Qadin.NET / "Şəhrizad"

"Şəhrizad"

 

"Şəhrizad"

Arzu Məmmədova
Şəhrizad

Şərqdə mənim üçün ən özəl yer və marağıın bitib tükənmədiyi Hindistan və Pakistanı ən sona saxladım. Əslində, onları eyni ölkə olaraq qəbul edirəm. Qondarma bir ayrılıqla bir-birinə düşmən kəsilmələrinə rəğmən. İkisi də elə yaralı, acılı, haqsızlığın, zülmün ərşə dayandığı ama bütün bunlara rəğmən tərtəmiz, candan, işdən, inanclı insanları da içində saxlayan möcüzələr ölkəsidi. Müstəmləkə dövründə həm sərvətləri, həm insanları sömürülüb, müstəmləkədən sonra da xirtəyə qədər problemlərin içində tərk edilib. Bütün bu problemlər isə bir yandan da film, ədəbiyyat, media, sivil hərəkatlar sahələrini inkişaf etdirir.

Şərqdən ədəbiyyat və yazar ixrac edə bilən ölkələrin başında Hindistan durur. Bu ədəbiyyatı da kolonyal və postkolonyal deyə iki yerə ayrılır.

Postkolonyal dönəmin ən mühüm yazarlarından biri Salman Rüşdidi. Salman Rüşdi Kəşmir kökənli, müsəlman, evində urdu dilində danışılan bir ailədə doğulub. Yeniyetməlik dönəminə qədər Mumbayda, iki il Pakistanda, daha sonra da İngiltərədə yaşayıb. Üzərindəki fətva götürüləndən sonra ölkəsi Hindistana tez-tez gəlib getməyə başladı. Pakistandan fərqli olaraq Hindistanda çox daha yaxşı qarşılanır. Bu adamın haqqında o qədər danışdılar ki, əsərlərinin gözəlliyini unutdular. Bu kitabda üç hekayəsinə yer verildiyini görəndə çox sevindim. İlk hekayəsi Pusuz Radionu bitirdim və oturub əməlli başlı ağladım. Bir balaca hekayə məni alt-üst etdi. Əslində bu hekayədə Gecəyarısı Uşaqları romanında anlatdıqlarının bənzərini anladır. Salman Rüşdi həmişə İndira Gandhinin başında durduğu Gandhi -Nehru xanədanı və onun Yeni Hindistan projesinin amansız müxalifi olub. Oğrunun dul arvadı obrazı əslində İndira Gandhini təmsil edir. Onun xalqı yeni daha yaxşı həyat nağılları ilə aldatması, qısırlaşdırma siyasəti pislənir. Üstəlik radio da təsadüfü seçilməyib. Radio yalan satan medianı təmsil edir. Əlbəttə zavallı rikşaçı Ramani isə xalqı təmsil edir. Ömür boyu xəyyaları satın alan aldığının puç olduğunu öyrənəndə də ondan yapışmağa davam edən, yatmayanda da özünü yatmışlığa vuran xalqı.

Peyğəmbərin Saçları da çox maraqlı hekayə idi. Sirli bir başlanğıcla başlayır və oxucu bir an öncə sonunu öyrənmək istəyir. Dinin kimilərinə şəfa, kimilərinə cəfa gətirdiyi bir hekayədi bu. Hər kəs mənliyinə uyğun düşəni alır. Haqqında ölüm fətvası verilsə də, Rüşdi heç vaxt dini təhqirə yol verməyib. Müsahibəsində “İnancımı itirəndə sinəmdə böyük bir boşluq yarandı, mən də o gündən bəri o boşluğu ədəbiyyatla doldurmağa çalışıram” demişdi. Kitabdakı üçüncü hekayə Maskaları isə o qədər də sevmədim.

Saadat Hasan Mantunun Basıt və Mələk hekayələri əslində iki sosial problemə iki fərqli nöqtədən baxıb. İlkində Şərqin tabuları və tabulara qarşı vicdanını dinləyən bir adamı, məhəllə basqısına qarşı günü qara olmuş bir qadını anladır. İkinci də isə səfaləti, kasıblığı, kasıbların cəhənnəmini anladır. Bu yazarın dili də çox axıcıdı.

Cumpa Lahiri postkoloniyal dövrün ixrac edilmiş başqa bir hindli yazıçısıdı. Çox təssüf ki, kitabdakı yeganə qadın yazardı. Cumpa Lahirinin Adaş adlı romanını oxumağı çox istəyirəm, ancaq nəşri bitib Türkiyədə. Onun Əsl Qapıçı hekayəsi də bölünmələr, vətəndaş müharibələrindən sonra Yeni Hindistan quranları tənqid edir. Baş qəhrəmanımız bölünmənin qurbanlarındandı. Müstəmləkə dönəmində bir ölkə olan Hindistan, Pakistan, Bangladeşin ayrılması ilə sahibsiz qalan minlərlə insandan biri. Onun qapıçı kimi sığındığı bina isə Hindistanı simvollaşdırır. Bir gün bu bina yenilənməyə addım atanda, artıq öz vətəndaşlarını bəyənməyən, istəməyən, afaroz edən bir sistemə çevrilir. Və özünə “əsl qapıçı” axtarmağa başlayır.

İntizar Hüseynin Buludlar hekayəsi də siyasi motivlidi əslində. Buludlar bir xalqın axtardığı azadlıqdı. Xalq onu axtardı-axtardı, buludlar isə sadəcə guruldayıb getdi.

Qulam Abbas,Pakistanlı yazarımızın Heykəl hekayəsi çox xoşuma gəldi. Eşqin psixologiyası haqqındadı desək yanılmarıq. Bu əslində klişedi anca həqiqətdi ki, qısqanclıq və eşq bir-birini tətikləyir. Bu hekayədə isə toyuq-yumurta misalı bilinmədi ki,qısqanclıq eşqi yaratdı,yoxsa eşq qısqanclığı.

Hənif Qureyşi də postkolonyal dönəmin ixrac edilmiş yazarıdı. Onu Elif Şafakla birlikdə bir paneldə izləmişdim. Heç olmasa bir romanını oxumaq istəyirəm. Qız hekayəsində də, fərqli köklərdən, fərqli ölkələrdən, mədəniyyətlərdən, dünya görüşündən gələn arada çox böyük yaş fərqi olan iki insanın təzadlı əlaqələrini ələ alıb. Əslində, pərşəmbənin gəliçi çərşənbədən bəlli olan, sonu olmayan bir əlaqədə tutunmağa çalışan iki insan.. Bu hekayə də xoşuma gəldi.

Son olaraq bu kitabı bizə hazırlayan hər kəsə təşəkkür edirəm. Yayımda və yapımda əməyi keçənlərin əlinə sağlıq!

27 noyabr 2015
GO BACK