Qadin.NET / Səbuhi Şahmursoyla film sevgisi - Müsahibə

Səbuhi Şahmursoyla film sevgisi - Müsahibə

Səbuhi Şahmursoyla film sevgisi - Müsahibə

"Sükutun səsi" kitabının müəllifi, facebook sosial şəbəkəsində ən böyük kitab qrupu olan "Kitabsevərlər" qrupunun, eləcə də "Kitabsevərlər" hərəkatının rəhbərlərindən olan Səbuhi Şahmursoy Qadin.Net-ə müsahibə verib, həmin müsahibəni təqdim edirik:

1. Səbuhi bəy, özünüz demişkən, kinoşünas olmasanız da, film həvəskarısınız, bildiklərinizi və zövqünüzü bəzən dostlarla da paylaşırsınız. Necə bir hisdir?

- Elədir, kinoşünaslığa aidiyyatım yoxdur, amma bu, yaxşı tamaşaçı olmağıma mane olmur, eyni zamanda, sevdiyim ve ilhamlandığım sahədir deyə, imkan düşdükcə kinosünaslıqla da yaxından maraqlanmağa çalışıram. Əlbəttə ki, istənilən mövzuda bildiklərimi paylaşmaq mənə yaxşı təsir edir, onları öyrəndiyim vaxtda olan kimi paylaşanda da ruhum dincəlir. Sırf bu mövzuda fundamental biliklərə yox, zövqümə güvənirəm. Bildiyimiz kimi, zövq də inkişafa meylli anlayışdır, onun yerində sayması da, irəli getməsi də insanın özündən asılıdır. Film həvəskarı olmağımın tarixi lap uşaq yaşlarımdan başlayır, məsələn, 6 yaşımda baxdığım filmi bütün təfərrüatıyla olmasa da, indi xatırlayıram.

2. Gəlin, əvvəlcə müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında danışaq. Problemlər, uğurlar nədən ibarətdir?

- Hər dəfə "Müasir Azerbaycan kinosu" sözləri ilə qarşılaşanda içimdə tam anlamadıığım narahatçılıq baş qaldırır. Nəyə görəsə biz hər sahədə olduğu kimi, kino sənətində də özümüzü Xristofor Kolumb kimi aparıb, nəhayətdə yaxındakı dağa ildə bir dəfə piknikə çıxa bilməyən məşğul adam vəziyyətinə düşürük. Dünyada bir əsrdən çox təcrübə olunmuş kinematoqrafiya qaydaları var. Ola bilsin, bu, əksəriyyət üçün yeni xəbər olacaq, amma gec də olsa, gərək bildirim. Kino sənəti də bir industriyadir, daxilində xeyli peşəni birləşdirən zəncirvari mürəkkəb sistemdir. Əgər "camaatın uşağı"nın uğurundan qazanmaq istəyirsənsə, zəhmət çəkib əl-ələ verərək bu sənayeni qurmalısan. Təkcə peşəkar prodüser ve ya rejissorun varlığıyla film inqilabı etmək lətifə mövzusudur, nə qədər gülməli olsa da, burada rekvizitlərin tozunu silən xadimə də peşəkar olmalıdır. Dünyada isıqların düzgün verilməsiylə fövqəladə maraqlı kadrlara nail olunmuş filmlər kifayət qədərdir. Azacıq anlayışı olan bir adama bunun "niyə"sini soruşsan, ilk ağlina gələn cavab "işıqçı" olar. Rejissuradan gələn bəzi təməl yaradıcı cəhdləri nəzərə almasaq, əlbəttə ki, bu kadrların uğurunda işıqçıya da minnətdar olmaq lazımdır. Bu misalı ona görə çəkdim ki, filmin uğurunun komandadan asılı olmasını necəsə çatdıra bilim. Bu zəncirdə bütün halqalar poladdan, yalnız biri plastikdəndirsə, normal dartılmaya tab getirməmə ehtimalı var. Bizdə isə bu zənciri ciddiyə almaq istəməyən "kinematoqrafçı"lar çoxdur. Müasir Azerbaycan kinematoqrafiyasında sevinc doğuran məqamlar var, amma o qədər azdır ki, səhradakı bahar fəslində naqolay açan bir gül kimi kimsəsizdir.

3. Sizcə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kinonun inkişafı üçün yetərli işlər görürmü?

- Dogrusu, bu qurumun hansısa önəmli addımından xəbərsizəm. Son illərdə çəkilmis kinematoqrafiyaya aidiyyatə olan tək-tük filmlərin ərsəyə gəlməsində də bu qurumun adına rast gəlməmişəm. Hər halda, orada peşəkar olan və ya özünü bu cür hesab edən kəslər var, amma əgər fəaliyyətləri aid olduğu sahəyə fayda gətirmirsə, onların varlığı kimə lazımdır ki?

Səbuhi Şahmursoyla film sevgisi - Müsahibə

4. Rejissorlarımızdan kimin adını çəkmək istərdiniz? Ən bəyəndiyiniz Azərbaycan filmi və aktyoru.

- Həmişə bu "ən" söhbətindən yayınmağa çalışmışam. Bu gün "ən" hesab etdiyimdə, sabah necəsə yanıla bilərəm. Amma hər halda, bəzi yerli filmlərimizi təqdir edirəm. Söhbət gənclərdən gedirsə, Emil Quliyev, Orxan Ağazade və ya əlinə düşən məhdud fürsətdən yararlanmağa çalışan Müsfiq Məmmədov, Fərid Hüseynlinin adını çəkə bilərəm. Bu gənclərin yanaşma tərzində gələcəyimizə ümid tapmaq olar. Son zaman izlədiyim filmlərdənsə Orxan Ağazadənin "Ceyranım" filmini misal çəkərdim. Nə etdiyini bilən istənilən adama heyranam. Aktyorlar isə çoxdur, amma gərək onların da özünü inkişaf etdirməsi üçün şərait olsun.

Orxan Ağazadədən bəhs etdiyiniz filmi mən də izlədim, sanki A.Tarkovski üslubunu sezdim, doğrudan da uğurlu alınıb. 

5. Film zövqünüzü özünüz necə qiymətləndirirsiniz? Dünya kinosundan hansı rejissorların yaradıcılığını bəyənirsiniz? Ən çox sevdiyiniz rejissor və onun şedevr əsəri.

- Film zövqümü olduqca şəffaf qiymətləndirməyin kriteriyaları mənə məlum deyil. Ola bilsin, hansısa film janrlarında geri qalmışam, ya da ola bilsin, hansınısa təhlil etməkdə irəliləyə bilmişəm. Amma istənilən halda, həmişə ortabab tamaşaçı mövqeyim olub. Izlədiyim filmləri hazırkı dünyagörüşümlə qiymətləndirməyə çalışmışam. Film janrlarında, musiqidə və ədəbiyyatda olduğu kimi, necə deyərlər, menyum genişdir. Ən çox yayınmağa çalışdıgım janr komediya ve muzıkldır, amma bəzən onlara da müraciət edirəm. Dünya kinematoqrafiyasından bəyəndiyim rejissorlar kifayət qədərdir, bunlardan Andrey Tarkovski, Cim Carmus, Emir Kusturitsa, Martin Skorseze, Stiven Spilberq ve basqa onlarca rejissorun adını çəkə bilərəm. Qeyd etdiyim kimi, "ən"im yoxdur, amma uşaq sadəlövhlüyü ilə istəyərdim ki, Con Terteltaubun "Instinkt"i, Andrey Tarkovskinin "Stalker"i, Cüzeppe Tornatorenin "Pianoçu haqda əfsanə"si və ya Kevin Kostnerin "Poçtalyon"una hamı baxsın.

6. Paylaşma müzakirələrindən birində qeyd etmişdiniz ki, film sənətində yerində işlədilmiş musiqilər daha çox yaddaşınızda qalır. Bunu bir qədər də açıqlasanız? Yerində, yəni necə?

- Əvvəlcə qeyd edim ki, kinoda tamaşaçını ələ almaq üçün istənilən peşəkar cəhd hər dəfə uğurla nəticələnmir. Estetikanın nəzərə alınması öndə gələn şərtlərdəndir, burada qətiyyən sənətin estetikaya qurban verilməsindən söhbət getmir. Bura kadr, işıqlandırma, ümumi fon rəngi, aktyor seçimi, heç nəyin ayağına verilməyən qrim, səhnənin əhvalına köklənmiş montaj və əlbəttə ki, musiqi aiddir. Bu nöqtələr daxilində rejissorun hər bir improvizəsi yalnız ssenararinin necə çatdırılmasına və ya onun fərdi sənət anlayışına xidmət edəcək. Əgər fikir verdinizsə, musiqiyə qədər sadaladığım bütün nüanslar yalnız vizual estetikaya aid oldu və elə sanmayaq ki, musiqi onlardan yağla su kimi ayrıldı. Əksinə, seçilən musiqi parçası da hər cəhəti yerində olan kadrın vizual yüksəlişinə xidmət edir. Yəqin, heç kim "Titanik" filmindəki gəminin burnunda olan həmin məşhur səhnəyə nə Hans Zimmerin "Rekviem"i, nə də Cabbar Musayevin "Nə olar, Allahım, ayırma bizi" musiqisinin müşayiətiylə baxmayıb. Təcrübə etmək üçün gec deyil, istənilən vaxt yoxlamaq olar. Bu halda həmin səhnənin qeyd edilən və ya seçilən tamamilə ayrı musiqinin sədaları altında izlənməsi tamam ayrı təəssüratlar yaradır. Və əlbəttə ki, bəzi məşhur filmlərdə bir sıra musiqilərin yersiz olduğu qənaətindəyəm.

Səbuhi Şahmursoyla film sevgisi - Müsahibə

7. "Kitabsevərlər" qrupundakı əvvəlki illərdə olan fəaliyyətinizə nəzər saldıqda əlinizdə kamera bir sıra videoçarxlar hazırlanmasında siz də iştirak etmisiniz, montaj, reklam çarxlarının müəllifisiniz. Özünüzün film çəkmək arzunuz varmı? Belə bir imkan yaransa ilk filminizi hansı janrda çəkərdiniz?

- Elədir, Kitabsevərlər Hərəkatı fəaliyyətinin bir qolu olan kitaba aid videoçarxların çəkilməsində mənim də iştirakım olub. Biz sadəcə bu meydanda nəsə etməyin optimistləriyik və əlbəttə ki, məhdud imkanlar daxilində keyfiyyətli iş ortaya qoymağin çətinliyini də anlayırıq. Həmişə bəyan etmişik ki, kitab buktreyləri çəkmək və ya kitaba aid hansısa iş görmək istəyən peşəkarın yorulmayan dəstəkçisiyik. Ümid edirik, bu sahə nə vaxtsa film sənətinin yerli təqdimatçılarının diqqətində olacaq.

Nə qədər qəribə səslənsə də, kultroloq təhsili alana qədər kinorejissor olmaq istiqamətində usanmaz cəhdlərim olub və hamısı taleyin kinayəsinə tuş gəlib. Film sahəsində gəncliyimin bəzi uğurları yadımda qalıb. Məsələn, 2008-ci ildə hələ tələbə olarkən "Yeni Dalğa" prodüser mərkəzinin elan etdiyi qısametrajlı film ssenarisi müsabiqəsinin qaliblərindən biri kimi "Gərəksiz etüdlər" adlı filmin ssenari müəllifi və rejissoru olmuşam. O vaxt bu proses uşaqlıqdan rejissor olmaq istəyən bir gənci inanılmaz dərəcədə stimula yükləmişdi. Film məxsus olduğu toplu daxilində (yekun adı "Lamisə" idi) respublika xaricində iki festivalda iştirak edib, birində mükafat aldı. Əlbəttə ki, bu stimulun həyatımın sonrakı mərhələlərinə pozitiv nəsə vəd etməyə gücü çatmadı.

Yaxın dostlarım bilir ki, Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanının motivləri əsasında tammetrajlı film çəkmək çoxdankı arzumdur. Doğrusu, indi bu arzu mənə heç vaxt olmayan qədər əlçatmaz görünür və hətta, əgər bu imkanı mənə versələr, xəyalımdakı filmi keyfiyyətli dərəcədə ərsəyə gətirə biləcəyimə inanmıram. Amma hər halda, nə vaxtsa bu filmə lazım olan büdcəni ödəməyə yaxşı insan tapılsa, film prosesində süpürgəçi də işləməyə razı olaram. Bu, arzumun gerçəkləşməsi üçün mənə mükafat olar.

  Tezliklə sizin bu gözəl arzunuz gerçəkləşsin, İnşaallah. 

8.  Bəs filmdə hansı rolu oynamaq istərdiniz?

- Doğrusu, heç vaxt özümü aktyor kimi sınamamışam və inanmıram ki, bu, nə vaxtsa məndə alınsın. Kamera qarşısında özümü inanılmaz dərəcədə itirirəm, bu fobiyanın haradan və niyə yarandığını da bilmirəm. Ona görə də heç vaxt özümü hansısa rolda təsəvvür etməmişəm.

9. Beş cəhət ifadə edin ki, sizin filmlə olan assosiasiyanızı əks etdirsin.

- Həyəcan, özgə fantaziyalarla tanişlıq, unikal sənət növü, empatiya məşqi ve təsiri qiymətləndirmək (ədəbiyyatda olan kimi, filmlərin də fərd üzərində təsirinə inaniram).

10. Filmləri izləmək üçün necə zaman ayırırsınız?

- Bu da mütaliə aclığı kimi bir hisdir. Acdınsa, gec-tez nəsə tapıb yeməlisən. Bunu hansısa planlaşdırma ilə etmirəm, sadəcə, anlayıram ki, film izləməliyəm və zaman mütləq tapılır.

11. İnanırsınız ki, müasir gənclərimizi filmlərlə bağlı gözəl zövqə vərdiş etdirmək olar? Bunun üçün hansı işlər görülməlidir?

- Bunun üçün xüsusi seçilmiş hansısa fəaliyyət növü tanımıram. Indi milyonlarla variantın olan film dünyasına düşmək bir "klik" qədər asandır. Yutub və ya saysız onlayn film portalları var ki, istədiyini seçib izləmək imkanına sahibsən. Burada üzerində durulmalı məsələ "seçmək"dir. Bu da dünyagörüsündən irəli gəlir. Gününün əsas hissəsi təsbeh fırlatmaqla keçən gəncə "Müqəddəs mühərriklər korporasiyası" filmini niyə göstərəsən ki? Bu məqam onun hələ uzaq gələcəkdə qarşılaşacağı məsələdir. Əvvəlcə onu "təsbeh dünyası"ndan kənardakıların əlifbasıyla taniş etmək lazımdır, oradakı hərflərin arasına "zövqlü film"i daxil etmək prosesin sonrakı mərhələsidir. Əlbəttə ki, kiməsə yaxşı film məsləhət görməyin ziyanı yoxdur, amma yalnız bununla proqrese nail olmağı düsünmək sadəlövhlükdür. Adam tanıyıram ki, "Titanik" filminin olduqca kədərli və insanların qırılmasıyla nəticələnən faciə səhnələrinə baxanda kiminsə yıxılmasına uğunub gedib. Bele halda ona nəyi necə anladacağım və səhih hesab etdiyim öz anlayışıma necə xəyanət etməyəcəyim qarşısında bir anlıq çaşıb qalmışam.

12. Hansı filmləri intellektual inkişaf etdirici, şüur dəyişikliyinə təsir edən hesab edirsiniz?

- Burada bir dəqiqsizliyi aradan qaldırmağı təklif edirəm. Əgər söhbət bədii filmdən gedirsə, onun məqsədinin tamamilə intellektual inqilaba kökləndiyinə dair azacıq şübhəm var. Hər halda, bu film variantı bədiiləşdirilib və müxtəlif emosional örtüklərə bürünüb. Məsələn, Jako Van Dormalın "Cənab Heç kim" filmi ağir fəlsəfi mövzunun təzahürlərinin axtarişlarıyla məşğuldur, amma oradakı hadisələr tamamilə həyati və bildiyimiz sadə yanaşmalardan azad deyil. Fərq yalnız bundadır ki, film istehsalçıları hamıya sadə görünen bu nüansları düzgün seçərək "intellektual mozaika"nın hissələrini təyin ediblər. Bu tip film variantlarım kifayət qədər məşhurdur; Kristofer Nolanın "Başlanğic" ve "Interstellar", Devid Finçerin "Döyüşçü klubu", Milos Formanın "Qu quşu yuvası üzərindən uçarkən", Andrey Tarkovsinin "Güzgü", David Karrerasın "Hipnoz", Stüart Heyzeldinin "Imtahan", Vinçento Natalinin "Kub", Nil Berqerin "Illüziyonist", Vaçovski qardaşlarının "Matrisa" filmi və s.

 Səbuhi bəy, müsahibə üçün təşəkkür edirik, qismət olsa, bir də sənədli filmlər haqqında söhbət edərik.

13. Oxucularımıza nə arzu edərdiniz?

- Mən sizə təşəkkür edirem. Oxucularımıza filmə təkcə əyləncə vasitəsi kimi yox, həm də sənət növü olaraq baxmalarını arzu edirəm. Eyni filmə fərqli düşüncələrlə baxmaq fərqli nəticələrə aparır.

26. 01. 2017

27 yanvar 2017
GO BACK