Edmundo de Amisis və Biz
(Gülnar Quliyeva)
İtaliya ədəbiyyatı deyərkən, ağlımıza ilk gələn isimlər Dante, Vergili və sair klassik ədə-biyyatın görkəmli nümayəndələri olur. Lakin müasir italyan ədəbiyyatı, xüsusilə uşaq ədə-biyyatı haqqında məlumatımız azdır. Demək olar ki, heç yoxdur. Amma bizi və körpələrimizi, mütaliə sahəsində durmadan zəhmət çəkən, bu işin fədailərinə çevrilmiş “Kitabsevərlər” qrupu bu cəhətdən maarifləndirmişdir. Belə ki, əlində tutduğun bu kitabı dilimizə tərcümə edib öz maddi imkanları hesabına, heç bir təşkilatdan yardım almadan nəşr etdirmişlər.
Ümumiyyətlə, qrup haqqında qısaca məlumat vermək istərdim ki, kitaba hədsiz sevgisi olan, asudə vaxtını mütaliə ilə dəyərləndirən insanların cəm olduğu “Kitabsevərlər” qrupu 2009-cu ildə yaranmış, bu günə kimi də fəaliyyətini uğurla davam etdirməkdədir. Qrup mütaliə sahəsində yalnız kitab oxumaqla kifayətlənməyib maarifləndirmə istiqamətində də bir sıra uğurlara imza atmışdır. Belə ki, bu müddət ərzində “İz” (qrupun gənc yazarlarının hekayələrindən ibarət toplu), Nikolas Sparksın “Gündəlik” romanı (qrupun könüllü tərcü-məçilərinin birgə işi), Harper Linin “Bülbülü öldürmək” (kiril əlifbasından latın qrafikalı əlifbaya keçərək yenidən nəşr), “Sükutun səsi” (qrup fəallarından və adminlərdən biri olan Səbuhi Şahmursoyun hekayələr toplusu), “Həyatın qanunu” (Qərb ədəbiyyatından yeni tərcümə hekayələr), “Bir nəfəsə sığışmaq” (qrupun gənc şairlərinin şeirlərindən ibarət antologiya), “Şəhrizad” (Şərq ədəbiyyatından yeni tərcümə hekayələr) adlı kitablarını nəşr etdirmişlər. Bu kitabların adını qeyd etməklə bir həqiqəti xüsusi vurğulamaq istəyirəm ki, bu görülmüş işlərdə qrupa heç bir təşkilat və orqandan maddi dəstək olmamışdır, bu insanlar nə etmişlərsə öz gücləri – maddi imkanları hesabına etmişlər. Könüllü olaraq bir təmənna ummadan bu yöndə daim əllərindən gələn işlərə qoşulub fədakarlıq göstərmişlər. Onlara yalnız stimul verən kitab sevgisi olmuşdur.
***
Edmondo de Amisisdən dilimizə bu günə kimi heç bir əsər tərcümə olunmayıb. Bu ilkə də “Kitabsevərlər” qrupu imza atmışdır.
Bu dünya şöhrətli yazar 21 oktyabr 1846-cı ildə İtaliyanın Oneglia şəhərində (bu günki İmperiya şəhərinin bir hissəsidir) anadan olmuşdur. O, nasir, jurnalist, şair və qısa heka-yə yazıçısı kimi tanınmışdır. Edmondo ixtisasca hərbçi olmuş, bir sıra müharibələrdə iştirak etmişdir. O, Madenada hərbi akademiyada təh-sil alaraq Yeni İtaliya krallığında zabit olmuşdur. Onun Avstriya- Prussiya- İtaliya müharibəsi dövründə Kustoza döyüşündə iştirak etdiyi də məlumdur. Lakin bir müddət sonra Savoyya qüvvələrinin məğlubiyyəti ədibi məyus etmiş, hətta sarsıtmışdır. Buna görə də Edmondo hərbi həyatı tərk edərək bir daha bu sahədə çalışmamışdır.
Yazıçının şəxsi həyatı da yetərincə keşməkeşliydi. İstər xanımı ilə olan uğursuz nikahı, istərsə də doğmalarının erkən vəfatı ona təsirsiz ötüşməmişdir. Lakin bu çətinliklərə baxmayaraq, o, yaradıcılığa nə ara vermiş, nə də son qoymuşdur.
Florensiyada yaşayarkən şair-yazıçı Edmondo keçdiyi cəbhə həyatını mövzu götürərək Müdafiə Nazirliyinin jurnalında nəşr edilən “Hərbi həyat” (1868) adlı özünün ilk oçerkini yazır. 1870-ci ildə Romada “La Nazione” junalının heyətinə qoşulur və sonra-lar burada məktublar və səyahətlə bağlı qeyd-ləri; “İspaniya (1873), “London” (1874), “Hollandiya” (1874), “Mərakeş” (1876) və “Konstantinopol” (1878) əsərini nəşr etdirir. Sonuncu səyahətnaməsi bir çoxları tərəfindən Edmundonun şah əsəri adlandırılmış, İstanbulun gözəl və əhatəli təsvirinə görə ən yaxşı əsər hesab olunmuşdur. “Konstantinopol”un 2005-ci ilə təsadüf edən sonuncu nəşrinə digər məşhur italiyalı yazar Umberto Eko ön söz yazmışdır.
Edmondo de Amisisin həmçinin qələmini sınadığı uşaq ədəbiyyatında ən çox oxunan və sevilən əsəri məhz “Uşaq qəlbi” povestidir. Əsər gündəlik şəklində yazılıb və bir oğlanın yoldaşları, məktəbdə müəllimləri, ailədə vali-deynləri ilə olan münasibətindən, başına gəl-miş maraqlı və təsirli hadisələrdən bəhs edir. Əsər xüsusilə uşaqlara dostluqda sadiq və vəfalı olmağı, müəllimlərlə münasibətdə hörmətcil və diqqətli davranmağı, kimisə heç bəyənmədiyin bir insan olsa belə incitməməyi, hamıya mərhəmətli yanaşmağı, ətrafımızda olan insanları təbəqəyə bölməməyi, hamıya eyni qayğı ilə yanaşmağı aşılayır.
“Mən bunu bacarmıram” deyib keçmək olmaz, əzmkarlıq göstərmək lazımdır, çünki insanın zəhməti hesabına çata bilməyəcəyi zirvə yoxdur. Dərslərində istədiyin uğura çatmaq üçün daim zəhmət çəkəcəksən, durmadan çalışacaqsan, oxuyacaqsan, o zaman nə dərəcədə irəlilədiyini özün də görəcəksən, özün özünlə fəxr edəcəksən! Bu kimi fikirlər əsas qayəni təşkil edərək əsərdə təbliğ olunur.
“Uşaq qəlbi” əsəri ədibə böyük müvəffəqiyyət qazandırmışdır. Povest 17 oktyabr 1886-cı ildə ilk nəşrindən sonra bir neçə ay ərzində qırx italyan nəşriyyatında növbə ilə çap olunmuşdur. Edmondonun sonrakı yaradıcılığına xaricdə yaşayan italyan mühacirlərinin acına-caqlı həyatından bəhs edən “Okean üstündə” (1889), “Sevgi və gimnastika” (1892), “Fəhlə təbəqəsindən müəllim” (1895), “Hər kəsin maşını” (1899), “Müəllimin romanı” (1890), “Gözəl dil” (1905) əsərləri də daxildir.
Ədibin İtaliya Sosialist Partiyasına qoşulması 1896-cı ilə təsadüf edir. 1901-ci ildə Amerika İncəsənət və Elm Akademiyasının xarici fəxri üzvü seçilən Edmondo de Amisis 11 mart 1908-ci ildə Bordiqerada vəfat etmişdir.
Əziz dostum, ümid edirəm ki, bu əsəri oxumaqla mütaliə bazanı bir az da zənginləşdirəcəksən. Bu kitabla özünə yeni dost qazanacaq, olan dost və yoldaşlarınla necə davranmağı öyrənəcəksən. Əgər nə vaxtsa qəlbini qırdığın yoldaş və ya tanışın varsa, onunla münasibətini düzəltməyə çalışacaqsan. Bu kitab da digərləri kimi sənə həyatda nəyin yanlış, nəyin doğru olduğunu öyrədir. Sən kitablardan həyatı nəzəri cəhətdən öyrənirsən. Kitab sənə həyatda rastlaşacağın hər bir maneəni təsvir edib, çıxış yolunu da göstərir. Buna görə də daim mütaliə et! Mütaliənin sayəsində dünyagörüşünü artır, dərsliklərdən əlavə məlumatlar əlde et!
Bu gün oxuduğun kitablar sabah səni öz ayaqları üstündə duran, şahidi olduğu hadisələrə şəxsi münasibət bildi-rən, geniş biliyə və zəngin söz ehtiyatına malik olan, mənəvi zənginliyə sahiblənən, uzaqgörən bir şəxsə çevirəcək.
Bu gün sənin ətrafında nümunəvi hesab etdiyin insanlar: valideyn və müəllimlərin yalnız bilik əldə etməklə, mütaliə yolu ilə bu zirvəyə çatıblar. Mütaliə ilə məşğul olsan, nəinki bu zirvəyə, daha yüksəklərə qalxa bilərsən. Hər dəfə oxuduğun bir kitab sənə sarayın bir otağına daxil olmaq şansı yaradır. Zəngin mütaliə böyük bir sarayın gözəlliyini görüb hiss etmək, ona sahib olmaq deməkdir. Kitab oxumaq istəyərkən çəkinmədən valideyn və müəllimlərindən kömək istə. Onlar sənin bu istəyinə hər zaman sevə-sevə yardım edərlər, düzgün yol göstərərlər. Yetər ki, sən – bizim gələcəyimiz – oxumaq, mütaliə etmək və ancaq tərəqqiyə doğru irəliləməyə can at və buna nail ol!
Əziz valideynlər, bu körpə balaların sabahkı günü azad həyata atılarkən sərbəst, büdrəmədən irəliləməsi üçün sizin üzərinizə böyük yük düşür. Onları biliyə, təhsilə həvəsləndirdiyiniz kimi kitab oxuma vərdişinə də yiyələndirin. Çünki kitab uşaqlarımıza həyatın keşməkeşli dolanbaclarında büdrəməməyi öyrədir. Bu gün bir uşaqda mütaliə vərdişi yaratsanız, gələcəkdə böyük bir nəslin maariflənməsinə, savadlanmasına vəsilə olarsınız. Çünki mütaliə elə gözəl vərdişdir ki, buna sahiblənən hər kəs ətrafını, doğmalarını da yönləndirmək istəyəcək. Gəlin bu işdə, cəmiy-yətimizin mütaliəyə marağının azaldığı bir gündə əlbir olub balalarımızı işıqlı və sağlam sabahlara çıxaracaq!