini çox bəyəndim. Kolfaksın isə Yucin ilə söhbətini, onun Yucini dərindən tanıması, Yucinin yoldaşıyla eyni təfəkkürün insanları olmadıqlarını bilməsini, Yucini hər halıyla anlasa belə yenə də öz müəssisəsinin nüfuzunu düşünməyini çox bəyəndim. Düşünürəm hər bir sahibkarın diqqət etməsi vacib olan məqamlardı Kolfaksın fikirləri.
Drayzerin belə bir fikri var: “Kapital aləmində sabit taleli adamlar yoxdur, orada yalnız yuxarı qalxan və aşağı düşən bədbəxt talelər var.” Kapital aləminin qurbanı isə Cennilər, Yucinlər, Ancelalar, Stellalar və daha çoxlarıdı.
İstənilən əsər ixtisasnından asılı olaraq hər bir oxucuya çox şey öyrədə bilər, mənə isə bu əsərdən Vitlanın işlədiyi nəşriyyatların sahiblərinin fikirləri çox şey öyrətdi. Mənə maraqlı olan sualların bir çoxuna bu əsər vasitəsiylə cavab tapa bildim. Gəldiyim nəticə isə o oldu ki, həyatda evlilik kimi insan həyatı üçün vacib olan bir qərarı vermək üçün, insan gərək müəyyən yaşantılar var ki, onları yaşaya və müəyyən yaş dönəmindən sonra artıq evliliyə imza ata. Ən azı sonda Yucin kimi çıxılmaz bir vəziyyətdə qalmamaq üçün.