Qadin.NET / Corc Oruell – 1984

Corc Oruell – 1984

 

Corc Oruell – 1984

 

Corc Oruell – 1984 (Nəzrin Xəlili)

Corc Oruell 20-ci əsr ingilis ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır. 1936-cı ildə Corc Oruell Eylin Oşonessi adlı qadınla evlənir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başlayır. Siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır.

Oruell 1943-cü ildə özünün məşhur “Heyvanıstan” əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Müharibədən sonra o yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olur. Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri “1984” romanıdır. Əsər 20-ci əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsində tərcümə olunub. Əsərin çapından bir müddət sonra, 1950-ci ildə vərəm xəstəliyindən əziyyət çəkən Corc Oruell vəfat edir. UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq “Corc Oruell ili” elan edilmişdir. Yazıçı Corc Oruelin 46 yaşının tamam olmasına bir az qalmış, 1949-cu ilin 8 iyununda, London kitab mağazasına onun “1984” romanı daxil oldu. Bu kitab qısa müddətdə milyonların düşüncəsini alt-üst etdi. “1984” romanının ilk 25500 nüsxəsi çap olunduqdan dərhal sonra, qısa müddət ərzində satılıb qurtardı. İlin axırında romanın Britaniya və Amerikada çap olunan nüsxələrinin ümumi sayı yarım milyonu ötdü.

Müasirləri Oruelli belə təsvir edirlər: “Arıq və uca boylu, sıx, dalğalı saçları olan, iri addımlarla yeriyən gənc. Daim sakit və məsum gülüşü ilə qarşısındakının ona maraqlı olduğunu göstərməyə çalışardı. Heç vaxt özünü yuxarıdan aparmaz, heç kimə ağıl öyrətməz, zorla öz fikrini qəbul etdirməyə çalışmazdı”. Onun bütün həyatı və yaradıcılığı “1984” romanının ərsəyə gəlməsinə həsr olunmuş dəyərli təcrübədən ibarətdir. Əslində o bu romanı yazmağa həqiqətən çox vaxt sərf etmişdi. Roman çap olunana qədər Oruel onun adını iki dəfə dəyişmişdi (“Avropada sonuncu insan”, “Ölülər və dirilər”) və 5 il ərzində ancaq onun üzərində düzəlişlər etməklə məşğul olmuşdu. Kitabın adı isə heç çapa veriləndə də hazır olmayıb, bu zaman naşiri Oruellə məsləhət görüb ki, kitabın yazıldığı ilin (1948) son iki rəqəmini dəyişdirib ona ad versin. Beləcə də olur, axı kitab gələcəyin cəmiyyətindən bəhs edirdi.

Tədqiqatçıların çoxunun yazdığına görə “1984” romanının baş qəhrəmanlarından biri Qoldşteyn, L.D.Trotskinin prototipidir. “Bu ibtidai dövrləri xatırladan proseslərdə Trotski, xalqın yaxşılığını istəməyən xain, İblis rolunu oynayır”. Hər bir totalitar ideyanın ayaqda qalması üçün bir İblisin mövcud olması ideyasını Oruel “1984” romanını yazamazdan az öncə gündəliklərində yazır. Belə ki, Trotskinin ölümündən üç gün sonra o gündəliyində yazmışdı: “İndi Rusiya Trotskisiz neynəyəcək?.. Yəqin onun əvəzinə yeni birisini düşünməli olacaqlar”. “1984” romanını mütəmadi izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx bağlıdır.

 

 

Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir. Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu. Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi, istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə, idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür, amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır ki? Əsərə gəldikdə, Uinston Smit adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, insanların dövlətin əmrləriylə və onun nəzarətində yaşadığı bir ölkədə – Okeaniyada yaşayır. Hakimiyyət prollardan başqa bütün insanları, xüsusilə də partiya üzvlərini manqurtlaşdırır. Onlar Böyük Qardaşın istədiyi kimi yaşayır, onun dediyi kimi düşünürlər. Uinston isə hələ də azad düşünmək qabiliyyətini itirməmişdir. Azad düşünmək isə ən ağır cinayət – fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımla tanış olur və onlar o dövrə zidd olan bir eşq macərası yaşayırlar. Bundan sonra isə Culiya və Uinston birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd etsələr də bu yolda uğur qazana bilmirlər. Gəlin, birlikdə bir dünya təsəvvür edək: Evlərinizdə sizi izləyən, dinləyən, bütün əməllərinizə, sözlərinizə, hətta yuxunuza belə nəzarət edən ekranlar quraşdırılıb. Evdə, işdə, küçədə – heç bir yerdə və heç bir zaman azad olmursunuz. Hər an Böyük Qardaş sizi izləyir. Dövlət harada işləyəcəyinizi, kiminlə evlənəcəyinizi, nə zaman yeyəcəyinizi, yatacağınızı, səhər idmanında hansı hərəkətləri edəcəyinizi, hansı məhsuldan nə qədər yeyə biləcəyinizi və hətta nə vaxt öləcəyinizi təyin edir. Tarix hər gün dəyişdirilir, yenidən yazılır, saxtalaşdırılır, şahidlər və sənədlər məhv edilir və yeniləri yaradılır. Onların fikrincə azadlıq köləlik, sülh müharibə, cəhalət isə qüvvədir. Sülh nazirliyi müharibə, sevgi nazirliyi işgəncələrlə məşğul olur, iqtisadi rifah nazirliyi isə şişirtmə rəqəmləri kütləyə təqdim edərək onları keçmiş dövrdən daha yaxşı yaşadıqlarına inandırmağa cəhd edir. İnsanların sanki avtomatlaşdırılmış beyinləri isə bütün bunlara nəinki dözür, hətta bunları təqdir də edir. Dövlət hər zaman haqlıdır və hər şeyə qadirdir. Bu fikrə uymayanlar isə bir gecənin içində buxarlaşır, haqlarında olan bütün məlumatlar silinir və onlar heç zaman mövcud olmayan varlığa çevrilirlər. Belə dünyanı təsəvvür etmək bizlərə çox da çətin olmamalıdır. Bu roman insanın beynini dağıdacaq, düşüncə və arzularını yerlə yeksan edəcək qədər qorxuludur məncə. Bütün qorxu filmlərində qorxmayan MƏN bu romandan qorxdum. Daha doğrusu, belə dünyadan, belə düşünməkdən qorxdum. Axı o qorxu filmlərinin bir uydurma olduğunu bilərək baxırıq, lakin bu əsər yalnız və yalnız reallıqdır. Bəzən düşündüm ki, o illərdə yaşamış yazar indiki dünyanı necə bu qədər aydın təsvir edə bilib? Bəzən oxumağı saxlayıb yaşadığımız dünyanı müşahidə etdim. Kor-təbii inamı, məhkum köləliyi olan insanları və onları bir sürü kimi idarə etməyə çalışan rejimi…Həyat yalnız bu dərəcədə qorxunc və dözülməz ola bilər. İnsanlar sadəcə bu qədər alçala və çarəsiz qala bilərlər. İnsan necə də zərif məxluqdur. Məhz bu səbəbə görə də onu qorxudaraq, ona təzyiq göstərərək istədiyini edə bilərsən. Kitabın özündə də bu fikir dəfələrlə vurğulanır və fəlsəfi yönlərdən təhlil edilir. İnsana əzab verərək hətta öz-özünü satması kimi alçaqlıq dərəcəsinə də çatdırmaq olar. Bəlkə də mənəvi ehtiyaclar və əzablar qarşısında hələ də dözüm göstərə biləcək biri belə fiziki ağrı və ehtiyaclar qarşısında acizliyini göstərir. Böyük Qardaş partiya üzvlərini allahıdır. Klassik mənada bildiyimiz allah, tanrı anlayışları isə yoxdur. Sadəcə qadağan olunub. Böyük Qardaş bizi izləyir və sınayır. O, bizim üçün çalışıb-vuruşur. Ona qarşı nə isə düşünən insan fikir cinayəti törətmiş olur və dərhal Sevgi Nazirliyində islah olunmalıdır. Böyük Qardaşa nə isə şəkk-şübhə ola bilməz. Yaşasın Böyük Qardaş! Bu fikirlər əsərin ana xəttini təşkil edir. Böyük Qardaşlar həmişə olub və olacaq. Sadəcə əvvəllər müvəqqəti yaşayan belə Qardaşlar zamanla əbədiləşəcək və bizim Allahımıza çevriləcəklər.

Roman hər addıma, hər hərəkətə, davranışa, hətta nəfəsə nəzarət edildiyi dünyanı təsvir etsə də, bu gün kütləyə olan nəzarət, addımlarımıza ola nəzarət heç də az və zəif deyil. Hisslərə, münasibətlərə qadağaların qoyulduğu, azad düşüncəyə, xəyallara qadağaların qoyulduğu dünya. Belə dünya heç də bu günümüzdən kəskin fərqlənmir. Bu gün bəşəriyyət elmini artırır. Psixologiya elmi insanları o qədər dərindən öyrənir ki, onları uzaqdan idarə olunan canlılara çevirirrlər. Fizika elə iqlim silahları yaradır ki, istənilən anda insanları leysan yağışlar nəticəsində yaranan selin altında qoya və ya yeri yararaq insanları diri-diri basdıra bilər. Məhz bunlar elə Oruellin təsvir etdiyi dünya deyil mi? İnsanları istədiyi anda yaradıb yox edən, onları şüurlu ikən şüursuz varlığa çevirib idarə edən dünya belə deyil mi? Bir vaxtlar bir nəfərin sevdiyi film haqqında yazısını oxumuşdum. Həmin film Fransız filmlərinin incilərindən hesab olunan Oyuncaq filmidir. Orada həmin şəxsin çox bəyəndiyi bir səhnə təsvir olunmuşdur: Müdir işçisini yanına çağırır, işçisi kifayət qədər yüksək vəzifədədir. İşlərini həll etdikdən sonra işçi qapıdan çıxarkən müdir ona tamamilə soyunmasını əmr edir. İşçi əvvəl tərəddüt etsə də, sonra özündə məcburiyyət hissi yaradaraq yavaş-yavaş soyunmağa başlayır. Şalvarını soyunanda isə müdir ona gözəl sual verir: “Soyunmağı sənə əmr verən daha iyrəncdi, yoxsa buna razılaşan sən?” Məhz bu səhnəni 1984 ilə müqayisə etmək lazımdır: İyrənc olan Böyük Qardaş və onun partiyasıdır mı, ya ona sorğu-sualsız boyun əyib öz məhvlərinə imza atan insanlar mı? Biz daha iyrəncik yoxsa onlar? Bu sual ətrafında düşünüb cavab tapa bilərik. Lakin bu cavabı dərk edə biləciyik mi? Dərk etdiyimizi həyatımıza tətbiq etməyə cəsarətimiz çatacaq mı? Bax, əsl problem də məhz budur. Sonda isə, bir deyimlə yazımı tamamlamaq istəyirəm: İnsan azadlığına inandığı müddətcə azaddır. Bacarsanız siz də azad olun. Çünki köləlikdən daha qorxunc şey ola bilməz!

16 dekabr 2015
GO BACK