Qadin.NET / Per Lagerkvist – “Sivilla”

Per Lagerkvist – “Sivilla”

Pəri Cahan

Kin də məhəbbət kimidir, sözsüz də başa düşülür….

Bu əsər yazarin yaradıcılığı ilə ilk tanışlıgım oldu və sevinirəm ki, məhz mövzu və üslub baxımından maraq dairəmə uyğun bir əsər idi. Sağ olsun mütaliəçi dostlar , hansı ki oxumağı məsləhət biliblər.
Əsərin mövzusu kilsə, xristianlıqla bağlı müəyyən məqamların açılması, təsvir olunaraq tənqid edilməsidir.Bu əsəri oxuyarkən ən çox təəssüf etdiyim xristianlıqla bağlı məlumatımın az olması oldu. Çünki müəyyən məqamlarda Əsəri daha dərindən anlamaq üçün, dinin tarixini bilmək daha məqsədə uyğundur

Delfa şəhərində sadə bir ailənin qızı Tanrının xanımı seçilir. Öz istəyi və valideynlərinin istəyi nəzərə alınmadan. Yəni etiraz etməyə belə, hüquqları olmur, çünki məbəd tərəfindən təklif olunan bu iş yalnız və yalnız yüksək dəyərləndirilməlidir. Başqa cür ola da bilməz. Əks halda, o, məbədə, dinə və ən əsası Tanrıya etiraz etmiş olur. Yazıçı əsərin bu məqamlarında məbəddaxili fırıldaqları, kahinlərin insanların Tanrıya olan sevgisindən necə sui-istifadə etmələrini, öz şəxsi mənfəətlərinə görə yeri gələrkən onları qurban vermələrini çılpaqlığı ilə təsvir etmiş və ifşa etmişdir. Hətta bu cür qurbanların saysız olduğunu da göstərmişdir. Tanrının xanımı seçilmiş qızlar inanca görə Tanrının dediklərini insanlara çatdırmaqla, ömrünü Tanrıya həsr edərək yalnız mühitinə fayda verməklə məşğul olmalıdır. Öz şəxsi istəklərindən, həyatından imtina edərək.

Əsərin qəhrəmanı da belə qurbanlardandır.Daha doğrusu, Tanrı tərəfindən seçilmiş elan olunandan, yəni sivilla olandan bir müddət sonra içində üsyan etməyə başlayır. Məbəd daxilindəki çirkabı görüb daxilən iztirab çəkməyə başlayır. Tez-tez öz-özünə düşünür: budurmu Tanrının ədaləti, həqiqətənmi o özü məni seçib, bu iztirablara düçar edib?! Bəs necə olur ki, mən seçilmiş hamıya mərhəmətli, qayğıkeş, faydalı oluram, onlar bununla Tanrını hiss edirlər, amma özüm Tanrını hiss etmirəm?! Mənim xoşbəxt olmağa, qadın xoşbəxtliyini yaşamağa haqqim yoxdurmu?! Bəlkə, Tanrı qəddar bir varlıqdır, onu biz insanlar bu cür mərhəmətli təsəvvür edirik?! Bəlkə də, O, mövcud deyil!
Əsərdə əsərin əsas süjet xətti ilə inkişaf edən bir xətt də vardır ; başqa bir kişinin lənətlənərək ölümsüzlük cəzasına düçar olmasıdır. Belə ki, həmin kişi edama məhkum olunmuş bir insanın dəstə ilə edam meydanına aparılarkən onun hasarına söykənməsinə izin vermir, əksinə sərt reaksiya verir. Bu davranışına görə dustaq onu lənətləyir: “Dünya durduqca, sən də var olacaqsan, amma dinclik bilmədən, ruhi-sakitlik tapmadan yaşayacaqsan əbədi olaraq.” . Əvvəlcə onun sözlərinə əhəmiyyət verməyən kişi tezliklə öyrənir ki, həmin dustaq İsa Məsihin özü imiş. Bundan sonra Kişi dinclik nədir bilmir. Bu daxili narahatçılığı özünə qapanmağa gətirib çıxarır. O, lənətlənəndən sonra ailəsi tərəfindən də tərk edilir, həyat yoldaşı onu atıb gedir. Hətta övladını belə özü ilə aparır. Bu qadını təsvir etməklə yazıçı iki qadın obrazını, iki müxtəlif tipli qadını qarşılaşdırmışdır.
Biri əsərin qəhrəmanı hansı ki öz sevgisi uğrunda hər cəfaya , əzaba dözməyə hazırdır. Hətta böyük itkiləri olsa da, sona qədər sevdiyinə sadiq qalir. Sevdiyi şəxs fiziki cəhətdən çətinliyi olsa da, ruhi cəhətdən tam sağlam biri idi. Yəni qadın o insanı ruhən sevərək mübarizə aparır. Digər qütbdə isə həyat yoldaşını çətin məqamda , özü, ruhu, düşüncələri ilə vuruşarkən ona yardımçı olmaqdansa, tərk edir, nəyisə paylaşmağı, mənən dayaq olmağı belə, özünə rəva bilmir. Yoldaşının da dediyi kimi ” nə qədər ki, mən onun uşaq təbəssümünü , uşaq davranışlarını sevirdim, onda özümü xoşbəxt hiss edirdim, o da özünü xoşbəxt sanırdı. Amma bir gün ” sənin gözlərin, baxışların qocalıb” deməsilə artıq məni sevmədiyini və xoşbəxt olmadığını dərk etdim. Əvvəlki bu hərəkətləri artıq mənə cılız görünürdü. Söhbət belə edə bilmirdim, yəni paylaşa bilmirdim, axi heç özüm də bilmirdim ki, mən niyə belə olmuşam? ”

Bir tərəfdə qadın səadətinə çatmış qadın , digər tərəfdə bu səadətə çatmaq üçün həyatını təhlükələrə atan , bundan usanmayan bir qadın obrazı təsvir olunmuşdur. Biri övladını atasının varlığı olmadan onun yoxluğunu hiss etdirməyib, yaşadaraq böyüdür, digəri isə atası var ikən ondan məhrum edərək. Biri sınaqlardan qorxmayıb daim irəli addımlayan, digəri azacıq büdrəməsinə tab gətirməyən qadin!
Ədib əsərdə bir incə məqama da toxunmuşdur ki, dünya var olduqca qadın həmişə arxalana biləcək bir kişiyə, hər bir kişi də daima yanında ruhən, qəlbən onu anlaya , düşüncələrini paylaşa biləcək qadına ehtiyacı duyur.
Lənətlənmiş kişi bu bəladan yaxa qurtarmaq üçün bir çox yerləri getsə də, sonda Delfa şəhərində həmin qadını tapır hansı ki həmin qadın da Sivilla olduğu vaxtı bir nəfərə aşiq olur, onunla görüşür. Buna görə də məbədə– Tanrıya xəyanət etmiş sayılır,nəticədə nəinki məbəddən , hətta yaşadığı mühitdən qovulur.Ölümsüzlük lənətinə tuş gəlir. Qoca qadın bütün yaşadığı ömrü kişiyə danışaraq ona yol göstərməyə çalışır. Kişi dərk edir ki, bu yolda yalnız və yalnız sınaqlardan keçməlidir. Onu da bütün dünyanı qarış-qarış gəzərək edə bilər. Qarşısına çıxan hər sınağa səbrlə yanaşmalıdır. Necə ki qoca bu günə kimi Tanrıya qarşı çıxmadan yaşamışdır…

Əsərdə sevdiyim fikir: Tanrının varlıgı bir tapmacadır, onun cavabını tapasan deyə yox, sadəcə, olmalıdır deyə var… Bunu heç tapmağa cəhd də göstərmə…

4 dekabr 2015
GO BACK