F.M. Dostoyevskinin “Karamazov qardaşları” romanı haqqında qeydlər
Görkəmli rus ədəbiyyatşünası M. Baxtin “Dostoyevski poetikasının problemləri” kitabında yazır ki, “Dostoyevski dünyanın yeni bədii modelini yaratmışdır ki, burada köhnə bədii formanın əsas məqamlarının əksəriyyəti köklü dəyişikliyə məruz qalmışdır”. Baxtinin kitabı Dostoyevskini anlamaqda müəyyən mənada oxucuya yardımçı olur. Amma bu qədər sadəlövh olmayaq, Dostoyevskini anlamaq üçün həm də dörd səmavi kitabı oxumaq və ilahi həqiqətlərə vaqif olmaq, XIX əsr Rusiyasını rusun özü qədər mükəmməl tanımaq, eyni zamanda bəşəriyyətin indiyə qədər keçdiyi inkişaf yolunu öyrənmək lazım gəlir. Bunları bilmədən Dostoyevski öz sirlərini bizə açmayacaq.
Dostoyevskinin irsi olduqca zəngindir və onun əsərlərinin qəhrəmanlarıyla bir şəhər salmaq olar. O, əsərlərində rus insanının bütün xüsusiyyətlərini sonsuz səbr və təmkinlə incələyir, cəmiyyəti sanki cərrah kimi təşrih edir. Cansız səhifələrdən süzülən ruhlar tədricən ətə-qana dolur, capcanlı görünür, öz yanlışları, doğrularıyla birgə sizi də öz ardınca sürüyürlər. Dostoyevski oxucunu çar Rusiyasının labirintlərində azdırmağı xoşlayır, xoş bu labirintlərdə azanların halına! Sonda bu labirintdən mükəmməl insan kimi çıxmadınsa, demək sən Dostoyevskini heç anlamamısan…
Deyirlər rəssamlar Londonun göylərində buludları çəkənədək heç kim bilmirdi ki, London buludlu şəhərdir. Bunu ilk dəfə rəssamlar bizə göstərdilər. Dostoyevski də rus insanını özlərinə tanıdan bir dahidir. Onun qəhrəmanları mücərrəd anlayışları bütlərə çevirib onların əsiri olmuş və öz günahlarıyla çarpışan, cinayətlə cəza arasında tədirgin olmuş, öz ruhunu xilas etməyə çalışan insanlardır. Dostoyevski öz qəhrəmanlarını mistik çıxılmazlığa salmağı sevir, vizual aləmin, olmuşların və olacaqların ilahi nizama bağlı olduğunu göstərir. Dostoyevskinin humanizmi “Karamazov qardaşları” romanının səhifələri arasından monumental abidə kimi boy göstərir. Amma bu humanizm İvan Karamazovun humanizmindən kəskin şəkildə fərqlənir. İvan Karamazov ilahi iradəyə tabe olmayan humanistdir və ideyaları onu Tanrıyla münaqişəyə gətirib çıxarır. Alyoşa ilə görüşündə onun patoloji fantaziyaları aşıb-daşır. Onun fəlsəfi idealizmi iflasa uğrayır. Sonda yenə də ilahi həqiqət qalib gəlir. Amma Alyoşa Karamazov fatalistdir. Abid Zosima ölümqabağı sevimli şagirdi olan Alyoşaya vəsiyyət edir ki, monastırdan get, dünyaya qayıt. Çünki onun içindəki böyük sevgini görmüşdü, insanlığın isə bu sevgiyə, mərhəmətə çox böyük ehtiyacı vardı.
Dostoyevski bir mülkədar ailəsində baş vermiş faciədən nəhəng psixoloji roman yazdı və on illərdir bu əsər ədəbi və fəlsəfi düşüncənin üfüqlərini genişləndirməkdədir. Təsəvvür edirsinizmi, “Karamazov qardaşları”nı tələm-tələsik yazılmış, məişət çapında kriminal roman hesab edənlər olub . Tərcümələrdə isə «Böyük inkvizator» fəslinin adını «lazımsız» qoyub ixtisar edirmişlər. Onun ilk əsərini oxuyub bu adamı dahi adlandıran Belinski isə görün ədəbiyyat tarixçisi Pavel Annenkova məktubunda nə yazıb: “Dostum, öz aramızdı, “Dostoyevski dahidir” deyib biz xeyli küyə getmişik!” Belinski onu dahi adlandıranda təbii ki, haqlı idi, “küyə getmək” məsələsində isə möhkəm yanılırdı. Zaman hökmünü verdi: Dostoyevski dahidir!
Dostoyevski yaradıcılığında çox mühüm yer tutan “Gülməli adamın yuxusu” hekayəsində yazıçı bəşəriyyətin xilası yollarını birbaşa göstərir. Bu hekayə yazıçının bütün yaradıcılığının yekun nəticəsidir, hekayənin Dostoyevskinin ömrünün sonlarında yazılması da təsadüfi deyil. Adam yuxusunda başqa bir dünyaya gedib çıxır və orada kin və ədavət yoxdur, cinayət yoxdur. Bəşəri fəlakətlərin qaynağı olan ehtiraslar bu dünyaya tanış deyil. Dostoyevski dünyanı belə görmək istəyirdi, onun yaratdığı yeni dünyanın modeli məhz bu idi. “Karamazov qardaşları”nda on dörd yaşlı Krasotkin deyir ki, bəşər tarixi insanların yaramazlıqlarıyla doludur. Bu uşaq özünün dediyinə görə “islaholumaz sosialist”dir. Onun yaşına uyğun olmayan fikirləri Alyoşanı heyrətləndirir. Krasotkin deyir ki, mən gülünc görünürəm? Alyoşa isə belə cavab verir: “İndi qabiliyyətli insanların çoxu gülünc görünəcəklərindən qorxduqları üçün bədbəxtdirlər. Məni təəccübləndirən yalnız sizin bunu belə erkən hiss etməyinizdir”. Dostoyevskinin ədəbi bədii sistemini ən parlaq şəkildə bu iki əsər özündə ehtiva edir. “Karamazov qardaşları” möhtəşəm ictimai epopeyadır. Əsərin ən maraqlı surətlərindən biri abid Zosimadır, o, o, xristian ideyası mühitində Karamazovlara qiymət verir. Onun Mitya ilə, İvan Fyodoroviçlə və Alyoşa ilə dialoqlarını təhlil edəndə görürsən ki, abid Zosima bu üç qardaşın hər birinin daxilinə nüfuz etməyi və onların dünyaya, Tanrıya münasibətlərindəki ziddiyyətlərdən, tərəddüdlərdən peyğəmbərcəsinə xəbərdardır və bu ziddiyyətlərin hardan qaynaqlandığını da çox gözəl bilir. Ata və oğul Mityanın onun hücrəsində nümayiş etdirdikləri ədəbsizliyə son dərəcə təmkinlə yanaşan Zosima məhz həmin dəqiqələrdə atası və qardaşı üçün xəcalət hissi keçirən Alyoşa deyir ki, Tanrı məni yanına çağıran kimi monastırdan get. Sənin yerin bura deyil. Sənə dünyaya böyük xidmətlər göstərmək üçün xeyir-dua verirəm. Bir də romanı oxuyub bitirincə beynimdə fırlanan bu cümləni pıçıldayır ona: “Böyük kədər görəcəksən və xoşbəxtliyini həmin kədərdə tapacaqsan”.
Dmitri Karamazov isə azğın tipdir, onun içində naməlum ideyalar qaynayır. Meyxanada hamının gözü qarşısında ştaps-kapitan Snegiryovun saqqalından tutub sürüyən və bununla da onun balaca oğlu İlyuşanın qəlbinə sağalmaz yara vuran bu adam qarşısındakı maneələri ağılla yox, zor gücünə aşmaq istəyir. Dostoyevski bununla bağlı “Yazıçının gündəliyi” kitabında yazır: “Dünyanın indiki obrazında azadlığı azğınlıqda görürlər, əsl azadlıq isə yalnız və yalnız özünü və öz iradəsini dəf etməkdədir, belə ki, gərək axır-axırda elə bir mənəvi vəziyyətə çatasan ki, daim, hər an özün özünün ağası ola biləsən. İstəklərin azğınlığı isə yalnız sizin köləliyinizə gətirib çıxarır”. Dünya azadlığı pulda görür, pulun varsa, nə istəsən edə bilərsən. Amma əsla belə deyil. Bu da puldan asılı olan bir köləlikdir. Dostoyevskiyə görə ən yüksək azadlıq maddi təminatda deyil, nəyin varsa, hər şeyi hamıya paylamaq və hamıya xidmət etməkdədir. İncildə də İsa Məsih insanlara bunu məsləhət görürdü: “Əgər kamil olmaq istəyirsənsə, nəyin varsa sat, kasıblara payla”.
İvan Karamazov ruhun ölməzliyinə inanmır. Abid Zosima görün ona nə deyir: “Yaradana sizə böyük, bu dərəcədə əzab çəkməyə qadir bir ürək verdiyinə görə minnətdar olun. …Tanrı sizə qəlbinizin qərarını yer üzündəykən dərk etməyə imkan versin!” Dostoyevski Karamazovların xarakterini dialoqlar vasitəsilə açır. Bu dialoqları çox diqqətlə oxumaq lazım gəlir, bu, oxucuya qardaşların sonrakı hərəkət trayektoriyasını müəyyənləşdirməyə, hadisələrin mahiyyətini dərk etməyə yardımçı olur. Fikrimizin əyani təsdiqi kimi M. Baxtinin Dostoyevski haqqında kitabında yazdığı bu sözlərə müraciət edək: “İideya insan beynində “daimi yeri olan” subyektiv, fərdi-psixoloji bir törəmə deyildir, xeyir, ideya fərdlərarası və subyektlərarası bir varlıqdır, onun mövcudluq sahəsi düşüncə deyildir, düşüncələr arasındakı dioloji ünsiyyətdir”.
İvan Karamazovla Alyoşa arasında gedən dialoq İvan Karamazovun dünyagörüşünü sərgiləyir, Mitya ilə Alyoşa arasındakı dialoq Mityanın daxili aləmini açır, Mitya ilə Qruşenka arasındakı dialoq Qruşenkanın sirli və hiyləgər qadın dünyasına işıq salır. Katerina İvanovna isə sanki “İdiot”dakı Nastasya Filippovnadır, sadəcə, adını dəyişib ki, onu tanımasınlar. Abid Zosima – dünyadan əl götürüb öz hücrəsinə çəkilmiş bu nurani qoca isə bioqrafiyasına görə mənə Tolstoyun Sergi atasını xatırladır. Roman o qədər çoxşaxəli, çoxplanlı və çoxqatlıdır ki, bir yazıda bütün bunların hamısını əhatə etmək qeyri-mümkündür, bilmirsən hardan başlayıb harda yekunlaşdırasan. Romanda bircə təsadüfi obraz yoxdur, süjet xəttində hardasa təsadüfən görünüb keçən adamlar da hansısa düyünün açılmasında rol oynayırlar. Məsələn, Mityanı atası qətlə yetirilən gün Mokrıya aparan arabaçı Andrey, Smerdyakovu (Dostoyevskinin boiqrafiyasını yazmış L. Qrossman onu mənəvi bədheybət adlandırmışdı) Karamazovların həyətindəki hamamda doğmuş iylənmiş Lizaveta epizodik görüntüləriylə sonrakı hadisələrin dayaq nöqtəsinə çevrilirlər. Onlar dedektiv təhkiyənin vacib elementidirlər.
Dostoyevskinin az qala, bütün əsərləri dedektiv üzərində qurulub. “Cinayət və cəza”da Raskolnikovun sələmçi qarını baltalaması, “İdiot”da Roqojinin Nastasya Flippovnanı öldürməsi, “Utancaq qız” povestində Lukeriyanın sələmçi ərindən bezib intihar etməsi, “Əbədi ər”də zavallı qızcığaz Lizanın ərlə oynaş arasındakı nifrətin qurbanı olması və sair bu kimi nümunələrin sayını xeyli artırmaq olar. Məhz həbsxanada bu obrazların içindəki insan oyanır. Alyoşa Mitya ilə həbsxanada görüşərkən qardaşı ona deyir ki, katorqalıya Tanrısız qalmaq mümkün deyil. Bu fövqəlbəşər ilahi qüvvə onun iradəsini gücləndirir. Dostoyevski bütün bu hissləri öz şəxsi həyatında yaşamış bir insandır. Həbsxanada oturub edamını gözləyərkən axirət haqqında düşüncələr onun idrakını sönməyə, iradəsini sarsıtmağa imkan verməmişdi. Bu haqda yazıçı özünün “Ölü evdən qeydlər” romanında geniş yazıb. Yazıçı məhbəsdə bəzi kitabları oxuduğunu qeyd edir və bu kitablardan aldığı təəssüratları haqda belə yazır: “…əminəm ki, bu təəssüratları çoxları başa düşməyəcək. Öz üzərində hiss etmədən bəzi şeylər barəsində mühakimə yürütmək olmaz. Bir şeyi deyim: mənəvi məhrumiyyət bütün fiziki əzabların hamısından daha ağırdır”. Dmitri Karamazova da məhz mənəvi məhrumiyyətlər əzab verir, rahatlığını əlindən alırdı. Yenə “Ölü evdən qeydlər”ə istinad edək: “Bəzən həbsxanada bir neçə ildir tanıdığın insan barəsində onun insan deyil, vəhşi olduğunu düşünür və ona nifrət edirsən. Və birdən təsadüfən elə bir an gəlib çatır ki, onun qəlbi qeyri-iradi bir əsinti ilə açılır və siz bu qəlbdə elə bir zənginlik, duyğu, ürək, özünün və başqalarının işgəncələrini elə aydın şəkildə anlamaq qabiliyyəti görürsünüz ki, sanki gözləriniz açılır və eşidib gördüklərinizə ilk anlarda özünüz də inana bilmirsiniz”. Dmitri Karamazov məhz bu tipli insanlardandır. Onun haqqında həqiqətə ən yaxın sözü Karamazovlar ailəsini dərindən tanıyan həkim Gertsenştube məhkəmədə dedi: “…zavallı cavan oğlanın taleyi bundan qat-qat yaxşı ola bilərdi, çünki təmiz ürəyi var…” Amma bu təmiz ürək onu katorqadan xilas edə bilmədi.
Dostoyevskini ən böyük dedektiv yazıçı saymaq olar, xüsusən “Karamazov qardaşları” triller süjetlərlə zəngindir, amma bu, onun nəhəng ədəbi qüdrətini xeyli kiçiltmiş olar. Dünya ədəbi bədii fikrinə yön vermiş bu nəhəng rus yazıçısının ideyalarıyla silahlanıb qələmə sarılmış yüzlərlə yazıçı olub ki, onların fikir, düşüncə qaynağı məhz Dostoyevski dühası olub. Adını dünya ədəbiyyatı tarixinə yazmaq istəyən bir çox yazarlar məhz “Karamazov kardaşları” kimi bir əsər yazmaq istəyiblər. Hətta günümüzün yazarlarından Haruki Murakami də müsahibələrindən birində bu romanı ideal bir əsər kimi qiymətləndirmişdi və “hədəfim məhz “Karamazov qardaşları” kimi bir əsər yazmaqdır” demişdi.
“Karamazov qardaşları” elə bir əsərdir ki, Dostoyevskinin bütün əsərlərindən bu romanda nəsə tapmaq mümkündür.