Qadin.NET / "Cavidanamə"

"Cavidanamə"

"Cavidanamə"

Bu ad hər xatırlandıqca eyni anda həm qürurlandırıb,həm hüzünləndirən qüdrətə malikdir mənim üçün.Düşünən beynimiz ,yarımçıq qalan romantikamız,susdurulan dilimiz,dahi səma şairimiz!
İlk bəhs edəcəyim Cavidin Topal Teymur əsəridir. Bu əsəri bir növ Cavidin tarixə səyahəti kimi qiymətləndirmək olar.O dövrə Cavid gözü ilə işıq salınıb sanki.Həmişəki kimi Cavidin müharibəyə,zorakılığa və ədalətsizliyə olan kəskin baxışı əsərin hər cümləsində özünü biruze verir.Əsərin əsas ideyasi müharibəyə bəslənən nifrətdir.O,Topal Teymur ve Bəyazidin arasındakı ədavəti tənqid etmiş,qardaş xalqların müharibəsinə ikrah oyatmaga çalışmışdır. Mən şair Kirmani obrazında azacıq da olsa Cavidi gördum.
O,qüdrətli Topal Teymurdan zərrə qədər çəkinməyərək həqiqətləri söyləməkdən boyun qaçırmırdı. Əsərin demək olar ki,hər cümləsində hikmətli və dəyərli fikirlərlə qarşılaşmaq mümkündür.Bu insan əsl söz sehrbazı olub.Hər kəliməsində nə qədər mətləblər gizlidir. Əsərin sonunu Cavid həmişəki kimi ənənəsinə sadiq qalaraq ən təsirli sözlərlə yekunlaşdırmışdır. “Sen kor abdal,ben deli bir topal! Eger dünyanın zərrə qədər dəyəri olsaydı,yığın-yığın insanlara,ucu-bucağı olmayan memləkətlere senin gibi bir kor, menim gibi bir topal müsellet olmazdi.!”
AzərRomantik fəlsəfi poemanın ən gözəl nümunələrindən sayılan bu əsər Cavid yaradıcılığının dəyərli incilərindəndir.Bu əsər Cavidin Azerbaycan haqqında fikirlərinin təzahürüdür.Eyni zamanda Şərq və Qərb arasındakı kəskin fərqlər geniş şəkildə təsvir edilmişdir. Poemada Azərin səyahətlərindən,getdiyi yerlərin fərqli xüsusiyyətlərindən və oralarda şahidi olduğu müxtəlif hadisələrdən danışılır. Azər Cavidin dram əsərlərində olan obrazlara bənzəsə də,məncə,bu elə Cavidin özüdür.Onun haqsızlığa üsyanı,cahilliyə və xürafata olan nifrəti,cəmiyyətdəki ədalətsizliklərə qəzəbi bu obrazda özünü biruze verir. Təsadüfi deyil ki,poemanın bir çox yerlərində Almaniyanın Berlin şəhərindən söhbət açılır.
Cavid 1926-1928 illərdə Almaniyada gözlerine görə müalicə almış və burda şahidi olduğu hadisələr haqqında şəxsi qenaətlərini Azər obrazı vasitəsi ile ifadə etmişdir.Azər millətini,vətənini müasir ve inkişaf etməkdə olan ölkələr sırasında görmək istəyir.O cəmiyyəti köhnəlmiş beyinlərdən arındırmaq,yeni fikirli ,çağdaş düşüncəli insanlarla zəngin,dünyanı obyektiv dərk etməyi bacaran bir xalq arzusundadır.Onun səfərləri əyləncə və səyahət xarakterli deyil ,o yenilikləri öyrənmək,bunları öz vətənində və millətində də görmək istəyindədir.Əsərdə mənim ən çox təsirləndiyim yerlərdən biri qar yağanda küçədə olan uşaqların söhbətləri oldu.Bir çoxumuzun romantik abu-havayla qarşılaşdığımız bu təbiət hadisəsinə Cavid küçədə gecələməli olan uşaqların gözü ilə nəzər salır.İsti evində oturub pəncərədən qarı seyr edən insanlara ruh yüksəkliyi getirən qara küçə uşaqlarının necə üzüldüyünü kədərlə ifade edir. Adətən poemaların sıxıcı olduğunu deyirlər,lakin mən Cavidi həmişəki kimi həsrət və məhəbbətlə oxudum…
İblis..Müharibə mövzusunda yazılmış bu dəyərli əsər Cavid yaradıcılığının zirvəsi hesab olunur. Əsərdə bəşəriyyətin əbədi və əzəli bəlası olan müharibənin səbəbkarını İblis olaraq qələmə verən ədib əslində İblisin insanın öz xislətinde gizlənən bir şey oldugunu , lazım oldugu zamanda ortaya çıxıb,gizləndiyini göstərməyə çalışır.Fəlsəfi baxımdan böyük dəyərə sahib olan bu əsərdə bir çox məqamlara toxunulmuş ,insanın şər əməlləri qınanmış,müharibə tənqid olunmuşdur.
Dünya ədəbiyyatından tanış olduğumuz cildlik əsərlərdə verilen fikirləri Cavid iki misraya sığdırmağı bacarmışdır həmişə.. Bu əsərdə də bunun şahidi oluruq. Əsərin hər misrasındakı dərin mənalar,hikmətli sözlər Cavidin zəngin mənəviyyatından xəbər verir. Əsərin sonundakı İblisin monoloqu haqqında saatlarca danışmaq,müzakirə etmək,səhifələrcə yazmaq olar. Bu cümlələrdə insanların bütün ikiüzlülükləri,saxtakarlıqları,xəyanətləri,nadanlıqları,cahillikləri təsvir edilmişdir. İblisin her yerdə, hər məkanda,hər dində ,hər qəlbdə kök atdığını,lakin heç kimin bunu etiraf etməyib ona nifrət etdiyini,ona sitayiş edib özünü yaxşı insan kimi göstərdiyini kəskin və təsirli şəkildə dilə gətirir. Cavidin fikrincə bəşəriyyətin bütün bəlalarından məsul tutmaq üçün İblis axtamağa ehtiyac yoxdur,İblis insanın özüdür. “İblis nədir?-Cümle xeyanetlere bais… Ya her kese xain olan insan nedir?-İblis!” Bu misraları oxuyarken setirlərdəki od-alov gözlərimi yandırdı sanki. Cavidin bu cümleleri hansı hiss və həyacanla yazdığını bir anlıq xəyalımda canlandırdım.
O,ömrünü xalqın yolunda şam kimi əritməyə həsr etmişdi,lakin buna belə reva görmədilər ona.. Onu hər xatırladıqca qəlbimdə səbəbini bilmədiyim bir ağrı hiss edirəm. Onun həyatı,yarımçıq qalan yaradıcılığı hər oxuduqca ,hər düşündükcə qəhərləndirir məni.
Səma şairi əminəm ki,səmadan bizə baxır və hər birimizin qəlbində gizlənən İblisləri görür… Hər birinizə Cavidi oxumağı və onu bütün varlığınızla anlayıb,hiss etməyi arzu edirem.Oxumaq istəyənlərə xoş mütaliələr.
Aygün Ələkbərova

27 dekabr 2015
GO BACK