Qadin.NET / Qabriel Qarsia Markez - Yarpaq Fırtınası / The Leaf Storm

Qabriel Qarsia Markez - Yarpaq Fırtınası / The Leaf Storm

Qabriel Qarsia Markez - Yarpaq Fırtınası / The Leaf Storm

Latın Amerikası ədəbiyyatı dediyimiz zaman ağlımıza gələn ilk adlardan biri Markezdir. O həmçinin magik realizm cərəyanının da ustadlarından sayılır. Markez əsərlərində həqiqət ilə xəyalı öz sehirli qələmi ilə elə ustalıqla qarışdırıb oxucuya təqdim edir ki, oxucu həqiqət ilə xəyalın sərhədini müəyyənləşdirməkdə çətinlik çəkir. Əslində Markezin əsərlərini diqqətlə oxuyarsaq həqiqətdən uzaq heç bir şey olmadığını görərik. Yəni, bu bir az da oxucunun məharətinə bağlıdır. Yazıçının ustalığı da bundadır: Sehirli bir dünya yaradaraq həqiqətləri bu dünyanın bir parçası kimi oxucuya təqdim edir və ən əsası qəbul etdirməyi bacarır.

 

Bundan əvvəl yazıçının bir neçə kitabını oxumuşdum. Amma "Yarpaq Fırtınası" Markezin ilk nəşr olunan kitabıdır. 1955-ci ildə nəşr olunan bu uzun hekayədə hadisələr yazarın digər kitablarından tanıdığımız xəyali Makondo qəsəbəsində cərəyan edir. Yazıçı Makondodan ilk dəfə bu kitabında bəhs edir. Markezin "Yarpaq Fırtınası"nı digər əsərlərinə, xüsusilə də "Yüz İlin Tənhalığı"na hazırlıq məqsədi ilə yazdığı, bir növ bünövrə rolu oynadığı da iddia edilir.

 

Qabriel Qarsia Markez - Yarpaq Fırtınası / The Leaf Storm

İlk olaraq əsərin adının - "Yarpaq Fırtınası"nın bir metafor olduğunu qeyd etmək istəyirəm. Əsərdə tez-tez bir banan şirkətinin savurub gətirdiyi çör-çöpdən bəhs edilir. Bu banan şirkətinin adına "Yüz İlin Tənhalığı"da da tez-tez rast gəlirik. Banan şirkətinin yaratmış olduğu yarpaq fırtınası Makondoya çürümüş banan qoxusu, çör-çöplə yanaşı vətəndaş müharibəsi, onun səbəb olduğu miqrantlar, narahatlıq və bir çox başqa şeylər də gətirmişdi

Bir az araşdırdığımız zaman əsərdə haqqında danışılan bu hadisələrin tarixi həqiqətlərə söykəndiyini öyrənmiş oluruq. Latın Amerikası ədəbiyyatın digər simalarından biri İzabel Allende Markez haqqında boş yerə "Bizə tariximizi geri verdi" deməyib. Markezin kitablarında bəhs etdiyi banan kompaniyası tarixdə həqiqətən də mövcud olmuş və Latın Amerikası ölkələrinin sosial və iqtisadi həyatında böyük təsirə sahib, həyata keçirdiyi ağır iş rejimi, fəaliyyət göstərdiyi ölkələrdəki siyasi rejimə müdaxiləsi ucbatından "banan respublikası" terminiylə xatırlanan United Fruit Company'dən başqası deyil. "La Violencia" adlandırılan vətəndaş müharibəsi dönəminin başlamasına səbəb kimi də banan şirkətinin işçiləri ilə ordu qüvvələri arasında yaşanmış qarşıdurma göstərilir.

Latın Amerikası ölkələrinin müstəqilliyini müdafiə edən bir çox yazıçı kimi Markez də əsərlərində bu hadisələrə yer vermişdir.

Romanın məzmunundan bir az uzaqlaşdım, amma əsəri daha yaxşı anlamaq üçün bu siyasi və tarixi hadisələrdən də xəbərdar olmalıyıq. "Yarpaq Fırtınası"nda yazıçı qəribə bir həkimin ölümünü və keçirilməməli olan dəfn mərasimini üç şəxsin dilindən danışır. Gah bu günə gah keçmişə gedib-qayıdan həmin obrazlar bir hadisəni üç fərqli pəncərədən, üç fərqli baxış açısı ilə oxucuya göstərir. Həkimə verdiyi sözü yerinə yetirməyə çalışan keçmiş polkovnik, atasının istəyinə görə dəfn mərasimində iştirak edən qızı İzabel və onun balaca oğlu - Markez sürətli keçidlər vasitəsilə fərqli bir texnikadan istifadə edərək bu üç şəxsin dilindən yarım saatlıq bir hadisənin içində uzun bir keçmişi oxucuya çatdırır. Bəs Markez bu qəribə hekayə ilə oxucusuna nə demək istəyir?! Əlbəttə hər kəs fərqli nəticə çıxara bilər. Mənə görə bütün əsərlərinə hopmuş olan əbədi tənhalıq hissini burada da görməmək mümkün deyil. Yenə özümüzə bu sualı veririk; görəsən kim daha tənhadır? Bir ömür boyu hərəkətlərini heç kimin anlamadığı qəribə həkim, yoxsa ona verdiyi sözü yerinə yetirmək üçün cəmiyyətin qınağına qarşı durmağa hazır olan yaşlı polkovnik? Bəlkə də illər öncə qatarla yola saldığı həyat yoldaşını bir daha görməyən İzabel... Markez hər dəfə beynimdə cavabsız suallar qoymağı bacarır.

Nəticə etibarilə əgər Markez oxumaq istəyirsinizsə bu kitabla başlayın və yazılma ardıcıllığı ilə Makondodan bəhs edən digər kitabları da oxuyun. Beləcə daha faydalı bir mütaliə sürəci keçirmiş olarsınız. Asan oxunmasa da Markez oxumağın zövqü əvəzolunma

 

Müəllif : Aybəniz

15 yanvar 2017
GO BACK