Elmi-fanyastik və macəra janrı barədə axtarış apararkən ilk olaraq qarşıma Jül Vern adlı yazıçı çıxmışdı. Yazıçı haqqında oxuduqlarım, ən əsası, onun elmi-fantastik roman janrının yaradıcılarından biri olması isə çoxdan adını eşitdiyim “Kapitan Qrantın uşaqları” əsərini oxumağa başlamağıma vəsilə oldu.
Görkəmli fransız yazıçısı Jül Vern 1828-ci ilin 8 fevralında Fransanın Nant şəhərində varlı bir vəkil ailəsində anadan olmuşdur. Parisə gedərək atası kimi hüquqşünaslıq təhsili alan Jül Vern ədəbiyyata olan marağının daha üstün gəldiyini görərək ədəbi yaradıcılığa başlamış, Viktor Hüqo və Aleksandr Düma ilə tanış olmuş, bu tanışlıqlar isə ona əsərlərini yaratmasında növbəti ilham qaynağı olmuşdur. Atası isə ədəəbiyyata yönəlməsinə görə Jül Vern maddi yardımı dayandırmış, o da özünü dolandırmaq üçün yazıçılıqla daha çox məşğul olmağa başlamışdır. 1849-cu ildə ədəbi fəaliyyətə şeirlə başlayan yazıçıya ilk böyük şöhrəti 1863-cü ildə yazdığı “Hava şarında beş həftə” romanı qazandırmışdır. Bu əsər yazıçını təkcə Fransada yox, bütün dünyada məşhurlaşdırmış və bir sıra dillərə tərcümə olunmuşdur.
Hələ 12 yaşında ikən bir gəmiyə minərək qaçmağa cəhd etməsi onun hələ uşaqlıqdan macəraya həvəsi olduğundan xəbər verirdi. Elə buna görə də yazıçının belə bir romanla məşhurlaşması insanda heç də təəccüb doğurmur.
Jül Vernə dünya şöhrəti gətirmiş digər əsərlərinə “Yerin mərkəzinə səyahət”, “Kapitan Qrantın uşaqları”, “80 günlük dünya səyahəti”, “20 min lye su altında”(80 min kilometr su altında), “Sirli ada”, “Üzən ada”, “On beş yaşlı kapitan”ı misal göstərmək olar. Jül Vernin 1892-ci ildə yazdığı “Klodius Bombarnak” adlı əsərində Azərbaycan, Xəzər dənizi haqqında da bir sıra dəqiq məlumatlar vermişdir. Halbuki, yazıçı heç vaxt Azərbaycanda olmamışdır. Əlbəttə ki, yazıçı bu məlumatlara və digər əsərlərində verdiyi məlumatlara görə dünya səyyahlarının əsərlərinə borcludur. Yazıçının bu səyahətnamələrlə tanış olması, eyni zamanda bir sıra ölkələrə səyahət etməsi onun misilsiz əsərlər yaratmasına və dünyada məşhurlaşmasına səbəb olan ən başlıca amillərdən biridir.
YUNESKO -nun İndex Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri
siyahısında ikinci yerdə duran yazıçının bir çox əsərlərinin motivləri əsasında filmlər də çəkilmişdir. Jül Vern 1905-ci ilin 24 martında 77 yaşında Fransanın Amyen şəhərində vəfat etmişdir.
Jül Vern “Kapitan Qrantın uşaqları” əsərini 1867-1868-ci illərdə yazmışdır. Romandakı hadisələr isə 1864-65-ci illərdə cərəyan edir. Əsər şotland Eduard Qlenarvana məxsus “Dunkan” gəmisinin üzvlərinin nəhəng köpəkbalığı ovlaması ilə başlayır. Köpəkbalığının qarnından çıxan şüşə və şüşədən çıxan ingilis, alman və fransız dildə yazılmış, ancaq bəzi hissələri silinmiş 3 sənəd tapılır ki, burada Qrant adlı kapitanın qəzaya uğramasından xəbər verilirdi. Sənədləri götür-qoy etdikdən sonra gəmi üzvləri kapitan Qrantı axtarıb tapmağı qarşılarına məqsəd qoyurlar. Kapitan Qrantın uşaqları da onlara qoşulur və 1 ilə yaxın davam edən macəralarla dolu səyahət başlanmış olur.
Yazıçı sanki bütün insanpərvər, xeyirxah dənizçiləri bura toplayıb. Gəmi sahibi Eduard Qlenarvandan tutmuş bütün gəmi üzvləri kapitan Qrantın xilas edilməsi üçün əlindən gələni etməyə hazırdırlar. Eduard Qlenarvan və onun xanımı Elen – bu mükəmməl cütlük isə öz xeyirxahlıqları, mərhəmətləri ilə adamı heyran edirlər. Onların həm bir-birlərinə, həm də onların Qrantın uşaqlarına münasibəti mənim qəlbimi fəth etməyə kifayət etdi.
Qrantın uşaqları – Meri və Robert isə hər hərəkətləri ilə əslində kapitan Qrantın necə bir insan olduğundan xəbər verirdi. Robert 12 yaşında olmasına baxmayaraq səyahət boyu bir sıra qəhrəmanlıqlar göstərir, yazıçı Robertin qoçaqlığını şişirdib, məncə, amma bu əsərin fonunda o qədər də mübaliğəli görünmür və bunların fantaziya olmasına baxmayaraq bunlara inanmağı üstün tutursan.
Əsərdəki coğrafiyaşünas Jak Paqanel obrazı, məncə, ayrıca diqqətəlayiqdir. Yazıçı bizə onu ilk əvvəl huşsuz biri kimi təqdim edir, amma daha sonra onun necə ensiklopedik bir biliyə malik olduğu üzə çıxır. Paqanel, düzdür, bir təsadüf nəticəsində gəmiyə düşmüşdü, amma sanki Allah onu bizim səyahətçilərimiz üçün göndərmişdi. Çünki bu səyahətdə coğrafiyanı yaxşı bilən biri lazım idi və bu Paqaneldən başqası ola bilməzdi. Məncə, Fransalı olan Paqanel yazıçının özüdür, onun diliylə biz Jül Vernin hansı coğrafi biliklərə malik olduğunu görmüş oluruq. Jül Vernin bu qədər məlumata malik olması onun coğrafiyaya yaxşı bələd olduğunu göstərməklə yanaşı, mənim yazıçıya olan rəğbətimi də artırmış oldu. Cənubi Amerika, Avstraliya və Yeni Zelandiyanın təbiəti, əhalisi, bitki və heyvanat aləmi haqqındakı məlumatlarla mən də coğrafi biliklərimi yadıma saldım, yeni şeylər öyrəndim.
Əsərdə Jül Vernin yumor hissi də özünü nümayiş etdirir. Paqanelin huşsuzluğu və onunla mayor Mak-Nabs arasındakı atmacaların oxuyan hər kəsi güldürəcəyinə əminəm. Yazıçı bu qədər macəra ilə yanaşı,eşqi də unutmayıb. Elen və Eduard arasındakı sevgini hiss ediriksə, gəminin kapitanı Con Manqls və Meri arasında alovlanmağa başlayan eşqi də görməmək mümkün deyil. Eduard və Con Manqlsın sevgi və cəsarətləri, öz sevdiklərinə münasibətlərini təsvir etməklə yazıçı hardasa ideal kişi obrazı yaradıb deyə bilərəm.
Səyahət zamanı baş verən hadisələr, heyət üzvlərinin qarşılaşdıqları çətinliklər və sıxıntılar səyahətçilərimizi nə qədər yorsa da, hətta onlar ölümlə üz-üzə qalsalar da, onların qarşılarına qoyduqları məqsəddən peşman olmamaları, daim Qrantı tapmağa ümid etmələri onları oxucunun gözündə daha da yüksəklərə qaldırır.
Əsər insanlara daim mübariz olmağı və heç vaxt ümidini üzməməyi, xeyirxahlığı aşılayır. Bunun nəticəsidir ki, bu əsər həm bu keyfiyyətlərinə,həm də macəra dolu olduğuna görə uşaqlar üçün daha çox tövsiyyə olunur. Amma hər yaş qrupundan olan insanın bu əsəri oxuyarkən xüsusi bir zövq alacağını deyə bilərəm.
Bu kitab məndə o qədər xoş təəssürat yaratdı ki, əsərin bitməsinə bir az kədərləndim, bu əsərin 2-ci, 3-cü hissəsi olsaydı, sevərək oxuyardım. Fantastika olduğu üçün belə əsərlərdən uzaq dururdum, amma əsəri oxuduğum zaman macəranı sevdiyimi bir daha kəşf etmiş oldum. Əsər elə gözəl yazılıb ki, macəra və fantastiklik nəinki qəribə gəlir, hətta bunlara bütün qəlbinlə inanırsan.
Əgər siz də həyatın gerçəkliklərindən bir anlığına uzaqlaşıb qiyabi olsa da səyahətə çıxmaq, macəra yaşamaq, yeni məlumatlar əldə etmək istəyirsinizsə, əsər sizi gözləyir.
Aydan Bayramova