Qabriel Qarsia Markes – ” 100 ilin tənhalığı ”
100 ilQ.Q.Markez ” Yüz ilin tənhalığı ” “Səs-küylü və insanlarla doluydu Buendiaların tənhalığı …” Nağıl yoxsa həqiqət? ! Ya da nağıl diliylə yazılmış həqiqət? ! Hər şey illər öncə ata Joze Arkadio ilə ana Ursulanın dənizi tapmaq xəyalı ilə dağları aşıb Makondo qəsəbəsini qurması ilə başladı. Burda-Makondoda yüz illik tənhalığa məhkum edilmiş bir nəsil yarandı. Üç övladı oldu Joze Arkadio ilə Ursulanın – Aureliano, Joze Arkadio və Amaranta. Nəsil davam etdikcə bu adlar dəfələrlə təkrarlandı. Amma onların adlarından başqa da ortaq bir xüsiyyətləri var idi-tənhalıqları…
Roman qəhrəmanları necə bir həyat yaşayırlarsa yaşasınlar əvvəl-axır onları qaçılmaz bir tənhalıq gözləyir. İstər ata Joze Arkadio kimi dənizi tapmaq arzusuyla dağları aşsınlar, istər yüz ildən artıq ömür sürən Ursula kimi ailəni qoruyub saxlamaq, onun diliylə desək ” dəlilər evi “ni idarə etmək üçün insan iradəsindən üstün olan bir güc sərf etsinlər, istərsə də polkovnik Aureliano Buendia kimi 32 döyüşdə iştirak etsinlər … fərq etməz. Sanki ortaq və qaçılmaz bir taleləri var, vaxt gəlib çatanda qaranlıq bir tənhalığa qərq olaraq tək-tənha ölürlər. Görəsən onlardan hansı daha tənha idi? Ömrünün sonunu bir şabalıd ağacı altında keçirərək, az qala o ağacla bir bütün olan Jose Arkadio … İyirmi il davam edən müharibədə 32 silahlı hücumun hamısında məğlub olan, ona qarşı hazırlanmış 14 sui-qəsddən sağ çıxıb bir əfsanəyə çevrildikdən sonra edama məhkum edilən polkovnik Aureliano Buendiamı … Ömrü boyu Pietro Krespinin yasını tutub heç vaxt ailə qurmayan Amaranta… yoxsa….???? Nə qədər fantastik və inanılmaz hadisələr baş versə də əslində anlayan oxucu üçün əsərdə Markezin özünün dediyi kimi həqiqətdən uzaq bir cümlə də yoxdur. Tənhalıq mövzusu elə incəliklə işlənib ki, oxuduqca səssiz-səmirsiz, xəbərdarlıq etmədən insanın içinə işləyir. Ancaq o zaman tənhalığa məhkum edilmiş Buendia nəslinin faciəsini səndə yaşayır və anlayırsan …
Aybəniz Həsənova