Qadin.NET / Antonio Tabukki – Pereyra iddia edir

Antonio Tabukki – Pereyra iddia edir

 

Antonio Tabukki – Pereyra iddia edir (Səbuhi Şahmursoy)

Müasir İtaliya ədəbiyyatından, demək olar ki, heç nə oxumamışdım. Bu yazarın adını isə “Rekviyem” romanından tanıyırdım. Doğrusu, əsasən qeyd etdiyim romanı oxumaq arzusundaydım, lakin vəziyyət elə gətirdi ki, “Pereyra iddia edir” qabağa düşdü. Amma istənilən halda Tabukkidən bir roman oxumaq istəyim razılıqla nəticələndi.

Bu əsər 1993-cü ildə qələmə alınmışdır. Kitabın arxa tərəfindəki qeydə görə, Tabukkini dünyaya məşhur edən bu roman olub, halbuki, mən “Rekviyem”i bilirdim. Hər halda, “Pereyra iddia edir” də öz mövzusu və təsir gücünə görə, dünya oxucuları qarşısına çıxmağa iddialı əsərdir. Müəllif bu əsərə görə Avropa Ədəbiyyat Mükafatı olan Aristeion da daxil olmaqla, ümumilikdə dörd ədəbi mükafat qazanıbdır. “Pereyra iddia edir” iyirmidən çox dilə tərcümə olunaraq bir çox ölkələrdə nəşr edilmiş, onun əsasında baş rolda M.Mastroyaninin oynadığı bədii film də çəkilmişdir.

Romanın tam adı “Pereyra iddia edir. Şahid ifadələri”dir. Adından da görünür ki, hadisələr şahid ifadələri üzərində qələmə alınmışdır. Əsərin baş obrazı Pereyra otuzillik bir karyerası olan jurnalistdir. O, hadisələrin cərəyan etdiyi Portuqaliyanın Lissabon şəhərində ortabab reytinqli bir qəzetin mədəniyyət səhifəsinin tərtibatçısıdır. Pereyranın praktiki olaraq əsas işi əsasən XIX əsr fransız yazarlarının hekayələrini tərcümə edib öz səhifəsində çap etməkdən ibarətdir. Lakin bu monotonluqdan qaçıb mədəniyyət səhifəsini bir az da rəngarəng etmək üçün o, nekroloqlar bölməsi açmağı qərara alır. Bunun üçün ona yazar və şairlər barədə nekroloqlar yazan əlavə işçi lazım olacaqdı. Bir dəfə bir ədəbiyyat dərgisini varaqlayarkən Pereyra təsadüfən ölüm haqqında yazılmış bir məqaləyə rast gəlir. Sonradan məlum olur ki, bu məqalənin müəllifi Lissabon Universitetinin Fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Fransişku Monteyru Rossi adlı bir gənc araşdırmaçıdır. Pereyraya görə, bu gəncdən yaxşı nekroloq yazan çıxardı. Lakin bu gənc və çılğın oğlanla tanışlıqdan sonra Pereyranın həyatı nəzərə çarpacaq dərəcədə dəyişir və o, katoliklərin ölümə yanaşdıqları fəlsəfəyə özü də bilmədən kafirləşməyə başlayır. Həyat yoldaşının vəfatından sonra ümumi tənhalıqdan əziyyət çəkən Pereyra həm də xeyli kökəlmişdir. Əsasən psixoloji yardıma ehtiyacı olan bu qocaman ziyalı həkim Kardosunun məsləhətlərinə əməl edərək dörd kiloqram arıqlasa da, həmin həkimin söhbətləri əsnasında yeni fəlsəfi cərəyanla tanış olur və öz “hökmran mən”ini kəşf etməsindən həyata baxışı azacıq dəyişir. Beləliklə, Pereyranın ən ziddiyyətli dövründə Rossinin işəyaramaz nekroloqları, onun anlaşılmaz və tapmacalı həyatı da bir fırtına kimi ötməkdədir. Rossinin gənc və getdikcə hədsiz arıqlayan sevgilisi Marta da qocaman jurnalistin həyatına təravət gətirməkdə haqlı olardılar. Buna ümid edən Pereyra bu tapmacalı gənclərə istənilən yardımı etməkdən çəkinmir. Amma çox sonralar məlum olur ki, Rossi və onu əhatə eləyən bütün insanlar əslində ölkənin siyasi vəziyyətini dəyişməyə cəhd edən bir fəal qüvvə imiş. Siyasi hakimiyyətlə uzaqdan-yaxından əlaqəsi olmayan qəhrəmanımızın bu gənclər sayəsində sanki gözləri açılır və yaşadığı ölkənin siyasi iyrəncliklərini dərk etməyə başlayır. Ona etibar edilmiş ən incə əmanətin yaxınlığında siyası qüvvələr tərəfindən məhv edilməsi Pereyranın kəskin addımlar atmasına zəmin yaradır. Bu həssas işdə mərhum həyat yoldaşının portretinin uzaq gülümsəməsi və həkim Kardosonun rəğbəti ona hansı yardımı edəcəkdir? Pereyra haqqın tərəfdarı olmaq üçün həqiqətən mühacirliyi seşəcəkmi? Onu bizim təhkiyə müəllifiylə hansı şərait görüşdürəcək və Pereyranın qəhrəmanlığına öz ölkəsi hansı qiyməti verəcək? Bütün bu incə nüanslarla “Pereyra iddia edir. Şahid ifadələri” romanının uğurunu təmin edən finalında rast gəlmək mümkündür.

Ümumiyyətlə, bu romanın təhkiyəsi müasir avropa film sahəsindəki dramatizmlə çox yaxındır. Sanki hər hansı bir filmin sakit təhkiyəsinə düşmüsən və o, səni tanış olmayan hisslərin məkanına sürükləyir. Bu romanın tərcüməsi xeyli uğurlu alınsa da, kiçik xətalardan azad deyil. Ən böyük iradım korrektəsinədir. Nəsrin ümumi qaydalarının pozulması inanmıram ki, romanın üslubundan irəli gəlsin. Buradakı qarmaqarışıqlıqda abzas da nisbi xarakter almışdır. Yəqin kitabın hər iki korrektoru yalnız hərf səhvlərinə nəzarət edirlərmiş.

Müasir İtaliya ədəbiyyatıyla ilk tanışlığı “Pereyra iddia edir” romanı ilə etmək mənimçün müsbət təəssüratlar bəxş etməklə xeyli uğulu alındı. Hər kəsi bunu təcrübə etməyə çağırıram. Xoş mütaliələr!

14 dekabr 2015
GO BACK