Ernest Heminquey “Əlvida silah”
Heminqueyə görə “hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır”. XX əsr ədəbiyyatında öz üslubu ilə dərin iz buraxan Heminqueyin bu fikrinin təsdiqini əsərlərində də aydın şəkildə görürük. Avtobioqrafiq səciyyə daşıyan “Əlvida Silah” romanının sujet xətti Birinci Dünya Müharibəsinin fonunda iki gəncin sevgisindən bəhs edir.
İtalyan cəbhəsində xidmət göstərmiş Henri bir gün yaralanır və Milan hospitalında müalicə almağa başlayır. Bu hospitalda müalicə alan zaman Ketrin adlı tibb bacısı ilə tanış olur. Zamanla aralarında başalanan münasibət sevgi ilə nəticələnir. İtalyan səyyar jandarmeriyasının amerikan aksentinə görə kəşfiyyatda günahlandırılması kimi mənasız ittihamlarının qurbanı olmasın deyə Henri fərrarilik edir. Ketrinlə birgə neytral İsveçrəyə qaçır.
Henrinin fikrincə: “gecə gündüz kimi deyil, hər şey başqa cürdür, gecəyə aid olan şeyi gündüz izah etmək olmaz, çünki bu vaxt gecəki olmur və əgər adam özünü yalqız hiss etmişsə, gecə yalqızlığı lap dəhşətli olur.
İnsanlar bu dünyaya bu qədər igidlik bəxş etdikləri halda, dünya onları öldürməlidir ki, əyə bilsin, ona görə də dünya onları öldürür. Dünya hər kəsi əyir, çoxları əyildikdən sonra daha da möhkəm olurlar. Kim ki, əyilmək istəmir, onu öldürür. O, ayırd etmədən ən yaxşılarını, ən incələrini, ən igidlərin öldürür. Əgər sən ondan, nə o birindən, nə də üçüncüdən deyilsənsə, onda əmin ola bilərsən ki, səni də öldürəcəklər, amma çox tələsmədən.
“Xoşbəxtlik və qürur bəxş edən heç bir şeydən utanmaq lazım deyil” elə Ketrin də Henri ilə xöşbəxt olacağını bildiyi üçün utanmadan onunla birgə getdi. Əsəri oxuduqca Ketrinin xarakterinə valeh olmamaq qeyri-mümkündü. O qədər güclü olmaq hər qadının işi deyil. Ketrin son ana qədər çox güclüydü və mən belə düşünürəm ki, ona bu gücü Henrinin sevgisi verdi.
Ketrin Henriyə “Heç bir “mən” yoxdur. Mən Sənəm. Xahiş edirəm, özündən ayrıca “Mən” uydurma.” deyirdi.
Heminqueyin özünün etirafına görə “Əlvida Silah” əsərinin sonluğunu 39 varianta yazıb. Zənnimcə neçə variantda yazır yazsın hər halda bu cür sonluq hər bir insana öz təsirini buraxmamış olmaz.
Əsərə ad vermək məsələsində də yazıçı çox variantlar düşünüb. “Savaşda eşq”, “Gözoxşayan”, “Vaxt da yetər, sülh də” kimi adlar düşünüb, ən sonda, “Əlvida, silah! “ adının üstündə dayanıb.
Henri təkcə Silahına “əlvida” demədi, o həm də sevdiyinə, sevgisinə, övladına “əlvida” dedi. Amma silahına özü “Əlvida” deyən Henriyə sevdikləri “əlvida” dedi ya Henri özü? Bax bunu mən bilmirəm. Bəlkə də, Henri özü dediyi kimi, bütün bunların hamısını DÜNYA özü etdi.
02 avqust 2014-cü il
İlahə Eldarqızı