Bəzən bu söz cild-cild kitabın etmək istədiyi təsəllini çatdıra bilir.
Bəzən elə döngələrdəki qapıya rast gəlirsən ki, oradan içəri girməyə ehtiyat edirsən. Sanki, o qapının saflıq və nəciblik ölçən detektoru nə etsən də öz fitini kəsməyəcək. Bu hissi öz daxilimdə - müxtəlif xəyalların həllində çoxdan kəşf etmişdim. Lakin ilk dəfə heç gözləmədən xarici aləmdə rast gələndə qəribə oldum. Space Girls qrupunun “Viva ferover” mahnısına çəkdikləri klip var. Ona baxanda birdən diksindim, gözlərimi qaçırdım, dərindən nəfəs aldım, lakin niyə belə etdiyimi anlamadım. Sonra fərqinə varanda dərindən qabaran sevinci qarşılamağa hazır idim. İlk dəfə realda o qapının kölgəsini mənə həmin video-çarx göstərdi. Zaman keçdikcə onun dəfələrcə ayrı-ayrı təzahürlərini görürdüm: Yanninin “Prelude and Nostalgiya” kompozisiyası, Bəhruz Kəngərlinin “Qaçqın qadın” portreti, Con Torteltaubun “İnstinkt” filmi və s. və ilaxır. Nəhayət, bunu kompleks şəkildə və xeyli müddət yaşadığım H.Hessenin “Muncuq oyunu” romanıyla qarşılaşdım. Uzun sürən həzz idi və mən bu roman barəsində məhdud yazmaqla ona qarşı haqsızlıq etmiş oldum.
Bayaq kompüterimdə eşələnərkən birdən gözüm Cəmilə Məmmədlinin “Qəsr” hekayəsinə sataşdı. Cəmiləni bir neçə il öncə bu hekayə ilə tanımışdım. Onda da bu qızın həmin qapıların açarlarını gəzdirdiyinə inanmışdım. Çünki elə ilk cümlədən məni o ülvi və ecazkar dünyaya dəvət edirdi. Burada istəyim hekayənin texniki göstəricilərinə diqqət çəkmək deyil. Mən hekayənin ruhundan bəhs edirəm, o balaca və dəcəl qığılcımdan danışıram. O, niyə gəlmişdi və niyə getdi?
“Şahzadənin soyuq mavi gözlərindən süzülən damla, şaxtalı havanın təsrindən donaraq döşəməyə düşüb çilikləndi.”
Və onun yeni təzahürlərilə tanışmaq hissi məni heç vaxt tərk etmir.
“Bir gözəl gün...”
Siz hələ də ədəbiyyata “boş vaxtı dəyərləndirmək” və ya “intellekt qazanmaq” gözüylə baxırsınız?