Qadin.NET / Joze Saramago "Ölüm Bir Vardı, Bir Yoxdu"

Joze Saramago "Ölüm Bir Vardı, Bir Yoxdu"

 

 

Roman "Ertəsi gün heç kim ölmədi..." cümləsi ilə başlayır. Elə ilk cümlədən Saramaqo oxucunu ələ almağı bacarır. Adı məlum olmayan bir ölkədə yeni il gecəsi birdən-birə ölüm öz işini dayandırır və heç kim ölmür. Ölümünə an qalmış yaşlılar, intihar edənlər, avtomobil qəzası keçirənlər, orqanlarını itirənlər - heç kim ölmür. Əlbəttə, bu vəziyyət - ölümsüzlük qazanmaları insanları sevindirir. Amma bu sevinc uzun müddət davam etmir. Artıq avtomobil qəzalarında heç kim ölmür, çox keçmir ki, xəstəxana palataları ölümcül xəstələrlə dolub daşır, qocalar evində yaşlılar gündən-günə çoxalır, ailələr ölüm ayaöında olan amma ölə bilməyən üzvlərinə baxmaqdan boğaza yığılmış vəziyyətdədir. Ölümsüzlüyün gətirdiyi problemlərlə bütün ölkə mübarizə aparmağa məcburdur. Amma, hər şey təkcə bununla kifayətlənmirdi.
Ölümün yoxa çıxması tabut biznesi ilə məşğul olanları, dəfn mərasimi təşkilatçılarını, hətta bankları, sığorta şirkətlərini müflis olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə deyək, yaşamaq üçün pulu insanların ölümü üzərindən qazanan bu insanlar ölüm olmazsa yaşaya bilməzdilər. Saramaqo bu məqamda maraqlı təzad yaradıb. Və bu vəziyyətdə həmin insanların davranışlarını ironik bir dillə oxucuya çatdırıb. Bir çox hallarda onları öz sözləri ilə ifşa edib. Əslində insanlıq, mənəviyyat anlayışlarının bu insanlar üçün, həm də təkcə bu insanlar üçün deyil əksəriyyət üçün nə qədər əhmiyyətsiz olduğunu, çıxılmaz vəziyyət yarandıqda insanların bir-birinin "ətini yeməyə" hazır olduqlarını bütün çılpaqlığı ilə açıb göstərir.
Təkcə bu da deyil. 
Ölümün birdən-birə öz işini dayandırması hökuməti və kilsəni ciddi şəkildə narahat edirdi. Onlar "Daha heç vaxt heç kim ölməsə kilsə nə edəcək?" , "Daha heç vaxt heç kim ölməsə hökumət nə edəcək?" suallarıyla qarşı-qarşıya qalmışdılar. Saramaqo kilsəni və din xadimlərini yenə öz dilləri ilə ifşa edir:
"Dünyadakı bütün dinlər, biz onları hansı tərəfə, hara fırlasaq da öz mövcudiyyətlərini bircə şeylə – ölümlə əsaslandırırlar. Çünki ona su, hava kimi ehtiyacları var.

- Siz tamamilə düz buyurursunuz, biz elə ona görə mövcuduq ki, insanlar bütün ömürləri boyu qorxunun ağır yükünü boyunlarında dəyirman daşı kimi daşısınlar və özlərinin ölüm saatını azadlıq kimi qarşılasınlar. Cənnətə düşəcəklərinə ümid bəsləsinlər.
- Ya cənnətə, ya cəhənnəmə, ya da ki heç hara və onu deməliyəm ki, ölümdən sonra baş verənlər bizi, insanların düşündüyünə rəğmən, daha az maraqlandırır.- Din, cənab filosof, dünyəvi işlərlə məşğul olur, səmavi məsələlərə qətiyyən aidiyyəti yoxdur.- Belə bir şey eşitməmişəm.- Təbii, axı malınızı satmaq üçün nədənsə danışmaq məcburiyyətindəsiniz. Başqa sözlə desək, siz ölümdən sonrakı həyata inanmırsınız.- Biz onu nəzərə alırıq."
Yazıçı hökümət nümayəndələrinın ikiüzlülüyünü də göstərməkdən çəkinmir. Buna bir çox məqamlarda rastlaya bilərik, amma mən burda biri haqqında danışmaq istəyirəm. Hökümətin işinə gəldiyi zaman mafiya ilə əlaqələr qurması, onalrın gücündən istifadə etməsi buna bariz nümunədir. Və təkcə onlar deyil, elə sadə xalq nümayəndələri də ölüm ayağında olan yaxınlarından qurtulmaq üçün onların köməyindən məmuniyyətlə istifadə edirdilər. Yenə də əsərdən çox yerinə düşən bir fikri qeyd etmək istəyirəm "Hər xalq özünə layiq hökumət tərəfindən idarə olunur"
Saramaqo elm adamlarını, filosofları da unutmayıb. Gözlenilmədən yaranmış vəziyyətə onlar da bir çarə axtarırdılar, çünki özlərinin də dediyi kimi, "Onun üçün ki, fəlsəfənin də ölümə ehtiyacı var və bu ehtiyac heç də dininkindən az deyil: biz öləcəyimizi bildiyimizdən filosofluq edirik də və nahaq yerə müsyö Monten deməyib ki, filosofluq etmək ölməyi öyrənməkdir."
Əsərin ilk hissəsi ölümün yoxa çıxması ilə hadisələrdən ibarətdirsə, ikinci qismdə ölümün yenidən qayıtmasına, kütləvi ölümlərin yaratdığı xaosa şahid oluruq. Bu hissədə yazıçının ölümün kimliyi haqqında maraqlı yanaşması var. Burda magik realizmin izləri daha aydın görünür.
Məni ən çox təəccübləndirən əsərin sonluğu oldu. Fikrimcə, Saramaqo əsəri bu sonluqla bitirməklə oxucularına önəmli bir mesaj ötürür. Təbii ki, sonluğu hər oxucu fərqli dəyərləndirə bilər. Amma burda sonluq haqqındakı düşüncəmi yazmaq istəmirəm. İstərdim ki hər kəs özü oxuyub nəticə çıxarsın. 
Sonda əsər haqqında qısaca fikrimə gəlsək, əsər boyu düşündüm ki, Saramaqo nə qədər ağıllı insandır. Həm fərqli bir mövzu seçib, həm də elə bir mövzu ki, onun vasitəsilə insanlığın ən zəif cəhətlərini üzünə çırpır, bir çox eyblərini elə insanların öz dili ilə ifşa edir, çatışmazlıqları satirik, ironiyalı bir dillə qələmə alıb. Və bir də onu düşündüm, nə yaxşı ki ölümlüyük.


20 dekabr 2015
GO BACK