Qadin.NET / "Balaca Şahzadə"-nin böyük sevgisi

"Balaca Şahzadə"-nin böyük sevgisi

"Balaca Şahzadə"-nin böyük sevgisi

"Balaca Şahzadə" Ekzüperi yaradıcılığından oxuduğum ilk və hələ ki, yeganə əsərdir. Ilk dəfə 7-ci sinifdə oxuduğum bu əsər, hələ də məndə öz təsirini əskiltməyib. O zamanlar Balaca Şahzadənin qızılgül və tülkü ilə söhbəti ədəbiyyat mövhumunda rast gəldiyim ən gözəl və səmimi dialoqlardan idi. Zaman keçdi, mən böyüdüm və qızıl gülü unutdum. Təxminən 24-25 yaşımda bu əsəri, Balaca Şahzadənin Yerə gəlişinin il dönümündə öz qızılgülünün ardınca getməsi səhnəsini utana-utana oxudum. Axı mən də indi böyümüşdüm və Şahzadənin böyüklər barəsində tutduğu iradlar mənə də aid idi. Qərara gəldim ki, daha sevməyi unudacaq qədər böyüməyim. Bu qəhrəmanın yetişə bildiyi ən təvazökar sevgi anlayışından dərs alaraq, həyatımdakı qızılgülləri təmənnasız sevməyə başladım. Tülküləri əhliləşdirməyi, zəhərli ilanlardan məlhəm almağı, alverçilərdən səadət üçün vaxt almağı öyrəndim. Lap uşaqlıqdan yüngülləşmək üçün gecələr uzun-uzadı baxdığım səmada indi mənimlə danışıb-gülən, dərdimə şərik ulduzlar görürdüm. Çünki içimdə bir Balaca Şahzadə yaşadırdım.

 "Balaca Şahzadə"-nin böyük sevgisi

Ekzüperinin bu əsəri təkcə uşaqları böyütmədi, həm də böyükləri uşaq saflığına səslədi. Bu, həm də Lao Tsze Dunun, "Həqiqət əhəmiyyətsiz görünən şeylərdədir" fikrini sadə və ecazkar əhvalatla təsdiq etmiş oldu: - Axı onların axtardıqlarını yeganə bir güldə, bir qurtum suda tapmaq olar.

Böyüklərə görə, uşaqlar da primitiv düşünürlər, amma bu düşüncə yalansız və saf nəticələrə yetişir. Cəmiyyət daxilindəki qarşılıqlı münasibətlərdə insanlar istər-istəməz kirlənməyə məhkumdurlar. Bir fərd kimi bununla mübarizə aparmağın yolunun çətinliyini Ekzüperi, hər halda, gözəl anlamış və öz əsərinə ecazkarlıq qataraq qəhrəmanını bizim cəmiyyətdən uzaq, amma elə bu cəmiyyətdən olan uşaq kimi təsvir etmişdi. Bununla da bəşəriyyəti öz ilkin vəziyyətinə, saf, xoşbəxt, sadiq, təkcə gözün gördüyünə inanmayan halına səsləmişdi. Məncə, bir ədibin bundan gözəl və ali bir missiyasi ola bilməz.

Ona inananlara həmişə Balaca Şahzadə qalması arzusu ilə Səbuhi Şahmursoy...

17 noyabr 2015
GO BACK