Qadin.NET / "Saqqallı uşaq"

"Saqqallı uşaq"

 

"Saqqallı uşaq"

 

Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsini oxumusunuz əlbət, oxumamısınızsa, elə bu dəqiqə tapın, oxuyun!

Qısaca: “Molla əmi” şəhərdə yaşayan, orta təbəqədən, savadlı birisidir. Bir gün evinin çöl divarında yazı görür. Uşaqlarındam şübhələnib, onlar danlayır. İkinci dəfə belə bir cızma-qara görəndə heç nə demir və sonra bu cızma-qaraların əsl günahkarı üzə çıxır.

Cəlil bəy əsərlərində hər zaman sadə obrazlara üstünlük verir. Onun hekayələrində, fleytonlarında başqa insanları, hadisələri təhlil edən bir obraz görə bilməzsiniz. Çoxu İranlı, fağır, savadsız, kasıb “müsəlman” qadın və kişilərdir. Hadisələr də o qədər sadədir ki, elə bil yaxın bir adamınız sizə əhvalat danışır. “Saqqallı uşaq” da bu qəbildəndir. Varlı olmadığı 3-4 yumurtanın pulunu borclu qalmasında bəlli olan, lakin, övladlarını qapazla yox, sözlə tərbiyə edəcək savadlı olan hekayəni danışan elə içimizdən biridir. O da, bəlkə də bizim edəcəyimiz kimi savadı olmayan, qalan borcu qapı dalına çəkdiyi heyvan, yumurta cızma-qarasından yadında saxlayan Kəblə Əzimə gülür. Lakin, hər şey bu qədər sadədirmi? 40-45 yaşında saqqallı bir kişinin uşaqlar kimi divara cızma-qara etməsi həqiqətən gülməlidirmi? Bir insanın öz çörəyini qazana bilməsinə çətinlik yaradacaq qədər bisavad olması… Az idimi o vaxt Kəblə Əzimlər? Deyildi. Elə indi də az deyil. Bəlkə indi “əlif” lə “bey” i bilməsə də, əlifbanı bilməyən insan yoxdur, lakin, bu “savadlı” olmaq üçün kifayətdirmi? Artıq divar arxasına cızma-qara etmə dövrü olmasa da, əlimizdəki bizdən daha ağıllı telefonlarla bütün məlumatları, fikirləri “copy-paste” edirik. Özümüzü, fikirlərimizi ifadə etmək üçün sözlərimizdən yox, üstü yazılı rəsmlərdən, gülməcələrdən istifadə edirik. Gün keçdikcə daha az oxuyur, daha az yazır və təbii olaraq daha az düşünməyə başlayırıq. Üstündən bir əsr keçməsinə baxmayaraq, Cəlil bəyin Kəblə Əzimi olduqca canlıdır. O qədər canlıdır ki, aramızda yaşayır, fikir bildirir, rəylər, mesajlar yazır və biz yenə onlara gülürük. Lakin, biz hekayədəki əhvalatı danışan kimi təəccübümüzdən yox, oradaki uşaqlar kimi günahın bizdə olmadığına, onlardan biri olmadığımıza sevinə-sevinə gülürük . Onda deyin indi, bizik saqqallı uşaqlar, yoxsa Kəblə Əzimlər? Məncə, müəllifin qarşımıza qoyduğu sual budur. Sonda: Cəlil Məmmədquluzadə ən sevdiyim yazarlardan biridir. Məncə, əsərləri hər dövrə uyğun və bizə güzgü tutacaq gücdədir. Mütləq oxunmalı.

Cəmilə Məmmədli

15 dekabr 2015
GO BACK