Qadin.NET / Daniel Kiz "Elcernon Üçün Güllər"

Daniel Kiz "Elcernon Üçün Güllər"

 

Daniel Kiz "Elcernon Üçün Güllər"

 

Daniel Kiz "Elcernon Üçün Güllər" Aybəniz Həsənova

Səkkiz kitabın müəllifi olan və keçən il dünyasını dəyişən Daniel Kiz, Nyu Yorkda, Brukleyndə dünyaya gəlib. Ohaya universitetində fəxri professor olan Kiz, psixologiya təhsili ilə yanaşı Amerikan və İngilis ədəbiyyatı ixtisası üzrə də elmi dərəcə almışdır. Yazıçının ən məhşur kitabı bu gün haqqında danışacağım "Elcernon Üçün Güllər" bütün dünyada beş milyondan artıq tirajla satılıb. Kiz əvvəlcə bu əsəri hekayə şəklində qələmə alır və buna görə Hüqo mükafatını qazandıqdan sonra əsəri romanlaşdıraraq Nebula mükafatına da layiq görülüb. Bundan əlavə əsər əsasında çəkilmiş " Çarli " adlı film var. Bu film də Oskar mükafatı qazanıb. Eyni zamanda əsər bir çox ölkələrdə teatrda səhnələşdirilib və böyük marağa səbəb olub.
"Elcernon Üçün Güllər" zehni çatışmazlığı olan 32 yaşlı Çarlinin gündəliklərindən ibarətdir. Bir növ hesabat xarakterli bu gündəliklərdən biz IQ səviyyəsi normal insanlardakından olduqca aşağı olan Çarlinin həyatını öyrənmiş oluruq. Anadangəlmə zehni geriliyi olan Çarlinin davranışları 32 yaşında olmasına baxmayaraq uşaqlarınkından fərqlənmir. Gündəliyinin ilk səhifələrində yazdıqlarında çoxlu qrammatik və məna səhvləri qarşımıza çıxır. Amma o da ətrafındakılar kimi ağıllı olmağı, onlardan biri olmağı arzulayır,onlarla elmdən, incəsənətdən, musiqidən, filmlərdən danışmaq istəyirdi. Onu ağılsız hesab etdikləri üçün özlərindən uzaqlaşdırdıqları ailəsini, xüsusən də anasını əslində ağıllı olduğuna inandırmaq istəyirdi. Baxın Çarlinin arzuları necə saf arzulardır, eynilə bir uşağınki kimi... Hələ dünyanı dərk etməyən, onun çirkabına bulaşmayan məsum uşaqların arzuları kimi...
Çarli ağıllı olmaq, öz arzusuna çatmaq uğrunda əməliyyat olunmağa razı olur. Elcernon adlı ağ siçan üzərində aparılan bir təcrübəni ona da tətbiq edirlər. Əmilayyatdan sonra Çarlinin zəkası sürətlə inkişaf etməyə başlayır, hətta normal insanlardan daha çox inkişaf edir. Qısa müddətdə professorlardan daha çox şey öyrənir, iyirmidən artıq dil bilir. Deyərdim ki, əsərin əsas məğzi əməliyyatdan sonra başlayır. Bəli, Çarlinin ağlı inkişaf etdikcə keçmişi - uşaqlığını, ailəsini, dostlarını, yaşadığı həyatı xatırlamağa başlayır. Bu mərhələdə keçmiş, ailəsinin və "dostları"nın ona qarşı davranışlarını dərk etməyə başlayır və bu onu çox incidir. Hətta, oxuduqca onunla birlikdə məni də incitdi. Ən çox da anasının ona qarşı davranışı. Bu cür uşaqların qoruyucu mələkləri adətən anaları olur, amma Çarlinin anası ondan imtina etmişdi, bacısı onu yaxınlığında görmək istəmirdi. Əvvəllər Çarliyə elə gəlirdi ki, bütün dostları onu sevir, amma indi xatırladıqca başa düşürdü ki, əslində belə deyilmiş. Əslində onu təlxək yerinə qoyub gülürdülər. Bütün bunları öyrənmək ona əzab verirdi. Və yenə də dəfələrlə özümə verdiyim sualı bu romanı oxuyarkən yenə də təkrarladım: " Bilmək, Çarlinin hesab etdiyi kimi doğrudan da xoşbəxtlikdirmi? Təəssüf ki, həmişəki kimi cavabım "yox" oldu. Düşünürəm ki, Çarlinin də cavabı eyni olardı...
Əslində diqqət yetirsək , cəmiyyət olaraq biz də bu cür insanlara qarşı önyarqılı davranırıq. Haqsızmıyam!? Bu insanlara fiziki məhdudiyyəti olan inssanlara yanaşdığımız kimi anlayışla yanaşırıqmı? Məncə, xeyr! Bir qolu, bir ayağı olmayan insanlardan qorxarıqmı? Əsla, onlara qarşı şəfqətlə yanaşırıq. Amma, zehni çatışmazlığı olan insanlardan uzaq gəzirik, onların bizə zərər verəcəyindən qorxuruq. Bir qisim isə onları ələ salıb gülür, təlxək yerinə qoyurlar. Amma, düşünmürük, düşünə bilmirik ki, bu insanların da qayğıya, diqqətə, sevgiyə ehtiyacı ola bilər. Bəlkə də tək ehtiyacları budur - SEVGİ! Və biz onları, bəlkə də hamımızdan daha çox insan olan, daha saf və məsum olan bu seçilmiş insanları bu sevgidən məhrum qoymaqla ən böyük haqsızlığı edirik. 
Əsərin süjeti haqqında daha çox yazmaq, əməliyyatın sonrakı nəticəsi haqqında məlumat verib oxucuların kitaba marağının itməsinə səbəb olmaq istəmirəm. Bir neçə ay əvvəl oxuduğum bu möhtəşəm kitabı yaxın günlərdə Bakumoz Nəşriyyatı çox nəfis tərtibatla öz dilimzdə çap edib. Bu xəbər əsəri mənə yenidən xatırlatdı və kitab haqqında daha geniş yazı yazaraq sizlərə həyatım boyu oxuduğum ən təsirli elmi-fantastik romanı daha yaxşı tanıtmaq istədim. Bu kitabdan özünüzü məhrum etməyin...

21 dekabr 2015
GO BACK