Qadin.NET / Mənim uşaq romanlarım

Mənim uşaq romanlarım

 

Mənim uşaq romanlarım

 

Mənim uşaq romanlarım 

Uşaqlığım 90-cı illərə düşüb. Həm də Saatlının ucqar kəndlərindən birində keçib. Sovet dönəmi yazıçılarımız demişkən, zaman o zaman idi ki, ölkədə qıtlıq idi. Müharibə başlamış və bitmiş, kasıblıq və yoxsulluq hökm sürməyə başlamışdı.

Bütün bu sosial çətinliklər zamanında kitab haqqında düşünməyin özü belə insanda bir cəsarət, həvəs, istək tələb edirdi.

Düzdür, müharibədən öncə kitab oxuyan insanların sayı xeyli çox idi. Mən gözümü açandan bəri atamın, böyük qardaşımın, bacımın, nənəmin, bibilərimin əlində kitab görmüşdüm və yəqin ki mütaliə həvəsim də ordan qaynaqlanıbdır. Bəlkə də genimizdə var bu , nə bilim?… Babam 1948- ci ildə Ermənistandan köçürülmüş məcbur köçkünlərdən idi. Bircə bundan götürün ki, o qaçqınlıq zamanı Ermənistandakı kəndlərində nə kitabları vardısa, hamısını gətirmişdilər. Əliağa Vahidin 30- cu illərdə köhnə latın əlifbası ilə nəşr edilmiş qəzəllər kitabı indiki kimi gözümün qarşısındadı. Bəlkə də indi babamın kənddəki evini yaxşı axtaran olsa, həmən kitab tapılar. Qaçqınlıq dövründə kitablarını kəndlərində buraxmayıb aranın ilan mələyən rayonuna kimi gətirən insanın kitab sevgisini özünüz düşünün artıq…

Bir neçə gündü ki ağlımda uşaqlıqda oxuduğum romanlar var. Nədəndir bilmirəm, bəlkə darıxmışam o günlər üçün, ona görədi. Ancaq onu bilirəm ki, bir neçə gündü beynimdə dolaşan xatirələri sizlərlə bölüşmək, həm öz içimi boşaltmaq, həm öz yaşıdlarım olan kiitabsevərləri keçmişlərinə səyahət etdirmək, indiki uşaqlar üçün faydalı ola biləcək romanları həm uşaqlar, həm valideynlər üçün sadalamaq, ən əsası isə aidiyyatı qurumlara; nəşriyyatlara, təhsillə məşğul olan dairələrə, uşaq ədəbiyyatının inkişafından sorumlu olan kəslərə bəzi mesajları verməkdi.

Neçə yaşımdan oxuduğumu həqiqətən xatırlamıram. Həmişə də deyirəm, ilk oxuduğum kitab yəqin ki hansısa nağıl kitabı və ya hansısa dastan olub. Amma indi yadıma gələn uşaqlıq kitablarımı bir- bir xatırlamaq istəyirəm.

Neçə yaşımda olduğum yadıma gəlmir, amma kitab yadımdadı: cildi cırlımış bir kitab idi, içində isə, cürbəcür macəralara atılan bir neçə uşaqdan bəhs edirdi. Əyyaş atasının hərəkətlərindən bezən, özü də sərgərdan bir həyat yaşayan Hek adlı bir yeniyetmədən danışılırdı. Bir neçə ildən sonra biləcəkdim ki, bu kitab Mark Tvenin “ Heklberri Finnin macəraları “ romanı imiş.

Sonra babamın kitabxanasından qalın bir kitab tapmışdım. İlahi, necə yeni bir dünya açılmışdı mənim gözlərim qarşısında. Bir dünya səyahəti, atalarını axtaran iki yeniyetmə gənc bacı – qardaş, onlara kömək edən vicdanlı ər- arvad, kiçik səyahət gəmisi olan “ Dunkan “, huşsuz coğrafiya alimi Paqanel, soyuqqanlı mayor Mak – Nabs və s. Coğrafiyadan həmişə əla qiymət alan və coğrafiya dəlisi olan mən, bu əsəri acgözlüklə və həyatım boyunca indiyədək ən azı 10 dəfə oxudum. Cənubi Amerikaya və Avstraliyaya olan səyahətlər mənim üçün əsl məlumat mənbəyi idi və mən indinin özündə də bu romana, Jül Vernin “ Kapitan Qrantın uşaqları “ romanına bu məlumatlara görə minnətdaram.

Robinzon Kruzo ilə tanış oldum bir gün. Onunla bir adaya düşdük, çətinliklərdən keçdik, dualar etdik, ac qaldıq, susuz qaldıq, özümüzə ev tikdik. Yaşamağı öyrəndik… Robinzonla bağlı, bu mövzuya çox da aidiyyatı olmayan bir xatirə indiyədək yadımdadı . Bu kitabı mənə oxumağa verən uşaqlıq dostum, kitabının itib- batığına görə deyinib qulağımı dəng eləmişdi. Özü heç də kitab həvəskarı olmayan, ömründə “ Sarıköynəklə Valehin nağılı” , “ Dəfinələr adası “ və “ Robinzon Kruzonun macəraları”ndan başqa kitab oxumayan sinif yoldaşım Oruc, indinin özündə də arabir “ mənim başıbəlalı Robinzonumu neylədin? “ deyə soruşaraq mənə qıcıq verir.

 

Mənim uşaq romanlarım

 

Uşaq vaxtı çox da xəstələnən deyildim. Arabir xəstələnədrim, onda da yaman bərk xəstələnərdim. Əksər zamanda bu xəstəlik qızdırma ilə müşahidə olunurdu. Yadımdadı, hardasa 6- cı sinifdə oxuyardım, belə günlərin biri idi, neynidrimsə yata bimirdim. Hər zamankı kimi, xəstə olanda başımızın üstündən çəkilməyən anam, yata bilmədiyimi görüb yaman narahat olmuşdu. İşıqlar da həmişəki kimi sönmüşdü. Axır bu yuxusuzluğun boşa getməməsi üçün, anamdan neft lampasını yandırmasını və dünəndən dayımgildən tapıb gətirdiyim göy üzlü kitabı mənə gətirməsini xahiş etdim. Anam istəyimə təbii ki tez əməl etdi, lampanı yandırıb “Tom Soyyerin macəraları“ adlı kitabı gətirdi. Kitabı açdım və köhnə dostlarımla rastlaşdım: aman allah, Heklberri Finnin nə işi var idi burda?! Bir macəra, bir maraq, bir axıcılıq… O uşaqlar hamısı elə lap mənim kimi düşünürdülər və mən buna heyrət edirdim. Özümü kitaba necə qapdırdımsa…Yəqin inanmayacaqsız, amma mən 38 dərəcə qızdırmada, səhər günəş doğanadək o kitabı oxuyub bitirdim.

Bir dəfə nənəmgilin evinin “krışasında“ olan köhnə jurnallar, dəftərlər, kitablar arasında narıncı üzlü bir kitab tapdım. Adı cəlbedici idi: “Gödək qılınc “ . Atamın əlində arabir gördüyüm, amma oxuyarkən heç nə anlamadığm “Arbat övladları “ romanının yazıçısı bu kitabın da müəllifi idi deyəsən. Hər iki kitabı Anatoli Rıbakov yazmışdı. Uşaq ağlımla əvvəlcə fikirləşdim ki yəqin bu kitabdan da nəsə anlamayacam. Amma elə ikl səhifələrdən kitab məni çəkdi apardı. Balaca uşaqların bütün çətinliklərə rəğmən gənc inqilabçıya kömək etməkləri məni əməlli- başlı riqqətə gətirmişdi.

Babamın kitabxanasında rast gəldiyim qalın cildli, amma özü nazik olan bir kitab diqqətimi çəkmişdi. Astrid Lindqrenlə ilk tanışlığım da məhz bu “Biz Slatkrok adasındayıq“ əsəri ilə oldu. Əsərdəki həm uşaqlar, həm yeniyetmələr, həm də böyüklər haqda olan hadisələrin gedişatı kitabı bitirmədən ayağa durmamağıma səbəb oldu. “ Balaca və damda yaşayan Karlson”un üstündə bu yazıçının imzasını görən kimi kitabxanadan götürərək iki günə bitirib geri qaytardım. Hələ də ən sevimli romanlarım sırasındadı

“Bülbülü öldürmək“ haqda danışmayım, çünki bəlkə də ölkədə mən qədər bu roman haqda danışan, yazan, təbliğ edən və sevən ikinci bir kəs yoxdur. Nənəmin təkidlə oxumamı istədiyi və 9- cu sinifdə ilk dəfə oxuduğum bu kitab bu yaşımda belə ən sevdiyim, 1 nömrəli roman olaraq qalmaqdadır.

Fantastik romanlara meylimin təməli yəqin ki Ladıginin “ Qoca Xəttabıç “ romanı ilə qoyulmuşdu. Janr olaraq fantastik sayılmasa da, nağılvari cərəyan edən hadisələr mənim üçün əsl fantastika idi. Klassik şərq nağıllarında olduğu kimi, dənizdən tapılmış butılkanın içindən çıxan Ömər ibn Xəttab adlı cinlə, Moskva sakini bir pioner olan Volka Kostılkovun başına gələnlərdən bəhs edirdi. Varın siz təsəvvür edin olacaqları.

Əsl fantastika, həm də elmi- fantastika sevgim “ Professor Douellin başı “ əsəri ilə başladı. Ardıyca “ Amfibiya adam” , sonra isə “ Dumanlı Andromeda “, “ Mühəndis Qarinin hiperbeloidi “ əsərlərini oxudum.

“ Qulliverin səyahəti”ni bir nağıl kimi oxumuşdum. Hələ illər sonra bu kitabı yenidən oxuyanda əsl məğzini anlayacaqdım. “ Don Kixot “un da ixtisarla olan nəşrini həzmi- rabedən keçirdərkən əsl mənasını tuta bilməmişdim. Amma şüuraltıma yerləşmişdi bir şeylər.

Kuperin “Sonuncu mogikan“ı , Stivensonun “Dəfinələr adası” ,Lüi Büssenarın “Kapitan Dəlibaş”ı , mayn Ridin “Başsız atlı”sı , Şarl de Kosterin “Ulenşpigel əfsanəsi“, Arkadi Qaydarın “Timur və onun komandası“ , Haqverdiyevin “ Xortdanın cəhənnəm məktubları “ , Mirzə Cəlilin hekayələri“, “Danabaş kəndinin əhvalatları“ , Yanuş Pşimanovskinin “Dörd tankçı ğ kitabı… Saymaqla bitməyən uşaqlıq xatirələrimdi bu kitablar.

Bütün bu saydıqlarım heç də tam siyahı deyil. Hamısını xatırlayıb yazmağa vaxt gərəkdir. Ayrıca, bir yazıya hamısını da yerləşdirmək mükün deyil.

İndisə sözümün Mustafasını deyim. Bütün saydığım romanların əksəriyyəti itib- batmaq üzrədir. Əgər kimsə bu kitabları yenidən “diriltməsə“, indiki uşaqlar və gələcək nəsillər bu gözəlliklərdən məhrum olaraq böyüyəcəklər. Bəziləri dirildilib, amma bu çox azdı. Burdan bu qurumlara çağırış edərək deyirəm: Bir neçə kitabın texniki işlərini, mətn yığımını, korrektəsini, redaktəsini Kitabsevərlər qrupu olaraq öhdəmizə götürürük və aidiyyatı qurumlardan, sadəcə nəşr üçün kömək etmələrini istəyirik. Heç bir təmənna da güdmürük. Təki bu kitablar yenidən ölkəmizin uşaqlarına ərməğan olunsun.

Bu kitablarla daha doğru- düzgün bir gənclik yetişdirmək mümkündür, əgər belə bir gənclik arzulayırıqsa, gərək bu kitabları təbliğ edək. Gəlin daha yaxşı, daha doğru, daha dürüst bir gənclik naminə bunu edək!

Fariz BAYRAMOV

13 dekabr 2015
GO BACK