Murakami yaradıcılığı ilə ilk dəfə “Kafka Sahildə” əsəri ilə tanış olmuşam. İkinci dəfə də Murakami yaradıclığına müraciət edərkən oxuyacağım kitabın vaxt itkisi olmayacağına əmin idim. Murakami hissləri çox gözəl ifadə edir. Murakamidən hər şeyi olmasa da çox şeyi öyrənirsən. Murakamini “Kafka Sahildə” əsərindən musiqi vurğunu kimi tanımışdımsa, artıq bu əsəri deməyə əsas verir ki, Murakami hətta pişikləri də çox sevir.
Çox sevirəm mistikanı, qeyri-reallığı, uydurma sujetləri hansı ki, əsər elə ustalıqla təsvir olunur ki, oxucu artıq bu uydurmaya inanır. Məncə əsl ədəbiyyat, real olmayana oxucunu inandırmaqdır. Murakami doğurdan da canlı əfsanədi. Hər şeyə inanmayan bir insanı öz əsərlərindəki qeyri-reallıqlara inandıra bilibsə, demək Murakami əsl söz ustasıdı.
Əksər əsərlərin annotasiyası və ya kiminsə təəssüratların oxuyarkən hər zaman standartlara uyğun olaraq baş qəhrəmanlardan söhbət açılır. Bu məndə fərqlidi, adətən təəssüratlarımı yazanda mənə hansı obraz daha maraqlı gəlibsə o obrazdan danışmağı sevirəm. “Norveç meşəsi” əsərində demək olar bütün obrazlar maraqlı, qeyri-adi, intelektual idi. Bu əsərdə mən mənfi obraz görə bilmədim. Ən çox yadda qalan düşüncə tərzinə görə Naqasava, qəribə xarakterli Reyko və məni çox güldürdüyünə görə Midori obrazı oldu.
Naqasava professional oxucu idi, onun fikrincə, “ölümündən ən az otuz il keçməyən yazarların kitablarını oxumayın. Zamanın süzgəcindən keçməyən əsərlərə vaxt sərf etmək riskini gözə almayın.” Naqasava hamının oxuduğu kitabları oxumurdu, o düşünürdü ki, hamının oxuduğu kitabı oxuyanda insan hamı kimi düşünür, bu isə bəsit, geridə qalmış adamların işidi.
Reykoya görə isə “Hamımız mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq.”
Midori isə nələr deyirdi və hansı hərəkətləri edirdi, bax onu əsəri oxuyanda bilərsiniz və sonra da gülərsiniz. ;)
Digər maraqlı və baş qəhrəmanlar isə Naoko və Vatanabe idi ki, Naokonun çox ciddi psixoloji prablemlərinin olmasına baxmayaraq Vatanabe onu sevir. Naoko Vatanabenin sevgisinə cavab verə bilirmi? Qaçılması mümkün olmayan alın yazısından Vatanabe özünü və Naokonu xilas edə bilirmi? Naokonun keçmiş sevgilisi olan Kidzukinin sevgisi daha güclü olur, yoxsa Vatanabenin? İki dost arasıda və iki dünya arasındakı mübarizədə hansı qalib gəlir? Bütün bu suallara cavab tapmaq istəyirsinizsə əsəri mütləq oxuyun.
Bəzi səhnələri avtobioqrafik olan bu əsərin Murakaminin Norveç Meşəsindəki yaşantılarından yazdığını düşünsəm də oxuduqdan sonra aydın oldu ki, əslində yazıçı bu adı çox sevdiyi “Bitlz” qrupunun “Norwegian Wood” musiqidən götürüb.
Kədər bizə nə öyrədir öyrətsin, gələn dəfə başqa, heç gözləmədiyin kədərlə üz-üzə gələndə o təcrübə sənə heç cürə kömək ola bilməyəcək, bu cür təcrübələrdən istifadə etməmək arzusuyla...