Qadin.NET / Lev Tolstoy ”Dirilmə”

Lev Tolstoy ”Dirilmə”

 

Bu ilin açılışını ” Əli və Nino ” kitabı ilə etmişdim və bu günsə Lev Tolstoyun Dirilmə əsərini oxuyub bitirərək bu ilki mütaliəmə bağlanış etdim deyəsən.. Kitabı bitiridim, amma düzünü deyim ki, tam olaraq nə deyəcəyimi, nə yazacağımı yığıb-yığışdıra bilmirəm.

Dirilmə.. Maraqlıdı ölmüş, məhv olmuş nələrinsə dirilməsi mümkündürmü? Yazar bu əsərdə məhz əsas mövzu olaraq mənən ölmək üzrə olan bir insanın yenidən dirilməsimi deyim, dirçəlməsimi deyim, yoxsa doğulmasımı deyim, bir sözlə yenilənməsini göstərib. Əsərin əsas qəhrəmanı, “dirilən” obrazı Rusiya aristokratiyasinin gənc, varlı insanlarından biri olan Nexlyudov obrazıdır. Nexlyudovun vicdanını oyadıb, ona özü də bilmədən təsir edən obraz isə vaxtilə Nexlyudovun gənckən sevdiyi, ancaq bu sevgini daxilindəki şeytani hissə qurban verərək yarıyolda qoyduğu Maslova (Katyuşa) obrazıdır.

Maslova Nexlyudovun onu istifadə edərək tərk etməsindən sonra həyatında bir çox yollardan keçərək əxlaqsız yollara düşür və bir gün bu yolda müştərilərindən birinin zəhərlənib öldürülməsinə görə ittiham olunub məhkəməyə çıxarılır, məhkəmədə komissiya üzvlərindən olan Nexlyudov onu görərək həmin andan vicdanı sızıldamağa başlayır, bu vicdanın səsi onu Maslovanın düşdüyü bu durumda özünü təqsirkar bilməsinə və onu bu vəziyyətdə nə olursa olsun xilas etməyə borclu olduğu düşüncəsinə gətirir. Bu yolda Nexlyudov bezmədən, usanmadan irəliləyir və irəlilədikcə Maslovaya qarşı edilən haqsızlığın fonunda bir çox insanlara edilən hasızlıqları görüb öz təbəqəsindən olan insanlara nifrət etməyə, onlardan uzaqlaşıb sadə insanlara, kəndlilərə kömək etməyə çalışır.. Əsərdə yazar Nexlyudovun dilindən həmin dövr Rusiya aristokratiyasının daxilindəki iyrənclikləri, məmurların həbsxanalarda etdikləri özbaşnalıqları, kəndlərdə ağaların kəndliləri soyub soğana çevirməsini, dindarların ikiyüzlülüyünü açıq aşkar şəkildə ifşa edir və həmin səhnələri oxuduqca hazırda bizim ölkədə baş verənlərlə necə səsləşdiyini görməməkçün hər halda kor olmaq lazim.. Əsərin əvvəli çox axıcı, maraqlı idi, amma yarıdan sonra nədənsə əsərdə axıcılıq azaldı mənimçün. Səbəbsə mənə elə gəlir ki, yazar bəzi yerlərdə yersiz təsvirlər, obrazlardan cox istifadə etmişdir. Mənə görə əsərdəki əsas məğzi bu qədər də uzunçuluq etmədən, bu qədər obrazları doldurmadan da edə bilərdi. Əsərdə diiqqətimi çəkən əsas məqamlardan biri isə yazarın dinə, inanclara olan münasibəti idi və əsərdəki bir qocanın dilindən verilmiş sözlər həqiqətən mənə zövq verdi, konkret olaraq beynimə güllə kimi çaxdı sözün yaxşı mənasında. Həmin səhnəni qısaca sizlərlə də bölüşmək istədim. ”Qoca : Heç bir dinə qulluq etmirəm. Çünki özümdən başqa heç kəsə, heç kəsə inanmıram -deyə qəti səslə cavab verdi. Nexlyudov: İnsan öz-özünə inana bilər. Adam səhv edə bilər. Heç vaxt – deyə qoca qətiyyətlə verdi. Dünyada niyə bəs cürbücür dinlər var?- deyə Nexlyudov soruşdu. – Ona görə özgələrinə inanıb,özlərinə inanmırlar…. ” Bu səhnənin davamıyla qoca bir çox dəyərli fikirlər deyir,sadəcə hamısını yazıb mən dəTolstoy kimi uzunçuluq edib bezdirmək istəmədim. Sadəcə onu deyə bilərəm ki, 477 səhifəlik əsərdə bir səhifə tutmuş bu qocanın sözləri mənimçün daha yadda qalan, düşündürücü və təsirli oldu.. Məhz həmin dialoqu oxuyanda düşündüm ki, ən azından bura kimi gəlib bu fikirləri oxumağa görə bu kitabı oxumağa dəyər… Əsərin sonluğu isə təxminlərimdən birinə bir balaca uyğun gəlsə də, amma fərqli sonluq oldu, hətta mənə elə gəlir ki, əsərdə üstü açılmayan bir çox məqamar qaldı. Düşünürəm ki, bəlkə əsəri bilərək yazıçı bu cür yarımçıq qalmış kimi təsir bagişlayan şəkildə bitirdi.. Sonda isə deyirəm ki, məhz həmin qocanın dediyi kimi hər kəsin yalnız özünün ağası ola bilməsi diləyi ilə hamınıza xoş mütaliələr..

Tərlan Rüstəmova

29 noyabr 2015
GO BACK