Qadin.NET / Ədəbi proses var!

Ədəbi proses var!

Ədəbi proses var!

Müasir bədii ədəbiyyata qarşı iradları tez-tez eşidirik. Müasir ədəbiyyat əxlaqi məsələləri həll etməkdən əl çəkərək bədii didaktika mövqeyindən çıxır. O, həddindən artıq pessimistdir, oxucunun nəzərini mövcudluğun ən zövqsüz və dəhşətli tərəflərində saxlamağa məcbur edir. 
Müasir ədəbiyyat bizim müsbət adlandırdığımız qəhrəman təqdim etmək iqtidarında deyil. Mədəni şüurun digər sahələriylə nisbətdə çox bəsit və yoxsuldur. Onda müxtəlif versiya və dekonstruksiya çox olsa da, həyati həqiqət azdır. Qərb texnologiyalarına heyran olmuş bu ədəbiyyat milli ənənəni dəyişərək yerli olmağı unudub. Dahilər yoxdur, öz süjeti uğrunda ölməyə hazır olan yaradıcılar yoxa çıxıb; hamısı oyunçu və ustadırlar.

Bu iradlar - ədəbiyyatın yazıçı, siravi oxucu və ədəbiyyat tərəfdarlarını birləşdirən xadimlər qrupuna olan ümumi narazılıq kontekstindədir. Ədəbiyyat ciddi olmayan, qabardılmış və təhlükəsiz iş deyil. Din, məsələn, bizim əxlaqi hislərimizə sağlam formalar verir, cəhənnəmdən çəkindirərək cənnət vəd edir; ədəbi mövqe isə qərarlı dəqiqsizlikdir. Bütün böyük yazıçılar bədbəxt insanlardır, əksəriyyəti ruhi xəstədir, yaşamaq həvəsi zəif, suisidallıq (intihara cəhd) yüksək həddədir. Bədbəxt dahi ilə münasibətdə hansısa oxucu xoşbəxt ola bilərmi? Əgər ona ciddi yanaşsaq görərik ki, ədəbiyyat reallıqdan qaçan xəyalpərəstləri qanadlandırır; bizim dünya müvəqqəti mədəni asudəliyi həmişəki sağlam mövcudluğa bağlılıqla qarışdırmayan sakit rasionalistlərə lazım olur. Ədəbiyyat daim dövlətin güclənməsinə və onun apardığı sadə eposlara narazılıq bildirən yetişilməmiş intelligensiya gizlənən məkandır. Ədəbiyyat adamı autist, mariginal, həyatı effektiv xidmətə - ideya və icrasına çevirə bilməyən qərarsız və boşluqpərəst insandır: eyni zamanda, ədəbiyyat adamında mahiyyətə sevgi də suallarla zənginləşərək təravətdən düşmüş haldadır. Ədəbiyyat nə dəqiq sistem dəyərləri olan ideologiya, nə dünyagörüşünün biçimli konturlarını ehtiva edən fəlsəfə, nə müqəddəs hadisələrin anlaşıldığı sistemli tarix, nə də zəruri ritual və ənənəvi əxlaq didaksiyası olan din deyil. O, hədsiz müəmmalı, subyektiv və bir o qədər də fantastikdir. Ədəbiyyat nə yazıçılara, nə oxuculara, nə də onunla məşğul olub tədris edən və öyrənənlərə pul gətirmir. O, illuziya ilə, mövcud olmayan şəxsiyyət və davranışlarla məşğuldur.

Ədəbiyyatı təhsil sistemindən itələməyə, onu müxtəlif pozitiv işlər fonunda gülünc vəziyyətə qoymağa çalışan, humanitar ordunun perspektivsiz müdafiəçisi kimi təqdim edən müasir dünyaya necə cavab verməli? Oxumaq, düşünmək, danışmaq, yazmaq. Qorxusuz düşünməklə gülməli yox, aktual olduğunu göstərmək. Öz etik qaydalarını bilərək, bədii duyğuların dinamikasıyla razılaşmaq şərtilə hərəkətə keçmək, aktiv olmaq. İncəsənətin xeyirinə təəssübkeşliklə (əsl mənada özgəpərəstliklə) xoşbəxt olmaq.

Bunu süni nəticələr (qiymət, bilik səviyyəsi, heyrətlənmiş həmsöhbət tapmaq) üçün yox, öz şüurunun bir təzahürü ilə həyatı maraqlı etməyə qadir, dialoqa açıq və nəzarət etmək/tabe olmaq sxemindən qurtulmuş insanlar üçün etmək. Müasir faydasız yanaşmalardan uzaq durmaq, qulaqlarımızı qabar edən postmodernizm sözündən azad olmaq, əvəzində isə dövrümüzün keyfiyyət meyarlı ədəbiyyatına qatlanmaq. Xatırlamaq yerinə düşər ki, əgər ədəbi proses total yüksəliş, böhran və təkrarçılığa qarşı güclü və əvəzolunmaz hərəkətdirsə, onda filologiya özünü muzey əhəmiyyətli olmaq və bəlkə də, süquta uğramaq kimi bir təhlükəyə atır. Mətn və onunla bağlı prosesin tarixini analiz etməyə çalışanlar ədəbiyyatın müasirliyinə etimad barədə də düşünməlidirlər, əks halda, klassika ilə qarşılaşdırılanda eyni təsiri görməyə bilərik. Bu addım mövcud problemləri gizlətmir. Təcrübəyə əsaslanan bir məsələ də qeyd edilməlidir: bu gün yaradılan mətnlərə müraciət edənlər praktiki olaraq şikayətlənmir, darıxmır və səviyyənin düşməsindən heyfislənmirlər. Əsas narazılıqlar az mütaliə edənlər, məlumatlı olmadan anlamaq və ittiham etməyi lazım bilənlər tərəfindən gəlir.

İndisə problemlər barədə. Müasir ədəbiyyatı ayırd edərkən onda rahatlıqla mariginallıq, epizodluluq və qeyri-mütləqlik görmək olur. Bir möhkəmlənmiş fiqur yoxdur ki, ətrafındakı obrazlı dialoqları təxirə salmaq mümkünsüz olsun. Bu fiqur nə Qarsiya Markes, nə də çoxdan dünyasını dəyişmiş Selincer və ya Paviç deyil. Elə rus ədəbiyyatı da bu vəziyyətdədir. Yüksək avtoritet sahibi olanlardan Rasputin və Belovu götürə bilərik, lakin onların da müasir ədəbi situasiyaya dolayısıyla aidiyyatı var. Onları poetikadan daha çox publisistika maraqlandırır. Hər bir bədii mətnin fakultativlik təəssüratı yaranır. Tutaq ki, Koelhonu, Harri Potter haqda kitabları və ya Den Braunu oxumaq çətin deyil, çünki hamı oxuyur və bu barədə danışır, lakin bunları tam da ədəbiyyat saymaq olmaz. Yaratdığı estetika uğrunda mübarizə aparan ədəbi cərəyan və məktəblər yoxdur. Poeziya və nəsr barədə nəzəri kontekstdə "Gümüş dövrü"nün ədəbi mübahisələrini xatırlayanlara indiki mühit darıxdırıcı gələ bilər.

Miqyasli şəkildə iqtisadi amildən asılı olmaq məsələsi də aydın görünür. İlkin planda oxucu deyil, alıcı kimi, müzakirə deyil, təlabat kimi qiymətləndirilir. İntellektual mətnin səthi bağlılığını əsas götürərək formal uğura edilən yatırımlar sirr deyil, sadəcə tirajlara baxmaq kifayət edir. Ədəbi prosesin layihəlilik əhəmiyyəti vacib dərəcədədir. Hər şeydən qabaq, yazıçının qəzət, internet resursları və televiziya ilə bağlı arzularını gizlətmək asan deyil. Yazıçının ictimai simaya çevrilməsi bir çox imic və yaşayış məsələlərini həll edir: Bıkov, Yerofeyev, Slapovskiy, İvanov, Proxanov, Prilepin kimi isimlərin yer aldığı müqavimətçilər siyahısında bu çevrilmə anlaşılandır. Görünür, ədəbiyyat tez-tez başqa sənət olmaq istəyir, mətni kino yaradıcılığına çevirmək arzusunda olur. Dünyada ədəbi mövcudluğun güclənməsi kinematoqrafiya yanaşması hesabına da baş verir: bunu "İdiot" və "Usta və Marqarita", "Karamazov qardaşları" və "Doktor Jivaqo" və s. nümunələrdə görmək olar. Əvvəlcə roman filmə çevrilir, sonra kitab ticarəti çiçəklənir: klassik ədəbiyyat həm də ona görə yaxşı satılır ki, üz qabığında

sevimli aktyorların şəkli olur. Bugünkü dünya oxucu təxəyyülünün kinoobrazlarla dəstəklənməsini sevir. Artıq tanınmış kitabların kompüter oyunlarına çevrilməsində qəribə heç nə qalmayıb. Hətta, xeyli əhəmiyyətli yazıçı olan Milorad Paviç bunu məqsədəuyğun və yaxşı hesab edirdi. Bu serb yazıçısı fəal oxuculara roman-lüğət ("Xəzər sözlüyü"), roman-krossvord ("Çayla çəkilən peyzaj") və roman-Taro kartları ("Konstantinopolda sonuncu sevgi") təklif edirdi.

Tez-tez yaradıcı süjetlərin, hadisəliliyin yoxluğunu qeyd edirlər. Dinamik fabula irimiqyaslı janrların, gələcək ekran əsərlərinin taleyinə çevrilib. Vladimir Sorokinin trilogiyası ("Bronun yolu", "Buz" və "23000") yazıçının "kağızın tüstüləməsiylə nəticələnən" ən əlaqəli mətnidir, bu yanğı əsasıyla sözügedən qnostik fantastik-qurğu barəsində Hollivudla dialoqun yoluna qoyulması açıq görünür. Heç əsas olmadan da belə görünür ki, miqyaslı ədəbiyyat fabulaya, ciddi ədəbiyyat isə məğz, yanaşma, monoloq və dialoq estetikasına arxalanır. Bununla Leonid Leonovun yarım əsrə yazılmış və yalnız 1994-cü ildə çap olunmuş "Piramida" romanıyla tanış olanlar razılaşa bilər: məğz romanın sərhədlərini aşaraq bədii mətni traktata çevirir, ciddi tapşırıqlar artdıqca süjetdə hadisəlilik zəifləyir, tarixilik və bədiiliyin ilahiləşdirilməsi naminə əhvalatın dinamikası yoxa çıxır. Sosial-tarixi nöqteyi-nəzərindən hadisəliliyin böhranı bizə baxanda qərb ədəbiyyatında daha əhəmiyyətlidir. Orada məğz əhvalatın sonunda necəsə məhdud - sanki xarici qüvvə ilə, ictimai rahatlıq və həyat səviyyəsiylə - qəbul olunur. Bizdə ölkə parçalanması, vahidlik faciəsi, ağ adətlərin qayıdışı, ideologiyaların konflikti baş verdi. Bütün bu ağrı-acı və müzakirələr Laçutin və Krusanovun, Proxanov və Bıkovun, Makanin və Pelevinin əsərlərində öz əksini tapıb.

Hadisəlilik mütləq şəkildə fabulanın qayıdışı olmaya da bilər, bunun yazıçının individual dünyaquruşu, dünyanın ona məxsus bədii modeli və müəllif poetikası kimi təzahürləri də mümkündür. Hadisə yaradıcılıq stilidir; mətn fabulasının başqa sözlərlə ifadə edilməsi yox, cari ədəbiyyatın əvəzolunmazıdır. Milorad Paviç - ecazkar şəkildə əcaib məğzlərin (roman və hekayə çərçivəsində), fabulanın bədii paradokslar daxilində ərimiş, yuxugörmə məntiqiylə düzülmüş poetik hadisələr yaradıcısıdır. Sanki təsəvvür etmək çətin deyil, lakin xəzər sözlüyü və ya küləyin daxili tərəfinin mümkünə çevrildiyi bir dünyada olmaq, həqiqətən, maraqlıdır. Milan Kundera - fəlsəfi düşüncənin təzahürü, özünü aqressiv təlaşdan xilas etməyin asılısı, varlığın dözülməz yüngüllüyünün özəlliyi, astagəllik və gerçəklikdə yaşamaq. Vladimir Sorokin - humanizm haqqında mifi, Bronun yolu üzərində açılan o dəhşətli gündəlikdəki ədəbiyyatın ruhi qüvvəsi barədə olan mifi dağıtmaq üçün çağırılmış insan varlığının motivləşdirilməmiş qəddar əhvalatı. Mişel Uelbek - bəşəriyyətin qaçılmaz və məntiqə əsaslanan sonluğunun bədii konsepsiyası, heyrətlənmiş istək, kompleks və yorğunluqla həyatın başlıca problemlərinin qadağası. Zaxar Prilepin - özünüdərkini möhkəmləndirən gənc qəhrəman obrazı, o, mövcud olmağı, sevməyi, qorumağı ona görə seçmir ki, ideyalar bunu diqtə edir; personajın şüurundakı öz həyatı ondan inkişaf

gətirən saflıqla xidmət etməsini tələb edir. Umberto Eko - dünyagörüşünün dürüst və yanlış formaları barədə intellektual ədəbiyyatın oynanılan, amma unudulmayan ciddiliyi; eleqantlıqdan uzaq olmayan romana çevrilmiş semiotika qeydləri. Viktor Pelevin - bütün dayanıqlı reallıqların gətirdiyi zərərlərinin sonsuza qədər təkrarlanması; şüurlar, təzahürlər və tarixi faktlar arasındakı sərhədlərin dağıdılması, əvəzində, vəhşi qlamur obrazına və öz fikir, hiss və ya predmətlərdən asılı qalan insana qarşı gülüş reaksiyası kimi dəyişilməz maraqların qorunması.

Leonov, Kuzneçov, Proxanov – milliliyə istiqamətlənmiş ədəbiyyatçılardır. Lakin hər milli əhəmiyyətli axtarış müasir ədəbiyyat üçün ən yaxşı perspektivli mövzu deyil. Milli özünüsevmənin yoxluğu mətndən mətnə köç edir. Orxan Pamuk dünyada ən çox tanınan türkiyəli yazardır, amma Türkiyənin özündə ona qarşı heç də birmənalı yanaşmırlar: özününkünə qarşı hədsiz tənqidçilikdə, qərbə qarşı açıqlıqda ittiham olunur. Müasir rus ədəbiyyatında tənqidçilik milli arxetiplə münasibətdə konstant problemdir. Ona Voynoviç, Yerofeyev, Kabakov, Aksenov, Bıkov və Tolstoyun mətnləri müraciət edib. Yaşayıb yaratdıqları torpağa sevgilərinin olmaması haqlı olaraq çoxlarını narahat edir. Amma etiraf etmək lazımdır ki, müasir ədəbi prosesdə sevgi məsələsi önəmli görünən tərəf deyil. Stabil heyranlığını qoruyan antiutopiya janrı daha ağıllı, ecazkar və siyasi cəhətcə aktualdır; məlum sevgi burada əhəmiyyətsizdir. Məntiqlidir ki, hətta, soyuq boşluq və ya açıq şəkildə eksperimental olan Vladimir Sorokin özünü bu nəqletmə tipində tapıb ("Əsgərin günü" və "Şəkərli Kreml"). Qərb ədəbiyyatında da antiutopiya çərçivəsiylə əhatələnən ənənəyə ehtiyatlı qayıdış nümayiş etdirən nümunə var: britaniyalı Culiyan Barnsın "İngiltərə, İngiltərə" romanı. Bu mənada Rusiyanın yaddaşında Vladimir Şarov da qalıb: "Məşq", "Zamandan əvvəl və sonra" və "Lazarın canlanması" romanlarında qəhrəmanlar rus inqilabları kontekstində insanlıq əzablarını artırırlar ki, Allah bu yaradılışı yarımçıq qalmış və uğursuz dünyanın tarixini tez bitirmək qərarına gəlsin.

Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq rusiyalı oxucular ədəbiyyatın başlıca missiyalarından birinin totalitarizmin açıqlaması olduğuna vərdiş etdilər. Bir tərəfdən antitotalitarizm ədəbi poetikanın dialoq münasibətləri modelini təklif edən ümumi prinsipidir. Digər tərəfdən isə müasir ədəbiyyatın məxsusi prinsipi ən müxtəlif asılılıqlardan qurtulmaqdır. Bu tendensiyanın qoyuluşunda paradokssuz keçinmək mümkün deyil. Misal üçün, Pelevin və Beqbeder artıq neçə ildir ki, oxucuları qlamur və simasız reklam sivilizasiyası hakimiyyətindən qurtarmağa çalışırlar. Lakin bu mətnlərin poetikasını zövqsüz reklam sloqanlarsız təsəvvür etmək qeyri-mümkündür. Despotizmlə mübarizə Soljenitsin və Ribakov, Qorenşteyn və Aksenev tipli müxtəlif yazıçılardan oxuduğumuz adamyeyənin rəmzi dövlətçiliyi kimi stalinizm ədəbi yanaşmasıyla məhdudlaşmır. Müasir antitotalitar mifologiya birbaşa və ya dolayısıyla dünyanın teoloji modelinə vurmağa çalışır. O hesab edir ki, ən kəskin insan azadsızlığı dini, əsasən də, monoteist şüurdan yaranır. Humanist Tanrıpərəstlik özünü

rəmzpərəstlik, təcrübi antifariseyizm kimi təqdim edir. Con Faulzun "Cindar" və "Soxulcan", Umberto Ekonun "Qızılgülün adı" və "Fukonun rəqqası", Paskal Brüknerin "İlahi uşaq" və "Gözəllik oğruları" romanları bu mövzudadır. Hələ əvvəllər bu ideyanı dini komplekslərin, hətta, mifoloji şüurun sərhədlərində qalsa belə, ölməz cütlüklər olan qurban-cəllad arxetiplərini tez qaytarması fikrində olan isveç yazıçısı Per Fabian Lagerkvist ("Aqasferin ölümü", "Sivilla", "Mariamna","Varavva") inkişaf etdirmişdi. Barnsın "10 yarım başlıq altındakı dünya tarixi" romanı nəinki klassik teoloji düşüncələri dekonstruksiya edir, eləcə də, tarixin fantomlar doğuran, bir insanın digərinə qarşı sevgisini öldürən fabulasiya kimi təhlükəli olduğu fikrini dəstəkləyir. Əgər Barns günəşin hərəkəti və parlaması kimi dantesayağı sevgidən yazsaydı, elə onu da totalitarizmdə günahlandırardı. Bədii-teoloji axtarışlar sahəsində müxtəlif ideya monolitlərinin çözülməsi nəqletmənin xətkeşsiz formalarının inkişafında özünə yer tapır. Burada nəinki incələnmiş fabula ilə şən döyüşçü Milorad Paviçi, həmçinin, Moris Blanşo, İtalo Kalvino, isveç nasiri Kornel, Con Bart və Alen Rob-Qriyeni, bizdən isə simptomatik "Sonsuz dalan"la Dmitriy Qalkovskiyi anmaq olar.

Müasir ədəbiyyat gülüşü sevir, çünki əksər ədəbiyyatçıların fikrincə, oxucu həmişə gülməyə hazırdır. Söhbət xüsusi yumoristik mətnlərdən yox, dramatizm və apokaliptikadan da üstün deyinməklə əlaqəli gülüş poetikasından gedir. Gülüş bu gün həm katarsis, həm də fəlsəfidir, onda sağlam estetik reaksiya təklif edən ehtiras və süjet mövqeyinin miqyaslılığı var. Pelevində, məsələn, gülüş dzen-buddist obrazının bədii didaktikasıyla tamamilə səsləşir. Buddist pritçasının harda, müasir lətifələrin harda olduğunu həmişə anlamaq olmur və bu anlaşılmazlıq sərhədləri yazıçıya imkan verir ki, küçə mariginalının normativsizliyinə şərqin fəal yüklənməsini gülüş hədəfinə çevirsin. "Biz söyüş söymürük, biz azadlığı cansıxıcı normativlərdən qurtarırıq, bizim leksik səviyyəmiz - qəliblərin çözülməsi nişanəsi kimi - yaramaz gülüşlərimizdir", - müasir ritorik prosessin üzvləri bu cür deyə bilərlər. Gülüş həm də "Mənimçün fərq etməz"lə "Qorxulu bir şey yoxdur" dalğalarını birləşdirən yeni cəsarət formasıdır.

Müasir qəhrəmanlardan danışmaq çətindir; insanlar dünyada ideyasız yaşayıb sevinirlər ki, qəhrəmanlar çox olsa da, qəhrəman yoxdur. Tələskənliyin zərərlərini anlayan (Kundera, Pelevin, Uelbekin mətnləri), dünyəvi pərdəarxası və entropiya ilə mübarizə aparan (Faulz, Züskind, Brükner, Sorokin, Eko, Şarov, Murakami və çoxdan vəfat etsə də, hələ də məşhur olan Mişima, Kortasar, Millerin mətnləri) ağıllı boşluqpərəstlər var ki, öz məxsusi yollarının intellektual izahını verməyə hazırdırlar. İnsan taleyinin əsl mənada məğzə varılan keyfiyyətli şəkilləri elə də çox deyil, lakin triksterlərin tapılması problemi yaşanmır. Kultroloji qəhrəmanın əcaib və şər inversiyasını təqdim edən bu tip personajlara bir çox mətnlərdə rast gəlmək olar. Müasir qəhrəman Xilaskar İsa deyil; o, İsa üstəgəl İudadır, yekunda təntənəli ambivalentlikdir; yuxarı doğru hərəkətdəki aşağı doğrululuğa meyllilik. Rok-poeziyada həlak olanların bu neqativ qəhrəmanlığından tez-tez bəhs edilir: "cəhənnəmdən

Nirvanaya" ("Master"), "kim ki cəhənnəmə könüllü düşür, xeyirxah mələklər ona heç bir zərər vermir" ("Aqata Kristi"), "işıq dənizi və ya bir ovuc külə çevrilərəm" ("Kipelov"), "hara yıxılmağımdan, kiminlə döyüşməyimdən asılı olmayaraq, heç kim nə qalib oldu, nə məğlub" ("Vətəndaş birliyi"). Son onilliklərin mətnlərində İuda mövzusuna çox rast gəlmək olur (macar Silvester Erdeqin "Adsız məzar", Yuriy Naqibinin "Sevimli şagird", Ernst Butinin "Se insan", polyak Henrix Panasın "İudadan evangeliya" əsərləri) və bu personaj gümüşsevərlik hərisi faydasız satqın deyil, İsanın adətən planların yerinə yetməsi üçün şüurlu şəkildə çarmıxa çəkilməyə gedən ən yaxın dostu və silahdaşıdır.

Bəziləri müasir vahidlik anlayışında apostasiyadan (dində münafiqlik) - müəllif, mətn və qəhrəmanların Allahdan qaçışından danışırlar. Lakin ədəbiyyatın missiyasi dini həqiqətləri illüstrasiyalaşdırmaq və onun insan üzərindəki təsirini göstərməklə məhdudlaşmır. Müasir mətn konfessiallığa nizamlanmayıb daha çox başqa faydaları güdür: müqəddəs yaratmaqdan əl çəkib daxili fariseylikdən qurtulmağa çalışır. Saxta ümidin rassional forması kimi sektalardan insanı zərərsizləşdirmək kifayət qədər yüksək missiyadır, çünki inam dayanıqsız olanda həyatı da bir heçliyə çevirir. Müasir ədəbiyyat inam tələb etmir, o, maraqlı illuziyaları izləyən, lakin bunu şəxsi həyati məsələyə çevirməyə hazırlaşmayan şüurun gücünə əminliyi dəstəkləyir. Ədəbi mətnin həqiqilik və tarixi güvənlilik prizmasından qəbul olunması Den Braunun "Da Vinçi kodu" romanıyla baş verən kimi adekvatlığa köklənməyən ikiqat təhlükəliliyə çevrilir. KİV oxucuları inandırmağa çalışanda ki, həm tematik, həm də stilistik cəhətcə pis romanda təlabat mədəniyyətinə məxsus peyğəmbər haqda həqiqətlər açılır, onda sərfəli maliyyə qalmaqalı axtaran ədəbiyyatın devalivasiya təhlükəsi üzə çıxır. Yeri gəlmişkən, müasir ədəbiyyatla maraqlanan və onun mahiyyətini anlayan insan özünü bu virusdan qorumağı da bacarmalıdır. Ədəbiyyat o zaman yalan danışmağa başlayır ki, özündənrazılığa qapılaraq dəqiq tarixin, dini motivlərin və hüquqi qanunların həqiqi təqdimatçısı olduğuna inandırmağa çalışır. Nə vaxt ədəbiyyat sərbəst oxucunun şəxsi interpretasiyasına açıq olan fantaziya kimi təqdim edilir, bu zaman o, yalan tanımır.

Müasir ədəbiyyatın klassizm, romantizm və ekzistensializmdə olduğu kimi öz şəxsi mifi varmı? Postmodernizm haqqında son onilliklərin dekonstruksiyasında baş vermiş totallığı anlamağa kömək edən dəqiq termin kimi danışırlar. Lakin indi bu termin bir bədii dünyanı digərindən ayıran təcrübi metod kimi o qədər də effektiv deyil. Postmodernizm - Barns və Qalkovskiy, Faulz və Yerofeyev, Blanşo və Sorokin, Paviç və Pelevin, Ransmayr və Züskind, Kalvino və Pepperşteyndir. Qəribəsi budur ki, bu isimlərin əksəriyyəti postmodernist olduqlarıyla razılaşmırlar. Şəxsiyyət və subyektiv texnikanı tükədən bir anlayış həcminin solğun metodikasına qarşı elə doğru da edirlər. Lakin yenə də postmodernizmin bir çox (hamısı deyil) ədəbi təcrübələr üzərində dominantlığını qəbul etsək, onda növbəti cizgilər qeyd olunmalıdır: mətnin didaktikasına aidiyyatı olan neqativ katarsis konsepsiya ilə razılaşmaq; pafoslu

optimistlər və moizəçilərə inamsızlıq; dil oyunları, leksik yeniliklər və sonsuz süjet transformasiyalarına hazırlıq; klassik rituallardan, həyat və incəsənətə xidmət forması kimi realizmdən qurtuluş; ruhu boşluğa çıxaran bütün yeni yanaşmaları, daxilində incəsənət olan, lakin həyat olmayan hər bir obrazın virtuallığını genişləndirmək. Yəqin ki, ədəbiyyatın ən tələb olunan postmodern mifi Borxesdir. Əslində, Borxes nə edirdi? O, istisnasız olaraq bütün estetik obraz və ruhi ideyalarla maraqlanaraq, eyni zamanda, heç birinin prioritet və dominantlığını qəbul etmirdi. Simuklyar şəxsiyyətlərin yaradılması - qəhrəmanı yox, sakit və asanlıqla ironiklik nümayiş etdirən müəllif qarşısında dəliyə çevrilən, yanıb-yaxılan instansiyaların nəql edilməsi bacarığını önə çəkirdi. Biliklərin bolluğu, möcüzəvi münasibətlərə yol açan və hələ müraciət olunmamış uydurmaları tərtib edən arxetiplərlə virtouz şəkildə davranmaq. Bütün fikirlər buna cəmlənir ki, bütünlüklə ədəbiyyatda (hətta, ilahiyyatda) artıq dahiyanə süjetlər yaradılıb, lakin sözlərdən doğulmuş ibarələrin sonsuzluğu bir ümid yeri saxlayır. Ədəbiyyatı bütünlüklə əhatə edə bilməsə də, Borxes bir çox bədii sahələrə öz təsirini buraxıb.

Tərəfimizdən təqdim edilən bu problemlər kontekstində ədəbiyyatçı nə etməlidir? Bəşərin böyük ədəbiyyatı vardı, indisə sanki bu dövr bitib: bu yöndən klassika yaxşı, postmodernizm zərərli görünür? Əgər bu belədirsə, onda elə ədəbiyyatçılar da bitəcək, səliqəli müəllif və mətnlərlə artıq muzeyşünaslar məşğul olacaq. Heç kim bizi indi yaradılan bədii hadisələri sevməyə məcbur etmir. Əgər bir ədəbiyyatsevər yetkinlik dövründə Turgenev və Stendalı, Dostoyevski və Tomas Mannı oxuyursa, bu, artıq daxili filoloji mədənniyyətin keyfiyyət göstəricisidir. Bədii psixologizmin dərinliyinə və arxetip süjetlərin bitkinliyinə görə konstant baxışdan klassika müasirlikdən üstündür. Lakin müasir ədəbiyyat daha dinamik prosesdir, onun keyfiyyəti hələ yaşayıb yaradan müəllifin bitməmişliyə müdaxilə etmək və səsini daha güclü çıxarmaq imkanlarını əldə saxlamaqdan asılıdır. Tez-tez deyirlər ki, indi ədəbi proses yoxdur: mövzular ucuz, yazarlar qəddar, konfliktlər axmaq, qəhrəmanlar maniakaldır. Əgər ədəbi proses yoxdursa, deməli, tənqidçi və ədəbiyyatçılar lazım olan işlə məşğul deyillər. Deməli, onlar dahiliyin yoxa çıxmasından yaranan üzüntü və yorğunluğunu aşaraq, bir bədii dünyanın digərilə necə dialoqa girdiyini, zamanın ümumi süjetinin necə yarandığını, təkcə ədəbiyyat barədə elm çərçivəsi mahiyyəti daşımayana necə nəzarət edildiyini görməlidirlər. Pelevin buddizmi qlamur münasibətlərə çevirirsə, Uelbek apokaliptik romanlar yaradırsa, Prilepin həyata sevgi üçün aktiv qəhrəman axtaranda Kundera gərəksiz sürətlərin fəth edilməsi fikrilə oxucunu rahatladırsa, Proxanov informasiya sivilizasiyası şərtləri altında qəhrəmanlıq eposunu müqəddəsləşdirərkən Koelho tez işıq üzü görmək üçün yeni mətn hazırlayırsa, Kuzneçov və Soljenitsini, Paviç və Selinceri nisbətən çoxdan, Markes və Ekonu yeni itirdiyimizin fərqindəyiksə - onda ədəbi proses var. Daha doğrusu, o, ilk növbədə öz-özü üçün darıxdırıcı olmayanın şüurunda öz kəşfini gözləyir.

Aleksey Tatarinov
Mənbə:
www.rospisatel.ru

Tərcümə etdi: Səbuhi Şahmursoy


24 mart 2017
GO BACK