Qadin.NET / Qrupumuzun 12-ci kitabı"Aydınlanma səyahəti" haqqında

Qrupumuzun 12-ci kitabı"Aydınlanma səyahəti" haqqında

Qrupumuzun 12-ci kitabı"Aydınlanma səyahəti" haqqında

Aydınlanma səyahəti eynən qrupmuzun digər kitabları kimi maraqla gözlədiyim nəşrlərdən idi. Təqdimat sonrası vaxt itirmədən oxumağa başlasam da, haqqında yazdığım yazı bir sıra səbəblərə görə gecikdi.
Fəlsəfi və fərdi inkişaf yönümlü kitablar barəsində cahiləm desəm qınamayın məni. Sonuncu dəfə 8-ci sinifdə oxuyarkən Ziyəddin Göyüşovun Daxilə pəncərə, Fəzilət və Qəbahət kitablarını oxumuşdum. O vaxt bu kitablar məni bir çox mövzuda doğru yönləndirmiş və suallarıma cavab ola bilmişdi. Uşaqların təlim-tərbiyəsinə aid olan kitabları saymasaq illər sonra bu kitab mənim üçün xoş bir başlanğıc oldu deyə bilərəm. Əlbəttə ki, kitabda razılaşdığım və razılaşmadığım nüanslar oldu. Bunlardan ən birincisi dini görüşlərin kitabın müəyyən bölmələrində əsas kimi götürülməsi oldu. Deyə bilərsiniz ki, axı kitab müəllifin fikirlərinin məhsuludur. Əlbəttə ki, elədir. Lakin bu tip kitablarda elmə əsaslanan məlumatların üstünlük təşkil etməsi tərəfadarıyam. Məsələn Beyinin inkişaf etdirilməsi bölməsindəki məlumatları çox bəyəndim. Çünki tamamilə elmi əsaslara söykənərək izah olunurdu. 
Kitabın bir neçə bölməsini "bunu bilirəm", "bunu tətbiq edirəm" deyərək oxusam da, mənim üçün tamamilə yeni məlumatlar əldə etdiyim bölmələr də oldu. Düşüncədə rast gəlinən məntiq xətaları, Anlayış və sezməni inkişaf etdirmək bölmələrini bəyəndim. Ən çox Eqo ilə tanışlıq bölməsi xüsusi marağıma səbəb oldu. Kitabın hamısını təkrar oxumasam da, aradabir açıb bu bölməni vərəqləyəcəyimə əminəm.

 

Qrupumuzun 12-ci kitabı"Aydınlanma səyahəti" haqqında

Fəlsəfə və inkişaf bölməsində haqqında məlumatımın az və səthi olduğu düşüncə insanlarını daha yaxından tanımaq imkanı əldə etdim. Yaradıcı insanlardan öyrən və sən də yarat bölməsində xeyli lazımlı məlumatlar aldım. Amma bu sadalanları hər bir insan öz üzərində bu və ya digər şəkildə tətbiq edə bilərmi? Tətbiq edib uğurla nəticəyə nail ola bilərmi ? Bax bu suallarım cavabsız qaldı. 
Bəyənmədiyim ya da başqa sözlə desək, inanmaqda çətinlik çəkdiyim bölmələr Mistisizm simvolları və Ölümə yaxın təcrübə oldu.(Sonradan belə nəticəyə gəldim ki, inanmaq üçün hər halda onu yaşamaq lazımdır).

Qrupumuzun 12-ci kitabı"Aydınlanma səyahəti" haqqında

Işıqlanma, nurlanma və aydınlanma bölməsini oxuduqdan sonra gəldiyim qənaət belə oldu. Belə düşünürəm ki, insan yalnız özünü dərk etdikdən sonra nəyəsə nail ola, uğur qazana, həyatdakı misiyasını və mahiyyətini anlaya bilər. Və bu yolda belə kitablar bizə yol yoldaşı ola bilərlər. Lakin son məqamda, həlledici məqamda insanın ən əsas köməkçisi onun ağlı və şüuru olur. Fərdi və ruhani inkişaf kitabları insanların həyatına yox qərarlarına və düçüncələrinə müəyyən mənada yön verə bilir. Ancaq unutmayaq ki, bu da öz növbəsində fərdlərə, şəraitə, hətta cəmiyyətə görə dəyişə bilir. Ona görə də hər oxucu bu kitabdan eyni nəticəni və eyni təsiri gözləməsin. Aydınlanma səyahətini oxucunu məlumatlandırma baxımından qənaətbəxş hesab edirəm. Bu kitabı oxumaqla heç nə itirməyəcəksiniz.Nə qədər qazanacağınızı deyə bilmərəm amma əmin olun ki, bir şeylər qazanacaqsınız. Mənə görə kitabların başlıca misiyası oxuculara müsbət keyfiyyətlər aşılamasıdır. Aydınlanma səyahəti də belə kitablar siyahıma daxil oldu.

24 sentyabr 2016
GO BACK