Qadin.NET / Ümmülbanu Banin ”Qafqaz günləri”

Ümmülbanu Banin ”Qafqaz günləri”

Hələ universitetdə oxuyarkən ” Azərbaycan Mühacirət Ədəbiyyatı ” dərslərimizdən birində Banin və onun ”Qafqaz günləri” əsəri haqqında məlumat almışdım. Amma o vaxt bu əsərə geniş yer ayırmamışdıq. Doğrusu heç əsəri tapa da bilməmişdim. Təsadüfən bir gün kitabxanada rəflər arasında gəzərkən, "Mühacirat ədəbiyyatı" bölməsində bu kitab gözümə dəydi. Köhnə vərəqləri saralmış bir kitab idi. Ancaq yenə kitabı alıb oxumağı sonraya saxladım. O vaxtdan üç il keçib. Nəhayət bu yaxınlarda birdən-birə bu kitabı xatırladım, kitabxananı ələk-vələk etdikdən sonra tapdım. Nə yaxşı ki, oxudum bu əsəri…

”Yada saldığım xatirələr mənə yad görünür, inana bimirəm ki, bunlar mənim xatirələrimdir. Mən bu xatirələr arasında sahib kimi deyil, qonaq kimi dolanıram. Bakı mənim üçün uzaq bir xəyala, ailəm isə keçmiş uydurmaya dönüb…”

Kitab barədə danışmazdan əvvəl yazıçı haqqında bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun nəvəsi olub. Ata babası Şəmsi Əsədullayev, ana babası isə Musa Nağıyev olub.

Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ildə yanvar ayında dünyaya gəlib. Anası o doğulduqdan sonra dünyasını dəyişib, buna görə də o anasını tanımayıb. Çox sonralar atası Əminə adlı bir xanımla evlənib. Ailədə dörd bacı olublar.

19 yaşında Parisə gedib və həyatının qalan hissəsini orada yaşayıb. Ən çox ”Qafqaz günləri “, ”Paris günləri” və ”Mən tiryəki seçdim” əsərləri ilə tanınıb. Əsərlərini fransız dilində qələmə alıb.
Bu əsəri oxuduğum müddətdə internətdə yazıçı haqqında yazılmış demək olar ki, bütün yazıları, məlumatlarıı oxudum. Xeyli ziddiyyətli fikirlər ilə qarşılaşdım. Bu xanımı qınayanlar, ona nifrət edənlər, təhqir edənlər və sevənlər, haqq qazandıranlar ilə rastlaşdım. Və növbəti dəfə təəssüflə əmin oldum ki, insanların əksəriyyəti sənətə, sənət əsərinə qiymət verməyi bacarmır. Ancaq müsbət tərəflərimizi göstərən əsərləri yüksək sənət nümunəsi kimi qiymətləndirirlər. Elə ki, qüsurlarımızı gördülər, həmin əsər olur onlar üçün dünyanın ən rəzil əsəri. Nəisə ki, keçim əsər haqqında fikirlərimə…

Kitab aftobioqrafik romandır. Banin öz uşaqlıq illərindən başlayaraq ta ki, Parisə getdiyi günə kimi-20 yaşına kimi həyatında baş verənləri, öz xatirələrini qələmə alıb. Mənim bu tip əsərlərdə çox önəm verdiyim bir xüsusiyyət var, səmimilik. Bu kitabda da mən bu səmimiliyi tapdım. Yazıçı hər şeyi açıqlıqla qələmə alıb. Kitab belə bir cümlə ilə başlayır: ”Bəzi adamlar kasıblıqlarına baxmayaraq, nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ev isə çox varlı olsa da, “yaxşı” nəsildən deyildi. ”Bu cümlənin mənası əsər boyu oxucuya çatır. Baninin ailəsi sonradan varlanmışdı, amma, var-dövlət onlara lüks həyatı təmin etsə də, nəcibliyi öyrədə bilməmişdi. Nənəsinin, bibilərinin, onların həyat yoldaşlarının tez-tez nalayiq söyüşlər söyməsi, vərəsəlik uğrunda didişmələri, bir-birlərini təhqir etmələri bunu bir daha təsdiqləyir.

Banin və bacıları uşaqlıqdan Avropa təhsili almış, ingilis, rus və fransız dillərini öyrənmiş, eyni zamanda musiqi təhsili almışdılar. Ataları Mirzə dindən daha çox elmə meyilli insan idi. Buna baxmayaraq qızlarını erkən yaşda ailə qurmağa sövq etməsi onun tam olaraq şərq adət-ənənələrindən qopa bilmədiyini göstərir.

Əsəri oxuduqca bəzi məqamlarda xeyli güldüm. O vaxtki Azərbaycan qadınlarının sadəlohvlüyü məni güldürməklə yanaşı, həm də kədərləndirirdi. Çünki bu gün də çox olmasa da, belə hallar var. Ən çox güldüyüm səhnələrdən biri Baninin nənəsinin qardaşı arvadı haqqında danışdığı hissə idi. Əri ikinci arvad almaq istəmədiyi üçün onu zalım adlandırır, baldızına yalvarırdı ki, qardaşını razı sal, qoy evlənsin ikinci dəfə.

Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən oxuyuruq.

Əsərin sonlarına doğru kövrəldim bir az. Əslində Banin Qafqazdakı həyatından nə qədər kinayə ilə danışsa da, əsərin sonlarında görürük ki, burdan ayrılmaq ona heç də asan olmayıb. Burdan getmək üçün də kifayət qədər əsaslı səbəbi olub əslində. Bunlardan ən başlıcası atasının azadlığı uğruna ailə qurduğu özündən iyirmi yaş böyük olan, sevmədiyi həyat yoldaşı ilə arzuolunmaz evliliyi idi. Amma yenə də qeyd etdiyim kimi sonlara doğru görürük ki, Banin bu arzuolunmaz həyatdan qurtulduğuna nə qədər sevinsə də, doğma yerlərədən ayrılmasını ürək ağrısı ilə qələmə alıb.

Əsərdəki obrazlar çox canlıdır. Sünilikdən uzaqdır. Ən çox sevdiyim obraz Froyleyn Anna oldu. Bu alman qadının sadiqliyi, Ümmulbanuya və ailəsinə olan sevgisi adamı heyran qoyur. Bəyənmədiyim obraz isə Gülnar idi. Nəsə heç sevmədim bu qızı. Müasirlik, açıqfikirlilik gözəl şeydir, amma fikrimcə hər bir insan üçün müqəddəs sayılan dəyərlər vardır. Sadiqlik kimi, sevgi kimi, dostluq kimi… Amma Gülnar bütün bunlardan məhrum eləmişdi özünü məncə…

Beləliklə, bu əsər hər birinizə məsləhət görürəm. Bir az gülməli, bir az hüzünlü xatirələrlə dolu olan bu kitabı oxuduğunuza görə peşman olmazsınız…

 Aybəniz Həsənova

3 dekabr 2015
GO BACK