Qadın-Kitabdır! Hər səhifəsi möcüzə, hər başlığı həyəcan. Oxusan sehirli aləmin qonağısan, oxumazsan, ömürlük qaranlıqda qalarsan!
Bu cümləni 2012-ci ildə Azərbaycanın ilk milli qadın portalı olan Qadin.Net saytında təşkil edilmiş müsabiqə üçün yazmışdım. O vaxtdan tez-tez istifadə edirəm. Ürəyim o qədər doludur ki, nədən başlayım deyə tərəddüt edirdim. Tam da yerində və zamanında yadıma düşdü. Çünki bu yazını nədənsə başlamalı idim.
Əsrlər boyu qadınlar bəylərdən daha çox kitabsevər olublar. Bunu faktlarla sübut etməyə gərək görmürəm. Lakin bəy yazarlar qadın yazarlardan daha çox oxunublar. Bunu da hər birimiz çox gözəl bilirik. Təsadüfü deyil ki, Agata Kristi məhz kişi ləqəbi ilə əsərlərini nəşr etdirib. O bilirdi ki, qadın dedektiv yazarı oxunmayacaq. Mən Agata Kristi deyiləm. Düşündüm ki, indi XXI əsrdir, insanlar əsrlər əvvələ nisbətən dünya görüşlüdürlər. Ancaq yanılmışam. 2007-ci ildə ilk dəfə dedektiv-povest yazdım. 2013-cü ilin mart ayında Azərnəşrdə “Görünməyən həqiqət” adlı dedektiv-povestim çap olundu. Satışa paylanıldı və bir müddət səbrlə gözlədim...Sən saydığını say, gör fələk nə sayır- burda deyiblər. Dedektiv janrını Azərbaycan qadınına yaraşdırmadılar. Güvənmədilər.
21 ay bir cümlə belə olsa yaza bilmədim. İlk kitabım təkcə dedektiv janrında olduğu üçün deyil, həm də adımı tanımadıqları üçün oxumadılar. Digər əsərlərimi ixtisara salıb saytda yerləşdirdim, nəticədə “copy-paste” edənlər ortaya çıxdı. Hər biri ilə mübarizəyə girişdim. Təslim olmadım. Sonadək haqqımı tələb etdim. Qazanan da mən oldum. Ancaq bu 21 aylıq fasilə mənə və “ilham pərilərimə” mənfi təsir etdi. Mən də dedektiv janrında olan əsərlərimi bir daha nəşr etməməyə qərar verdim. “Madəm ki, oxucu məni dedektiv yazar kimi tanımaq istəmir, qoy sevgi romanlarının müəllifi kimi tanısın” düşüncəsiylə yaradıcılığa davam etdim. 2015-ci ilin ilk günündə hər ay bir hekayə yazmaq məqsədi ilə işə başladım. Nəşriyyatlarla maraqlandım, ən məşhurlarına yazdım. Tiraj və formata görə qiymətlər müəyyənləşdirdim. Bu barədə müəyyən fikrə sahibləndim. Ancaq “Qanun” nəşriyyatına 25 illik brend kimi dəyər verib bütün nəşriyyatlar arasından seçdim. Deyilən məbləğ yüksək idi. Əvvəlcə o məbləği toplamaq üçün var gücümlə çalışdım. Tərcümələr etdim, yazılar yazdım. Nəticədə lazımı məbləği topladım. 250 tirajla “Bir yarpağın arzusu” adlı ikinci kitabımı nəşr etdirdim. Ancaq kitabın nəşrindən dərhal sonra kitablar mənə təhvil verildi, üstəlik satışına nəşriyyat tərəfindən heç bir köməklik edilmədi. Bir həftə sonra nəşriyyata getdim 20 kitabımı güclə verdim ki, heç olmazsa, bunu satışa siz qoyun. 20 kitabın satışa qoyulmasına qarşılıq “Qanun” nəşriyyatı kitabın satış qiymətinin 60% -ni özünə istədi. Razılaşdım. Ancaq üstündən 5 ay keçməyinə baxmayaraq nə reklam edildiyini gördüm, nə də endirimli yarmarkalarda masa üstündə. 250 kitabın 120-si hələ də evdə yatır. Artıq üçüncü və dördüncü kitablarıma yerləşdirəcəyim əsərlərimi hazırlamışam. Hətta beşinci kitabım üçün nəzərdə tutduğum tarixi macəra romanını yazıram. Ancaq nə olsun? Bir şey ki, evdə yatan 120 kitabım satılmayınca növbəti kitablarımı sadəcə xəyal edə bilərəm. Tək mən yox, əminəm ki, bu dəqiqə əksər gənc istedadlar bu vəziyyətdədirlər. Reklam bacarmayan, önə çəkəcək bir kimsəsi olmayan gənclərimiz söz yığınından ibarət kitab sahiblərinin kölgəsində görünməz olurlar. Kaş ki, onları siz də görə bilsəniz...
“Endirim var” adı altında dünya ədəbiyyatı satışa çıxarılır və “Yerli yazarlar oxunmur” deyərək bizim kimi gənc yazarları kölgədə qoyurlar. Kitab satış evlərində türk dilində ədəbiyyata daha geniş yer verilir, nəinki yerli gənc yazarların kitablarına. Ölkə xaricində gənc yazarlar əsərlərini yazarkən çəkdiyi mənəvi və fiziki zəhmətdən əlavə başqa əziyyət çəkmir. Onların yerinə əsərlərini təmsil edən agentlik nəşriyyatlarla əlaqə qurur və qanorar müqabilində çap etdirir. Gənc yazar heç cibindən nəşriyyata on qəpik də vermir. Nə üçün bizdəki gənc yazarlar (hətta ən istedadlıları belə) əsərlərini nəşr etdirmək üçün nəşrə öz ciblərindən pul verməlidirlər? Niyə nəşriyyatlar bu baxımdan maliyələşdirilmir? Niyə söz yığınından ibarət kitabların nəşrinə icazə verilir? Niyə qrammatik səhvlərlə bol kitablar nəşr edilir? Niyə gənclərə irəli getmək, ədəbiyyata yeniliklər gətirmək üçün dəstək olunmur? Axı biz övladlarımızın və övladlarımızın gələcəyi üçün yazırıq. Bizim yazdığımız müasir ədəbiyyatdır. Biz indinin, bu günün yazarlarıyıq. İcazə verin özümüzdən sonra gənc nəsillərə XXI əsr ədəbiyyatı adı altında daha səviyyəli və reallığa əsaslanan əsərlər yadigar qoyaq.
Görürəm hər kəs özünü cəmiyyətə tanıtmağın bir yolunu axtarır. Odur ki, mən də başqa birinin məni təqdim edəcəyini gözləmədim. Mən təkcə dedektiv yazan azərbacanlı xanım deyiləm. Eyni zamanda standart bir kuliminasiyalı roman çərçivəsini çoxdan aşmış biriyəm. Mən Azərbaycanda ilk dəfə olaraq çoxkuliminasiyalı əsərlər yazıram. Bunu özümü tərif etmək məqsədi ilə demirəm. Burada heç təriflik bir xüsusilik də görmürəm. Sadəcə bunu əsərlərimi tənqid edən və oxuyanlardan aldığım rəylərə əsaslanaraq deyirəm.
İstedad maddiyyatın arxasında gizlənir, boğulur. Yazıçı yuxusuz gecələrinin əvəzində üstəlik də yarı ac-yarı tox qalmaqla nəşrin pulunu toplamalı olur. Sonra kitab satışa çıxarılanda o məbləğin 60-40 faizini kitab satış mağazası, vergilər (bu mütləqdir) götürür. Bəs, axı yazıçı nə əldə edir?
Oxucuların sevgisi və qarşılıqlı hörməti olmazsa, mən də qələmimi çoxdan kənara qoyardım. Ancaq yazmaq ruhumun tələbidir. Onsuz mümkünsüzəm.
Bütün məsələlərin həlli var:
Dövlət nəşriyyatları maliyyələşdirilməli, nəşrə verilən kitabın tərkibi ilə dərindən tanış olmalı, gərəksiz yazılar geri qaytarılmalıdır. Kim nə gəldi nəşr edir. Bu yaxınlarda bir xanım “şairə” onlarla şairin şerlərini bir kitabda öz adı altında nəşr etdirdi. Bəs buna nəşriyyat niyə yol verdi? Demək ki, nəşriyyatlar üçün kitabın tərkibi, mövzusu və aşıladığı fikir heç də önəmli deyil, yetər ki, çap pulu, vərəq pulu, korrektə pulu verilsin. Redaktəsiz kitablar nəşrə buraxılır, bir dəfə oxumaqla vərəqləri qopan keyfiyyətsiz nəşrlər satışa buraxılır. Dəyərli, hətta deyərdim şedevr əsərlər tərcrübəsi olmayan tərcüməçilərin ələyindən çıxır və əminliklə deyirəm ki, redaktəsiz də dərc edilir. Bəs bütün bunlar üçün bir tədbir görülməyəcəkmi? Biz gənc yazarlar kitaba gəlir mənbəyi kimi baxmırıq, ən azından mən baxmıram. Ancaq əldə edə biləcəyimiz gəlir növbəti əsərlərin kitab halına salınması üçün vacibdir. Gənclərimizin səsini eşidin, onların istedadının zamanın yükü və pulsuzluğun altında əzilməsinə, yox olmasına imkan verməyin.
Hörmətlə: Xəyalə Murad